Məhkəmə qərarları › İş №e-2-2(113)-164/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-164/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-164/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 27 avqust 2021 il tarixli kredit müqaviləsi üzrə banka 7551.23 manat əsas borc, 2276.31 manat faiz borcu , 726.79 manat cərimə və kredit müqaviləsi üzrə 27 avqust 2023 il tarixdən 07 mart 2024 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 198.45 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 10554.33 manat borcun və 121.66 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 27 avqust 2021 il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 24 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 27 avqust 2021 tarixli, Cavabdeh4 və Cavabdeh1 ilə 23 dekabr 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 07 mart 2024-dək Cavabdeh3 banka 27 avqust 2021 il tarixli kredit müqaviləsi üzrə 7551.23 manat əsas borc, 2276.31 manat faiz borcu , 2907.16 manat cərimə və kredit müqaviləsi üzrə 27 avqust 2023 il tarixdən, 07 mart 2024 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 198.45 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12933.15 manat borcu vardır. Cavabdeh3 27 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 2907.16 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-ı miqdarında olmaqla, yəni 726.79 manat məbləğində tələb olunur. 27 avqust 2021 il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həminQərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh3 arasında bağlanış xx.xx.2020-ci il tarixli, 3-MZ2-2-0-322-20 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən 100000 manat məbləğində pul məbləği 20 ay müddətinə, 30 faiz dərəci və kredit limiti üzrə illik cərimə faiz dərəcəsi 72 faiz müəyyən edilmişdir.

8. xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə razılaşmaya əsasən Cavabdeh3 30000 manat məbləğində 24 ay müddətinə 23% olmaqla və 72% illik cərimə olmaqla kredit məbləği ayrılmışdır.

9. İddiaçı ASC ilə X3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-cu il tarixli, 3- MZ2-2-0-322-20 saylı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli z/06801/21 saylı zaminlik müqavilələrinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti xx.xx.2020-ci il tarixli, 3-MZ2-2-0-322-20 saylı kredit müqaviləsinə bankdan götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

12. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2021-ci il tarixdən 24 ay müddətinə yəni xx.xx.2023-cü il tarixinə kimi 23% olmaqla 30.000 kredit verilmiş, həmin kreditdən əsas borc üzrə ödənilən məbləğ 22.448,77 manat, cəmi ödənilən faiz 7068,24 manat, əsas borc üzrə qalıq məbləğ 7551,23 manat və faiz borc üzrə qalıq məbləğ 2276,31 manat və cərimə üzrə qalıq borc məbləğ 2907,16 manat, əldən çıxmış fayda 198,45 manat olmaqla ümumi borc məbləği 12933,15 manat müəyyən edilmişdir.

13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC ilə borc alan Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MZ2-2-0-322-20/3 saylı Kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə və maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği və İddiaçı ASC ilə borc alan Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MZ2-2-0-322-20/3 saylı Kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixdən maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə kimi illik 5 % ilə hesablanan faiz borcu nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/6974 saylı ekspert rəyinə əsasən Cavabdeh3 xx.xx.2023-cü il tarixdə banka olan əsas və faiz borcu 8288 manat məbləğində (əsas borc üzrə-7781,07 manat və fiaz borcu üzrə 507,07 manat), xx.xx.2024-cü il tarixə banka olan əsas və faiz borcu 8493,47 manat məbləğində (əsas borcu 7781,07 manat, faiz borcu 507,07 manat və illik 5% hesablanmaqla borcu 205,33 manat) müəyyən edilmişdir.

15. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

21. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

22. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2021-ci il tarixdə bağlanmış 3-MZ2-2-0-322-20/3 saylı kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və illik 5% borcundan yüksək və faiz borcu məbləğindən aşağı məbləğdə müəyyən edilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixdə bağlanmış 3-MZ2-2-0-322-20/3 saylı kredit müqaviləsi əsas borcu məbləği ekspert rəyində müəyyən edilən məbləğdə deyil tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla iddia tələbinə uyğun və əsas borca hesablanmış faiz borcu ekspert rəyində müəyyən edilmiş məbləğə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir.

27. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış 3-MZ2-2-0-322-20/3 saylı kredit müqaviləsinə əsasən hesablanmış 726,79 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu xx.xx.2021-ci il tarixdə bağlanmış 3-MZ2-2-0-322-20/3 saylı kredit müqaviləsi üzrə 378 manat məbləğində müəyyən edilməlidir.

32. Bundan başqa iddiaçı xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 198,45 manat əldən çıxmış fayda borcu tələb etmişdir.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

34. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan faiz borcu 198,45 manat göstərilsə də, ekspert rəyində əsas həmin faiz borcu 205,33 manat müəyyən olunmuşdur. Məhkəmə əsas və faiz borcu məbləği ilə ekspert rəyi arasında uyğunsuzluq olduğundan və əsas borc ekspert rəyindən daha aşağı məbləğdə götürüldüyündən, buna görə də əsas məbləği iddia tələbinə uyğun təmin etdiyindən digər borc məbləğləri arasında uyunsuzluğun aradan qaldırılması məqsədi ilə hazırkı əldən çıxmış fayda borcunu da iddia tələbinə uyğun götürülməsini qanuni və əsaslı hesab edir.

35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4d və Cavabdeh2 müştərək qaydada 27 avqust 2021 il tarixli kredit müqaviləsi üzrə 7551,23 manat əsas borc, 507,07 manat faiz borcu, 378 manat dəbbə pulu, 27 avqust 2023 il tarixdən - 07 mart 2024 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 198,45 manat faiz borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 121,66 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənişi edilmişdir.

37. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 107 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4d və Cavabdeh2 müştərək qaydada 27 avqust 2021 il tarixli kredit müqaviləsi üzrə 7551,23 manat əsas borc, 507,07 manat faiz borcu, 378 manat dəbbə pulu, 27 avqust 2023 il tarixdən - 07 mart 2024 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 198,45 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 107 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasıların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4d və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar