Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1634/2023 16.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" qapalı səhmdar cəmiyyətinə qarşı “kreditor borcunun ləğv ediləsi” tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən 1989-2014-cü illər ərzində əsassız hesablanmış 44 363,03 (qırx dörd min üç yüz altmış üç manat, üç qəpik) manat məbləğində kreditor borcunun ləğv edilməsi və ödənilmiş medasiya xərci və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidməti 8 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC-nin elektron kabinetinə daxil olan bildirişə görə 1989-2014-cü maliyyə dövrü ərzində iddiaçının cavabdeh "xxxx" QSC-yə 44 363,03 (qırx dörd min üç yüz altmış üç manat, 03 qəpik) manat kreditor borcu olduğu bildirilmişdir. Həmin borcla bağlı olaraq vergi orqanı tərəfindən iddiaçının hesabına sərəncam qoyulmuş və ümumilikdə 17.745,22 (on yeddi min yeddi yüz qırx beş manat, iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti məcburi qaydada tutulmuşdur. Vergi orqanı tərəfindən hesaba sərəncam qoyulması və məcburi tutulma aparılması tam əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bildirişdə qeyd edilən 1989-2014-cü illər dövründə heç bir müqavilə münasibəti olmamışdır. Ona görə də hər hansı bir icra edilməmiş öhdəliyin olması və yaxud borc öhdəliyinin olması mümkünsüzdur. Lakin səbəbi bilinməyən halda cavabdeh tərəfindən belə bir borc məbləğinin olması aidiyyatı struktura bildirilmiş, həmin məbləği təsdiq edən heç bir sənəd təqdim edilmədən uzun illərdir fəaliyyət göstərən bir müəssisənin əsassız məhdudiyyətlərlə üzləşməsinə səbəb olmuşdur. Bu barədə cavabdeh "xxxx" QSC-yə müraciət edilərək qeyd edilən borc məbləğinin yaranmasına səbəb olan sənədlərin (müqavilə, üzləşmə aktı, məhkəmə qərarı və s) təqdim edilməsi tələb edilmişdir. Əgər elə bir sənəd yoxdursa o halda əsassız olaraq “yaradılmış” borcun silinməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən verilən cavab məktubunda qeyd edilmişdir ki, AR Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əsasən, "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan ümidsiz debitor borcları silinmişdir, müraciətdə qeyd edilən borc məbləği ADY-nin uçot məlumatlarından çıxarılmışdır. Cavabdeh tərəfindən verilmiş bu natamam cavab məktubu borcun olub-olmadığını heç cür təsdiq etmir. Birincisi cavabdehin qeyd etdiyi maliyyə illərini özünə tətbiq edilmiş bir tarix olması faktı var. Belə ki, iddiaçı "xxxx" MMC xx.xx.2002-ci il tarixində təsis edilmişdir. Qeyd edilən dövrün başlanğıcı olan tarixdən 13 il sonra təsis edilmiş bir müəssisə necə ola bilər ki, həmin tarix üzrə məsuliyyət daşıya bilər? İkinci bir məsələ odur ki, iddiaçı şirkət təsis edildiyi gündən bu günədək cavabdehlə hər hansı bir əqd münasibətində olmamışdır. Tərəflər arasında heç bir hüquqi münasibət olmadığı təqdirdə necə ola bilər ki, belə bir borc məbləği yaransın? Üçüncü öz internet saytında qürurla “1880-ci ildən xidmətinizdəyik” qeyd edən bir müəssisə necə ola bilər ki, 8 il əvvəlki “sənədləri” tapa bilməsin? Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehlə hər hansı bir müqavilə olmadığına görə əsassız olaraq qeyd edilmiş borc məbləği silinməlidir. Bu barədə cavabdehlə və vergi orqanları ilə çoxsaylı yazışma və görüşlər olmuşdur. Lakin məsələnin həll edilməsi üçün heç bir müsbət cavab əldə edə bilinmədiyinə görə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda qeyd etmişdir ki, müəssisə 2002-ci il tarixində təsis edilmişdir. Borc varsa həmin borcun yaranma əsası olmalıdır. Bununla belə hazırki borcun yaranma əsasını təşkil edəcək sübutlar yoxdur. Uçot hesabından silinmişdir. Hər bir halda borc silinsə belə borcun yaranma əsası olan sənədlər qalmalıdır. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə izahatında iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, "xxxx" qapalı səhmdar cəmiyyəti tərəfindən ümidsiz borcların siyahısı tərtib edilmiş, bununla bağlı Nazirlər Kabinetinə müraciət edilmişdir. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə İddiaçı MMC-yə olan borc silinmişdir. İddiaçı tərəf isə iddia tələbində borcun ləğv edilməsini qeyd etmişdir. İddiaçı tərəfindən tələb edilən sənədlər onlarda yoxdur.Artıq silinmiş olan borcun ləğv edilməsi mümkün deyildir. Cavabdeh tərəf iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: "xxxx" qapalı səhmdar cəmiyyəti Azərbaycan Respublikasının Baş Nazirinə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kolllegiyasının 2023-cü ilin 16 iyul tarixli Q-17 nömrəli qərarı ilə təsdiq edilmiş “aktivlərin və öhdəliklərin inventirazasiyası Qayadalarına” uyğun olaraq 1989-2014-cü illər üzrə debitor borcların inventerizasiyası aparılmış, ümidsiz debitor borcların siyahısı müəyyənləşdirilmiş, debitor borclarının silinməsi ilə bağlı Azərbaycan Nazirlər Kabinetinin sərəncamının layihəsi hazırlanmış və təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021 tarixli 649 nömrəli sərəncamında qeyd edilmişdir ki, "xxxx" qapalı səhmdar cəmiyyətinin bu sərəncamın əlavəsində müəyyən edilən 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57.630.486,38 manat məbləğində ümidsiz debitor borcları silinsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və "xxxx" qapalı səhmdar cəmiyyəti sərəncamdan irəli gələn məsələri həll etsin. "xxxx" qapalı səhmdar cəmiyyəti tərəfindən İddiaçı MMC-yə göndərilmiş xx.xx.2022 tarixli cavab məktubda qeyd edilmişdir ki, "xxxx" qapalı səhmdar cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ilin 11 noyabr tarixli 649s nömrəli nömrəli sərəncamı ilə ADY-nin 1989-2014-cü illər üzrə 2021-ci ilin yanvarın 1-nə olan ümidsiz borcları silinmişdir. Qeyd edilən sərəncama əsasən müraciətdə göstərilən borc məbləği ADY-nin uçot məlumatlarından silinmişdir. "xxxx" qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş ümidsiz borclar siyahısından məlum olur ki, İddiaçı MMC-yə 44.363,03 manat məbləğində borc mövcuddur. İddiaçı MMC-yə verilmiş cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.11 2021 -ci il tarixli 649s nömrəli Sərəncamına əsasən "xxxx" qapalı səhmdar cəmiyyətinin (VÖEN: **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57.630 486,38 manat dəyərində ümidsiz debitor borcları silinmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2 16.5-cı maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı MMC-nin "xxxx" QSC-yə olan 44.363,03 (qırx dörd min üç yüz altmış üç manat, 03 qəpik) manat kreditor borcunun silinməsi ilə bağlı vergi hesablanmış, nəticədə 17.745,22 (on yeddi min yeddi yüz qırx beş manat, 22 qəpik) manat İddiaçı MMC-dən tutulmuşdur. Hazırda iddiaçı 44.363,03 manat kreditor borcunun ləğv edilməsini tələb etmişdir. İşin mübahisəli halı ondan ibarət olmuşdur ki, iddiaçı tərəflər arasında ümumiyyətlə hər-hansı müqavilə münasibətlərinin olmadığını və bu baxımdan ona hesablanmış 44.363,03 manat kreditor borcunun da ləğv edilməli olduğunu, cavabdeh tərəf isə NK-nin müvafiq sərəncamı əsasında həmin borc məbləğinin artıq silindiyini qeyd etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçı iddia tələbində borcun ləğv edilməsini tələb etmişdir. Məlumdur ki, borcun ləğv edilməsi üçün müxtəlif əsaslar olmalıdır. Bununla belə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin "xxxx" QSC-yə olan borcunun ləğv edilməsindən daha əvvəl həmin borcun olub-olmamasının özü araşdırılmalıdır. İş materialları ilə sübuta yetirilir ki, cavabeh tərəf bir sıra borcların silinməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etmiş və Nazirlər Kabinetinin 11 noyabr 2021 tarixli 649 nömrəli sərəncamı ilə iddia tələbində silinməsi istənilən borc məbləği daxil olmaqla bir sıra borclar ümidsiz borc olaraq silinmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borc halhazırda olmadığından onun silinməsi tələbi rədd edilməlidir. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı tərəfindən 80 manat dövlət rüsumu və 20 manat mediasiya xərci ödənilmişdir. İddia tələbi rədd edildiyindən qeyd edilən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1634/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1634/2023
16.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver