Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1651/2021 02.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehdən dövlət büdcəsinə olan 6684,04 manat borcun tutulması tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Baş İdarəsi Cavabdehnə qarşı cavabdehdən dövlət büdcəsinə olan 6684,04 manat borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, sadələşdirilmiş qaydada baxılması barədə ərizənin qəbul edilməsindən imtina edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-4.1.2-cü maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir; 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Göründüyü kimi, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğundursa, eləcə də ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə yoxdursa, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxıla bilər. Kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada işə baxılarkən iddiaçının tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən iddiaçı tərəfindən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı iddia ərizəsinə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Vergi orqanlarının hüquqları” adlanan 23.1.15-1-ci maddəsinə əsasən həqiqətən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Bu maddi hüquq norması ümumi xarakter daşıyır və vergi orqanının vergilər üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir, bu hüququn reallaşdırma qaydası isə Vergi Məcəlləsinin 89 və 90-cı maddələri ilə müəyyən edilmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı vergi orqanı yalnız siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Qanunverici bu zaman onu da nəzərə almışdır ki, cavabdeh orqan öz səlahiyyətləri daxilində iddia qaldırmadan borcludan müvafiq sərəncam əsasında pul vəsaitini tuta bilər. Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə görə vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. İstinad edilən maddi hüquq normasından da göründüyü kimi, vergi orqanının adıçəkilən sərəncamı icra (ödəniş) sənədidir və vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün hər hansı bir məhkəmə qərarı olmadan həmin digər kredit təşkilatlarına təqdim edilməsi kifayətdir. “İnzibati icraat haqqında” Azərbaycan 82.1 və 82.2-ci maddələrinə əsasən pul tələblərinin ödənilməsi aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə icraçıları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxxx 2011-ci il tarixli qərarı ilə müəyyən edilir ki, vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün məhz siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. İnzibati cərimələrin tətbiq edilməsi isə bu cür proseduru nəzərdə tutmadığından burada mülkiyyət hüququnun məhdudlaşdırılması baş vermir. Şəxsin vergi məsuliyyətinə cəlb edilməsi məsələsini öz səlahiyyətləri çərçivəsində məhkəmə və ya vergi orqanı həll etməlidir. Eynilə vergi orqanı öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınaraq formalaşmış praktikaya əsasən vergi orqanları tərəfindən vergi borcunun, vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi tələbinə dair qaldırılan iddialara məhkəmələr tərəfindən baxılmır: icraata qəbul edilməmiş iddia ərizələrinin icraata qəbul edilməsindən MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilir, icraata başlanılmış işlər üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilir. Belə olan halda isə məhkəmə vergi orqanının öz səlahiyyətləri daxilində iddia qaldırmadan borcludan müvafiq sərəncam əsasında pul vəsaitini tutmaq səlahiyyətinin olmasını, göstərilən əsasla vergi borcunun, vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı iddialara məhkəmələr tərəfindən baxılmadığını nəzərə alaraq hesab edir ki, vergi orqanının irəli sürdüyü eyni məzmunlu tələblərinə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada da məhkəmədə baxıla bilməz. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz; 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-269, 284–1, 284–4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehdən dövlət büdcəsinə olan 6684,04 manat borcun tutulması tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1651/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1651/2021
02.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver