Məhkəmə qərarları › İş №e-2-2(113)-162/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-162/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-162/2023 03.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh Qanuni Nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Qanuni nümayəndə qarşı "borcun ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Qanuni nümayəndə və "xxxx" MMC-dən 02 fevral 2018-ci il tarixli, rb/km1164 saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma üzrə əsas borcuna görə 3855881,54 ABŞ dolları (üç milyon səkkiz yüz əlli beş min səkkiz yüz səksən bir dollar əlli dörd sent), faiz borcuna görə 972006,18 ABŞ dolları (doqquz yüz yetmiş iki min altı dollar on səkkiz sent), dəbbə pulu borcuna görə 771700 (yeddi yüz yetmiş bir min yeddi yüz) ABŞ dolları olmaqla, cəmi 5599587,72 ABŞ dolları (beş milyon beş yüz doxsan doqquz min beş yüz səksən yeddi dollar yetmiş iki sent) məbləğində pulun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 (dörd yüz) manat və 5149,65 (beş min bir yüz qırx doqquz manat altmış beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofisi ilə cavabdeh – "xxxx" MMC arasında bağlanmış 02 fevral 2018-ci il tarixli, rb/km1164 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 5 % dərəcəsi olmaqla 14 (on dörd) ay müddətinə ******* (üç milyon səkkiz yüz əlli səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 02 fevral 2018-ci il tarixdə İddiaçı ASC-nin Baş ofisi ilə digər cavabdeh(lər) Qanuni nümayəndə arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 02 fevral 2018-ci il tarixli, rb/km1164 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Daha sonra tərəflər arasında bağlanılmış 02 fevral 2018-ci il tarixli, rb/km1164 saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən müqavilənin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. 02 fevral 2018-ci il tarixli, rb/km1164 saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın şərtlərinə görə borc alan "xxxx" MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 02 fevral 2018-ci il tarixli, rb/km1164 saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 2-dən gec olmayaraq hər ay 284297,46 ABŞ dolları (iki yüz səksən dörd min iki yüz doxsan yeddi dollar qırx altı sent) ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtlı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh "xxxx" MMC-nin 02 fevral 2018-ci il tarixli, rb/km1164 saylı kredit müqaviləsinə və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma üzrə borcunun məbləği əsas borcuna görə 3855881,54 ABŞ dolları (üç milyon səkkiz yüz əlli beş min səkkiz yüz səksən bir dollar əlli dörd sent), faiz borcu üzrə 972006,18 ABŞ dolları (doqquz yüz yetmiş iki min altı dollar on səkkiz sent), dəbbə pulu borcuna görə 771700 (yeddi yüz yetmiş bir min yeddi yüz) ABŞ dolları olmaqla, cəmi 5599587,72 ABŞ dolları (beş milyon beş yüz doxsan doqquz min beş yüz səksən yeddi dollar yetmiş iki sent) təşkil edir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Qanuni nümayəndə və "xxxx" MMC-dən müştərək qaydada 02 fevral 2018-ci il tarixli, rb/km1164 saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma üzrə əsas borc üzrə 3855881,54 ABŞ dolları, müqavilənin bitmə tarixinə - xx.xx.2020-ci il tarixinə kimi olan faiz borcu üzrə 454139 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra 5 % dərəcəsi ilə hesablanmaqla 644254,62 ABŞ dolları, cərimə borcuna görə 771700 ABŞ dolları olmaqla, cəmi 5725975,16 ABŞ dolları, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və ödənilmiş dövlət rüsumuna görə 5257,08 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Qanuni Nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı ASC tərəfindən zamin və iş üzrə cavabdeh olan Qanuni nümayəndə qarşı qanunvericiliyin tələbinə əsasən nəzərdə tutulmuş müddətdə iddia tələbi irəli sürülməmişdir. Ona görə də İddiaçı ASC-nin cavabdeh Qanuni nümayəndə qarşı iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, rb/km1164 nömrəli baş kredit müqaviləsinin məzmunundan görünür ki, borcalan bankdan 14 (on dörd) ay müddətinə, illik faiz dərəcəsi 5% olmaqla, ******* (üç milyon səkkiz yüz əlli səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. - İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2018-ci il tarixli, rb/km1164 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, rb/km1164 nömrəli baş kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin - Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - İddiaçı ASC ilə "xxxx" MMC, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, rb/km1164 nömrəli baş kredit müqaviləsi üzrə 04 sentyabr 2019-cu il tarixdə bağlanmış Baş Kredit Müqaviləsinin (kredit müqaviləsinin) müddətinin uzadılması haqqında Əlavə Razılaşmanın 1-ci bəndinə əsasən tərəflər razılıq əldə etdilər ki, xx.xx.2018-ci il tarixli, rb/kml 164 nömrəli kredit müqaviləsinin müddəti əsas və faiz məbləği müddətin sonunda ödənilməklə xx.xx.2020-ci il tarixinə qədər uzadılsın. Həmin sazişin 2-ci bəndinə əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılsın. Həmin sazişin 3-cü bəndinə əsasən Əlavə Razılaşma xx.xx.2018-ci tarixli, rb/kml 164 nömrəli kredit müqaviləsinin ayrilmaz tərkib hissəsi sayılır və xx.xx.2019-cu il tarixdən qüvvəyə minir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8230 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, rb/km1164 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin banka olan borcu xx.xx.2020-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 3855881,54 ABŞ dolları, faiz borcu üzrə 471721,59 ABŞ dolları; xx.xx.2022-ci il tarixinə (maliyyə arayışının verildiyi tarixə) əsas borc üzrə 3855881,54 ABŞ dolları, faiz borcu üzrə 878820,76 ABŞ dolları; xx.xx.2022-ci il tarixinə (məhkəməyə müraciət olunan tarixə) 3855881,54 ABŞ dolları, faiz borcu üzrə 892744,78 ABŞ dolları məbləğində müəyyən olunur. - İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, RB-02/PK-113 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə "xxxx" MMC-nin banka 3855881,54 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə (xx.xx.2020) 454139 ABŞ dolları faiz borcu, müqavilə bitdikdən sonra illik 5% ilə hesablanan 644254,62 ABŞ dolları faiz borcu, 771700 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə borcu 5725975,16 ABŞ dolları təşkil edir. - İddiaçı ASC tərəfindən verilmiş MD280722-40A nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının AZ27AİİB400600D**********106 nömrəli hesabına 400 manat məbləğində ödəniş edilmişdir. - İddiaçı ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Qanuni nümayəndə ünvanlanmış bildiriş (pretenziya) məktublarından görünür ki, kredit müqaviləsi üzrə borcun banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, rb/km1164 nömrəli baş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bank tərəfindən 14 (on dörd) ay müddətinə, illik faiz dərəcəsi 5% olmaqla, ******* (üç milyon səkkiz yüz əlli səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2018-ci il tarixli, rb/km1164 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, rb/km1164 nömrəli baş kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin – Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Daha sonra İddiaçı ASC ilə "xxxx" MMC, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, rb/km1164 nömrəli baş kredit müqaviləsi üzrə 04 sentyabr 2019-cu il tarixdə Baş Kredit Müqaviləsinin (kredit müqaviləsinin) müddətinin uzadılması haqqında Əlavə Razılaşma bağlamışlar. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Qanuni nümayəndə (müvafiq olaraq borcalan və zamin) müştərək qaydada borcun tutulmasını xahiş etmişdir. Cavabdeh Qanuni Nümayəndəsi və vəkili Vəkil “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, zaminlik üzrə müddət keçdiyindən İddiaçı ASC-nin cavabdeh Qanuni nümayəndə qarşı iddia tələbi üzrə iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, rb/km1164 nömrəli baş kredit müqaviləsi üzrə Qanuni nümayəndə ilə zaminlik müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış, zaminlik müqaviləsinin müddəti 14 ay müəyyən edilmişdir. İddiaçı ASC ilə "xxxx" MMC, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, rb/km1164 nömrəli baş kredit müqaviləsi üzrə 04 sentyabr 2019-cu il tarixdə Baş Kredit Müqaviləsinin (kredit müqaviləsinin) müddətinin xx.xx.2020-ci il tarixinə qədər uzadılması haqqında Əlavə Razılaşma bağlamışlar. Cavabdeh – zamin Qanuni nümayəndə ilə hər hansı bir əlavə razılaşma bağlanılmamışdır. Ona görə də cavabdeh – zamin Qanuni nümayəndə ilə xx.xx.2018-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinin müddəti 14 ay müəyyən edildiyindən və xx.xx.2019-cu il tarixdə bitdiyindən və həmin tarixdən 3 ildən artıq müddət keçdiyindən iddia tələbi cavabdeh – zamin Qanuni nümayəndə münasibətdə rədd edilməlidir. İddia tələbinin bir hissəsini cavabdehlərdən müştərək qaydada 3855881,54 ABŞ dolları əsas borc və müqavilənin bitmə tarixinə - xx.xx.2020-ci il tarixinə kimi olan 454139 ABŞ dolları faiz borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdeh "xxxx" MMC-nin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8230 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli və cavabdeh "xxxx" MMC-dən 3855881,54 ABŞ dolları (üç milyon səkkiz yüz əlli beş min səkkiz yüz səksən bir dollar əlli dörd sent) əsas borc və 417721,59 ABŞ dolları (dörd yüz on yeddi min yeddi yüz iyirmi bir dollar əlli doqquz sent) məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 771700 ABŞ dolları cərimə borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 200000 (iki yüz min) ABŞ dolları məbləğində müəyyən edilməli, cavabdeh "xxxx" MMCdən iddiaçının xeyrinə 200000 (iki yüz min) ABŞ dolları cərimə borcu tutulmalı, cərimə borcunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 644254,62 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh icranı gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və gecikdirilmiş vaxt (2 il 9 ay 15 gün) nəzərə alınaraq, həmin hissədə iddia qismən təmin olunmalı və cavabdeh "xxxx" MMCdən 538216,80 ABŞ dolları (beş yüz otuz səkkiz min iki yüz on altı dollar səksən sent) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin və 5257,08 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4601,40 manat (dörd min altı yüz bir manat qırx qəpik) məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3855881,54 ABŞ dolları (üç milyon səkkiz yüz əlli beş min səkkiz yüz səksən bir dollar əlli dörd sent) əsas borc, 417721,59 ABŞ dolları (dörd yüz on yeddi min yeddi yüz iyirmi bir dollar əlli doqquz sent) faiz borcu, 200000 (iki yüz min) ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 538216,80 ABŞ dolları (beş yüz otuz səkkiz min iki yüz on altı dollar səksən sent) olmaqla, cəmi 5011819,93 ABŞ dolları (beş milyon on bir min səkkiz yüz on doqquz dollar doxsan üç sent) məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə, 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4601,40 manat (dörd min altı yüz bir manat qırx qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar