Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1649/2022 22.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz hesablanmış 12239,56 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 19267026 saylı müqaviləyə əsasən abonent haqqında məlumata dair çıxarışdan görünür ki, 2021-ci ili iyun ayına istifadə olunmuş suya görə borc 12 239,56 manat təşkil edir. İddiaçı tərəfindən istifadə olunan həm su, həm də çirkab su üçün gəlmiş qəbzlərə uyğun ödənişlər aparılmış və qeyd olunan tarixə onların cavabdehə borcu yoxdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Rüstəmov iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd olunan borc sudan istifadəyə görə yaranmış və sayğacın göstəriciləri əsasında abonentə hesablanmış borcdur, iddiaçıya hər hansı akt nəticəsində borc hesablanmamışdır. Belə ki, tərəflər arasında daha əvvəl də məhkəmə mübahisəsi olmuş, tərəflər arasında barışıq sazişi imzalanmış, həmin barışıq sazişi məhkəmənin qərardadı ilə təsdiq edilmiş, icra edilməsi üçün icra şöbəsinə göndərildikdən qısa müddət sonra tərəflərindən həmin qərardad icra edilmiş, lakin həmin qərardadla iddiaçı öz üzərinə düşən öhdəliyi icra etməyərək cavabdehə ödəməli olduğu borcu ödəməmiş, bundan əlavə 2019-cu ildən sonrakı dövrlərdə isə sayğacın göstəriciləri əsasında hesablanmış borclar da tam həcmdə ödənilməmişdir. Bu səbəbdən iddia tələbi əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixli 100015 saylı “Su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair” müqavilə bağlanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 100015/100015A nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Müqavilənin 3.4-cü bəndinə əsasən müəssisə istehlakçının istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazına (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə Qaydaların 7.2-ci, 7.4-cü və 7.5-ci bəndlərinə uyğun təyin edilir. Su sayğacının istismara qəbuluna dair xx.xx.2015-ci il tarixli akta əsasən cavabdeh tərəfindən iddiaçının su xəttinə quraşdırılmış su sayğacı abonentin iştirakı ilə texniki şərtlər əsasında yoxlanılaraq istismara verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdeh tərəfindən hesablanmış 12239,56 manat məbləğində borcun silinməsini xahiş etmişdir. 19267026 nömrəli abonent haqqında məlumatdan görünür ki, iddiaçının quyu suyuna görə 12691,52 manat, təbiətdən istifadəyə görə 335,70 manat, ümumilikdə 13027,22 manat qalıq borcu vardır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-189/2015 nömrəli 29 iyul 2015-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə icraata xitam verilmiş, tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilmişdir:
1. "xxxx" ASC 17000 manat borcun ona aid olduğunu, həmin borca münasibətdə iddia müddətinin keçmədiyini qəbul edir, həmin borc məbləğinin ödənilməsini üzərinə götürür.
2. Cavabdeh ASC abonent bazasında "xxxx" ASC-yə aid edilmiş borc məbləğinin 19916,35 manat hissəsini silməyi öz üzərinə götürür. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29/23931 saylı məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-189/2015 nömrəli 29 iyul 2015-ci il tarixli qərardadından şikayət verilməmiş, qərardad icra edilməsi üçün xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-189/2015 nömrəli işin materiallarında icra hərəkətləri ilə bağlı məktub aşkar edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş “cavabdehin iddiaçıya illər üzrə göstərilmiş xidmətlərə dair” arayışına əsasən həyata keçirilmiş və sayğacın göstəricilərinə əsasən hesablanmış ümumi satış 52679,87 manat, ödəniş 38810,92 manat, borc isə 13868,18 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 yanvar 2022-ci il tarixli MŞİH-11379 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə müqavilə bağlanmış və həmin müqavilənin 3.4-cü bəndinə əsasən abonentə (iddiaçıya) ölçmə cihazının (su sayğacının) göstəricilərinə görə borc hesablanmışdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 58-ci maddəsinə əsasən ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə və tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində də təsbit olunmuşdur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir. Materiallardan müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği müəssisəyə quraşdırılmış sayğacın göstəriciləri əsasında hesablanmış borcdur. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin və tərəflər arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə olan müqavilə”nin 2.1.3-cü bəndinə əsasən istehlakçıya verilən suyun həcmi suölçən cihazlar vasitəsi ilə müəyyən edildiyindən abonentə hesablanmış 12239,56 manat borcun əsassız və qanunsuz hesab edilməklə silinməli olması barədə iddiaçının tələbi əsassızdır. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia tələblərinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova