Məhkəmə qərarları › İş №e-2-2(113)-1625/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1625/2023

22.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1625/2023 22.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçıya əsassız olaraq hesablanmış 221872 manat borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və Xətai Rayon Sukanal İdarəsinə qarşı iddiaçıya əsassız olaraq tərtib edilmiş aktın ləğv olunması və hesablanmış 221872 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçıya əsassız olaraq hesablanmış 221872 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya qarşı 007490 nömrəli, xx.xx.2022-ci il tarixli əsassız akt tərtib etmişdir. Cavabdeh həmin aktı onunla əsaslandırmışdır ki, guya iddiaçı tərəfindən su xəttinə müdaxilə edilərək, sayğacdan kənar sudan istifadə edilmişdir. Bu tərtib edilmiş akt nəticəsində guya müəssisə 221872 manat məbləğində cavabdehə ziyan vurmuş və həmin məbləğin ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçı artıq uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır. Fəaliyyəti olmayan müəsisənin böyük həcmdə su sərfiyyatının olması mümkün deyildir. Bundan əlavə, müəsisə tərəfindən su xətlərinə heç bir müdaxilə edilməmişdir. Müəssisənin yerləşdiyi ərazidə yeraltı su boruları mövcuddur. Cavabdehin aktında qeyd edilmişdir ki, guya su borusunun üzdə olan hissəsində sayğacdan kənar qoşulma var. Lakin həmin boruların hara getdiyi, müəsisənin həmin borulardan istifadə edib-etməməsi ümumiyyətlə aydınlaşdırılmamışdır. Həmçinin müəsisəyə gələn su xətti digər xətdir və o xəttin üzərində sayğac vardır, sayğac əsasında da ödənişlər vaxtlı vaxtında ödənmişdir. Odur ki, hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt və hesablanmış borc tamamilə əsassızdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (direktoru) X1 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdehin əməkdaşları həmin əraziyə baxış keçirmiş, qanunsuz xətti aşkar etmişlər. Video çəkilişlə baxış keçirilmişdir və akt tərtib olunmuşdur. Akt “Sudan istifadə qaydaları”nın 4 nömrəli əlavəsinə əsasən tərtib olunmuşdur. Hazırda cavabdeh prokurorluğa da məlumat vermişdir, iş hazırda orada araşdırılır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2022-ci il tarixdə KY221881022 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən iddiaçıda keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli 007490 saylı aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasında su sayğacına və su xətlərinə baxış keçirilmiş, baxış zamanı abonentin obyektdə quraşdırılmış su sayğacından kənar d=80mm boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli ********* saylı Qanunsuz istifadə fakturasından görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 7490 saylı akta əsasən iddiaçıya 221872 manat borc hesablanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 02-57/23 saylı mütəxəssis rəyindən görünür ki, Alko LTD - Azərspirt MMC müəssisəsi mövcud vəziyyətinə əsasən uzun müddətdir fəaliyyətsizdir, qeyri-işləkdir. Belə ki, istehsal məqsədilə tikili və qurğuların istifadəsi yararsızdır, rezervuarlar baxımsızdır, peşəkar işçi heyəti mövcud deyildir. Sayğacdankənar aşkar edilmiş boru xəttinin istifadə edilibedilməməsinin, həmçinin kənar qoşulmaların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərsu ASC tərəfindən aşkar edilmiş boru xətti boyunca üst səth və ətraf yanlar torpaqdan təmizlənmişdir. Tədqiq edilmişdir ki, dioqanalı 150 mm olan metal su borusu xətti xarici divar səthindən müəssisəyə daxil olduqdan sonra bəzi hissələrdə yer səthinin üst qatı ilə, digər hissədə isə torpağın 10-20 sm dərinliyi ilə L=26,49 metr uzunluq təşkil etmişdir. Aşkar olundu ki, dioqanalı 150 mm olan metal su borusu xətti xarici divar səthindən müəssisəyə daxil olaraq L=26,49 metr uzunluqdan sonra ağız hissədə qaynaqlanıb və boruya ətrafdan heç bir kənar xətt qoşulmayıb. Metal borunun bəzi hissələrdə korroziyaya uğraması uzun müddətdir istifadəsiz olmasına dəlalət edir, boru başlığında aparılmış qaynaq işlərinin birləşmə (tikiş) yerlərində elektrokimyəvi korroziya izlərinin mövcudluğu isə bunu bir daha təsdiq edir. Belə bir nəticəyə gəlinir ki, Alko LTD- Azərspirt MMC tərəfindən sayğacdankənar boru vasitəsilə sudan istifadə imkanı məhduddur, mümkün deyildir. Aşkar edilmiş boru xəttinə müdaxilə halı müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 49cu maddəsinin 4-cü bəndinə əsasən səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qaydaların 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasında su sayğacına və su xətlərinə baxış keçirilmiş, baxış zamanı abonentin obyektdə quraşdırılmış su sayğacından kənar d=80 mm boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə etməsi aşkar olunaraq xx.xx.2022-ci il tarixli 007490 saylı akt tərtib olunmuş və həmin akta əsasən cavabdeh tərəfindən iddiaçıya 221872 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Mübahisələndirilən borc cavabdeh tərəfindən konkret fakta (qanunsuz qoşulma) əsaslanmaqla hesablandığından həmin faktın mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin dəlillərindən biri bundan ibarətdir ki, iddiaçının qanunsuz qoşulması sübut qismində təqdim edilmiş CD disklə təsdiq edilir. Məhkəmə tərəfindən CD diskə baxış keçirilmiş, baxış zamanı kənar xətt olduğu kimi göstərilən borunun mənbəyini haradan götürməsi müəyyən olunmur, eyni zamanda həmin xəttin su çənlərinə daxil olması göstərilsə də, boru xətlərinin diametlərini nəzərə aldıqda, kənar xətt kimi qeyd olunan boru xəttinin diametrinin kiçik olduğu, çənlərə daxil olduğu və torpaq altında olduğu görülən borunun diametrinin böyük olduğu görünür ki, həmin xətlərin birləşməsi video görüntülərdə müəyyən olunmur. Habelə, video görüntülərdən müəyyən olunur ki, yoxlama zamanı yalnız cavabdehin əməkdaşları iştirak etmiş, müəssisədə iddiaçının əməkdaşları olmamaqla müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı görüntü olmamaqla müəssisənin dağınıq vəziyyətdədir, orada olan tikili və qurğular isə fəaliyyət göstərmir. Göstərilən hallar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02-57/23 saylı mütəxəssis rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəydən göründüyü kimi müəssisə uzun müddətdir ki, fəaliyyətsizdir, qeyri-işləkdir, istehsal məqsədilə tikili və qurğuların istifadəsi yararsızdır, rezervuarlar baxımsızdır, peşəkar işçi heyəti mövcud deyildir, eyni zamanda iddiaçı tərəfindən sayğacdankənar boru vasitəsilə sudan istifadə imkanı məhduddur, mümkün deyildir. Bundan başqa, iş materiallarında olan şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, iddiaçı tərəfindən fəaliyyət sahələrinə aid olan vergilər üzrə “0” göstərilməklə bəyannamələr verilmişdir ki, bu hal da iddiaçının fəaliyyət göstərmədiyini göstərir. Mütəxəssisin gəldiyi nəticədən belə aydın olur ki, hətta sayğacdan kənar boru xətti çəkilsə belə, müəssisənin tikili və qurğularının, habelə boru xətlərinin istifadəyə yararsız olması səbəbindən sudan istifadə imkanı yoxdur. Qeyd olunanları təhlil edərək, məhkəmə belə bir nəticəyə gəlir ki, sudan istifadə edə bilməyəcəyi halda iddiaçı tərəfindən sayğacdan kənar su xəttinin çəkilməsi və ondan istifadə etməsi ağılabatan deyildir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 007490 saylı aktda göstərilənlər məhkəmə tədqiqatı zamanı təsdiq olunmadığından həmin akta əsasən hesablanmış borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 221872 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar