Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-163/2025 12.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 və Binəqədi Rayon İcra və Probasiya Şöbəsi olmaqla) torpaq sahəsinin qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi, həmin torpaq sahəsinin və orda olan tikillilərin yenidən qiymətləndiriliməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qiymətləndirmə rəyinin ləğv edilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 və Binəqədi Rayon İcra və Probasiya Şöbəsi olmaqla) torpaq sahəsinin qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi, həmin torpaq sahəsinin və orda olan tikillilərin yenidən qiymətləndiriliməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 və Binəqədi Rayon İcra və Probasiya Şöbəsi olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən verilmiş "xxxx" MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2018-ci il tarixli rəyin ləğv edilməsi, həmin torpaq sahəsinin və orda olan tikillilərin yenidən qiymətləndiriliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Məmmədova X6 və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə, cavabdeh Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı Bakı şəhəri Binəqədi rayon məhkəməsində iddia qaldıraraq təsisçisi "xxxx" MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2018-ci il tarixli rəyin ləğv edilməsi, həmin torpaq sahəsinin və orda olan tikillilərin də qiymətləndiriliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, torpağın qiyməti çox ucuz müəyyən edilmiş, və torpağın üzərinə olan tikililər ümumiyyətlə qiymətləndirilməmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4758/2018 nömrəli 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair 22 yanvar 2018-ci il tarixli rəyinin ləğv edilməsi, torpaq sahəsinin və torpaq sahəsindən olan tikilinin bazar dəyəri 4500 000 (dörd milyon beş yüz min) manat qiymətləndirilmişdir. Qətnamədən iş üzrə üçüncü şəxs R.Abdullayev apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rəd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 2(103)-1504/2019 nömrəli qətnaməsi ilə 3-cü şəxs R.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Binəqədi rayon, məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001) - 4758/2018- nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə çıxarılması, "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən 0, 7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi xidməti MMC-nin tərtib etdiyi xx.xx.2018-ci il tarixli 16 saylı hesabatın ləğv olunması və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiymətinin 1 918 700 ( bir milyon doqquz yüz on səkkiz min) manat ( torpaq sahəsi 1 587 200 manat, üzərindəki tikililər 331 500 manat) müəyyənləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-879/2020 nömrəli iş üzrə 10 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 4758/2018 saylı iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddianın təmin edilməsi,"xxxx" MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən 0, 7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi xidməti MMC-nin tərtib etdiyi xx.xx.2018-ci il tarixli 16 saylı hesabat ləğv olunması və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiyməti 1.984.000 (bir milyon doqquz yüz səksən dörd min) manat müəyyən edilməsi qərara alınmışdır. İddiaçının həmin qətnamədən verdiyi kasasiya şikayəti Ali Məhkəmənin 2(102)-2796/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ilə təmin edilmiş Bakı apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5081/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş, qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Binəqədi rayonu İcra və Probasiya şöbəsinin nümayəndəsi və müstəqil tələbi irəli sürməyən üçüncü şəxs “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi xidməti MMCnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Yalnız üçüncü şəxs "xxxx" MMC- məhkəməyə xx.xx.2021-ci il tarixli müraciət göndərərək işə onların iştrakı olmadan baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(103)-8070/2021 saylı qətnaməsi ilə 3-cü şəxs R.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayon, məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 4758/2018- nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə çıxarılması, iddianın təmin edilməməsi, iddiaçının əsl cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, iddia qaldırılarkən cavabdeh kimi Binəqədi rayon İcra və Probasiya şöbəsinin qoyulması düzgün olmamışdır. İş üzrə cavabdeh olaraq "xxxx" MMC qoyulmalıydı. Bakı şəhəri, Binəqədi rayon, məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilərək İddiaçı Marıf qızından 187000 manat pulun, eləcədə ödənilmiş 31 manat dövlət rüsumunun 24 faizinin yəni 7,44 manatı tutularaq X3 ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, habelə qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ilə X4 arasında Bakı şəhəri 38 saylı notariat kontorunda 08 noyabr 2013-cü il tarixdə təsdiq edilməklə bağlanmış, reyestrdə 3M /-821 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi və odənilmiş 20 manat dövlət rüsumunun İddiaçı Marıf qızına aid olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə X1 apellyasiya şikayəti təmin edilmiş, sözgüdən qətnamə ləğv olunmuş, X1 ilk iddia ərizəsi təmin edilərək İddiaçı 08 noyabr 2013- cü il tarixli borc müqaviləsi üzrə 785 000 manat borc pul, borc məbləğinin vaxtında qaytarılması nəticəsində bir il üçün illik 5 % həcmi təşkil edən 39 250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, yəni cəmi 824 281 manat X1 xeyrinə tutulmuş, İddiaçı, qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Sözgüdən qətnamə kasasiya inistansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2815/2017 saylı, 11 may 2017-ci il tarixli qərarına əsasən) Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi icraya yönəldilmiş, Bakı şəhəri, Binəqədi rayon, məhkəməsinin 8(001)- 2616/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən İddiaçı təsisçisi olduğu "xxxx" MMC-nin əmlakındakı 50% payının, yəni Bakı şəhəri, Binəqədi rayonu Sumqayıt şössesində yerləşən 3 saylı ərazinin bir hissəsinin üzərinə həbs qoyulması tutmanın həmin torpaq sahəsinə borclunun 50% payı həddində yönəldilməsi qərara alınmış, bundan sonra icra məmuru əmlakın qiymətləndirilməsi üçün "Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi xidməti” MMC-yə sifariş məktubu göndərmiş, adı çəkilən MMC-nin 22 yanvar 2018-ci il tarixli əmlakın qiymətini müəyyən etmək üçün, hesabatı ilə torpaq sahəsi (0, 7936 ha) 1 587 200 manat, torpaq sahəsinin 50%-i (0, 3968 ha) isə 793 600 manat məbləğində qiymətləndirilmiş, hesabatın qeyd hissəsidə "xxxx" MMC-yə məxsus torpaq sahəsi üzərində avto-təmir sexlərinin inşa edildiyi və sifarişə uyğun olaraq sadəcə torpaq sahəsinin qiymətləndirildiyi xüsusi olarq göstərilmişdir. Birinci inistansiya məhkəməsinin təyin etdiyi ekspertiza əsasında rəy verən Qiymətləndirmə xidməti Mərkəzi MMC isə həmin torpaq sahəsinin və onun üzərində inşa edilmiş, tikilinin bazar dəyəri xx.xx.2018-ci il tarixinə 4 500 000 manat məbləğində müəyyənləşdirilmişdir. ("xxxx" MMC-nin direktoru X5 birinci inistansiya məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərzində MMC-nin adındakı “2” rəqəminin texniki səhv olduğu və sözgüdən rəyin "xxxx" MMC-nin tərəfindən verilməsi kimi qəbul edilməsi xahiş olunmuşdur). “Əmlak Ekspert Mərkəzi” nin 29 may 2019-cu il tarixli rəyinə əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şösesi 3 saylı üenvanda yerləşən 0, 7936 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan 29 may 2019-cu il tarixinə bazar dəyəri 1 587 200 manat, üzərindəki tikililərin dəyəri isə 331 500 manat cəmi ******* manat müəyyənləşdirilmişdir. "xxxx" MMC-nin MB13/661 Saylı 23 iyun 2020-ci il tarixli rəyinə əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şösesi 3 saylı üenvanda yerləşən 0, 7936 ha torpaq sahəsinin hazırda mövcud olan real bazar qiyməti 1.587.200 manat "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sumqayıt şösesi 3 saylı üvanda yerləşən 0, 7936 ha torpaq sahəsinin üzərindəki 3217.31kv. tikili 363.000 manat "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sumqayıt şösesi 3 saylı üenvanda yerləşən 0, 7936 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə hazırda mövcud olan real bazar qiyməti 1.950.200 manat təşkil etdiyi göstərilmişdir. Əmlakın qiymətləndirilməsi ilə bağlı rəy verilərkən qiymətləndirilmə düzgün aparılmamış, əmlakın real bazar qiymətindən daha aşağı bir qiymət hesablanmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
4. Məhkəmə iclasında iştirak edən Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya eiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etdi.
5. İş üzrə digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, iş üzrə digər şəxslər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı və cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
10. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilərək İddiaçı 187 000 manat pulun, eləcə də ödənilmiş 31 manat dövlət rüsumunun 24 %-nin, yəni 7,44 manatın tutularaq X3 ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, habelə qarşılıqlı iddianın təmin edilərək İddiaçı ilə X4 arasında Bakı şəhəri 38 saylı notariat kontorunda 08 noyabr 2013-cü il tarixdə təsdiq edilməklə bağlanmış, reyestrdə 3M/-821 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı aid olunması qət edilmişdir.
11. İş materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2016cı il tarixli qətnaməsi ilə X1 apellyasiya şikayəti təmin edilmiş, sözügedən qətnamə ləğv olunmuş, X1 ilk iddia ərizəsi təmin edilərək İddiaçı 08 noyabr 2013-cü il tarixli borc müqaviləsi üzrə 785 000 manat borc pul, borc məbləğinin vaxtında qaytarılmaması nəticəsində bir il üçün illik 5 % həcmi təşkil edən 39 250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, yəni cəmi 824 281 manat X1 xeyrinə tutulmuş, İddiaçı qarşılıqlı iddia ərizəsi isə təmin edilməmişdir; sözügedən qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2815/17 saylı, 11 may 2017-ci il tarixli qərarına əsasən).
12. İş materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi icraya yönəldilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-2616/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən İddiaçı təsisçisi olduğu "xxxx" MMC-nin əmlakındakı 50 % payının, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şössesində yerləşən 3 saylı ərazinin bir hissəsinin üzərinə həbs qoyulması, tutmanın həmin torpaq sahəsinə borclunun 50 % payı həddində yönəldilməsi qərara alınmış, bundan sonra icra məmuru əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə sifariş məktubu göndərmiş, adı çəkilən MMC-nin 22 yanvar 2018-ci il tarixli “əmlakın qiymətini müəyyən etmək üçün hesabat”ı ilə torpaq sahəsi (0,7936 ha) 1 587 200 manat, torpaq sahəsinin 50 %-i (0,3968 ha) isə 793 600 manat məbləğində qiymətləndirilmişdir.
13. Hesabatın qeyd hissəsində “Lyuks-Sönməz“ MMC-yə məxsus torpaq sahəsi üzərində avto-təmir sexlərinin inşa edildiyi və sifarişə uyğun olaraq sadəcə torpaq sahəsinin qiymətləndirildiyi xüsusi olaraq göstərilmişdir.
14. Hazırda iddiaçı tərəf, əmlakın qiymətləndirilməsinin düzgün aparılmadığını və əmlakın bazar dəyərinin aşağı olduğunu bildirir.
15. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya)
16. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya)
17. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 25 iyun 1998ci il tarixli Qanun)
18. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan)
19. Məhkəmə hazırkı mübahisə ilə bağlı xüsusi ilə qeyd edir ki, hazırkı mübahisə məhz qiymətləndirmə rəyinin mübahisələndirilməsi ilə bağlıdır.
20. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2841/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı əsasında verilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0, 7936 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 2.380.800 manat, hazırki dövrə 2.790.930 manat, üzərindəki tikililərin xx.xx.2018-ci il tarixə bazar dəyəri 1.274.710 manat, hazırki dövrə 2.790.930 manat məbləğində müəyyən edilmişdir.
21. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-163/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş tikinti-texniki ekspertizaya "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəyə əsasən ünvan 3 ünvanda yerləşən 0, 7936 ha torpaq sahəsinin 2018-ci il tarixinə dəyəri 1.595.150 manat, hazırki dövrə 2.618.900 manat, üzərindəki tikililərin 2018-ci il tarixə dəyəri 366.200 manat, hazırki dövrə 565.200 manat məbləğində müəyyən edilmişdir.
22. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-163/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş tikinti-texniki ekspertizaya “X8 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəyə əsasən ünvan 3 ünvanda yerləşən 0, 7936 ha torpaq sahəsinin 2018-ci il tarixinə dəyəri 1.550.515 manat, hazırki dövrə 3.412.480 manat, üzərindəki tikililərin 2018-ci il tarixə dəyəri 417.399,8 manat, hazırki dövrə 791.857,2 manat məbləğində müəyyən edilmişdir.
23. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya tərəfindən qəbul edilmiş qərardadlar əsasında verilmiş və yuxarıda qeyd edilmiş, son iki rəydə torpaq sahəsinin qiyməti ilə, mübahisələndirilən rəydə qeyd edilmiş qiymət (1.587.200 manat) demək olar kı, eynilik təşkil edir.
24. Yəni iddiaçı tərəfin qeyd etmş olduğu əmlakın dəyərinin daha artıq olması barədə dəlili əsassızdır.
25. Məhkəmə həmçinin iddiaçının qeyd edilmiş torpaq sahəsində olan tikililərin qiymətləndirilməli olmalı olması barədə dəlilini də, əsassız hesab edir.
26. Belə ki, iş materiallarına əlavə edilmiş mübahisələndirilən "xxxx" MMC tərəfindən verilmiş 22 yanvar 2018-ci il tarixli rəydən görünür ki, bu rəy Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8 (001)-2616/2017-ci il tarixli qərardadı üzrə Binəqədi rayon İcra Şöbəsinin xx/xx-12449-4 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubu əsasında qiymətləndirilmə keçirilmiş və rəy verilmişdir. (1-ci cild, səh 90)
27. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8 (001)- 2616/2017-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Orxan Həsənov təqdimatla Məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9803/2016 saylı 09 dekabr 2016-cı il tarixli qətnaməsi əsasında 03 iyul 2017-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar borclu İddiaçı təsisçisi olduğu "xxxx" MMC-nin əmlakındakı payı üzərinə həbs qoyularaq tələbin həmin əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq borcun hərracdan əldə olunmuş vəsait hesabına ödənilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur.
28. Həmin qərardaddan görünür ki, təqdimat təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9803/2016 saylı 09 dekabr 2016-cı il tarixli qətnaməsi əsasında 03 iyul 2017-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar borclu İddiaçı təsisçisi olduğu "xxxx" MMC-nin əmlakındakı 50 faiz payı, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 3 saylı ərazinin bir hissəsinin üzərinə həbs qoyulması, tutmanın həmin torpaq sahəsinə borclunun 50 faiz payı həddində yönəldilməsi, əmlakın hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qərara alınmışdır.(2-ci cild, səh 3-5)
29. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8 (001)-2616/2017-ci il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-809/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır, sonuncu isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-682/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. (2-ci cild, səh 7-15)
30. Göründüyü kimi, qeyd edilmiş qərardadda tutmanın ancaq torpaq sahəsinı yönəldilməsi qərara alınmış, orada olan dövlət reyestrində qeydə alınmamış tikililərin nəzərə alınması halı qeyd edilməmişdir. İcra məmuru da, bu qəradad əsasında "xxxx" MMC-yə xx.xx.2017-ci il tarixli sifariş məktubu ünvanlanmış və sonuncu tərəfindən də, mübasiləndirilən 22 yanvar 2018-ci il tarixli rəy verilmişdir.
31. Ona görə də, hazırkı halda, "xxxx" MMC-nin 22 yanvar 2018-ci il tarixli rəyin verilməsi və qiymətin müəyyən edilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmişdir.
32. Belə ki, rəy qanuni qüvvəsini almış Məhkəmə qərardadı əsasında, icra məmurunun məhz torpaq sahəsinin qiymətinin müəyyən edilməsi barədə sifarişi həyata keçirilmişdir.
33. Belə olan halda məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 və Binəqədi Rayon İcra və Probasiya Şöbəsi olmaqla) torpaq sahəsinin qiymətləndi0rilməsinə dair rəyin ləğv edilməsi, həmin torpaq sahəsinin və orda olan tikillilərin yenidən qiymətləndiriliməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov