Məhkəmə qərarları › İş №e-2-2(113)-1638/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1638/2024

24.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1638/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə (LPO Maraqlı şəxs ASC üçüncü şəxs olmaqla) qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: hərracın nəticələrinin etibarsız sayılması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (LPO Maraqlı şəxs ASC üçüncü şəxs olmaqla) qarşı xx.xx.2023-cü il tarixli hərracın nəticələrinin etibarsız sayılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 63 kvm olan 10 nömrəli mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ xx.xx.2015-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.

2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-487/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən müəyyən edilir ki, iddiaçı ləğv prosesində olan Maraqlı şəxs ASCnin cavabdehlər "xxxx" MMC-yə və İddiaçı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 189.580,71 manat məbləğində əsas, 28.354,6 manat məbləğində faiz borcu, 8.000 manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1448,15 manat məbləğində faiz borcu, cəmi 227.383,46 manat məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti və digər məhkəmə xərclərinin əvəzi olaraq 59 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan Maraqlı şəxs ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 397.100 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan Maraqlı şəxs ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh İddiaçı qaytarılması, satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdeh "xxxx" MMC-dən tutulması, eyni zamanda qiymətləndiricinin rəylərinin alınmasına görə cavabdehlər "xxxx" MMC-nin və İddiaçı müştərək qaydada 300 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə, 400 manat məbləğində pul vəsaiti tutularaq “X2 Mərkəzi” MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci ildə qanuni qüvvəsini almış və həmin tarixdə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir.

3. Bakı şəhəri Səbail rayon İcra şöbəsi "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-487/2021 saylı xx.xx.2021ci il tarixli icra sənədinin xx.xx.2022-ci il tarixdə icraata daxil olduğu və müvafiq qaydada icraya yönəldildiyini, icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin ilkin satış qiymətinin 397.100 manat məbləğində müəyyən edildiyini bildirmiş və “İcra haqqında” AR Qanunun 53.2-ci maddəsinə uyğun olaraq, ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin açıq hərrac yolu ilə satılmasının təşkil edilməsini xahiş etmişdir.

4. “Market” reklam və elanlar qəzetinin xx.xx.2022-xx.xx.2022-ci il üçün 16 saylı (41) buraxılışından görünür ki, Lot 177/22. ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin ilkin satış qiyməti 397.100 manat olmaqla açıq hərracın xx.xx.2022-ci il tarixində saat 11:00-da keçiriləcəyi barədə elan verilmişdir.

5. Sifarişli poçt qəbzlərindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı SS781456450A7 və SS787758878AZ kodlu sifarişli məktublar göndərilmişdir.

6. “Market” reklam və elanlar qəzetinin xx.xx.2022-xx.xx.2022-ci il üçün 20 saylı (45) buraxılışından görünür ki, Lot 177/22. ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin təkrar hərracdakı satıq qiyməti 337.535 manat olmaqla xx.xx.2022-ci il tarixdə keçirilən ilkin hərrac baş tutmadığından təkrar hərracın xx.xx.2022-ci il tarixində saat 11:00-da keçiriləcəyi barədə elan verilmişdir.

7. "xxxx" MMC-nin 177/22 nömrəli xx.xx.2022-ci il tarixli hərrac bildirişindən görünür ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil 337535 manata təkrar hərraca çıxarılmış və hərracın tarixi 13 iyun 2022-ci il saat 11:00-dadır.

8. xx.xx.2022-ci il tarixli teleqramlardan (geri bildirişdən) görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində ünvanlanan göndəriş müvafiq olaraq xx.xx.2022-ci il tarixində "xxxx" MMC-yə və İddiaçı çatdırılmışdır.

9. Bakı şəhəri Səbail rayon İcra şöbəsi "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-487/2021 saylı xx.xx.2021ci il tarixli icra sənədinin (qətnamə) xx.xx.2022-ci il tarixdə icraata daxil olduğu və müvafiq qərarla icraata başlandığını, icra sənədi üzrə borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin açıq hərrac yolu ilə satılmasının təşkil ediməsi üçün onlara xx.xx.2022-ci il tarixli məktubla müraciət olunduğunu, icra sənədi üzrə borclu İddiaçı tərəfindən şikayət verildiyini, xx.xx.2022-ci il tarixli qərarla icra sənədi üzrə icraatın dayandırıldığını bildirərək, bu səbəbdən hərracın dayandırılmasını xahiş etmişdir.

10. "xxxx" MMC-nin hərracın dayandırılması barədə 177/22 nömrəli xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil barəsində keçiriləcək hərrac xx.xx.2022-ci il tarixindən dayandırılmışdır.

11. Bakı şəhəri Səbail rayon İcra şöbəsi "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-487/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi (qətnamə) üzrə borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin açıq hərrac yolu ilə satılmasının təşkil ediməsi üçün onlara xx.xx.2022-ci il tarixli məktubla müraciət olunduğunu, daha sonra yaranmış zərurətlə bağlı hərracın dayandırılması üçün onlara xx.xx.2022-ci il tarixli məktubla müraciət olunduğunu, hal-hazırda zərurət aradan qalxdığından borclu İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin satışına dair hərracın davam etdirilməsini xahiş etmişdir.

12. “Market” reklam və elanlar qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il üçün 105 saylı (10921) buraxılışından görünür ki, Lot 177/22 üzrə ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin hərracının “İpoteka haqqında” AR Qanunun 43.7 və 43.7-1-ci maddələrinə əsasən davam etdirilməsi barədə elan verilmişdir.

13. "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli 177/22 nömrəli protokola əsasən ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzilin satılması ilə bağlı keçirilmiş iki hərrac baş tutmadığına görə ipoteka saxlayan LPO Maraqlı şəxs ASC həmin əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə əsasən 253.151,25 manata almışdır.

14. "xxxx" MMC ilə ipoteka saxlayan LPO Maraqlı şəxs ASC arasında xx.xx.2023-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzil 253.151,25 manata ipoteka saxlayan LPO Maraqlı şəxs ASC-yə satılmışdır.

15. İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya (xəbərdarlıq) məktubu ünvanlanaraq xx.xx.2023-cü il tarixli hərracın nəticələrinin ləğv edilməsi xahiş edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

16. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2023-cü il tarixli keçirilmiş hərracın və nəticələrinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-487/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Səbail İcra şöbəsi tərəfindən mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünvanla bağlı icra hərəkətləri nəticəsində mülkiyyətçiyə heç bir məlumat verilmədən gizli hərrac keçirilmiş və "xxxx"-nin 177/22 saylı, 16 noyabr 2023-cü il tarixli hərrac protokoluna əsasən həmin əmlakın ilkin satış qiyməti 397.100 manata qiymətləndirilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən 177/22 saylı protokolu ilə hərrac keçirilmişdir. Hərrac keçirilmiş və onun xüsusi mülkiyyətində olan ünvan 1, mənzil 10 – 253.151,25 manata ləğv prosesində olan Maraqlı şəxs ASC-yə satılmışdır. Belə ki, o həm əmlakın qiymətləndirilməsindən gec xəbərdar olmuş, həm də hərracın iki dəfə keçirilməsinə baxmayaraq ona bir mülkiyyətci olaraq heç bir bildiriş məlumat verilməmişdir. Hərracın qanun pozuntusu ilə keçirildiyini bildirir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiymətinə dair məlumatlar yer alır. Belə olan halda hazırkı iddiaçının (mülkiyyətçinin) məlumatı olmadan hərracın təşkili, keçirilməsi və mənzilin satılması birbaşa sonuncunun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının İpoteka Haqqında Qanununun 41.1-ci və 42.3-cü maddələri mülkiyyət hüququnun toxunulmaz olması prinsipinə əsaslanaraq son zəruruətdə belə mülkiyyətin əldən çıxmamasına şərait yaradıb. Lakin hərracın keçirilməsindən bixəbər olan cavabdeh mülkiyyətçi hərracda alıcı qismində iştirak etmək hüququna malik olsa belə, həmin hüquqların həyata keçirilməsinə qanuna müvafıq şərait yaratmaq əvəzinə, həmin hüququndan istifadə edilməsindən məhrum edilmişdir. Qeyd olunanlardan əlavə mənzilin reallığa uyğun olmayan çox aşağı qiymətlə qiymətləndirilməsi, qiymətləndirmə rəyinin mülkiyyətçiyə göndərilməməsi onun hüquqlarının davamlı şəkildə pozulmasının ani sübutudur

18. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 415, 416.1 və 416.2-cı maddələrinə və İpoteka haqqında Qanunun 41 və 42-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsi "Sporroq və Londonun İsveçrəyə qarşı" məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

20. İddiaya qarşı etiraz təqdim olunmamışdır

b) İşdə iştirak edən şəxslər və onların izahatları

21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə igöstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hərracın keçirilməsi ilə bağlı cavabdeh tərəfindən bildiriş, məlumat verilməyib, icra şöbəsindən məlumatları olub. Yalnız hərrac yekunlaşandan sonra protokolu əldə edə bilmişlər. Sənədləri əldə etmək üçün hərrac təşkilatına pretenziya qaydasında iki dəfə müraciət etmişlər, lakin müraciətlərinin nəticəsi olmamışdır.

22. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO Maraqlı şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, işə baxılan zaman iddiaçı qiymətləndirmə ilə razı olmadığı üçün şikayət vermiş, daha sonra hərrac keçirilən dövrdə də qiymətləndirmədən şikayət olunmuş, yəni bütün bu proseslər barədə iddiaçının məlumatı olmuşdur, hesab edirlər ki, hərrac qanunun tələblərinə uyğun keçirilmişdir. Cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO Maraqlı şəxs ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, lakin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxs isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir

23. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

24. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

25. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Mülki Məcəllənin: -415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

27. “İpoteka haqqında” Qanunun: - 41-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; - 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir; - 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın; - 43.4 və 43.5-ci maddələrinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır; - 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər; - 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

28. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-487/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Maraqlı şəxs ASC-nin cavabdehlər "xxxx" MMC-yə və İddiaçı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 189.580,71 manat məbləğində əsas, 28.354,6 manat məbləğində faiz borcu, 8.000 manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1448,15 manat məbləğində faiz borcu, cəmi 227.383,46 manat məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti və digər məhkəmə xərclərinin əvəzi olaraq 59 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan Maraqlı şəxs ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 397.100 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci ildə qanuni qüvvəsini almış və həmin tarixdə icra edilməsi üçün Bakı şəhəri Səbail rayon cra şöbəsinə göndərilmişdir. Qətnamənin icrasının təmin edilməsi məqsədilə Səbail rayon İcra şöbəsinin sifarişi ilə "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin ilkin satış qiymətinin 397.100 manat məbləğində müəyyən edildiyini bildirmiş və “İcra haqqında” AR Qanunun 53.2-ci maddəsinə uyğun olaraq, ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin satılması üçün hərrac və təkrar keçirilmiş, təkrar hərrac baş tutmadığından ipoteka predmetinin əldə edilməsi “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən ipotekaqoyana təklif edilmiş və ipotekaqoyan qanunla müəyyən edilmiş müddətdə həmin ipoteka predmetini əldə etmişdir.

30. Beləliklə, "xxxx" MMC hərraclar barədə kütləvi informasiya vasitələrində elan verməklə, eyni zamanda Hazırda İddiaçı keçirilmiş hərracın nəticələrini mübahisəndirir və iddiasına əsas kimi iki faktiki hala - ipoteka predmeti olan əmlakın düzgün qiymətləndirilməməsinə və hərracın onun xəbəri olmadan keçirilməsinə istinad etmişdir.

31. Birinci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Odur ki, iddiaçı MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından həmin qiyməti mübahisələndirməkdə haqlı deyil.

32. İkinci hala, yəni iddiaçıya keçiriləcək hərrac barədə məlumat verilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə hərracın və xx.xx.2023-cü il tarixdə təkrar hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən İddiaçı hərracların vaxtı və yeri barədə məlumat verilməsi məqsədilə sifarişli məktublarla bildirişlər göndərilmişdir.

33. Bununla bağlı məhkəmə qeyd edir ki, təkrar hərracla bağlı bildiriş 6 iyun 2023-cü il tarixdə iddiaçıya çatdırılmışdır. İlkin hərracın keçirilməsi ilə bağlı bildirişin iddiaçıya çatdırılmasını təsdiq edən sənədin təqdim edilməməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR qanunun tələblərinə əsasən hərrac təşkilatlarının üzərinə ipoteka saxlayana və ipoteka qoyana bildirişlər göndərmək vəzifəsi qoyulmuşdur ki, ilkin hərracla bağlı iddiaçıya bildiriş göndərilməsini təsdiq edən poçt zərfinin surəti iş materiallarına əlavə edilmişdir.

34. Odur ki, "xxxx" MMC hərraclar barədə kütləvi informasiya vasitələrində elanlar dərc etdirməklə, eləcə də ipoteka qoyana bildirişlər göndərməklə hərrac barəsində məlumatlandırma ilə bağlı qanunda nəzərdə tutulmuş vəzifələrini icra etmişdir. Belə olan halda birinci hərracla bağlı göndərilmiş bildirişin iddiaçıya çatdırılmaması ehtimal edilsə də, həmin hal hərrac təşkilatı tərəfindən qanun pozuntusuna yol verilməsi barədə nəticəyə gəlməyə əsas vermir.

35. Digər tərəfdən o da qeyd edilməlidir ki, ilkin hərrac barədə bildirişin iddiaçıya çatdırılmaması hərrac prosedurunun pozuntusu kimi dəyərdirilsə belə sözügedən hal hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün yetərli əsas deyildir. Belə ki, hərrac keçirilərkən yol verilmiş istənilən formal pozuntunun hərracın nəticələrinin etibarsız hesab edilməsinə səbəb olması mülki dövriyyənin sabitliyi pozmaqla hərracın digər iştirakçılarının, o cümlədən hərrac nəticəsində əmlakın əldə etmiş şəxsin qanuni maraq və hüquqlarının pozulması ilə nəticələnə bilər. Odur ki, yalnız maraqlı şəxsin qanunla qorunan hüquqlarının əhəmiyyətli dərəcədə pozan və hərracın nəticələrinə təsir göstərən pozuntular hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas qismində çıxış edə bilərlər.

36. Hazırkı halda təkrar hərrac barədə bildiriş xx.xx.2024-cü il tarixdə iddiaçıya çatdırıldığından, yəni iddiaçı hərrac barədə məlumatlı olduğundan təkrar hərracda iştirak etmək, iştirak üçün beh ödəmək və ya həmin hərracda iştirak etməkdə maraqlı olması barədə hərrac təşkilatına hər hansı bir formada məlumat vermək imkanına malik olmuşdur. İddiaçının göstərilən hüquqlarının heç birindən istifadə etməməsi, hərracda iştirak etmək niyyətinin olmamasına və belə olan halda ilkin hərrac barədə bildirişin iddiaçıya çatdırılmasının hərracın nəticələrinə təsir etməyəcəyinə dəlalət edir.

37. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli hərracın keçirilməsi zamanı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola verəm pozuntuya yol verilməsi müəyyən edilmədiyindən hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair hazırkı iddia tələbi əsassız olmaqla rədd edilməlidir.

38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdeh "xxxx" MMC-yə (LPO Maraqlı şəxs ASC üçüncü şəxs olmaqla) qarşı xx.xx.2023-cü il tarixli hərracın nəticələrinin etibarsız sayılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar