Məhkəmə qərarları › İş №e-2-2(113)-167/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-167/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-167/2024 26.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Nazila Kazemzadehə və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə oglunun, Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Nazila Kazemzadehə və Cavabdeh3 qarşı DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 148,972.83 manat əsas borc, 20,596.45 manat faiz borcu, 4,989.76 manat cərimə borcu olmaqla, cəmi 174,559.04 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 65 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 148,972.83 manat əsas borc, 16,234.85 manat faiz borcu, 3,070.42 manat cərimə borcu olmaqla, cəmi 168,278.10 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 59 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-06480LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00411585-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 206,902 (iki yüz altı min doqquz yüz iki) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan Cavabdeh1 MMC arasında bağlanmış DC00411585- 01 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********687 saylı zaminlik müqaviləsi, Nazila Kazemzadeh arasında xx.xx.2022-ci il tarixli DG**********687 saylı zaminlik müqaviləsi və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli DG**********687 saylı zaminlik müqaviləsi bağlanmışdır. X1 üçün ərizə üzrə öhdəliklərini icra etməyərək 234 gün kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 148,972.83 (bir yüz min doqquz yüz yetmiş iki manat səksən üç qəpik) əsas borc, 16,234.85 (on altı min iki yüz otuz dörd manat səksən beş qəpik) faiz borcu, 3,070.42 (üç min yetmiş manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 168,278.10 (bir yüz altmış səkkiz min iki yüz yetmiş səkkiz manat on qəpik) manat təşkil edir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X5 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X5 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

3. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 148,972.83 manat əsas borc, 20,596.45 manat faiz borcu, 4,989.76 manat cərimə borcu olmaqla, cəmi 174,559.04 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 65 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı əsas məbləg hissəsində qəbul edərək izahatında bildirdi ki, borcun faiz hissəsinə etiraz edir həmin hissə ilə razı deyildir.

6. Digər cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

11. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

12. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-06480LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00411585-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 206,902 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan Cavabdeh1 MMC arasında bağlanmış DC00411585-01 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********687 saylı , Nazila Kazemzadeh arasında xx.xx.2022-ci il tarixli DG**********687 saylı və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli DG**********687 saylı zaminlik müqavilələri bağlanmışdır.

14. Maliyyələşdirmə üçün ərizələr, zaminlik müqaviləsi və ödəniş planları tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.

15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8136 saylı rəyi ilə cavabdehlərin xx.xx.2023-cü il tarixə iddiaçıya olan əsas borcu 148.972,83 manat, faiz borcu 15.834,22 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

18. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

20. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

21. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

22. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış maliyyələşdirmə üçün ərizələrdən və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə ödəniş qrafikləri, maliyyə arayışları, hesabdan çıxarışların və ekspert rəyinin müqayisəli təhlilindən görünür ki, cavabdehlər üzərinə düşən öhdəliylərini icra etməmişlər. Belə olan halda isə bu, iddiaçıya maliyyələşdirmə üçün ərizələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

23. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli DC00411585-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 206,902 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Müqavilələr üzrə borclular üzərinə düşən öhdəliyləri tam icra etməmişlər, nəticədə borcları yaranmışdır.

24. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borclarının tələb edilməsi hissələrində əsaslıdır və həmin borclar cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

25. Faiz borcu ilə bağlı məhkəmə qeyd edir ki, ekspert rəyinin məzmunundan göründüyü kimi ekspert tərəfindən faiz borcu hesablanarkən xx.xx.2023-cü il tarixədək olan müddətə hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, faiz borcunu xx.xx.2023-cü il tarixədək hesablamışdır. Bu halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixə iddiaçının hesabladığı faiz borcu (16234,85 manat) ilə ekspert tərəfindən hesablanmış faiz borcu (15834,22) arasındakı fərq (400,63 manat (16234,85-15834,22) xx.xx.2023-cü il tarixədək hesablanmış faiz borcundan (20596,45 manat) çıxılmaqla qalan 20195,82 manat (20596,45-400,63) məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir.

26. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

27. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, həmin müqavilələrə əsasən borcalan borc verənə illik cərimə faizi 15%-dək olmaqla dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür.

28. Məhkəmə hesab edir ki, Maliyyələşdirmə üçün ərizə üzrə tələb olunan 4,989.76 manat dəbbə pulu cavabdehlərdən tutulmalıdır.

29. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 400 manat məbləğində pul Bakı 9 saylı Mediasiya təşkilatına ödənilmişdir.

30. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

33. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 63,93 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Eyni zamanda İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

35. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 148,972.83 manat əsas borc, 20195,82 manat faiz borcu, 4,989.76 manat cərimə borcu olmaqla, cəmi 174,158.41 manat məbləğində borc, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və dövlət rüsumuna görə 63,93 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 148,972.83 manat əsas borc, 20195,82 manat faiz borcu, 4,989.76 manat cərimə borcu olmaqla, cəmi 174,158.41 manat məbləğində borc, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və dövlət rüsumuna görə 63,93 manat cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Nazila Kazemzadehdən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Nazila Kazemzadehdən və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar