Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1646/2024 01.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız varlanma) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2500 manat vəsaitin, o cümlədən 46 manat dövlət rüsumunun, ümumilikdə 2546 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və onun rəhbəri Şahin Rəcəbov tərəfindən "xxxx" MMC-yə qarşı dələduzluq törədilərək 2500 manat məbləğində vəsait qanunsuz olaraq mənimsənilmişdir. Belə ki,artıq uzun illərdir bu qaydada dələduzluqla məşğul olan şəxslər bu dəfə şirkətimizə qarşı bu qanunsuz hərəkətləri törətmişlər. Özünü Cavabdeh MMC-nin rəhbəri kimi təqdim edən Rəcəbov Şahin adlı şəxs (tel: *** *** ** **, whatsapp *** *** ** **) vergi sistemi vasitəsilə şirkətimizə elektron qaimə göndərmiş, daha sonra şirkətin mühasibinə zəng vuraraq təcili ödəniş edilməli olduğunu bildirmişdir. Bu zaman o şirkətin saytından onun rəhbərlərinin adını öyrənmiş və telefon danışığı zaman şirkət rəhbərlərinin adını çəkməklə guya onları şəxsən tanıdığını göstərərək mühasibatlıq şöbəsinin əməkdaşlarında inam yaratmışdır. Halbuki, həmin şəxslə və ya onun şirkəti ilə heç bir müqavilə bağlanılmamış, heç bir xidmət və mal alınmamışdır. Beləliklə, şirkət tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü illərdə göndərilmiş elektron-qaimə fakturalar əsasında ödəniş həyata keçirilmişdir. Müvafiq olaraq göstərilən tarixlərdə hər dəfə 1250 manat, ümumilikdə 2500 manat ödəniş həyata keçirilmişdir. Beləliklə, heç bir qarşılıqlı müqavilə və ya hər-hansı razılaşma olmadan əsassız olaraq "xxxx" MMC-nin 2500 manat məbləği Cavabdeh MMC tərəfindən ələ keçirilmişdir. Şəxslər barədə internetdə axtarış edilən zaman bu şəxslərin daha əvvəllər də bu tipli qanunsuz əməllər törətdiyi və məsuliyyətə cəlb edildiyi barədə xəbərləri əldə etmək mümkündür.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələri iddiaçı təsdiq edib ödənişlər etsə də, tərəflər arasında hər hansı müqavilə mövcud deyildir.
4. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
6. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Cavabdeh tərəfindən iddiaçıya EBDX 146825 nömrəli xx.xx.2024-cü il tarixli 1250 manat məbləğində, EBDX 065679 nömrəli xx.xx.2024-cü il tarixli 1250 manat məbləğində elektron qaimə (www.manarch.org emaillərinə bir illik yerləşmə ilə bağlı) göndərilmişdir.
9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli **********43622 nömrəli ödəniş tapşırığı ilə 1250 manat, xx.xx.2024-cü il tarixli **********46160 nömrəli ödəniş tapşırığı ilə 1250 manat məbləğində pul köçürülmüşdür.
10. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2500 manat vəsait köçürülmüşdür.
11. İddiaçı həmin məbləğin yanlışlıqla cavabdehə ödənildiyini, cavabdehin əsassız varlandığını, bu səbəbdən həmin vəsaiti geri qaytarmalı olduğunu iddia edir.
12. Materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə EBDX 065679 nömrəli 1250 manat məbləğində, xx.xx.2024-cü il tarixdə EBDX 146825 nömrəli 1250 manat məbləğində elektron qaimələr təqdim edilmiş, iddiaçı tərəfindən qaimələr təsdiq edilmiş və elektron qaimənin göndərildiyi gün də ödəniş aparılmışdır.
13. İddiaçı tərəflər arasında hər hansı müqavilənin olmamasını bildirsə də, elektron qaimələrin bilavasitə özü tərəfindən hansı səbəbdən təsdiq edilməsi, daha sonrakı günlərdə qaimənin ləğv edilməsi və ya düzəlişə göndərilməsi istiqamətində addım atmamasının səbəbini məhkəməyə ağlabatan şəkildə izah edə bilməmişdir.
14. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
15. Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
18. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 46 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova