Məhkəmə qərarları › İş №e-2-2(113)-1661/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1661/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1661/2022 24.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İlkin iddia üzrə iddiaçı və birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkilləri Vəkil1 və Vəkil2, İlkin iddia üzrə cavabdeh və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılaraq təhvil verilməsi və və s.” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, habelə 2021-ci ilin noyabr ayından hazırki vaxtadək, yəni 205 gün müddətində cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində iddiaçının fəaliyyət göstərmədiyi müddətdə 50.430 (əlli min dörd yüz otuz) manat məbləğində ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (icarəçi) ilə Cavabdeh ASC (icarəyə verən) arasında 01 avqust 2021-ci il tarixdə icarə müqaviləsi imzalanmışdır. Müqavilə tərəflər tərəfindən imzalanaraq təsdiq edilmişdir. İddiaçı cavabdehlə aralarında bağlanmış icarə müqaviləsi üzrə üzərinə götürdükləri öhdəlikləri vaxtlı-vaxtında icra etmiş, həmçinin icarə haqlarını ödəmişdir. İddiaçı icarəyə götürdüyü sahəni avadanlıqlarla və qurğularla təchiz etmişdir. İddiaçı göstərdiyi fəaliyyət istiqamətinə uyğun olaraq avadanlıq və qurğuların alınmasına, quraşdırılmasına və digər işlərin görülməsinə 70.000 (yetmiş min) manat məbləğində pul vəsaiti xərcləmişdir. Qeyd olunanlara baxmayaraq icarəyə verən – Cavabdeh ASC tərəfindən icarəçi İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə müxtəlif üsullarla süni maneələr yaradılmışdır. 2021-ci ilin noyabr ayından hazırki vaxtadək, yəni 205 gün müddətində cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirə bilmir. Odur ki, həmin müddət ərzində iddiaçıya dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, 2021-ci il üçün Gəlir vergisinin bəyannanməsindən görünür ki, VÖEN-i ********** olan fərdi sahibkar İddiaçı malların təqdim edilməsindən (işlərin görülməsindən. Xidmətlərin göstərilməsindən) 89,677.82 (səksən doqquz min altı yüz yetmiş yeddi manat səksən iki qəpik) manat gəlir əldə etmişdir. Belə olduğu təqdirdə iddiaçının bir günlük gəliri (89,677.82/365=245,69) 246 (iki yüz qırx altı) manat təşkil edir. İşləmədiyi 205 gün müddətində ümumi gəlir isə (205x246) 50,430 (əlli min dörd yüz otuz) manat təşkil edir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(119)-544/2022 saylı qərardadı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iş hazırkı işə birləşdirilmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən icarə obyektinə dair bağlanmış 01 avqust 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə, icarə obyektinin İddiaçı tərəfindən boşaldılaraq təhvil verilməsinə, iddia ərizəsinin verilməsi tarixinə hesablanmış, lakin ödənilməmiş 11.280 manat məbləğində icarə haqqı məbləğinin cavabdehdən tutulmasına, o cümlədən, məhkəmə qətnaməsi qanuni qüvvəyə minib icra ediləcəyi tarixədək aylıq 600 manat məbləğində icarə haqqının və ona hesablanacaq 1% cərimənin hesablanmasına və cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında 01 avqust 2021-ci il tarixdə icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən icrayəyəverən tərəfindən icarəçiyə 60 gün əvvəlcədən xəbərdar etməklə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilə bilər. İcarəyəverən tərəfindən icarəçiyə icarə müqaviləsinə 10 dekabr 2021-ci il tarixində xitam verilməsi ilə bağlı 09 sentyabr 2021-ci il tarixdə bildiriş göndərilmiş, lakin icarəçi bildirişin göndərilməsindən 7 ay müddətin keçməsinə baxmayaraq, hələ də icarə obyekti icarəçi tərəfindən boşaldılaraq təhvil verilməmişdir. Həmçinin istifadəsində olduğu müddətdə icarə haqqını ödəməmiş və borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı və birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkilləri Vəkil1 və Vəkil2 ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, birləşdirilmiş iş üzrə isə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X5 izahat verərək, İddiaçı iddiasının rədd, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiasının isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası rədd edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, İddiaçı iddiası 2 hissədən ibarətdir. Yəni 1. icarə müqaviləsi üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması (dolayısı ilə icarə hüquq münasibətlərinin davam etdirmək istəməsi); 2. fəaliyyət göstərmədiyi müddət ərzində hesabladığı 50.430 (əlli min dörd yüz otuz) manat məbləğində ziyanın tələbi. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin də tələbi icarə müqaviləsinin ləğv edilməsi; ödənilməmiş icarə haqqı tələbi və cərimə tələbindən ibarətdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında 01 avqust 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən Cavabdeh ASC (icarəyə verən) ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 1288-ci keçiddə yerləşən 500 kv.m qeyri-yaşayış sahəsini İddiaçı (icarəçinin) icarəyə verməyi öhdəsinə götürmüşdür. İşin digər müəyyən edilmiş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, sonuncu dəfə icarə haqqı 2021-ci ilin oktyabr ayı üçün verilmişdir. Hazırda İddiaçı icarə müqaviləsinin 5.5-ci bəndinə (bu müqaviləyə hər iki tərəfin yazılı razılığı olarsa xitam verilə bilər) istinad edərək və noyabr ayından qeyd edilən sahədən istifadə edə bilmədiyini bildirərək müqavilə üzrə öhdəliyin icra edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh ASC isə icarə müqaviləsinə 10 dekabr 2021-ci il tarixində xitam verilməsi ilə bağlı 09 sentyabr 2021-ci il tarixdə bildiriş göndərildiyini və qarşı tərəfdən həmin bildirişə imza edərək qəbul edildiyini bildirərək icarə müqaviləsinin ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, həm ilkin olaraq məhkəmə tərəfindən icraata qəbul edilmiş İddiaçı iddiası həm də sonradan birləşdirilmiş Cavabdeh ASC-nin iddiası bir-biri ilə bağlı olduğundan (xüsusən ilk hissədə) qeyd edilən hissələrə (1.müqavilə üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması; 2. İcarə müqaviləsinin ləğv edilməsi) birgə qiymət verilməli və həmin hissələrə dair Mülki Məcəllənin icarə müqaviləsi və müqavilənin ləğv edilməsi ilə bağlı normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 691.1 və 691.1.3. kirayə haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə yol verilir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, həmin müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin müvcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, bu qayda müqavilənin birtərəfli qaydada ləğv edilməsi halına aiddir və müqavilənin ləğvinin və dəyişdirilməsinin xüsusi prosedur qaydasını müəyyən etmişdir. Həmçinin də, qeyd edilən maddədə müəyyən olunmuş müddətdə təfliklə bağlı razılıq əldə olunmadığı təqdirdə müqavilənin məhkəmə yolu ləğv edilə biləcəyi imkanı nəzərdə tutulmuşdur. Həmçinin də, qeyd edilən norma ümumi norma kimi deyil, xüsusi norma kimi qəbul edilməlidir. Hazırkı işdə də, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, Cavabdeh ASC tərəfindən İddiaçı icarə müqaviləsinə 10 dekabr 2021-ci il tarixində xitam verilməsi ilə bağlı bildiriş verilmiş, o isə həmin bildirişi 09 sentyabr 2021-ci il tarixdə imza edərək qəbul etmişdir. Göründüyü kimi, Cavabdeh ASC tərəfindən müqavilənin ləğvi barədə bildirişə dair Mülki Məcəllədə göstərilmiş şərtlərə əməl edilmişdir. Belə ki, icarəçi icarəyə verən tərəfindən 3 ay əvvəlcədən xəbərdar edilmiş ancaq hazırkı müddətədək müqavilənin ləğvi ilə bağlı hər hansı bir razılıq əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilənin ləğvinə dair şərtlərə əməl edildiyindən, ünvan 1 ünvanında yerləşən icarə obyektinə dair bağlanmış 01 avqust 2021ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir. İcarə müqaviləsi də ləğv edildiyindən İddiaçı iddiasının müqavilə üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulmasına dair hissəsi rədd edilməli, Cavabdeh ASC-nin iddiasının isə müqavilənin ləğv edilməsi və icarə obyektinin İddiaçı tərəfindən boşaldılaraq təhvil verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə İddiaçı iddiasının 50.430 (əlli min dörd yüz otuz) manat məbləğində ziyanın tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı halda isə İddiaçı əvvəl sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı 89.677,82 manat gəlir əldə etdiyini, belə olduda bir günlük gəlirinin (89,677.82/365=245,69) 246 (iki yüz qırx altı) manat təşkil etdiyini və işləmədiyi 205 gün müddətində isə ümumi gəlirin (205x246) 50,430 (əlli min dörd yüz otuz) manat təşkil edəcəyini qeyd edərək 50,430 pulun Cavabdeh ASC-dən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, hazırkı hissədə də, İddiaçı iddiası təmin edilə bilməz. Belə ki, onun tərəfndən hesablanmış 205 gün müddət üçün əsas götürülmüş X3 (iş materiallarına əlavə edilmişdir) məhz hazıkı mübahisə predmeti olan icarə obyekti ilə deyil, başqa bir icarə obyektindən istifadə nəticəsində əldə edilmiş gəlirlə bağlıdır. İstinad olunmuş X2 isə digər qeyri-yaşayış sahəsi ilə, hansı fəaliyyətlə bağlı olmasına dair hər hansı bir qeyd yoxdur. Ona görə də, icarə müqavilənin ləğvinə dair bildirişin verildiyi halda, 205 gün müddətində dəymiş ziyanın (əldən çıxmış faydanın) tələb edilməsi əsassızdır və qeyd edilən hissədə də iddia təmin edilə bilməz. Məhkəmə həmçinin Cavabdeh ASC-nin hesab edir ki, Cavabdeh ASC-nin 11.280 manat məbləğində icarə haqqının tələb edilməsi hissəsində də, iddia əsassızdır. Belə ki, qeyd edilən icarə haqqının hansı aylara aid olması və məhz həmin aylarda qeyd edilən icarə sahəsinin İddiaçı istifadəsində olması sübut olunmamışdır. Beləliklə İddiaçı iddiası rədd edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən icarə obyektinə dair Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 01 avqust 2021-ci il tarixli icarə müqaviləsi ləğv edilməli, ünvan 2 ünvanında yerləşən icarə obyekti İddiaçı tərəfindən boşaldılaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddiası rədd edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin boşaldılaraq təhvil verilməsi və s.” tələbinə dair iddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən icarə obyektinə dair Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 01 avqust 2021-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. ünvan 2 ünvanında yerləşən icarə obyekti İddiaçı tərəfindən boşaldılaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar