Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1669/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, razılaşma əsasında ödənilməli olan 36 ay abunə borcu 216 manat, qeydiyyatdan çıxma aktı 35 manat, cəmi borcu 251 manatın və məhkəmə xərclərinə görə ödənilmiş 30 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə razılaşmaya əsasən nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakcı) pul əməliyyatlarını qeyd edir və NKA-da rüb ərzində vurulan bu pulların cəminə ( Z-hesabatı) görə ödəyici vergini ödəyir. Vergi ödəyicisi razlaşma olunduqdan sonra STXM kassanı blomplayır və xüsusi Təhvil-təslim Aktı tərtib etməklə bu Aktı öz şəxsi vərəqindən online şəkildə Vergilər Nazirliyinə yollayır və Vergilər Nazirliyi bu blomb Aktı əsasında bu kassanı qeydiyyata alır. (Blomb Aktı əlavə edilir.) Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir və bu bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM-tərəfindən Z-hesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçinin işlədiyi dövrdə STXM-tərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa onu təmir etməkdir və Vergi Ödəyicisinin NKA işləmədiyi dövrdə işləməsini təmin etmək üçün “NKA işləmədiyi dövrdə əməliyyatların uçotu” kitabını blomblayıb ödəyiciyə təqdim edir. Həmçinin sahələrarası ekspert komissiyasının NKA-ya aid bütün tələblərini yerinə yetirir. Bu qərara əsasən İddiaçı MMC Cavabdeh (VÖEN:**********) arasında xx.xx.2014-cı ildə 007771 nömrəli akt imzalanaraq və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Beləliklə, vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Beləliklə Cavabdeh tərəfindən 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay, 2024-cü ildən 12 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 36 ay abunə borcu 216 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 386.2, 389.1, 390.1, 399.1, 425.1, 442.1, 445, 445.7-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeharasında servis texniki xidmət gösdərilməsi barədə bağlanmış xx.xx.2014-cü il tarixli, 7771 saylı müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F-01 tipli zavod №00164403 Nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKAnın fasiləsiz işləməsinə imkan yaradır. Həmin müqavilənin 3-cü bəndinə əsasən istehsalçının “STXM”-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı, xx.xx.1995ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənir. Həmin müqavilənin 4-cü bəndinə əsasən texniki xidmətin müvafiq tələbləri NKA-ya əlavə edilən Formulyar və istismar qaydalarına uyğun yerinə yetirilir. Həmin müqavilənin 5-cü bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehsalçı tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”-üzərinə düşür. xx.xx.2014-cü il tarixli, 007771 nömrəli Nəzarət – kassa aparatının istismara verilmə aktından görünür ki, Merkuri-130F-01 tipli, 00164403 zavod nömrəli nəzarət – kassa aparatı ünvan 1 ünvanında, xx.xx.2014-cü il tarixində Cavabdeh istismara erilmişdir. İddiaçı MMC-nin 9 saylı maliyyə arayışına əsasən Cavabdeh hesablanmış aylıq 6 manat abunə üzrə xidmət haqqı 216 manat (2022, 2023, 2024-cü illər üzrə 36 ay) və qeydiyyatdan çıxma aktı üzrə 35 manat olmaqla toplam borcunun 251 manat olması qeyd olunmuşdur. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli 612/24 saylı xəbərdarlıq məktubunda Nazirlər Kaninetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə təsdiqlənmiş əsasnamənin 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə arasında müqavilə bağlandığı və bu müqaviləyə əsasən kassa aparatı qeydiyyata alındığı və bu səbəblə Cavabdeh (VÖEN **********) ona məxsus Merkuri 130 F-01 markalı zavod nömrəsi 00164403 nəzarət kassa aparatını qeydiyyata aldıran zaman İddiaçı MMC ilə müqavilə bağladığı qeyd olunmuşdur. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmin öhdəlik 2022-ci il 12 ay, 2023-cü il 12 ay və 2024-cü il 12 ay ödənilmədiyi bildirilmişdir. Beləliklə Cavabdeh tərəfindən 251 manat pul məbləği ödənilməmişdir. Bu səbəbdən müəyyənləşdirilmiş borc məbləğinin 5 gün müddətinə ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə müvafiq olaraq məhkəmədə iddia qaldırılacağı barədə xəbərarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən NKA-nın satışı, istismarı, servis texniki xidməti və təmiri qaydalarının yaradılmasında iştirak edən və bilavasitə NKA-nı satan, istismar, servis texniki xidmət və təmir edən, həmçinin göstərilən fəaliyyətlərə, o cümlədən elektron məsafədən ötürmə qurğuları vasitəsi ilə nəzarət edən təşkilat, müəssisə və idarələrə aşağıdakılar aiddir: nəzarət-kassa aparatlarının servis texniki xidmət mərkəzləri (STXM) Həmin Əsasnamənin 9.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır. Həmin Əsasnamənin 9.2-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçısı:-NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır. Həmin Əsasnamənin 9.3-cü bəndinə əsasən nəzarət-kassa aparatları istehlakçısının vəzifələri: 9.3.1. NKA-nı vergi orqanlarında qeydiyyatdan keçirmək; 9.3.2. Vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq; 9.3.15. vergi orqanlarında qeydiyyatı ləğv edildikdə və ya NKA qeydiyyatdan çıxarıldıqda, elektron məsafədən ötürmə qurğusunu və ya elektron nəzarət lentini işlək vəziyyətdə vergi orqanlarına təhvil vermək; Həmin Əsasnamənin 10.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının servistexniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir. Həmin Əsasnamənin 10.6-cı bəndinə əsasən servis texniki xidmət mərkəzi: nəzarət-kassa aparatlarını göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; nəzarət-kassa aparatlarının modellərinin servis texniki xidməti və təmiri məqsədi ilə NKA-nı göndərənlərlə müqavilə bağlayır; NKA-nın satıcıları ilə onların realizə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri üçün müqavilə bağlayır; əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır; Həmin Əsasnamənin 10.7-ci bəndinə əsasən STXM və malgöndərən arasındakı müqavilə ləğv olunduğu halda o NKA-nın müvafiq modellərinin servis texniki xidmət və təmir hüququnu itirir, malgöndərən isə STXM tərəfindən xidməti göstərilən nəzarət-kassa aparatlarının istehlakçılarına digər STXM-in xidmət göstərilməsini təmin etməlidir. Malgöndərən və STXM arasındakı müqavilənin ləğvindən sonrakı 24 saat ərzində STXM-i qeydiyyatdan keçmiş vergi orqanlarına yazılı məlumat verməlidirlər. Malgöndərən həmin müddət ərzində müqaviləsi pozulmuş NKA istehlakçılarına həmin NKA-lara xidmət göstərəcək digər STXM-i (STXM-in siyahısını) təqdim etməlidir. Həmin Əsasnamənin 10.8-ci bəndinə əsasən servis texniki xidmət mərkəzi aşağıdakı vəzifələri yerinə yetirir: 10.8.4. STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək; 10.8.10. Nəzarət-kassa aparatı istismara verilən zaman NKA istehlakçılarını STXMin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan nəzarət-kassa aparatlarının texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq. 10.9.1. Malgöndərənlə NKA-nın servis texniki xidməti və təmiri haqqında müqavilələr bağlamaq. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nəzarətkassa aparatına xidmət göstərilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəf nəzarət-kassa aparatlarına xidmət göstərməyi öhdəsinə götürmüş, cavabdeh tərəf isə hər ay üzrə xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı 2022, 2023, 2024-cü illər üzrə heç bir ödəmə olmadığını bildirmiş və 36 ay üçün cəmi 216 manat xidmət haqqını tələb etmişdir. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin qismən əsaslı olması iş materialları ilə öz təsdiqini tapır. Belə ki, tərəflər arasında imzalanmış müqavilədə xidmətlərin göstərilməsindən asılı olub-olmamasına baxmayaraq hər ay 6 manat xidmət haqqının ödənilməsi razılaşdırılmışdır. Bu baxımdan məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olduğu üçün birbaşa hər ay hər-hansı xidmət olub-olmamasından asılı olmayaraq aylıq ödəniş həyata keçirilməli idi. Buna görə də məhkəmə iddiaçı MMC tərəfindən 2022, 2023, 2024-cü illər üzrə 36 ay müddətinə aylıq 6 manat olmaqla 216 manat borc məbləğinin tələb edilməsini qanunauyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin iddiaçıya olan borcu, yəni 36 aylıq abunə dövrü kimi nəzərə alınmaqla (36x6=216) 216 manat hissədə təmin olunaraq cabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddia tələbinin digər hissəsini təşkil edən NKA-nın qeydiyyatdan çıxarılmasına görə 35 manatın tələb edilməsini məhkəmə əsassız hesab edir. Çünki tərəflər arasında imzalanmış müqavilədə NKA-nın qeydiyyatdan çıxarılmasına görə 35 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin qanunvericilikdə bununla bağlı hər hansı bir norma mövcud deyildir. Odur ki, iddiaçının həmin tələbinin nə qanuni, nə də müqavilə əsası olmadığından iddia həmin hissədə təmin oluna bilməz, rədd edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 36 ay abunə borcu olaraq 216 (iki yüz on altı) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1669/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1669/2025
15.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver