Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1622/2020 07.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavadehin nümayəndəsi X2, İddiaçı MMC-nin Cavabdeh İB-yə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaz təchizatının qanunsuz dayandırılması nəticəsində dəymiş 700000 manat dəyərində maddi ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, qaz təchizatının qanunsuz dayandırılması nəticəsində dəymiş ******* manat dəyərində maddi ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə iş üzrə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, İddiaçı MMC-yə məxsus Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edilir. Bununla bağlı tərəflər arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. İstifadə edilmiş təbii qazın dəyəri həmişə vaxtında ödənilmişdir. Bu günədək ödənişlə bağlı heç bir mübahisə olmamışdır. Lakin Cavabdeh İB tərəfindən istixananın qaz təchizatı 2020-ci ilin aprel ayının 14-də heç bir xəbərdarlıq edilmədən dayandırılmış, nəticədə istixanada yetişdirilən tərəvəz məhsulları məhv olmuş, MMC-yə külli miqdarda ziyan dəymişdir. Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”nrn 3.1.5-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin qaydaların 6.2-ci bəndinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddanın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, qaz sayğacı qazpaylayıcı stansiyada yerləşir və həmin əraziyə Cavabdeh nümayəndələri belə icazəsiz daxil ola bilmir. Sayğaca baxış icazə əsasında həyata keçirilir. İddiaçının təqdim etdiyi görüntülərdə qazın kəsilməsini müəyyən etmək mümkün olmadığını qazın kəsilməsindən məlumatının olmamasını bildirmiş və iddanın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə rədd edilməlidir. İş materiallarından görünür ki, "Cavabdeh" İB ilə istehlakçı İddiaçı MMC arasında “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə xx.xx.2019-cu il tarixli AMX-8026/19 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəmək öhdəliyi götürmüşdür. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-nin nümayəndələri tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2020-ci il saat 15:00 radələrində "Cavabdeh" İB-nin əməkdaşları tərəfindən qabaqcadan xəbəedarlıq edilmədən və bu barədə rəsmi bildiriş verilmədən İddiaçı MMC-nin Binə qəsəbəsindəki istixana kompleksinə təbii qazın verilməsi qanunsuz olaraq qəflətən dayandırılmış və qazın verilməsinin dayandırılması barədə cəmiyyətə və ya onun nümayəndələrinə akt təqdim edilməməsi qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli QR 016 nömrəli “X1” MMC tərtib edilmiş rəydən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində, Abşeron rayonu, Hövsan Südçülük Savxozu ərazisində 35.8 ha torpaq sahəsi üzərində yerləşən 14 ha İstixanaya dəymiş ziyan ******* manat təşkil etdiyi qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli abonentin saldosundan görünür ki, cavabdehin 2020-ci ilin may ayına olan borcu 824082 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı MMC tərəfindən "Cavabdeh" İB hesabına ümumilikdə 137440.32 manat ödəniş edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "Cavabdeh" İB ilə istehlakçı “xxxx” MMC arasında xx.xx.2019-cu il tarixli AMX-8026/19 nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan müqavilə üzrə tərəflər arasında müəyyən edilmiş öhdəliklərə əsasən iddiaçı tərəfindən cavabdehə ödənilməmiş 824082 manat təbii qazdan istifadəyə görə borcu yaranmışdır. İddiaçı cavabdehin nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixdə təbii qazın verilişinin qanunsuz olaraq kəsilməsini iddia edərək bununla da ona külli miqdarda yəni ******* manat (xx.xx.2020-ci il tarixli rəy) ziyan vurulduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunan maddi hüquq normasının imperativ tələblərindən göründüyü maddi ziyanla bağlı tələblər üzrə məhkəmə araşdırması zamanı məhkəmə ilk öncə ziyanın vuran subyektin müəyyən edilməsi hallarını araşdırmalıdır. Hazırki iş üzrə mübahisə predmeti olan dəymiş zərərin vurulmasına səbəb olan subyektin cavabdeh olmasına dair iddiaçı tərəfin əsaslandığı sübut xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-nin nümayəndələri tərəfindən tərtib edilmiş aktdır. Məhkəmə cavabdehin iddiaçıya məxsus istixanaya qaz verilişinin dayandırılmasına dair iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-nin nümayəndələri tərəfindən tərtib edilmiş aktı mötəbər sübut hesab etmir. Belə ki, həmin aktı imzalayan şəxlərdən yalnız İddiaçı MMC-nin nümayəndələri iştirakı ilə tərtib edilmişdir. Digər tərəfdən isə qeyd olunan aktda cavabdeh tərəfdən hər hansı şəxsin imzası və ya imzadan imtina etməsi əks olunmamış, habelə fotoşəkil, videoyazı və sair sübutlar əlavə edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanıda iddiaçıya vurulmuş ziyanın cavabdeh tərəfindən vurulmasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübut əsasında iddia tələbi üzrə vurulmuş zərərin cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə səbəbli əlaqənin müəyyən edilməsi mümkün olmadığından dəymiş zərərlə bağlı təqdim edilmiş sübutların araşdırılması zərurəti aradan qalxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarına görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddiaçı iddia tələblərinin əsası kimi ziyanın cavabdeh tərəfindən vurulması halını sübuta yetirə bilmədiyindən İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı iddiaçıya dəymiş ******* manat dəyərində maddi zərərin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı iddiaçıya dəymiş ******* manat dəyərində maddi zərərin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1622/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1622/2020
07.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver