Məhkəmə qərarları › İş №e-2-2(113)-1632/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1632/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1632/2025 25.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, XXXX və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, müqavilənin birtərəfli ləğvi və iradə ifadəsi, yalan əqd) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, XXXX və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh3 (bundan sonra Cavabdeh3 MMC), XXXX və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə üzrə 807 583,81 manat əsas, 43 340,33 manat faiz borcu olmaqla cəmi 850 924,14 manat məbləğində pulun və ödənilmiş 1140,92 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. cavabdeh "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 19 aprel 2024-cü il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavəyə əsasən cavabdeh "xxxx" MMC-yə 12 ay müddətinə illik 14 % olmaqla 1 558 864,63 manat kredit verilmişdir. Əlavə olaraq iddiaçı ilə Uğur Bekar arasında 13 may 2024-cü il tarixli 17971/103 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Uğur Bekarın borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Əlavə olaraq, iddiaçı ilə Cavabdeh2 arasında 13 may 2024-cü il tarixli 17973/103 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bağlanmış 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. 2.2. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən "xxxx" MMC hər ay ödəniş etməli olduğu halda, sonuncu bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Hazırda kredit müqaviləsinə əsasən cavabdehlər müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faizi ödəməli olduğu halda, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir və 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə üzrə 03 dekabr 2024-cü il tarixə 807 583,81 manat əsas, 43 340,33 manat faiz borcu olmaqla cəmi 850 924,14 manat borc mövcuddur. Cavabdehlərə borcun qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 472, 739-cu və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

6. İddiaçının nümayəndələri X5 və X4 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, Cavabdeh3 MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, müqaviləyə əsasən razılaşdırılmışdır ki, "xxxx" MMC Cavabdeh3 MMC-yə ancaq İddiaçı ASC-nin hesabından pul ödəyəcək, çünki Cavabdeh3 MMC-nin iddiaçıya borcu mövcuddur. Hesabdan çıxarışlardan görünür ki, ödənişləri Cavabdeh3 MMC etmişdir.

7. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə əqdin etibarsız hesab edilməsi barədə vəsatət təqdim edərək göstərmişdir ki: – iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqavilələri və zaminlik müqavilələri başqa əqdi pərdələmək məqsədilə bağlandığı üçün yalan əqddir və buna görə də həmin müqavilələr etibarsız hesab edilməli, iddia tələbləri tam rədd edilməli və iddiaçıya müvafiq iddia ərizəsi ilə Dövlət Gömrük Komitəsinə və "xxxx" MMC-yə qarşı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. – Belə ki, kredit müqavilələri və zaminlik müqavilələri başqa əqdi pərdələmək məqsədilə bağlandığı üçün yalan əqddir və bağlandığı andan etibarsızdır. Cavabdeh3 MMC Dövlət Gömrük Komitəsinin inzibati binasının təmiri ilə bağlı birbaşa DGK ilə podrat müqaviləsi imzalamış və işlərin icrasına başlamışdır. Lakin binanın layihəsinin DGK-da ekspertizadan keçməməsinə istinad edilərək layihənin icrası gecikdirilmiş, cavabdeh tərəfindən görülmüş işlərin pulları ödənilməmişdir. Bu dövrdə təxminən aprel 2022-ci il tarixlərində DGK rəhbəri ödənişləri edə bilmədiyi və işlərin icrasında gecikmə olmaması üçün cavabdeh Uğur Bekar və Cavabdeh2 ilə görüşərək İddiaçı ASC-dən kredit götürərək ödənişləri edəcəyini bildirmiş, lakin dövlət orqanı olduğu üçün bu kreditin DGK adına yox, Cavabdeh3 MMC adına götürülməli olduğunu bildirmiş, DGK tərəfindən ödənişlər edildikcə kreditlərin bağlanacağına əminlik yaratmış, əksi təqdirdə layihədən uzaqlaşdırılacaqlarını və müvafiq zərərin onlardan tələb ediləcəyini bildirmişdir. Bundan sonra DGK rəhbərliyi İddiaçı ASC rəhbərliyinə zəng edərək, 1 saat içərisində krediti hazırlamağı tapşırmışdır. xx.xx.2022-ci il tarixində 2 800 000 manat, xx.xx.2022-ci il tarixində isə 700 000 manat məbləğində, toplam 3 500 000 manat məbləğində kredit ayrılmışdır. – Bundan sonra DGK rəhbərliyi dəyişmiş, bu müddət ərzində Cavabdeh3 MMC işsiz və ödənişsiz qalmış, bir müddət sonra isə DGK-nin yeni rəhbəri "xxxx" MMC adlı təşkilatı işlərin icrasına baş podratçı kimi cəlb etmiş, DGK, "xxxx" MMC və Cavabdeh3 MMC arasında hüquqların ötürülməsi haqqında müqavilə imzalanmışdır. "xxxx" MMC baş podratçı kimi işə cəlb edildikdən sonra yenə bir müddət ödənişlərin həyata keçirilməsində problem yaşanmış və Cavabdeh3 MMC-yə İddiaçı ASC-dən əlavə olaraq yenə kredit götürülməsi tapşırılmışdır. Bu səfər kreditlərin restrukturizasiyası həyata keçirilmiş, 1 558 864,63 manat məbləğində yeni kredit xətti bağlanmışdır. Bu kreditlərin heç biri Cavabdeh3 MMC-nin, onun direktorları olmuş Cavabdeh2 və Uğur Bekarın həqiqi iradəsi ilə alınmamış, bütün kreditlərin və zaminlik müqaviləsinin bağlamasının tək və real səbəbi DGK-nin inzibati bınasının tikintisi layihəsinin maliyyələşdirilməsi üçün maliyyə yardımı almaq olmuşdur. DGK kreditin ayrılması üçün iddiaçıya müvafiq məktubla müraciət etmiş, məktubda inzibati binanın tikintisi ilə əlaqədar hazırlanmış layihə-smeta sənədlərinin dəyişdirilməsi zəruriyyəti yarandığından bağlanmış müqavilə üzrə ödənişlərin müvafiq ekspertiza rəyi hazır olduqdan sonra təqdim edilən Forma-2-lər əsasında ödəniləcəyi bildirilmişdir. – xx.xx.2022-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı əlavənin 2.2-ci bəndində kreditin məqsədli təyinatı olaraq Dövlət Gömrük Komitəsi ilə bağlanmış müqavilə üzrə xərclərin qarşılanması göstərilmişdir. İddiaçı tərəfindən Cavabdeh3 MMCyə 5 000 000 manat məbləğinə yaxın kredit ayrılmışdır, lakin bu adi qaydada sahibkarlıq məqsədilə verilmiş kredit olmamışdır, belə ki, iddiaçı tərəfindən kredit ayrılarkən heç bir kredit riski qiymətləndirilməsi həyata keçirilməmişdir. Cavabdeh3 MMC-nin nizamnamə kapitalı 10 manat olmuş və onun Azərbaycan Respublikasında heç bir daşınar və daşınmaz əmlakı mövcud olmamış, bank hesablarında pul vəsaiti mövcud olmamış, Azərbaycan Respublikasında DGK-nın inzibati binasının tikintisi layihəsindən başqa heç bir layihə icra etməmişdir. Belə olduğu təqdirdə iddiaçı ilə Cavabdeh3 MMC arasında olan kredit müqavilələrinin real sahibkarlıq fəaliyyətindən irəli gələn əqd olması mümkün deyildir. İddiaçı ilə Cavabdeh3 MMC arasında olan kredit müqavilələrinin başqa əqdi pərdələmək məqsədilə bağlandığının ən real sübutlarından biri kimi xx.xx.2023-cü il tarixdə İddiaçı ASC, Cavabdeh3 MMC və üçüncü şəxs "xxxx" MMC arasında imzalanmış 02 saylı əlavə razılaşmanı göstərmək olar. Belə ki, həmin razılaşmaya əsasən "xxxx" MMC öhdəlik götürmüşdür ki, o, layihə üzrə ödənilməli məbləğləri iddiaçının müəyyənləşdirdiyi bank hesabına köçürəcəkdir. – Cavabdeh3 MMC-nin direktoru Uğur Bekar ilə "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 arasında keçən telefon danışığında tərəflərin bu krediti hansı məqsədlərlə və hansı real niyyətlərlə götürdüyü öz əksini tapmışdır. Cavabdeh3 MMC tərəfindən kreditlər götürülsə də, bir müddət sonra DGK və "xxxx" MMC tərəfindən bütün şifahi və yazılı razılaşmaların tələbləri qəsdən pozulmuş, 2024-cü ilin iyul ayında Cavabdeh3 MMC layihənin icrasından kənarlaşdırılaraq onunla bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Hazırkı vəziyyətdə Cavabdeh3 MMC kredit götürülməsi üçün istifadə edilmiş, Cavabdeh3 MMC-nin resursları hesabına kreditləşmənin müsbət tərəflərindən faydalanılmış, daha sonra isə Cavabdeh3 MMC layihədən kənarlaşdırılaraq bankla üzüzə qoyulmuşdur. İddiaçı ilə Cavabdeh3 MMC arasında olan kredit müqavilələrinin başqa əqdi pərdələmək məqsədilə bağlandığının ən real sübutlarından biri də iddiaçının Cavabdeh3 MMC-yə qarşı müraciət etməmişdən əvvəl "xxxx" MMC-yə qarşı pretenziya məktubu və iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi olmuşdur. Bu da bir daha onu təsdiq edir ki, həqiqətən də, İddiaçı ASC qarşısında real borclu DGK-nin hüquq və vəzifələrini ötürdüyü "xxxx" MMC olmuşdur. – Hazırkı işdə iş materiallarını ağlabatan mühakimə əsasında qiymətləndirdikdə məlum olur ki, həqiqətən də, Cavabdeh3 MMC-nin real iradəsində kredit götürmək niyyəti olmamışdır və bu götürülən kredit DGK və daha sonra "xxxx" MMC-nin layihəsinin maliyyələşdirilməsi və Cavabdeh3 MMC-yə ödənilməli ödənişlərin həyata keçirilməsi üçün olmuşdur. Yəni reallıqda bu kreditin tərəfi Cavabdeh3 MMC yox, DGK və daha sonra da "xxxx" MMC olmalı idi. Görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur. Bu əqd İddiaçı ASC ilə cavabeh Cavabdeh3 MMC arasında bağlanmış bütün kredit sənədləşmələri olmuşdur. – Gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir. Əqdin arxasında gizlədilən və həqiqi iradəni ifadə edən əqd isə DGK, daha sonra hüquqi varisi kimi "xxxx" MMC-nin DGK binasının tikintisi layihəsində İddiaçı ASC-dən maliyyə (kredit) alaraq layihə üzrə işləri davam etdirmək məqsədilə onların bağlamaq istədikləri, amma bağlamadıqları kredit müqaviləri olmuşdur. Yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Yanlış təsəvvür yaratmaq niyyəti hazırki işdə odur ki, DGK dövlət orqanı olduğu üçün bu krediti götürə bilməmiş, "xxxx" MMC isə bu riski öz təşkilatı və rəhbər şəxsləri hesabına yox, başqa bir müəssisə hesabına yükləyərək bu risklərdən qurtulmuşdur. – Yuxarıda qeyd olunan bütün hal və sübutlar kompleks şəkildə analiz edildikə məlum olur ki, bu işdə iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış kredit müqavilələri formal xarakter daşıyır, əslində isə "xxxx" MMC və DGK-nın layihəsinin maliyyələşdirilməsi məqsədi güdür. Bu, pərdələnmiş əqd nümunəsidir. Tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına görə də, hətta subyekt tərkibi fərqli olsa belə, niyyət faktiki münasibəti başqa bir yalan əqdlə gizlətməkdirsə, əqd əhəmiyyətsiz sayılır. Hazırkı işdə də Cavabdeh3 MMC-nin kredit müqavilələri ilə "xxxx" MMC və DGK-nın layihə üzrə maliyyələşdirilməsi pərdələnmişdir.

8. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və vəsatətində göstərilən dəlilləri ətrafında izahat verdi.

9. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, ekspertin ödənilmiş məbləğləri və qalıq borcu hansı sənədə əsasən müəyyən etməsi qeyri-müəyyəndir. Kreditə dair çıxarış təqdim olunsa, bəlli olacaq ki, kreditlə bağlı əməliyyatların bəziləri "xxxx" MMC ilə aparılıb.

10. Cavabdeh XXXX məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxmışdır.

11. Üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İş materiallarında olan sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında xx.xx.2021-ci il tarixli **********09092021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə çərçivəsində bağlanmış kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavədən irəli gələn öhdəlik münasibəti yaranmış, əlavəyə əsasən iddiaçı Dövlət Gömrük Komitəsi ilə bağlanmış müqavilə üzrə xərclərin qarşılanması məqsədilə 2 800 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh3 MMC-yə verməyi, Cavabdeh3 MMC isə aldığı pul vəsaitini 12 ay müddətə illik 14 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin əlavəyə xx.xx.2023-cü il tarixli 01 nömrəli razılaşma ilə kreditin müddəti xx.xx.2023-cü il tarixdən etibarən 12 ay müəyyən edilmişdir. Ümumi müqaviləyə 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə ilə qalıq 1 558 864,63 manat kredit məbləğinin 12 ay müddətinə illik 14 faiz dərəcəsi ilə restrukturizasiyası həyata keçirilmişdir. 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh Uğur Bekar xx.xx.2024cü il tarixli 17972/103 nömrəli, Cavabdeh2 xx.xx.2024-cü il tarixli 17973/103 nömrəli zaminlik müqaviləsinə imza etməklə borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Cavabdeh3 MMC pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır.

16. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 807 583,81 manat əsas, 43 340,33 manat faiz borcunun tutulmasını xahiş edir.

17. Cavabdeh3 MMC kredit müqaviləsinin yalan əqd kimi etibarsız olduğunu, borcalan qismində Dövlət Gömrük Komitəsi və "xxxx" MMC-nin çıxış etdiyini bildirərək iddianın rədd edilməsini xahiş edir.

18. Cavabdeh2 ekspertiza rəyinin düzgün tərtib edilmədiyini, "xxxx" MMC tərəfindən öhdəliyin icra edildiyini bildirərək iddianın rədd edilməsini xahiş edir.

19. Məhkəmə əvvəla kredit və zaminlik müqavilələrinin etibarlılığı ilə bağlı aşağıdakıları qeyd edir.

20. İş materiallarında olan yazılı sübutlardan görünür ki, Dövlət Gömrük Komitəsi ilə bağlanmış 05 oktyabr 2021-ci il tarixli DGKYİB/09/21U nömrəli malların satınalma müqaviləsinə əsasən Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının interyer işlərinin həyata keçirilməsi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üçün Cavabdeh3 MMC-nin 18 248 454,98 manat məbləğində təklifini Dövlət Gömrük Komitəsi qəbul etmiş, Cavabdeh3 MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında görüləcək işlərin son təyinat nöqtəsində təhvil verilməsini öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh3 MMC ilə "xxxx" MMC arasında 10 noyabr 2022-ci il tarixli 113/P-2 nömrəli satınalma müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının interyer işlərinin həyata keçirilməsi ilə əlaqədar Cavabdeh3 MMC-nin 12 739 851,06 manat məbləğində təklifini qəbul etmiş, sonuncu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında görüləcək işlərin son təyinat nöqtəsində təhvil verilməsini öhdəsinə götürmüşdür. Daha sonra Dövlət Gömrük Komitəsi, "xxxx" MMC və Cavabdeh3 MMC arasında hüquq və öhdəliklərin ötürülməsi barədə 29 dekabr 2022-ci il tarixli DGKUF01 nömrəli müqavilə bağlanmış, həmin müqavilə ilə 05 oktyabr 2021-ci il tarixli DGKYİB/09/21U nömrəli müqavilə üzrə 12 739 851,06 manat məbləğində tamamlanmalı olan iş həcmləri və ödəmələr üzrə qalan 3 821 955,32 manat məbləğində avans vəsaiti üzrə hüquq və öhdəliklər "xxxx" MMC-yə ötürülmüş, "xxxx" MMC Cavabdeh3 MMC-dən qəbul etdiyi qalıq işlərin son təyinat nöqtəsində Dövlət Gömrük Komitəsinə təhvil verilməsini öhdəsinə götürmüşdür.

21. Başqa sözlə, Dövlət Gömrük Komitəsi (sifarişçi) ilə Cavabdeh3 MMC (podratçı) arasında sonuncunun 18 248 454,98 manat məbləğində mal, iş və xidmətləri icra etməsi ilə bağlı müqavilə imzalanmış, həmin müqavilə üzrə 12 739 851,06 manat məbləğində mal, iş və xidmətlərin icra edilməsi və 3 821 955,32 manat məbləğində avans vəsaiti üzrə hüquq və vəzifələri "xxxx" MMC-yə ötürülmüş, "xxxx" MMC baş podratçı qismində çıxış etməklə 12 739 851,06 manat məbləğində mal, iş və xidmətlərin icra edilməsi ilə bağlı Cavabdeh3 MMC-ni (subpodratçı) cəlb etmişdir.

22. Cavabdeh3 MMC-nin təsvirinə görə, Dövlət Gömrük Komitəsi 05 oktyabr 2021-ci il tarixli DGKYİB/09/21U nömrəli malların satınalma müqaviləsi üzrə ödənişləri icra edə bilmədiyi və dövlət orqanı olduğu üçün kredit götürə bilmədiyindən Cavabdeh3 MMC vasitəsilə İddiaçı ASC-dən kredit götürmüş, daha sonra Dövlət Gömrük Komitəsinin hüquq və vəzifələri "xxxx" MMC-yə ötürülmüşdür. Bu mənada kredit müqaviləsinin tərəfləri əslində Dövlət Gömrük Komitəsi, "xxxx" MMC və Cavabdeh3 MMC-dir. Yəni hazırkı kredit müqaviləsi görüntüdə bağlanan əqd kimi iddiaçı ilə Dövlət Gömrük Komitəsi, "xxxx" MMC arasındakı kredit münasibətlərini pərdələyir.

23. Məhkəmə aşağıdakılara əsasən həmin mövqeni əsassız hesab edir.

24. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

25. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

26. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

27. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

29. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

30. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

31. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).

32. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

33. Konstitusiya Məhkəməsi göstərmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərar).

34. Həmin qərarda həmçinin göstərilmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

35. Məhkəmə hazırkı işin hallarından çıxış edərək 2 situasiyanın fərqləndirilməsini zəruri hesab edir: 2 şəxs arasında olan hər hansı ikitərəfli öhdəlik münasibəti üzrə borclunun öz öhdəliyini vaxtında icra edə bilməməsi, lakin kreditoru olduğu icrada maraqlı olması, bu səbəbdən icranın davam etməsi üçün kreditora pul vəsaitinin digər mənbələr əsasında əldə edilməsini təklif etməsi, həmin vəsaitin əldə edilməsinə kömək etməsi, nəticədə kreditorun buna razılıq verərək üçüncü şəxsdən maliyyə vəsaiti əldə etməsi, həmin vəsait hesabına borclu qarşısında öz öhdəliyinin icra edilməsinə davam etməsi, lakin borclunun hər hansı borcdan azad edilməməsi halı (birinci situasiya); 2 şəxs arasında olan ikitərəfli öhdəlik münasibəti üzrə borclunun hər hansı üçüncü şəxslər və ya kreditor qarşısında olan öhdəliyini icra edə bilməməsi, qeyd edilən öhdəliklərin icra edilə bilməsi məqsədilə kreditor vasitəsilə bankla müqavilə bağlaması, pul vəsaitini kreditor vasitəsilə əldə edərək üçüncü şəxslər və ya kreditor qarşısında olan öhdəliklərini icra etməsi, hər hansı şəxslər qarşısında yanlış təsəvvür yaratmaq niyyəti (ikinci situasiya).

36. Göstərilməlidir ki, mülki qanunvericilik normaları baxımından ikinci situasiyada yalan əqdin nəzərdən keçirilməsi mümkün olsa da, birinci situasiyada yalan əqddən söhbət gedə bilməz. Belə ki, yalan əqd zamanı görüntüdə bağlanan əqd üzrə reallıqda mal, əmtəə dövriyyəsi baş vermir, əqd nəticəsizliklə xarakterizə olunur, bütün faktiki münasibətlər gizli bağlanan əqdin icrasına yönəldilir. Həmçinin qeyd edilənlər üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə edilir.

37. Hazırkı işin hallarından isə Cavabdeh3 MMC-nin kredit vəsaitini əldə edərək Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-nin üçüncü şəxslər və ya Cavabdeh3 MMC qarşısında olan öhdəliklərinin icrasına yönəltdiyi iş materialları ilə öz təsdiqini tapmır. Başqa sözlə, Dövlət Gömrük Komitəsinin və ya "xxxx" MMC-nin Cavabdeh3 MMC-yə kredit götürməsini təklif etməsi, kreditin götürülməsinə yardım etməsi, Cavabdeh3 MMCnin həmin krediti əldə edərək Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC qarşısında olan öhdəliklərinin icrasına davam etməsi, krediti yeni inzibati binanın tikilməsi ilə bağlı öz öhdəliklərinin icra edilməsi üçün üçüncü şəxslərdən mal alınması, işlər görülməsi, xidmətlər göstərilməsi ilə əlaqədar xərclərə sərf etməsi kredit müqaviləsinin yalan əqd olması anlamına gələ bilməz. Yalan əqd yalnız Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-nin kredit vəsaitini görüntüdə bağlanan əqd vasitəsilə əldə edərək özlərinin Cavabdeh3 MMC və ya üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrasına yönəltdiyi halda mövcud ola bilərdi. Halbuki həmin kredit vəsaitləri hesabına (onları əldə edərək) Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC nəinki hər hansı üçüncü şəxs qarşısında, hətta Cavabdeh3 MMC qarşında olan öhdəliklərinin icrasından azad edilməmişdir. Bu isə kredit münasibətlərinin əslində Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC və bank arasında yaranmasını istisna edir.

38. Digər tərəfdən, Cavabdeh3 MMC də həmin vəsaitləri əldə edib Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-yə verməsi və ya sonuncuların tapşırığı ilə onların hər hansı şəxs qarşısında olan öhdəliklərinin icrasına yönəltməsi və ya həmin kredit vəsaiti əsasında Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-ni öhdəliyin icrasından azad etməsi barədə hər hansı sübut təqdim etməmişdir.

39. Təqdim edilən Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanan məktubunda qeyd edilmişdir: “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DGKYİB/09/21U nömrəli müqaviləyə əsasən (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının interyer işlərinin həyata keçirilməsi ilə əlaqədar mal iş və xidmətlərin satın alınması) “URBEK-AZ" MMC qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəlikləri sifarişçinin istək və tələblərinə uyğun olaraq peşəkar işçi heyəti ilə, yüksək keyfiyyətlə və vaxtında icra edir. Müqavilə üzrə öhdəliklərin icrası zamanı hər hansı mənfi hala rast gəlinməmişdir. X8 Komitəsinin yeni inzibati binasının tikintisi ilə əlaqədar hazırlanmış layihə-smeta sənədlərinin dəyişdirilməsi zərurəti yarandığından bağlanmış müqavilə üzrə ödənişlər müvafiq ekspertiza rəyi hazır olduqdan sonra təqdim edilən “Forma-2”lər əsasında ödəniləcəkdir”.

40. İş materiallarında olan audio yazıdan onun cavabdeh, Cavabdeh3 MMC-nin direktoru XXXX ilə "xxxx" MMC-nin nümayəndəsi kimi təqdim edilən şəxslə aparıldığı görünür. Lakin audio yazıda qarşı tərəfin "xxxx" MMC-nin nümayəndəsi olduğu təsdiq edilməmişdir.

41. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz (N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərar).

42. Belə olan halda, həmin sübutun üçüncü şəxslə bağlı hissəsi qanunu pozmaqla əldə edilmiş sübut olduğundan həmin hissədə sübutların siyahısından kənarlaşdırılır. X9 bağlı olan hissədə sonuncu tərəfindən Dövlət Gömrük Komitəsinin ödənişləri vaxtında icra edə bilmədiyi, Cavabdeh3 MMC-nin kredit əldə edərək işləri icra etdiyi bildirilir, Dövlət Gömrək Komitəsi borcunu ödəmədiyi halda, Cavabdeh3 MMC-nin nə üçün kredit götürməli olduğuna etiraz edilir.

43. İş materiallarında olan İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmanın hazırkı işə aidiyyəti də öz təsdiqini tapmır. Belə ki, bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə çərçivəsində bağlanmış kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə deyil, xx.xx.2022-ci il tarixli 02 saylı əlavə üzrə bağlanmışdır.

44. Lakin iddiaçının Cavabdeh3 MMC və "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda xx.xx.2023-cü il tarixdə eyni məzmunlu razılaşmanın xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə də bağlandığı qeyd edilmiş, həmin razılaşmaya əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdən Cavabdeh3 MMC-yə olan bütün ödənişlərini yalnız sonuncunun iddiaçıda olan hesabına icra edəcəyi göstərilmişdir.

45. Məhkəmə hər üç sübuta (xx.xx.2022-ci il tarixli məktub, audioyazı, xx.xx.2023-cü il tarixli digər razılaşma) münasibətdə göstərir ki, qeyd edilən sübutlar Cavabdeh3 MMCnin bildirdiklərinin ziddinə, yuxarıda göstərildiyi kimi, Dövlət Gömrük Komitəsi və "xxxx" MMC tərəfindən ödənişlərin edilməməsi ilə bağlı Cavabdeh3 MMC-nin işlərin davam etdirilməsi naminə kredit götürdüyü, həmin vəsaitlər hesabına öhdəliklərinin icrasına davam etdiyini göstərir.

46. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı işin halları ilə yalan əqdin elementləri görüntüdə bağlanan əqd və ya pərdələyən əqd, gizli bağlanan əqd və ya pərdələnən əqd, yanlış təsəvvür yaratmaq niyyətinin mövcudluğu öz təsdiqini tapmadığından mübahisələndirilən kredit müqaviləsi və ya zaminlik müqavilələrinin etibarsızlığından söhbət gedə bilməz.

47. Bununla yanaşı, məhkəmə göstərməyi zəruri hesab edir ki, müvafiq hallar sübut olunduğu təqdirdə Cavabdeh3 MMC Dövlət Gömrük Komitəsi və "xxxx" MMC tərəfindən öhdəliyin icrasının gecikdirilməsi nəticəsinə sonunculardan dəymiş zərərin ödənilməsini tələb hüququnu özündə saxlayır.

48. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır.

49. Belə ki, Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

50. Həmin Məcəllənin 743.1 və 743.2-ci maddələrinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

51. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

52. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

53. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu ilə Cavabdeh3 MMC-yə müraciət edərək, bütün borc məbləğinin tam olaraq ödənilməsini tələb etmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə sonuncuya X1 Sistemi vasitəsilə çatdırılmışdır.

54. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

55. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

56. Mülki Məcəllənin 742.5.2-ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).

57. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

58. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, təqdim edilən hesabdan çıxarış məlumatlarından xx.xx.2024-cü il tarixdən sonra hər hansı ödənişin olmadığı görünür. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və həmin məktubun çatdırıldığı xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Bu səbəbdən iddiaçı xx.xx.2024-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir.

59. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir.

60. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, cavabdehlər ekspert rəyinin mötəbərliyini əsaslı olaraq şübhə altına ala bilməmişdir. Belə ki, ekspert rəyinə əsasən xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə kredit üzrə ödəniş olmuşdur. Cavabdehlər isə həmin rəydə göstəriləndən artıq ödənişin edildiyi və ya edilmiş ödənişlərin müqavilə şərtlərinə uyğun silinmədiyinə dair hər hansı dəlil irəli sürməmişlər.

61. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1632/2025 nömrəli qərardadı əsasında aparılmış 29 iyul 2025-ci il tarixli 9/2106 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli 15551/103 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 807 583,81 manat, faiz borcu 43340,33 manat təşkil edir.

62. Bu səbəbdən xx.xx.2024-cü il tarixli 15551/103 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə borc məbləği 807 583,81 manat əsas borc, 43340,33 manat faiz borcu təşkil edir.

63. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

64. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

65. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

66. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

67. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə üzrə 807 583,81 manat əsas borc, 43 340,33 manat faiz borcu cavabdehlər Cavabdeh3 MMC, XXXX və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

68. İddiaçı eləcə də 1140,92 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

69. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 1123,65 manat, ********** nömrəli qəbzə əsasən 17,27 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

70. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 29 iyul 2025-ci il tarixli 9/2106 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 200 manat təşkil edir.

71. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

72. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

73. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

74. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1140,92 manat məbləğində pul cavabdehlər Cavabdeh3 MMC, XXXX və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 200 manat məbləğində pul cavabdehlər Cavabdeh3 MMC, XXXX və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

75. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə üzrə 807 583,81 manat əsas borc, 43 340,33 manat faiz borcu olmaqla ümumilikdə 850 924,14 manat məbləğində pul cavabdehlər Cavabdeh3, XXXX və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1140,92 manat məbləğində pul cavabdehlər Cavabdeh3, XXXX və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 200 manat məbləğində pul cavabdehlər Cavabdeh3, XXXX və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar