Məhkəmə qərarları › İş №e-2-2(113)-1636/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1636/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1636/2023 15.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın lobbisində, ümumi sahəsi 5.46 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, 21/370 №li müqavilə üzrə əsas borc üzrə ƏDV daxil 1,471.63 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 70 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 1,541.63 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən binanın lobbisində, ümumi sahəsi 5.46 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 29 sentyabr 2021-ci il tarixli, 21/370 №-li müqavilə bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq Başlama tarixi kimi adlandırılmış 17 fevral 2022-ci il tarixindən etibarən İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində üçün ƏDV xaric 483.21 manat aylıq İcarə Haqqı, ƏDV xaric 10.92 manat aylıq Təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 5.46 manat mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 499.59 manat aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (22 noyabr 2022-ci il tarixində FMG-01/22/358 №-li pretenziya bildirişi təqdim edilib) Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. İcarə Müqaviləsinin 8.6-cı bəndinə əsasən qarşılıqlı razılıq əsasında Tərəflər istənilən vaxt Müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə İcarə Müqaviləsinə 07 iyun 2022-ci il tarixində (xitam verilmişdir. Tərəflər arasında imzalanmış 06 iyun 2022-ci il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən Cavabdeh İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq İcarəyə Verilən Əmlak(lar)ın İddiaçıya təhvil verildiyi Xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqının və İcarə Müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən 16 may 2022-ci il tarixindən Xitam tarixinə kimi olan dövr ərzində elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc istisna olmaqla Cavabdehin Xitam tarixinədək İcarə Müqaviləsi üzrə İddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 1,453.70 manat təşkil etməsi təsbit olunmuşdur. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq İcarə Müqaviləsinə xitam verilməsi Cavabdehi İcarə Müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin Cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Mübahisənin məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 22 noyabr 2022-ci il tarixində Cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında İddiaçı tərəfindən FMG-01/22/358 №-li pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, Cavabdehin İddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin Cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və Xitam tarixindən 8 (səkkiz) aydan artıq bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. İddiaçının İcarə Müqaviləsinin 7.2-ci bəndində təsbit edilmiş dəbbə pulu tətbiq etmək hüququ olsa da, Cavabdehə güzəşt olaraq İddiaçı sözügedən hüququndan istifadə etmir və yalnız Cavabdehə qarşı əsas borc məbləğinin təmin edilməsi tələbi ilə çıxış edir. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Materiallara əlavə edilmiş iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli 21/370 nömrəli müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən binada binanın lobbisində yerləşən sahəsi 5,46 kv.m təşkil edən qeyriyaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakları qəbul edib icarə haqqını və digər ödənişləri bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bənddinə əsasən bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakların hər kv.m üçün ƏDV xaric 88,50 manat olmaqla, ümumilikdə ƏDV xaric 483,21 manat məbləğində aylıq icarə haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarəyə verən tərəfindən bu müqavilənin 2 və 3 saylı Əlavələrində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m üçün ƏDV xaric 2 manat olmaqla, ümumilikdə ƏDV xaric 10,92 manat məbləğində aylıq haqq ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.1.3-cü bəndinə əsasən icarəyə verən tərəfindən bu müqavilənin 4 saylı Əlavəsində nəzərdə tutulmuş mühafizə xidmətlərinin göstərilməsinə görə bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-i üçün ƏDV xaric 1 manat olmaqla, ümumilikdə ƏDV xaric 5,46 manat məbləğində aylıq icarə haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin həyata keçirilməsində gecikməyə yol verərsə, icarəyə verən hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1 %-i məbləğində icarəçiyə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Müqaviləyə 01 saylı binadan və icarəyə verilən əmlaklardan istifadəyə dair əlavə öhdəliklərə dair Əlavəyə əsasən icarəçi bununla Əlavədə göstərilən öhdəliklərə əməl etməyə razılaşır və Əlavədə qeyd olunanları təmin etməyi öz öhdəsinə götürür. Müqaviləyə 02 saylı icarəyə verilən əmlakın yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən təmizlik xidmətlərinə dair Əlavəyə əsasən ümumi təmizlik xidmətinə daxil olan xidmətlər əksini tapmışdır. Müqaviləyə 03 saylı icarəyə verilən əmlakın yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən texniki xidmətlərə dair Əlavəyə əsasən texniki xidmətlər əksini tapmışdır. Müqaviləyə 04 saylı icarəyə verilən əmlakın yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən mühafizə xidmətlərə dair Əlavəyə əsasən binada göstərilən mühafizə xidmətləri əksini tapmışdır. Müqaviləyə 05 saylı icarəyə verilən əmlakın yerləşmə planı (qırmızı rənglə rənglənmiş hissə) əksini tapmışdır. Qeyri-yaşayış sahəsini icarəyə verilməsi haqqında 29 sentyabr 2021-ci il tarixli 31/370 nömrəli müqaviləyə müvafiq dəyişikliklərin edilməsi barədə 17 yanvar 2022-ci il tarixli Əlavə Razılaşmaya əsasən tərəflər icarə müqavilənin 2.1-ci bəndinin birinci cümləsi və 2.2-ci bəndi 17 yanvar 2022-ci il tarixindən etibarən dəyişdirilərək təyinatına uyğun istifadə üçün yararlı vəziyyətə gətirilməsi və müvafiq əşya/avadanlıqlarla təchiz olunması məqsədi ilə icarəyə verilən əmlak tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan icarəyə verilən əmlakın vəziyyətini, o cümlədən, həmin əmlaklara aid əşya və avadanlıqların siyahısını və digər müvafiq məlumatları özündə müfəssəl əks etdirən və bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən təhvil-təslim aktı əsasında 17 yanvar 2022-ci il tarixindən etibarən icarəçiyə təhvil verilir. Razılaşmanın 2.2-ci bəndinə əsasən bu müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş haqlar 17 fevral 2022-ci il tarixindən etibarən hesablanmağa başlanır və icarə müddəti bu müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə təhvil verilmə tarixindən etibarən 1 il müddətinə müəyyən edilir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, ümumilikdə 842,17 manat, 17 mart 2022-ci il tarixli hesab-faktura ilə 39,72 manat, 01 aprel 2022-ci il tarixli hesab-faktura ilə 589,52 manat, 18 aprel 2022-ci il tarixli hesab faktura ilə 25,97 manat, 01 may 2022-ci il tarixli hesab-faktura ilə 589,52 manat, 18 may 2022-ci il tarixli hesab faktura ilə 70,42 manat, 01 iyun 2022-ci il tarixli hesab-faktura ilə 137,55 manat, 21 iyun 2022-ci il tarixli hesab-faktura ilə 9,90 manat, 15 iyul 2022-ci il tarixli hesab-faktura ilə 8,03 manat məbləğində pul iddiaçıya ödənilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “qeyri–yaşayış sahəsinin verilməsi haqqında” 29 sentyabrr 2021-ci il tarixli 21/370 nömrəli müqavilə üzrə qalıq borc haqqında 10 fevral 2023-cü il tarixli cədvəldən görünür ki, 2022-ci il üzrə cavabdehin cəmi qalıq borcu 1471,63 manat təşkil edir. “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 29 sentyabr 2021-ci il tarixli 21/370 nömrəli müqaviləyə xitam verilməsi barədə 06 iyun 2022-ci il tarixli razılaşmaya əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 07 iyun 2022-ci il tarixində xitam veriləcəkdir. Razılaşmanın 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, 16 may 2022-ci il tarixindən xitam tarixinə kimi olan dövr ərzində elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc istisna olmaqla, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 1453,70 manat təşkil edir. Elektrik enerjisi üçün kommunal xidmət haqqı üzrə hesab icarəçi tərəfindən ayrıca olaraq ödəniləcəkdir. 17 yanvar 2022-ci il tarixli 7/20C icarə obyektinin təhvil-təslim aktına əsasən Bakı şəhəri, S.Vurğun 110 ünvanında binanın - 7.20 səviyyəsində (lobby-də) yerləşən ümumi sahəsi 5,46 m2 qeyri-yaşayış sahələri təhvil-təslim edilmişdir. İddiaçı ilə "xxxx" MMC (mülkiyyətçi) arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli REL-27/12/17/850 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqaviləyə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyektləri idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyektlərin səlahiyyətli idarəedicisi və idarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 7 dekabr 2017-ci il tarixli REL- 27/12/17/850 nömrəli müqaviləyə 31 yanvar 2019-cu i tarixli 1.11 nömrəli əlavəyə əsasən icaə edən obyektlər və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərlə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyektləri birgə istifadə etmək hüququna malikdir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1,2,3,4-cü mərtəbələri "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən cavabdehə EBBS 832048 nömrəli xx.xx.2022-ci il tarixli (842,17 manat), EBBT 113868 nömrəli xx.xx.2022-ci il tarixli (39,72 manat), EBBT 791196 nömrəli xx.xx.2022-ci il tarixli (589,52 manat), EBBU 793142 nömrəli xx.xx.2022-ci il tarixli (26,97 manat), EBBV 903334 nömrəli xx.xx.2022-ci il tarixli (589,52 manat), EBBW 633912 nömrəli xx.xx.2022-ci il tarixli (70,42 manat), EBBX 556701 nömrəli xx.xx.2022-ci il tarixli (589,52 manat), EBBY 741489 nömrəli xx.xx.2022-ci il tarixli (9,90 manat), EBCA 120229 nömrəli xx.xx.2022-ci il tarixli (8,03 manat) məbləğində elektron qaimələr göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli 21/370 nömrəli icarə müqaviləsi və ona edilmiş əlavələrdən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1471,63 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1471,63 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1471,63 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 70 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1471,63 (bir min dörd yüz yetmiş bir manat altmış üç qəpik) manat məbləğində pul və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar