Məhkəmə qərarları › İş №e-2-2(113)-1682/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1682/2022

12.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1682/2022 12.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən hesablanmış 1080 manat borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 30.07.2021-ci il tarixli ******* nömrəli Akt üzrə əsassız hesablanmış 4320 kub qaz itkisinə görə müəyyən edilmiş borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 1080 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq işlətdiyi və ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsində yerləşən qeyri-yaşayış obyektində (kafedə) məişət qaz qurğularından istifadə etməsi ilə əlaqədar, qaz təchizatı ilə təmin olunmağı məqsədi ilə cavabdeh ilə arasında müvafiq müqavilə bağlanmışdır. 2020-ci ilin fevral ayında iddiaçıya məxsus qeyri-yaşayış obyektinin (kafenin) yerləşdiyi ərazidə dövlət layihəsi əsasında (obyekt yol kənarında yerləş magistral yolun hərəkət zolağının genişləndirilməsi və bunun da nəticəsində həmin ünvanda yerləşən bir çox qeyri-yaşayış obyektləri ilə yanaşı iddiaçının obyektinin həmin tarixdən sökülərək geri çəkilməsi ilə əlaqədar 2021-ci il may ayınadək, yəni kafenin yenidən tikilib istifadəyə verildiyi tarixədək fəaliyyətini dayandırmışdır. İddiaçı 2020-ci il dekabr ayında cavabdehə obyektin tikintisi davam edən zaman həmin tarixdə tikinti işləri ilə əlaqədar zədələnmiş qaz sayğacının əvəzlənməsi və obyektin qaz təchizatının yenidən layihələndirilməsi üçün ərizə ilə müraciət etmişdir. Bunun nəticəsində 2021-ci il yanvar ayında cavabdehin əməkdaşları obyektə baxış keçirərək tikinti zamanı sayğacın zədələnməsi ilə əlaqədar foto şəkillər çəkərək obyektin yenidə layihələnməsi üçün Layihə institutuna razılıq vermişlər. 19.02.2021-ci il tarixdə Layihə institutu yeni obyektin yeni qaz təchizatı layihəsinə uyğun yeni texniki şərt vermişdir. Buna uyğun olaraq qaz xətti layihəyə uyğun olaraq çəkilmiş və 01.04.2021-ci il tarixdə qaz sayğacı dəyişilərək köhnə qazsayğacı əməkdaşlar tərəfindən götürülmüş və 14.04.2021-ci il tarixdə qazdan istifadəyə icazə verilmişdir. Qeyd olunanlarla əlaqədar cavabdehin Metralogiya Departamenti MSK-29/1640-00948-05 saylı akt tərtib etmişdir. Akta əsasən müəyyən edilmişdir ki, sayğacın klapanı açıqdır, kənar təsir nəticəsində sayğacın plastmas qapağı LCD ekranı sınmışdır. Sayğacın hesablama mexanizmi işləmir. 30.07.2021-ci il tarixdə smart tipli sayğacın istismarı ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar itirilmiş qazın həcminin hesablanmasına dair ******* nömrəli akt tərtib edilmişdir. Akta əsasən G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 kub saat, orta günlük iş rejimi 12 saat və hesab müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi cavabdeh tərəfindən 4320 kub qəbul edilərək, borc olaraq tərəfindən 1080 manat ödənməli olması qənaətinə gəlmişlər. Qeyd edilən ******* saylı Aktla müəyyən edilmiş hesabatla razılaşmayaraq həmin aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsi gümanına gələrək həmin halı “müdaxilə” kimi qiymətləndirərək, dolayısı ilə istehlakçının qazdan qanunsuz istifadə etməsi qənaətinə gəlmişdir. Halbuki, cavabdeh plombun qırılma səbəbini dəqiqləşdirməmiş, abonentin müdaxiləsi olmadan, zədələnmənin kənar təsirin nəticəsində yarana bilmə halları aydınlaşdırılmamışdır. Abonentin qeyri-qanuni hərəkətləri hüquqi təsdiqini tapmadığı halda, müdaxilənin iddiaçı tərəfindən edilməsi kimi əsassız nəticəyə gəlmişdir. Halbuki, zədələnmə barədə istehsalçıya məlumat iddiaçı tərəfindən verilmiş, qazın istehlakı həyata keçirilməmişdir. Qeyd olunan sayğac G4 markalı smart-tipli qaz sayğacıdır. Bu qaz sayğaclarının əsas xüsusiyyəti abonentin qazla təminatının öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. Mexaniki sayğaclardan fərqli olaraq smart tipli sayğaclarda hər hansı bir müdaxilə, qeyri-qanuni qoşulma, istismar edilməsi kimi hallar baş verdikdə sayğac koda düşür, klapan dərhal qapanır və bu barədə məlumat elektron qaydada bazaya ötürülür. Koda düşərək bağlanan sayğac abonentin hər hansı bir yolla işə salması mümkün deyildir. Hətta klapan qoparılmış olsa belə qeyd olunan məlumatlar öncədən bazaya ötürüldüyündən istehsal sayğaca müdaxilə edilməsi barədə məlumatlı olur. Qeyd etdiyi kimi 01.04.2021-ci il tarixli ******* nömrəli Aktla həmin gün zədələnmiş sayğac mexaniki sayğacla əvəz edilmişdir. Dəymiş ziyan hesablanması həmin tarixdən geriyə doğru 90 gün müddətində müəyyən edilmişdir. Cavabdeh 2021-ci il yanvar, fevral və mart aylarında qaz itkisi qənaətinə gəlmiş və həmin aylara (minimal qaz sərfi 4 kub saat + orta günlük iş rejimi 12 saat + hesab müddəti 90 gün) hesablama aparmışdır. Halbuki, 2021-ci il may ayına qədər kafedə təmir tikinti işləri getmiş, bundan əlavə 2020-ci il 14 dekabr tarixdən 2021-ci il 18 yanvar tarixədək həmin tarixdən 2021-ci il 01 fevral tarixədək ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilmiş (16 yanvar 2021-ci il tarixli Nazirlər Kabinetinin Qərarı) və buna görə də həmin dövrdə qazdan istifadə edilməsi qeyri-mümkün olmuşdur. Bunu həmin ərazidə yol çəkilməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən sökülmüş və yenidən tikilmiş obyekt sahibləri, eləcə də "xxxx" MMC təsdiq edə bilər. 2021-ci il fevralmart ayları kafe və digər iaşə obyektlərinə fəaliyyət göstərmək icazəsi verilsə də, obyektdə tikinti işləri davam etdirildiyi üçün 2021-ci il may ayına qədər obyekt faktiki olaraq fəaliyyət göstərməmişdir. Buna görə də həmin tarixlərdə qazdan istifadə edilməsi mümkünsüzdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçının istifadəsində olan qaz sayğacı 2021-ci ilin aprel ayında lobaratoriyada yoxlanılması üçün göndərilmiş və müəyyən olmuşdur ki, sayğacın plasmast qapağı sınmış və hesablanma mexanizmi zədələnmişdir. 30.07.2021-ci il tarixdə smart-kart tipli sayğacın istismarı ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar itirilmiş qazın həcminin hesablanmasına dair ******* nömrəlili akt tərtib edilmiş, akta əsasən itirilmiş qazın həcmi 4320 kub qəbul edilmiş və 1080 manat borc müəyyən olunmuşdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 25.06.2021-ci il tarixli MSK-29/1640-00948-05 saylı Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktın surətindən görünür ki, Dövlət yoxlamasına aparılmış G4 markalı smart-kart tipli qaz sayğacına 25.06.2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsində sayğacın klapanının açıq olması, kənar təsir nəticəsində sayğacın plastmas qapağı LCD ekranının sınması, sayğacın hesablama mexanizminin işləməməsi, hava keçirməsi aşkar olunmuşdur. 30.07.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, MSK-29/1640-00948-05 saylı akta əsasən dəymiş ziyanın hesablanması qərara alınmışdır. 30.07.2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan 4320 kub.metr müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2021-ci ilin iyul ayına 1080 manat borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G4 markalı smart-kart tipli qaz sayğacı Dövlət yoxlamasına aparılmış, sayğaca 25.06.2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsində sayğacın klapanının açıq olması, kənar təsir nəticəsində sayğacın plastmas qapağı LCD ekranının sınması, sayğacın hesablama mexanizminin işləməməsi, hava keçirməsi aşkar olunaraq 25.06.2021-ci il tarixli MSK-29/1640-00948-05 saylı Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyanın hesablanması qərara alınmaqla 30.07.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktı tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2021-ci ilin iyul ayına 1080 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi akta əsasən iddiaçıya 1080 manat məbləğində borc hesablanması müəyyən olunduğundan iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia təmin edildiyini və iddiaçı tərəfindən mediasiya xərcinin ödənilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, 30,8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 1080 manat borc silinsin. 30,8 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar