Məhkəmə qərarları › İş №e-2-2(113)-1670/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1670/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1670/2024 03.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, dəbbə pulu, illik 5 faiz) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC (ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5129,38 AZN əsas, 4065,07 AZN faiz, 5004,26 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 732,72 AZN faiz borcu, iş üzrə ödənilmiş 134,80 manat rüsumun tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Bank tərəfindən müştəriyə əsas vəsaitin artırılması məqsədi ilə illik 28 faiz dərəcəsindən çox olmamaq şərti ilə 24 ay müddətinə 8000 ABŞ Dolları məbləğində kredit verilmişdir. ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 7772,83 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********410 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 26 dekabr 2023-cü il tarixə kredit üzrə cəmi borcu 14931,43 AZN təşkil edir. Bundan 5129.38 AZN əsas, 4065.07 AZN faiz, 5004,26 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 732,72 AZN faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlaraq onun iştirakı olmadan keçirilməsinə və iddia tələbinin tam təmin olunmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Kreditorun Borcalana məqsədi istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, Borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.1 və 2.2-ci bəndinə əsasən Kreditor Borcalana əsas vəsaitin artırılması məqsədilə 8000 ABŞ dolları məbləğində kredit verir. Müqavilənin 2.3-cü bəndinə əsasən kredit 24 ay müddətinə verilir. Müqavilənin 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə Borcalan Kreditora illik 28 faiz ödəyir, kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 29.131 faiz təşkil edir. Gecikdirilən borc məbləğinə cərimə illik 56 faiz dərəcəsilə, aylıq isə 4.67 faiz dərəcəsilə faiz hesablanır və Borcalan tərəfindən kreditora ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən kredit üzrə faizlər kreditin Borcalana verildiyi gündən həmin vəsaitin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və tutulur. Müqavilənin 3.5-ci bəndinə əsasən Borcalan bu müqavilənin 3.1-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, gecikdirilən gündən gecikdirilən məbləğə görə artırılmış faizlər ödəyir. Cavabdeh ilə bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 8000 ABŞ dolları olan illik faiz dərəcəsi 28% olan kredit üzrə Cavabdeh 20 noyabr 2014-cü il tarixdən 20 noyabr 2016-cı il tarixinə qədər hər ayın 20-si olmaqla 439,30 ABŞ dolları, sonuncu ay 439,06 ABŞ dolları ödəməlidir. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 27 fevral 2017-ci il tarixli 1 nömrəli əlavə sazişə əsasən: Sazişin 1.1-ci bəndinə əsasən Borcalanın Kreditor qarşısındakı öhdəliyinin qalığı konvertasiya edilməklə (1USD = 1.45 AZN) 7772,83 AZN təşkil edir; Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibi 5241,47 AZN əsas borc, 1624,86 AZN faiz borcu və 906,5 AZN cərimə borcu təşkil edir. Sazişin 1.2-ci bəndinə əsasən kreditin müddəti Əlavə Saziş imzalandığı tarixdən 27 fevral 2021-ci il tarixədək uzadılır. Sazişin 1.3-cü bəndinə əsasən kredit üzrə Borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 17 faiz ödənilir. Cavabdeh ilə bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 27 fevral 2017-ci il tarixli 1 nömrəli əlavə sazişə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 5241,47 manat olan illik faiz dərəcəsi 17% olan kredit üzrə Cavabdeh 27 mart 2017-ci il tarixdən 27 fevral 2021-ci il tarixinə qədər hər ayın 27-si olmaqla 151,24 manat, sonuncu ay 151,44 manat ödəməlidir. 1/53/75704547 nömrəli 20 noyabr 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh müvafiq olaraq 8000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2017-ci il tarixindən 27 fevral 2021-ci tarixinədək müqavilə üzrə əsas borc 5129,38 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 4065,07 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 5004,26 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 732,72 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 14931,43 manat müəyyən edilmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/2958 saylı rəyi ekspert rəyi ilə cavabdehin İddiaçı ASC-yə (ləğv prosesindədir) müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə əsas borcu 5160,82 manat, faiz borcu 3236,41 manat, maliyyə arayışında göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixinə illik 5 % hesablanmaqla əsas borcu əsas borcu 5160,82 manat, faiz borcu 3236,41 manat, faiz borcu illik 5 % ilə 730,40 manat olması müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb sübutları tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və daha sonra həmin müqaviləyə dəyişiklik edilməsinə dair 27 fevral 2017-ci il tarixli 1 nömrəli əlavə sazişə əsasən Cavabdeh illik faiz dərəcəsi 17% olmaqla 27 fevral 2021-ci il tarixədək 5241,47 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və daha sonra həmin müqaviləyə dəyişiklik edilməsinə dair 27 fevral 2017-ci il tarixli 1 nömrəli əlavə saziş öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və daha sonra həmin müqaviləyə dəyişiklik edilməsinə dair 27 fevral 2017-ci il tarixli 1 nömrəli əlavə sazişə əsasən iddiaçı 5129,38 manat əsas, 4065,07 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə əsas borc 5160,82 manat, faiz borcu isə 3236,41 manat hesablanmışdır. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbində ekspert rəyinə nisbətdə daha az göstərildiyindən əsas borc iddia tələbinə uyğun olaraq 5129,38 manat, faiz borcu isə ekspert rəyinə uyğun olaraq 3236,41 manat məbləğində tutulmalıdır. İddiaçı eyni zamanda cavabdehdən kredit müqaviləsi üzrə 5004,26 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləğləri azaldılaraq 256 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş borca görə illik beş faiz hesablanmaqla 732,72 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, maliyyə arayışında qeyd edilən tarixə faiz borcu illik 5 faizlə 730,40 hesablanmışdır. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, müqavilənin bitdiyi tarixindən sonra borcun ödənilməməsinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz borcun məbləği ekspert rəyinə uyğun olaraq 730,40 manat məbləğində tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 134,80 manat dövlət rüsumunun 85 manatının əvəzi iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 5129,38 manat əsas borc, 3236,41 manat faiz borcu, 256 manat cərimə məbləği, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 730,40 manat faiz borcu olmaqla cəmi 9352 (doqquz min üç yüz əlli iki) manat 19 (on doqquz) qəpik məbləğin pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 85 manatının əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə–mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar