Məhkəmə qərarları › İş №e-2-2(113)-1632/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1632/2022

18.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1632/2022 18.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Baklift-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Baklift-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən ********* saylı 02.09.2021-ci il tarixli hesab faktura ilə iddiaçıya (VÖEN **********, kod 050082) hesablanmış 5253.18 manat borcun iddiaçının abonent hesabından silinməsi və ödənilmiş 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən ********* saylı 02.09.2021-ci il tarixli hesab faktura ilə iddiaçıya (VÖEN **********, kod 050082) hesablanmış 5253.18 manat borcun iddiaçının abonent hesabından silinməsi və ödənilmiş 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 5253.18 manat borcun ödənilməsinə dair ********* saylı 02.09.2021-ci il tarixli hesab faktura göndərilmiş və həmin borcun ödənilməsi xahiş edilmişdir. Hesab edir ki, ********* saylı 02.09.2021-ci il tarixli hesab fakturada iddiaçıdan tələb edilən 5253.18 manat borc əsassızdır, silinməlidir. Belə ki, iddiaçı həmin məbləğdə sudan istifadə etməmiş, həm də artıq bir neçə ildir ki, su istifadəsi üçün əvvəlcədən ödəniş edir. Cavabdeh ilə 27.10.2015ci il tarixdə bağlanmış müqaviləyə əsasən, cavabdeh tərəfindən smart kart tipli sayğac quraşdırılmış və həmin tarixdən sonra iddiaçı ancaq əvvəlcədən ödəniş etməklə sudan istifadə etmişdir. Beləliklə, hər bir halda 5253.18 manat borc 27.10.2015-ci il tarixdən əvvəl yarana bilərdi, amma həmin borcu da qəbul etmir. Həmçinin, cavabdeh iddiaçıdan 5253.18 manat borcun tələb etmə hüquqlarını da itirmişdir. Bununla bağlı, cavabdehlə mediasiya prosesi keçirilmiş, lakin razılıq əldə edilməmişdir. Həmçinin, cavabdehə pretenziya qaydasında müraciət edilmiş, borcun silinməsi xahiş edilmişdir, lakin cavabdeh tərəfindən tələbləri yerinə yetirilməmişdir. Bunlara baxmayaraq cavabdeh nəinki öz vəzifəsini düzgün icra etməmiş, həm də iddiaçının əsaslı tələbini təmin etməməklə onun hüquqlarını pozmuşdur. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, borc əsaslı olaraq qarşı tərəfə yazılmışdır. 2015-ci ildə sayğac quraşdırılmış, 2016-cı ildə borc qaldığı müəyyən olunmuşdur. Hesab edir ki, hazırki iddia əsassızdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Abonent haqqında məlumatdan və 02.09.2021-ci il tarixli ********* saylı hesab fakturadan görünür ki, iddiaçının cavabdehə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri üzrə 02.09.2021-ci il tarixə olan borcu 5253,18 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının cavabdehə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri üzrə 02.09.2021-ci il tarixə olan borcu 5253,18 manat təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasındakı öhdəliklər qarşılıqlı icraya bağlı vaxtaşırı icra edilməli olan öhdəliklərdir. Belə ki, həmin öhdəliklərə əsasən cavabdeh iddiaçıya hər ay üzrə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri göstərməyi, iddiaçı isə həmin xidmətin hər ay üzrə dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Yəni iddiaçı göstərilən xidmətlərə görə cavabdehə hər ay üçün, yəni vaxtaşırı ödənişlər etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində bütün öhdəliklərin və bir sıra konkret öhdəliklərin xitamı üçün müddətlər müəyyən edilmişdir. Həmin maddədə göstərilən konkret öhdəliklərdən bir də vaxtaşırı ödənişlər üzrə öhdəliklərdir ki, göstərilən maddədə həmin öhdəliklər üzrə tələb müddəti beş il müəyyən edilmişdir. İşdə olan Abonent haqqında məlumatın tədqiqi zamanı müəyyən olundu ki, iddiaçının 01.01.2017-ci il tarixə 5904,18 manat borc qalığı olmuş, 01.01.2017-ci il tarixdən 02.09.2021-ci il tarixə qədər cavabdeh tərəfindən iddiaçıya su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri üzrə 1552 manat məbləğində satış olmuş, iddiaçı tərəfindən cavabdehə həmin xidmətlərə görə 2203 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən 01.01.2016-02.09.2021-ci illər üzrə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə görə 651 manat (2203 - 1552 = 651) məbləğində artıq ödəməsi olmuşdur ki, həmin məbləğ də 01.01.2017-ci il tarixədək olan 5904,18 manat borc qalığından çıxılmaqla iddiaçının 01.01.2017-ci il tarixə olan borc məbləğindən 5253,18 manat (5904,18 – 651 = 5253,18) məbləğ qalmışdır. Göründüyü kimi iddiaçının cavabdehə 02.09.2021-ci il tarixə olan 5253,18 manat borc məbləği 01.01.2017-ci il tarixədək olan borc qalığıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış 5253,18 manat borc məbləği 01.01.2017-ci il tarixədək olan borc məbləğidir ki, bu halda məhkəmə hesab edir ki, 5253,18 manat borc üzrə cavabdehin tələb müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 01.01.2017-ci il tarixədək olan 5253,18 manat borc məbləği üzrə tələbi qüvvəsini itirdiyindən iddia təmin edilməklə göstərilən borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ********* saylı 02.09.2021-ci il tarixli hesab faktura ilə Baklift-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsinə hesablanmış 5253.18 manat borc Baklift-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsinin abonent hesabından silinsin və ödənilmiş 100 manat mediasiya xərci Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Baklift-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar