Məhkəmə qərarları › İş №e-2-2(113)-1683/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1683/2021

01.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1683/2021 01.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi, Vəkil oğlunun və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinin Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanan cərimə borcunun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativi iddia ərizəsi və iddia tələbinin hüquqi əsasının artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” MTK barəsində Cavabdeh ASC tərəfindən tərtib edilmiş 09.01.2018-ci il tarixli 09307 saylı akt əsasında iddiaçı “xxxx” MTK-ya əsassız olaraq hesablanmış 27468 manat borcun silinməsi öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı“xxxx” MMC Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti 10C ünvanında fəaliyyət göstərir. Həmin MMC-yə 082283 saylı müqavilə əsasında Cavabdeh ASC tərəfindən “Rusel Plaza”-ya bütövlükdə baxış keçirildikdən sonra su sayğacı quraşdırılmışdır və hər-hansı kənar müdaxilə də aşkar edilməmişdir. Bundan sonra isə, hər ay müvafiq olaraq Cavabdeh ASC-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və borclar hesablanmışdır ki, həmin borclar da onlar tərəfindən vaxtıvaxtında ödənilmişdir. Cavabdeh ASC-nin vəzifəsi - hər ay sayğaca baxış keçirərək hər hansı müdaxilənin olmasını vaxtında aşkar etməklə istehlakçıya bu barədə verməkdir ki, onlara da bu barədə heç bir məlumat verilmədən əsassız olaraq 27468 manat borc hesablanmışdır. Sonradan iddiaçı “xxxx” MMC hüquqi quruluşunu dəyişərək “xxxx” MTK olmuşdur. Hal-hazırda iddiaçı “xxxx” MTK-nın sudan istifadəyə görə hər hansı borcu qalmamışdır. Onlar istifadə etmədikləri suya görə hər hansı ödəniş etməyə borclu deyillər. Cavabdeh” ASC tərəfindən 09.01.2018-ci il tarixdə iddiaçı “xxxx” MTK barəsində 09307 saylı akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, guya obyektin su təchizatına baxış zamanı sayğacdan keçməyən d=50 mm boru vasitəsi ilə sudan qeyri qanuni istifadə olunma aşkar olunmuşdur. “Su Təchizatı və X3” Azərbaycan Respublikasının Qanunun 24.-cü maddəsinə əsasən: Su təchizatı sisteminə qoşulmağa qoyulan tələblər; 1.) Su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydadatələb edə bilər: a) su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını; b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını tələb edə bilər; Lakin Cavabdeh ASC iddiaçıya heç bir xəbərdarlıq eləmədən barəsində akt tərtib edərək qanuni əsaslar olmadan şişirdilmiş bir məbləğdə cərimə yazmışdır. “Su Təchizatı və X3” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə (Qanunsuz qoşulma) əsasən, Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiyasisteminə qoşulmaq qadağandır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, küçələrdə quraşdırılmış supaylayıcı kranlarından suyu ancaq məişət (təsərrüfat)- içməli məqsədlər və su təchizatı müəssisəsi tərəfindən müəyyənləşdirilmiş digər məqsədlər üçün götürməyə icazə verilir. Onlar tərəfindən həmin sayğaca hər hansı bir müdaxilə olmamış və əlavə xətt çəkilməmişdir. Bundan başqa abonent olaraq iddiaçının da qanuni əsaslarla su təchizatından istifadə etmək hüququ vardır. Bu cərimə borcundan sonra dəfələrlə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən və həmin cərimə borcu tezliklə ödənilmədiyi halda suyun verilişinin əlavə xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmiş, hətta bir neçə dəfə sularını kəsməyə cəhd göstərmişlər. Qeyd olunan borcun silinməsi ilə bağlı cavabdeh təşkilata tərəflərindən müraciət edilsə də, onlara həmin borcun silinməsinin mümkün olub-olmaması barədə hər hansı bir cavab verilməmişdir. Tərtib edilmiş aktda göstərilənlər və 27479,43 manat cərimə kimi əlavə sərfiyyatın hesablanması tamamilə əsassızdır. Həmçinin həmin akt tərtib edilərkən iddiaçının və hal şahidlərinin iştirakı təmin edilməmiş, su sayğacına baxışın keçirilməsi haqqında qərarın surəti və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və digər məlumatlar onlara təqdim edilməmişdir. Aktla razı olmadıqlarını bildirməklə imza etməkdən imtina etmişlər. Hesab edirlər ki, akt ləğv edilməli və onun əsasında hesablanmış 27468 manat borc silinməlidir. Cavabdeh ASC-nin nümayəndəsi X2 iddiaya etiraz verərək, bildirmişdir ki, iddiaçı “xxxx” Mənzil-Tikinti Koorperativi ilə Cavabdeh ASC arasında 01.11.2002-ci il tarixində, 19167599 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıya su və kanalizasiya xidməti göstərir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Su Məcəlləsinin 97-ci maddəsində göstərildiyi kimi, bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan pullu istifadə edilir. Sudan pullu istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Müvafiq olaraq, Cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun müvafiq qaydada razılaşdırılmadan qoşulmaqla və ya sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları Cəmiyyətlə gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi mübahisələr yaratmış olur. İstehlakçı “xxxx” Mənzil-Tikinti Koorperativinə göstərilən xidmət haqqının dəyərinin hesablanması 14.11.2016-cı il tarixindən həmin ünvana quraşdırılmış ALFASU markalı 50047389 nömrəli sayğac vasitəsilə aparılır. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 09 yanvar 2018-ci il tarixində Xətai rayonu, Babək prospekti 10C ünvanında fəaliyyət göstərən “xxxx” Mənzil-Tikinti Koorperativinə məxsus obyektin su təchizatına baxış keçirilərkən iddiaçı tərəfindən d=50 mm-lik boru ilə sayğacdankənar qeyri-qanuni su xəttinin qoşulması faktı aşkar edilmişdir. Sudan qeyriqanuni istifadə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin tərtib edilmiş akta əsasən cəmi 27468 manat məbləğində olması müəyyən edilmişdir. Qanunsuz qoşulmanın olduğunu sübut edən video görüntü də qeydə alınmışdır. Sudan qanunsuz istifadə halı video görüntü ilə sübuta yetirilmişdir. İddiaçı iddia ərizəsində sudan qanunsuz istifadə olmaması faktını iddia etsə də, heç bir sübutla əsaslandıra bilməmişdir. Hal-hazırda Azərbaycan Respublikası ərazisində su çatışmamazlığı ilə bağlı problemlər yaranmışdır. Yaranmış vəziyyətin başlıca səbəblərindən biri də su itkiləridir. Su itkiləri aradan qaldırılması ilə bağlı çıxışında Azərbaycan Respublikasının Prezidenti də müvafiq göstərişlər vermişdir. Həmin göstərişlər əsasında Cəmiyyət tərəfindən aparılan yoxlamalar nəticəsində qanunsuz qoşulma faktları aşkar edilmişdir. Bu səbəbdən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazının hüquqi əsası kimi “Sudan istifadə qaydalarının” 8.6-cı, 8.7-ci bəndlərinə, “Su təchizatı və X3” AR Qanunun 67-ci, 72ci maddələrinə, Su Məcəlləsinin 103-cü maddəsinə, Mülki Məcəllənin 21.2-ci və 1096.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi, Vəkil oğlu iddia ərizəsində və iddia tələbinin hüquqi əsasının artırılması barədə ərizədə qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazla eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 09.01.2018-ci ildə tərtib edilmiş MXD-09307 nömrəli inventar aktından görünür ki, “xxxx” Mənzil-Tikinti Kooperativinin su təchizatına baxış zamanı sayğacdan keçməyən d=50 mm boru vasitəsi ilə sudan qeyri qanuni istifadə olunma aşkar olunmuşdur. 09.01.2018-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, MMC Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti 10C ünvanında “xxxx” Mənzil- Tikinti Kooperativi 13734 m3 miqdarında 27468 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh ASC tərəfindən “xxxx” Mənzil-Tikinti Kooperativinə hesablanmış 27468 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “xxxx” MTK barəsində Cavabdeh ASC tərəfindən tərtib edilmiş 09.01.2018-ci il tarixli 09307 saylı akt əsasında iddiaçı “xxxx” MTK-ya əsassız olaraq hesablanmış 27468 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar