Məhkəmə qərarları › İş №e-2-2(113)-1678/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1678/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1678/2023 13.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, xidmət, mövcud borcun etirafı, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 fevral 2022-ci il tarixli icarə müqaviləsi üzrə xitam tarixinə yığılmış 9969,52 (ƏDV daxil) manat əsas borcun, 431,07 manat dəbbə pulunun və 210 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.2. İddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikası, XXXX ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 112 kv.m təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq başlama tarixi kimi göstərilmiş 25 fevral 2022-ci il tarixindən etibarən müqavilənin qüvvədə olduğu müddət ərzində ƏDV xaric icarə obyekti üçün 1344 manat icarə haqqı, 638,40 manat təmizlik və texniki xidmətlərə görə haqq və 145,60 manat mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə 2128 manat aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 30 iyun 2022-ci il tarixində xitam verilmişdir. Xitam razılaşmasında cavabdehin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarə obyektinin iddiaçıya təhvil verildiyi tarixədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməli olması nəzərdə tutulmuşdur. Həmin razılaşma üzrə cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu əsas borcu ƏDV daxil 9969,52 manat, dəbbə pulu isə ƏDV xaric 431,07 manat təşkil edir. 2.3. Mübahisənin məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, o cümlədən 10 noyabr 2022-ci il tarixində borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında FMG- 01/22/345 nömrəli pretenziya bildirişi göndərilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə məhəl qoymamış və xitam tarixindən 8 aya yaxın bir müddətin keçməsinə baxmayaraq, müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Tərəflər arasında keçirilən ilkin mediasiya sessiyası da hər hansı nəticə verməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443, 465, 700.1-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdi.

5. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yerləşdirilmiş, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə telefonoqramlar ötürülmüşdür. Amma cavabdehin hər hansı nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Borcun və dəbbə pulunun tutulması tələbi ilə bağlı

7. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.

8. Məhkəməyə təqdim edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (mülkiyyətçi qismində) ilə iddiaçı (idarə edən qismində) arasında bağlanmış 29 mart 2018-ci il tarixli AZV-29/04/18-328 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqavilənin 1-ci hissəsinə əsasən, idarə edən binanı və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, subicarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud binanı birgə istifadə etmək hüququna malikdir (1.1). İdarə edən binanın saxlanılması və xidmət göstərilməsi məqsədilə ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərlə müqavilələr bağlaya bilər (1.2). Binanın bütövlükdə və ya müvafiq hissələri icarəçilərə və ya subicarəçilərə ikinci əldən icarəyə, idarəetməyə verilərkən mülkiyyətçinin razılığı tələb olunmur (1.4).

9. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icarəyə verən qismində) ilə cavabdeh (icarəçi qismində) arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 1-ci hissəsinə əsasən, bu müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, XXXX ünvanında yerləşən qeyri-yaşayış binasında ("Çinar Plaza" İş Mərkəzi) aşağıdakı qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə və istifadəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib, icarə haqqını və digər ödənişləri bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür: binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 112.00 kv.m təşkil edən ofis sahəsi (yerləşmə planı bu müqaviləyə dair müvafiq əlavədə əks olunmuşdur) (1.1).

10. Adıçəkilən müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə icarə haqqı və digər ödənişlər Başlama Tarixindən (25 fevral 2022-ci il) etibarən aşağıda göstərilən qaydada və məbləğdə ödəniləcəkdir: bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-i üçün ƏDV xaric 12.00 (on iki Azərbaycan manatı, 00 qəpik) olmaqla, ümumilikdə ƏDV xaric 1,344.00 AZN (bir min üç yüz qırx dörd Azərbaycan manatı, 00 qəpik) məbləğində aylıq icarə haqqı (3.1.1); icarəyə verən tərəfindən bu müqavilənin 2, 3 və 5 saylı Əlavələrində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-i üçün ƏDV xaric 5.70 AZN (beş Azərbaycan manatı, yetmiş qəpik) olmaqla, ümumilikdə ƏDV xaric 638.40 AZN (altı yüz otuz səkkiz Azərbaycan manatı, qırx qəpik) məbləğində aylıq haqq (3.1.2); İcarəyə verən tərəfindən bu Müqavilənin 4 saylı Əlavəsində nəzərdə tutulmuş mühafizə xidmətlərinin göstərilməsinə görə bu Müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-i üçün ƏDV xaric 1.30 AZN (bir Azərbaycan manatı, otuz qəpik) olmaqla, ümumilikdə ƏDV xaric 145.60 AZN (bir yüz qırx beş Azərbaycan manatı, altmış qəpik) məbləğində aylıq haqq (3.1.3).

11. Qeyd edilən müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin həyata keçirilməsində gecikməyə yol verərsə, icarəyə verən hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1% məbləğində icarəçiyə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Müqavilənin 8.6 və 8.7-ci bəndinə əsasən, qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt bu müqaviləni ləğv edə bilərlər. Bu müqaviləyə hər hansı əsasla xitam verilməsi icarəçini icarə haqqının və müqavilə üzrə digər ödənişlərin həyata keçirilməsi daxil olmaqla, lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir.

12. Məhkəməyə təqdim edilən İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq edilmiş “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli müqaviləyə xitam verilməsi barədə” 29 iyun 2022-ci il tarixli razılaşmaya əsasən, tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 30 iyun 2022-ci il tarixində xitam veriləcək (1-ci bənd). İcarəçi icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın icarəyə verənə təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir (2-ci bənd). Tərəflər təsdiq edirlər ki, 17 iyun 2022-ci il tarixindən xitam tarixinə kimi olan dövr ərzində icarəçi tərəfindən istehlak edilmiş icarə müqaviləsinin 3.2-ci bəndində göstərilmiş kommunal xidmətlər üzrə borc istisna olmaqla, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 9,969.52 AZN təşkil edir. İcarə Müqaviləsinin 3.2-ci bəndində sadalanan kommunal xidmətlər üzrə hesab icarəçi tərəfindən ayrıca olaraq ödəniləcəkdir. Həmçinin icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən icarəçiyə icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün xitam tarixinə tətbiq edilən dəbbə pulu üzrə icarəçi tərəfindən təmin edilməli olan məbləğ ƏDV xaric 431,07 AZN təşkil edir və həmin məbləğin ödənişi ayrıca olaraq həyata keçirilir (3-cü bənd). İcarə müqaviləsinə xitam verilməsi icarəçini icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir (4-cü bənd).

13. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, İddiaçı MMC (iddiaçı) "xxxx" MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC-nin mülkiyyətində olan XXXX ünvanında yerləşən qeyri-yaşayış binasını icarəyə götürmüş, daha sonra həmin qeyri-yaşayış binasının 112.00 kv.m sahəsinə dair Cavabdeh MMC (cavabdeh) ilə icarə (subicarə) müqaviləsi bağlayaraq həmin sahəni icarəyə və istifadəyə verməyi, cavabdeh isə icarəyə verilən əmlakı qəbul edib, icarə haqqını və müqaviləyə 2,3,5 saylı Əlavələrlə müəyyən olunmuş göstəriləcək xidmətlərə görə haqqları verməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli qarşılıqlı razılaşma əsasında 03 fevral 2022-ci il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verilmiş və həmin razılaşma ilə cavabdeh xitam tarixinə icarə müqaviləsindən irəli gələn 9969,52 manat (ƏDV daxil) borcu olduğunu və 431,07 manat məbləğində dəbbə pulunu etiraf etmişdir.

14. İddiaçı etiraf edilən 9969,52 manat (ƏDV daxil) borcu və 431,07 manat məbləğində dəbbə pulunu tələb edir.

15. Cavabdeh və ya onun nümayəndəsi hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir və məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən heç bir etiraz təqdim etmir.

16. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

18. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

19. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddiaçının təqdim etdiyi bütün sübutlarla tanış ola bilməsinə baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

20. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

21. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

22. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

23. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli müqavilə müxtəlif müqavilələrin ünsürlərini əhatə edən qarışıq müqavilədir. Belə ki, qeyd edilən müqavilə özündə icarə müqaviləsinin və xidmət göstərilməsinə dair öhdəlik hüquq münasibətlərinin ünsürlərini özündə ehtiva edir. İddiaçının tələb etdiyi məbləğə isə özündə icarə haqqı və xidmətlərin göstərilməsinə görə haqqlar daxildir. İcarə haqqı ilə bağlı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 700.1-ci maddəsi nəzərdən keçirilə bilər.

24. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

25. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

26. Müqavilənin göstərilmiş xidmətlərə görə haqqın tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir.

27. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli müqaviləyə xitam verilməsi barədə 29 iyun 2022-ci il tarixli razılaşma tərəflər arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli müqaviləyə xitam verilməsi ilə bağlı razılaşmanı, eyni zamanda 03 fevral 2022-ci il tarixli müqavilə üzrə mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin müddəalarını özündə əks etdirir.

30. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

31. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

32. Yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə qeyd edir ki, icarəçi (cavabdeh) razılaşma yolu ilə 03 fevral 2022-ci il tarixli 22/039 nömrəli icarə müqaviləsi üzrə borcunu etiraf etmiş, həmin borcun tam və ya qismən ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək, digər sübutların (icarə müqaviləsi üzrə həmin borc məbləğini təsdiq edən hesab-fakturalar və elektron qaimələr) tədqiqinə ehtiyac duymur. Həmçinin Mülki Məcəllənin 882.2-ci maddəsi baxımından həmin sübutların hər hansı əhəmiyyəti də yoxdur.

33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Məhkəmə qeyd edir ki, dəbbə pulu ilə bağlı tələbin qanuni əsasını Mülki Məcəllənin 462.1-ci maddəsi təşkil edir və hazırkı iş üzrə həmin maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

38. Beləliklə, məhkəmə cavabdehin 03 fevral 2022-ci il tarixli müqavilə üzrə borcunu 29 iyun 2022-ci il tarixli razılaşma ilə etiraf etdiyini, həmin borcun tam və ya qismən ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 9969,52 manat (ƏDV daxil) əsas borc və 431,07 manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

39. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 210 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

40. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00109 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 13 fevral 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödəmişdir.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

43. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

44. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

45. Belə olan halda, məhkəmə iddia tələbinin tam təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə ƏDV daxil 9969 (doqquz min doqquz yüz altmış doqquz) manat 52 (əlli iki) qəpik əsas borc, 431 (dörd yüz otuz bir) manat 07 (yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 10400 (on min dörd yüz) manat 59 (əlli doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar