Məhkəmə qərarları › İş №e-2-2(113)-1644/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1644/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1644/2025 07.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı K 2407 saylı müqaviləyə əsasən borcun tutulması, müqaviləyə xitam verilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 01 fevral 2018-ci il tarixdə K 2407 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (bundan sonra “İcarə Obyekti”) icarəçiyə icarəyə verməyi və icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanda yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, 20 m2 olan "K 2407”nömrəli mağaza - qeyri-yaşayış sahəsidir. - 2.4.1-ci bəndinə əsasən bu müqavilənin maddələrinə uyğun şərtlərlə və qaydada icarəyə verənə icarə haqqını, həmçinin icarə obyektinin yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin və Ticarət Mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri ödənişlərin (temperaturun tənzimlənməsi - isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə xərcləri və sair bu mahiyyətdən olan xərclər) ona düşən hissəsini ödəmək icarəçinin vəzifəsidir. - 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 250 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, vergiləri, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. Saxlama və fəaliyyət xərclərinə icarə obyektinin yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin və Ticarət Mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri olan aşağıdakı məsələlərlə bağlı icarəçiyə düşən xərc hissəsi nəzərdə tutulur, temperaturun tənzimlənməsi - isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə, yanğın təhlükəsizliyi, tullantılara görə ödənişlər, sanitar və gigiyenik tələblərin təmin edilməsi, yaşıllaşdırma, abadlıq, cari təmir, həmçinin dövlət standartlarının və qanunvericiliyin tələblərinin təmin edilməsi ilə əlaqədar xərclər, ümumi maraqlardan isəli gələn sair xərclər - 4.2-ci bəndinə əsasən təqvim ayının tam icarə haqqı bu müqavilə imzalandıqdan sonra hər ayın 10-undan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. - 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. - 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən etibarən 11 ay müddətinə bağlanır. - 9.2-ci bəndinə əsasən müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verdiyini bildirməzsə, müqavilənin qüvvəsi eyni müddətə artırılır. - 9.3-cu bəndinə əsasən hər iki tərəfin digər tərəfi 15 təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var. İcarəçi bu müqavilə və ya qanunvericilik üzrə öz vəzifəsini və ya öhdəliyini icra etməzsə, İcarəyə verən müqaviləyə dərhal xitam vermək hüququna malikdir. Müqavilə hər iki tərəfin imzası və icarəyəverənin möhürü ilə təsdiq edilmişdir.

2. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ödəniləcək məbləğin hər bir ay üçün 175 manat müəyyən edilməsini İddiaçı MMC-dən xahiş etmişdir.

3. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 01 aprel 2022-ci il tarixində 01 fevral 2018-ci il tarixli K 2407 nömrəli icarə müqaviləsinə Əlavə Razılaşma 01 bağlanmışdır. Həmin Razılaşmanın:

4. 1.-ci bəndinə əsasən, 01 fevral 2018-ci il tarixli K2407 saylı icarə müqaviləsinə əsasən, icarəyə verilmiş Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, 20 m2 olan "K 2407” qeyri-yaşayış sahəsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq icarə haqqının 175 manat məbləğində müəyyən olunması barədə razılığa gəliblər.

5. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 16 aprel 2024-cü il tarixində 01 fevral 2018-ci il tarixli K 2407 nömrəli icarə müqaviləsinə Əlavə Razılaşma 02 bağlanmışdır. Həmin Razılaşmanın: 1.-ci bəndinə əsasən, icarəçinin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanda yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən, 20 m2 olan "K 2407” qeyriyaşayış sahəsinə görə 01 fevral 2018-ci il tarixli K2407 saylı icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən müəyyən olunmuş aylıq icarə haqqı 01 aprel 2024-cü il tarixindən 100 manat müəyyənləşdirlir. 2.-ci bəndinə əsasən, icarəçinin 2022/2024-cü illər üzrə icarəyəverənə icarə haqqı üzrə son ödəmə tarixi keçmiş və ödənilməmiş 3360 manat borcunun icarəçi tərəfindən ödənilməsi məqsədi ilə “Ödəmə qrafiki” qarşılıqlı şəkildə razılaşdırılır.

6. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, icarəçi Cavabdeh 01 fevral 2018-ci il tarixli K 2407 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək cəmi 7.790 manat icarə haqqı ödənişi etmişdir. xx.xx.2024-cü il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 7.418,34 manat, ona hesablanmış cərimə borcu 1.478,48 manat, cəmi borc 8.896,76 manat təşkil edir.

7. İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq icarə haqqı borcunun 7 gün ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 01 fevral 2018-ci il tarixli, “K 2407” nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqı borcu 7.418,34 (yeddi min dörd yüz on səkkiz manat otuz dörd qəpik) manat, ona hesablanmış cərimə borcu 1.478,42 (bir min dörd yüz yetmiş səkkiz manat, qırx iki qəpik) manat olmaqla, cəmi borc 8.896,76 (səkkiz min səkkiz yüz doxsan altı manat, yetmiş altı qəpik) manat məbləğində pul tələbinin və 210 (iki yüz on) manat dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, tərəflər arasında imzalanmış 01 fevral 2018-ci il tarixli, “K 2407” nömrəli icarə müqaviləsinə xitam verilməsi, habelə müvafiq qeyri-yaşayış sahəsinin icarəçinin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, “K 2407” nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 20,0 kv.metr ölçüsündə olan “K 2407” nömrəli qeyri-yaşayış sahəsini (qarışıq geyimlərin satışı mağazası) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 250 (iki yüz əlli) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi şəxs qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş: - 06 noyabr 2024cü il tarixli 04-02/V-2024-M/241 nömrəli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, “K 2407” nömrəli icarə müqaviləsi üzrə 06 noyabr 2024-cü il tarixə icarəçi Cavabdeh icarə haqqı üzrə borcu 7.418,34 (yeddi min dörd yüz on səkkiz manat otuz dörd qəpik) manat, ona hesablanmış cərimə borcu 1.478,42 (bir min dörd yüz yetmiş səkkiz manat, qırx iki qəpik) manat olmaqla, cəmi borc 8.896,76 (səkkiz min səkkiz yüz doxsan altı manat, yetmiş altı qəpik) manat məbləğindədir; Göründüyü kimi, qeyd edilən icarə müqaviləsi üzrə 06 noyabr 2024-cü il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 7.418,34 (yeddi min dörd yüz on səkkiz manat otuz dörd qəpik) manat, ona hesablanmış cərimə borcu 1.478,42 (bir min dörd yüz yetmiş səkkiz manat, qırx iki qəpik) manat olmaqla, cəmi borc 8.896,76 (səkkiz min səkkiz yüz doxsan altı manat, yetmiş altı qəpik) manat təşkil edir. Borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçi şəxsin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya məktubu Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərilmişdir (qoşma ilə əlavə edilir). Bundan sonra, mübahisənin məhkəmədən kənar həll edilməsi Cavabdeh təklif olunmuş, cavabdeh şəxs təklifə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh icarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır.

10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1, 443.5, 448.1 və 700.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

15. İddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

18. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

20. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

22. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli hüquq münasibətlərində icarəyəverən olan İddiaçı MMC ilə icarəçi olan Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli “K 2407” nömrəli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən müvafiq olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanda yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, 20 m2 olan "K 2407” nömrəli mağaza (qeyri-yaşayış sahəsi) Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh isə icarə müqaviləsi üzrə icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, icarəçi Cavabdeh 01 fevral 2018-ci il tarixli K 2407 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək cəmi 7.790 manat icarə haqqı ödənişi etmişdir. xx.xx.2024-cü il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 7.418,34 manat, ona hesablanmış cərimə borcu 1.478,48 manat, cəmi borc 8.896,76 manat təşkil edir.

24. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş sahəyə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh 01 fevral 2018-ci il tarixli K 2407 nömrəli icarə müqaviləsi üzrə 7.418,34 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

25. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli K 2407 nömrəli icarə müqaviləsinə əsasən 1.478,42 manat məbləğində dəbbə pulunun Cavabdeh tutulması tələbini də irəli sürmüşdür.

26. Məhkəmə hesab edir ki, Cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 01 fevral 2018-ci il tarixli K 2407 nömrəli icarə müqaviləsinə əsasən 1.478,42 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

28. İddia tələbinin 01 fevral 2018-ci il tarixli K 2407 nömrəli icarə müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, icarə müqaviləsi üzrə öhdəliklərin Cavabdeh tərəfindən pozulması işin hallarına əsasən müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır.

29. Bununla yanaşı icarə müqaviləsinə xitam veriləcəyi halda icarəyə verən olan İddiaçı MMC icarəçi olan Cavabdeh icarəyə verilmiş qeyri-yaşayış sahəsinin cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır.

30. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 210 manat təşkil edir.

31. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 01 fevral 2018-ci il tarixli K 2407 nömrəli icarə müqaviləsi üzrə 7.418,34 manat məbləğində icarə haqqı borcu, 1.478,42 manat məbləğində cərimə pulu olmaqla cəmi 8.896,76 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. 01 fevral 2018-ci il tarixli, K 2407 nömrəli icarə müqaviləsinə xitam verilsin və icarə obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanda yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, 20 m2 olan K 2407 nömrəli mağaza (qeyri-yaşayış sahəsi) Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə qaytarılsın (təhvil verilsin). Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində ümumi qaydada Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar