Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1662/2022 14.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən 427461 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 427461 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yüngül konstruksiyalı bazar kompleksinin tikintisi üçün X2 icarəyə verilməsi haqqında 18.01.2002-ci il tarixli, 68 nömrəli X1 əsasən, Biləcəri bələdiyyəsi ərazisində yaşayan sakinlərin çoxsaylı müraciətlərini və əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədi ilə, Biləcəri qəsəbəsi Dəmir yol vağzalı “Əlincə” kafesinin yaxınlığında yüngül konstruksiyalı bazarın tikilməsinə qərar verilmişdir. Biləcəri qəsəbəsi Dəmir yol vağzalı “Əlincə” kafesinin yaxınlığında yerləşən 280 kv.m torpaq sahəsi sözügedən bazarın tikintisi üçün vətəndaş X3 icarəyə verilmişdir. Sərəncam verildikdən dərhal sonra vədəndaş Məcid Məmmədovun rəhbərlik etdiyi İddiaçı MMC tikinti aparılması üçün lazımi hazırlıq tədbirlərini gördükdən sonra həmin ərazidə fəaliyyətə başlamışdır. Uzun müddət qeyd edilən ərazidə müvafiq tikinti işləri aparılmışdır. Daha sonra cavabdeh həmin Biləcəri qəsəbəsi Dəmir yol vağzalı “Əlincə” kafesinin yaxınlığında yerləşən və tikinti işləri aparılan əraziyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin ərazinin boşaldılmasını və cavabdehə təhvil verilməsini tələb etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.06.2020ci il tarixli, e-2-2(113)-317/2020 saylı Qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş və həmin ərazidən İddiaçı MMC-nin Bazarın boşaldıması qət edilmişdir. Belə olduğu təqdirdə iddiaçı da müvafiq sövdələşmə əsasında fəaliyyət göstərdiyi müddət ərzində çəkilən xərclərin, istifadə edilən avadanlılar üçün sərf edilən məsrəflərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir. Çəkilən xərclərlə bağlı müvafiq aktlar da mövcudur. Həmin aktlarda çəkilən xərclər öz əksini tapmışdır. Sözügedən əmlakda çəkilən xərclərlə bağlı mütəxəssisə müraciət edərək mütəxəssis aktı əldə etmişdir, belə ki həmin akta uyğun olaraq iddiaçı tərəfindən 427.461 manat mələğində çəkilən xərc müəyyən edilmişdir. İddiaçının nümayəndəsi Vəkil əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı iddia tələbində qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin 18.01,2002-ci il tarixli 68 nömrəli sərəncamına əsasən Biləcəri qəsəbəsi, dəmiryol vağzalı yaxınlığında yerləşən 280 kv.m olan torpaq sahəsi bazar tikintisi üçün İddiaçı MMC-nin rəhbəri X3 icarəyə verilmişdir. Sərəncam verildikdən sonra iddiaçı tərəfindən ərazidə tikinti işləri aparılmışdır. Sonradan tərəflər arasında olan icarə münasibətlərinə məhkəmə qətnaməsi ilə xitam verildiyindən, iddiaçı tərəfindən sözügedən bazara çəkdiyi xərclərin əvəzi olaraq 427461 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilə cavabdeh arasında 16.06.2016-cı il tarixli “hüq 804” nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 4110, 46 kv.m olan icarə obyekti iddiaçıya icarəyə verilmişdir. İddiaçının iddia tələbinin əsas dəlili ondan ibarətdir ki, sözügedən torpaq sahəsi bazar tikintisi üçün müəssisəyə icarəyə verilmişdir. Bundan sonra ərazidə müvafiq tikinti işləri aparılmışdır. İddiaçının dəlili ilə bağlı qeyd edir ki, sözügedən ərazidə olan tikililər, qurğular icarəyə verilməzdən əvvəl mövcud olmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 25.04.2002-ci il tarixli aktdanda göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən obyektlər Biləcəri dəmiryol qovşağının inventar qeydiyyatındadır. Həmin obyektlərdə heç bir dəyişiklik edilməmək şərti ilə təmizlik, təmir və bərpa işləri aparıldıqdan sonra oradakı inventarlar, onların texniki vəziyyəti barədə əlavə aktın tərtib ediləcəyi nəzərdə tutulmuş, lakin hazırda iddiaçı tərəfindən təmir bərpa və.s. işlərin görülməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə cavabdeh tərəfindən 2017-ci ildə icarə obyektinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə şirkəti olan "xxxx" MMC-yə müraciət edilmişdir. Sonuncu tərəfindən 28.07.2017-ci il tarixində tərtib edilmiş qiymətləndirmə hesabatından və əlavə edilmiş foto şəkillərdən də göründüyü kimi hazırda mübahisəli obyektlər əvvəllər mövcud olmuşdur. Yəni iddiaçı tərəfindən hər hansı bir tikinti işləri aparılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 16.06.2016-cı il tarixli “hüq 804” nömrəli icarə müqaviləsinin 3.2.5-ci bəndinə əsasən icarə obyektində icarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların və.s sökülməsini tələb etmək icarəyə verənin hüququ kimi təsbit olunmuşdur. Həmin müqavilənin 4.1.3-cü bəndində icarəçi icarəyə götürdüyü əmlakı qənaətbəxş (təyinatı üzrə fəaliyyət göstərmək üçün tam yararlı) vəziyyətdə saxlamaq üçün öz vəsaiti hesabına əvəzini icarəyə verəndən tələb etmədən təmir etmək icarəçinin vəzifəsi kimi təsbit edilmişdir. Bundan başqa iddiaçı tikinti işlərinin onun tərəfindən aparıldığını iddia etsə də, bunu təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 16.06.2016-cı il tarixli “hüq 804” saylı İcarə müqaviləsinin surətindən görünür ki, cavabdeh 2000 manat icarə haqqı müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X7 küçəsi, Biləcəri stansiyasının ərazisində yerləşən 546808-X-004 saylı qeyri-yaşayış sahəsini kənd təsərrüfatı malları və gündəlik istifadə mallarının satışının təşkili məqsədilə iddiaçıya icarəyə verməyi, iddiaçı isə icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.12.2021-ci il tarixli E/11 nömrəli Qiymətləndirmə aktından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki bazarın 3310 kv.metr ümumi sahəsi olan bazarın 2021-ci ilin dekabr ayına olan təmir-tikinti xərcləri 427461 manat müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.10.2020-ci il tarixli e-2-2(113)-317/2020 saylı qətnaməsindən görünür ki, 24000 manat məbləğində əsas borc, 2000 manat dəbbə pulu olmaqla ümumilikdə 26000 manat məbləğində pul vəsaitinin “Əlincə-A" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X7 küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,46 kv.m olan qeyri - yaşayış sahəsinin "Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması qət edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 16.06.2016-cı il tarixli “hüq 804” saylı İcarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh 2000 manat icarə haqqı müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X7 küçəsi, Biləcəri stansiyasının ərazisində yerləşən 546808-X-004 saylı qeyriyaşayış sahəsini kənd təsərrüfatı malları və gündəlik istifadə mallarının satışının təşkili məqsədilə iddiaçıya icarəyə verməyi, iddiaçı isə icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. Bakı Kommersiya Məhkəməsinin 06.10.2020-ci il tarixli e-2-2(113)-317/2020 saylı qətnaməsi ilə 24000 manat məbləğində əsas borc, 2000 manat dəbbə pulu olmaqla ümumilikdə 26000 manat məbləğində pul vəsaitinin “Əlincə-A" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X7 küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,46 kv.m olan qeyri - yaşayış sahəsinin "Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tələbində çəkilən xərclərə görə 427.461 manat məbləğin ödənilməsini tələb etsə də, bu məbləğləri, o cümlədən iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında imzalanmış icarə müqaviləsində hər-hansı bir tikinti işinin aparılması da nəzərdə tutulmamışdır. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsinin 06.10.2020-ci il tarixli e-2- 2(113)-317/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən mübahisə predmeti olan qeyriyaşayış sahəsinin boşaldılaraq cavabdehə təhvil verilməsi qət edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən 427461 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1662/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1662/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver