Məhkəmə qərarları › İş №e-2-2(113)-1690/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1690/2022

25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1690/2022 25.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada dəymiş maddi zərərə görə 20.000 manat, əldən çıxmış faydaya görə 25331,94 manat, mənəvi zərərə görə 10000 manat və mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 200 manat və ödənilmiş 34 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh2 arasında 04 mart 2016-cı il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,4 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. İcarə müddəti 04 mart 2019-cu ilə qədər müəyyən edilmişdi. Həmin mağazanı tikinti materiallarının satışı mağazası kimi işlətmişdir. 08 oktyabr 2017-ci il tarixdə icarəyə götürdüyü mağazaya gələndə orada onu Cavabdeh1 qarşılamışdır. Cavabdeh1 ona icarəyə verdiyi mağazanın qarşısında olan ticarət polkalarının söküldüyü üçün mağazanın icarə dəyərinin qalxdığını və icarə haqqını qaldırdığını bildirdi. İddiaçı bu tələblə razı olmadığını, aralarında icarə müqaviləsinin, eləcə də qarşılıqlı razılaşmanın olduğunu bildirmiş, bu zaman Cavabdeh1 mağazanın açarlarını ondan zorla alaraq, iddiaçını oradan qovmuşdur. Həmin vaxt mağazada 25000 manat dəyərində tikinti materialları var idi. Səhəri gün, yəni 09 oktyabr 2017-ci il tarixdə atası həmin mağazaya getmiş, mağazada 3 rəfin tamamilə boşaldığını, malların şirkətlərə qaytarıldığını görmüşdür. Hazırki iş üzrə cavabdehlərin kimlərə və hansı şirkətlərə mal qaytardığı barədə dəqiq məlumatı yoxdur. Bu yaxınlarda iki nəfər ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddiaçılar cavabdeh tərəfindən onlara mal qaytarılmadığını bildirmişlər. Cavabdehlər icarə müqaviləsinin şərtlərini pozaraq onu vaxtından əvvəl mağazadan çıxarmışlar, nəticədə işsiz qalaraq çox çətin vəziyyətə düşmüşdür. Heç bir təqsiri olmadan ona qarşı haqsızlıq edilmiş, o da əsəbləşərək bıçaqla özünə xəsarət yetirmişdir. Onun mağazasında 08 oktyabr 2017-ci il tarixə 25000 manat dəyərində malı olmuşdur. Cavabdehlər həmin maldan təqribən 5000 manat dəyərində malı şirkətlərə geri qaytarmış, qalan 20000 manat dəyərində malı isə özlərinə götürmüşlər. Bununla da cavabdehlər ona 20000 manat maddi zərər vurmuşlar. Sözügedən malları Suraxanı rayonu Hövsan qəsəbəsi Pioner küçəsində yerləşən 3 otaqlı evini satıb, onun puluna almışdır. Bundan əlavə öz şəxsi vəsaiti ilə mağazaya müşahidə kamerası quraşdırmışdır. Həmin müşahidə kamerasını, nisyə dəftərini və digər şəxsi əşyalarını götürməyə Cavabdeh1 imkan verməmişdir. Qeyd edilənlərdən başqa cavabdehlər tərəfindən ona mənəvi ziyan da vurulub. Belə ki, cavabdehlərin hərəkəti nəticəsində onun işgüzar nüfuzuna xələl gətirilib. Cavabdehlərin hərəkəti nəticəsində onun səhhətində problem yaranmış, müayinə və müalicə olunmuşdur. Son dörd ilə yaxın müddətdə cavabdehlərin qanunsuz və qərəzli hərəkətləri ilə onu əsəbləşdirmələri dəfələrlə əsəbi gərginlik keçirməyinə və həkimə müraciət etməyinə səbəb olmuşdur. O da əsəbləşərək hər dəfə psixi gərginlik keçirmişdir. Bütün bunları o, mənəvi ziyan kimi qiymətləndirir. Ona vurulmuş mənəvi zərərə görə cavabdehlərdən 10000 manat tələb edir. Cavabdehlər öz növbəsində iddiaya yazılı etiraz təqdim edərək göstərmişlər ki, Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küşəsi 73 ünvanında yerləşən, sahəsi 29.4 kv metrdən ibarət olan obyekt Ruhiyyə Məmmədovaya məxsusdur. Qeyd olunan obyektdə Cavabdeh1 əvvəllər tikinti materiallarının satışı ilə məşğul olmuş və həmin vaxtlarda İddiaçı satıcı kimi işləmişdir. Oqtayla həm də qohumluq münasibətləri var. Bir müddət sonra artıq fiziki işlərdə işləyə bilmədiyi üçün həmin obyekti icarəyə vermək qərarına gəlmişdir. İddiaçı həmin obyekti icarəyə götürmək istədiyini bildirmişdir. Onunla qohumluq əlaqəsi olduğu üçün, Oqtayın atasının da xahişi ilə obyekti iddiaçıya icarəyə verməyə razılaşmışdır. 2016-cı ilin yanvar ayında aralarında olan şifahi razılaşmaya əsasən mağazanı iddiaçıya təhvil vermişdir. Həmin vaxt mağazada 20.000 manat dəyərində mal qalmışdır. Həmin malları İddiaçı sayaraq təhvil vermişdir. Həmin malları İddiaçı 1 il ərzində sataraq hər ay 1000 ABŞ dolları olmaqla bir il ərzində ödəyib mallara görə ona olan borcunu bağlamağı öhdəliyinə götürmüşdür. Beləliklə, bundan sonra mağazanın rəsmi mülkiyyətçisi kimi qızı Ruhiyyə Məmmədova ilə İddiaçı arasında aylıq icarə haqqı 1500 manat olmaqla 04.03.2016-cı il tarixində rəsmi icarə müqaviləsi bağlamışlar. Həmin vaxt İddiaçı birinci ayın icarə haqqını güzəşt edəcəyini bildirmişdir, bir şərtlə ki, aylıq icarə haqqını müntəzəm olaraq ödəsin. İddiaçı bütün yuxarıda göstərdiyi şərtlərlə razılaşaraq obyekti işlətməyə başladı. 2017-ci ilin mart ayına kimi İddiaçı mallara görə bütün borcunu ödəməli idi. Lakin 2017-ci ilin mart ayına kimi İddiaçı ona mallara görə cəmi 5500 ABŞ dolları pul ödəmişdir. Bu səbəbdən də həmin tarixdə mağazaya gəlmiş və mağazada malın demək olar ki, tam azaldığının şahidi olmuşdur. Lakin Oqtay ona bildirmişdir ki, firmalara demişdir ki, onların mallarının əvəzinə başqa mallar gətirəcəklər. Bundan sonra Oqtay hissə-hissə olmaqla əlavə 4600 ABŞ dolları pulu ona qaytardı. Bütün bunlardan sonra İddiaçı ona 1900 manat borcu qaldı. Həmin vaxtlarda İddiaçı ona zəng vuraraq icarə haqqını ödəməkdə çətinlik çəkdiyini və mağazanın bir hissəsini bölüb ayrı icarəyə vermək istədiyini bildirdi. O da həmin hissənin 3-4 kv metr olmaq şərti ilə icarəyə verilməsinə icazə vermişdir. Bir neçə gün sonra Oqtay icarə haqqını gecikdirdiyi üçün mağazaya yollanmış və mağazanın tən yarısının bölünüb başqa şəxsə icarəyə verdiyinin şahidi olmuşdur. Beləliklə, icarəçi İddiaçı icarəyə verdiyi mağazanın həm icarə haqqını gecikdirdiyi üçün, həm də ondan icazəsiz mağazanı tən yarıdan bölərək başqa şəxsə icarəyə verdiyi üçün, həm də ona məxsus malları sataraq pulunu mənimsədiyi üçün mağazanın ona qaytarılmasını tələb etmişdir. İddiaçı 09.10.2017-ci ildə mağazanın açarlarını ona verərək çıxıb getmişdir. Bundan sonra bir neçə dəfə Oqtaya zəng vurub mağazanı təhvil-təslim etməyi tələb etsə də, Oqtay mağazaya gəlməmişdir. O da məcburiyyət qarşısında qalıb Oqtayın atası Mehman Osmanovun iştirakı ilə mağazada qalan malların təhvil-təslimini aparmışdır. Bundan sonra mağazada qalan mallar Mehman Osmanovun iştirakı ilə İddiaçı borclu olduğu firmalara qaytarılmışdır. İddiaçı mağazanı yarı bölərək icarəyə verdiyi şəxs 2017-ci ilin oktyabr ayı üçün 600 manat icarə haqqını tam ödədiyini bildirmişdir. Bu səbəbdən də oktyabr ayının sonunadək mağazadan çıxmamış və icarəyə götürdüyü mağazanın yarı hissəsini ona təhvil verməmişdir. Bundan sonra 11.10.2017-ci il tarixində qızının adından etibarnamə ilə Notariat Kontoruna müraciət edərək icarə müqaviləsinin ləğv olunması üçün ərizə yazmışdır. Bir müddət sonra Oqtayın sonuncu oktyabr ayı üçün ödəməli olduğu, ancaq ödəmədiyi icarə haqqını və razılaşmaya əsasən ona verdiyi malların dəyərinə görə borclu qaldığı 1900 ABŞ dollarını İddiaçı tələb etmişdir. Lakin Oqtay borcun qaldığını etiraf etsə də, pulunu qaytarmadı. Bir müddət sonra İddiaçı bıçaqla özünə xəsarət yetirərək guya ki, mağazanın qarşısında onun tərəfindən özünə xəsarət etməyə təhrik etdiyini bildirmiş və polisə ərizə ilə müraciət etmişdir. Bundan sonra polisə ərizə ilə müraciət edərək guya ki, onun mağazada mallarının qaldığını bildirərək, ondan pul tələb etmişdir. İddiaçı hər iki ərizəsini polis və prokurorluq araşdırması zamanı, İddiaçı heç mağazaya gəlmədiyi müəyyən olunmuş, həmçinin İddiaçı həqiqətən də malların puluna görə ona 1900 ABŞ dolları borclu olduğunu və icarə haqqına görə 3000 manat borclu olduğunu etiraf etmişdir. Bundan sonra o və qızı Cavabdeh2 Oğuz Rayon Məhkəməsinə müraciət edərək, malların puluna görə ona borclu qaldığı 1900 ABŞ dolları və icarə haqqına görə borclu qaldığı 3000 manat pulun İddiaçı alınaraq onlara ödənilməsi üçün iddia qaldırmışdır. Oğuz Rayon Məhkəməsində cavabdeh qismində İddiaçı mağazanı ona təhvil verərkən orada malların qaldığını etiraf etmiş və razılaşmaya əsasən satıb pulunu ona verməli olduğunu bildirmişdir. Həmçinin icarə haqqının aylıq 1500 manat olduğunu, lakin birinci ayın icarə haqqının ona bağışdanıldığını bildirmişdir. Həmçinin mağazanı böldüyünü də etiraf etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə müraciət etməsinin əsas səbəbi, mağazada işlədiyi müddətdə firmaların mallarını sataraq mənimsədiyi üçün firma işçilərinin onu məhkəməyə verməsi olmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrı-ayrılıqda iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili A.Quliyev əlavə olaraq bildirdi ki, icarə müqaviləsi üzrə icarə obyekti iddiaçıdan geri alınmasaydı, iddiaçı adi dövriyyə şəraitində gəlir əldə etməli idi, bu səbəbdən iddia tələbinin həcmi tərəflərindən artırılmış, hazırda əlavə olaraq bu səbəbdən əldən çıxmış faydaya görə 25331,94 manat tələb edilir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib, iddia ərizəsinə dair etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə obyekti artıq sökülmüş, bundan əlavə, iddiaçı obyektdən 08.10.2017-ci ildə çıxarılmış, hazırkı iddia ərizəsi ilə isə məhkəməyə yalnız 4 ildən sonra müraciət etmişdir, bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Sübutların tədqiqi: İddiaçı (icarəçi) ilə Cavabdeh2 (icarəyə verən) arasında bağlanmış 04 mart 2016-cı il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 29,4 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni icarəçi İddiaçı icarəyə verir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə müddəti 04.03.2019-cu il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti 1 il müddətinə uzadılmış hesab edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli **********496800 nömrəli ödənilmiş vəsait haqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 01.01.2016-cı il tarixdən 01.01.2020-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə 1434 manat vergi məbləği ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli **********954900 nömrəli ödənilmiş vəsait haqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 01.01.2016-cı il tarixdən 22.04.2022-ci il tarixədək olan dövr ərzində tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyənnaməsi məlumatlarına əsasən dövriyyə məbləği 9975 manat təşkil etmişdir. 17 may 2018-ci il tarixli "xxxx" Boya Şirkəti ilə iddiaçı arasında bağlanmış borcların təsdiqi aktından görünür ki, iddiaçının "xxxx" Boya Şirkətinə olan borcu aktın imzalanması tarixinə 3620,93 manat təşkil edir. 29 dekabr 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 23.11.2017-ci il tarixdə vətəndaş İddiaçı DİN-in 102 xidmətinə Təzə bazarda tikinti material dükanı Cavabdeh1 2019-cu ilə kimi müqavilə ilə götürdüyü dükanda olan 40.000 manat dəyərində olan tikinti materiallarını 10.09.2017-ci il tarixdə Cavabdeh1 yarı hissəsini özünə götürmüş, yarısını firmalara paylamasını bildirmiş, 30.11.2017-ci il tarixdə İddiaçı eyni məzmunlu ərizə ilə Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə müraciət etmiş və Cavabdeh1 barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş etmişdir. Cavabdeh1 barəsində cinayət hadisəsi olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04 mart 2016-cı il tarixli icarə müqaviləsinə əsasən ona vurulmuş 20.000 manat maddi zərərin ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Oğuz Rayon Məhkəməsinin 2(054)-76/2018 saylı, 29.03.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiaları qismən təmin edilmiş, cavabdeh İddiaçı 04 mart 2016-cı il tarixli icarə müqaviləsi üzrə icarə haqqı olaraq 450 manat, əmlakın digər şəxsə kirayəyə verilməsinə görə 600 manat, cəmi 1050 manat pulun tutularaq iddiaçılara ödənilməsi, habelə cavabdeh İddiaçı ona təhvil verilmiş malların dəyərinə görə ödənilməmiş qalan 1900 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 03 mart 2022-ci il tarixli MŞB/6-856 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 200 manat mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, tikinti materiallarının satışı ilə məşğul olur. İddiaçı ilə eyni yerdə işləmişdir. Allahverdi ona zəng edib mağazanın bağlanacağını və orada ona aid olan malların gəlib götürməsini demişdir. 1200 manat məbləğində mal artıq istehsala yararsız idi, Oqtayın ona hazırda təxminən 3000 manatdan artıq borcu var. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Oqtay onun oğludur. Cavabdeh1 qohumudur, doğma dayısıdır. Allahverdi ona zəng edib Oqtayı mağazadan qovduğunu demişdir. 08.10.2017-ci il tarixində o, Bakıya gəlmiş, mağazaya gələrək rəfin birinin tamamilə boş olduğunu görmüş, Oqtaya zəng edib mağazaya gəlməsini istəmişdir. Bir az keçəndən sonra bir xanım ona zəng edərək Oqtayın özünə xəsarət yetirməsi səbəbindən xəstəxanada olduğunu demişdir. Mallar firmalara geri qaytarılanda orada iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, "xxxx" Şirkətində işləyir. 2017-ci ildə Oqtay ilə tanış olmuş və həmin vaxtdan etibarən onunla işgüzar münasibətlərimi başlamışdır. Oqtayın ona təxminən 3000 manata yaxın borcu qalmışdır. Oqtay həmin mağazada işlədiyi dövrdə həftədə 2-3 dəfə mağazaya gəlirmiş. Oqtaydan başqa orada bir nəfər satıcı da işləyirdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, "xxxx" Şirkətində satış təmsilçisi vəzifəsində işləyir. Ona Allahverdi zəng edib mağazaya gəlməsini istəmiş, malları təhvil almalı olduqlarını demişdir. Mənsur, o və auditor M.İbrahimov ilə mağazaya getmişlər. Mağazaya gələndə Cavabdeh1 və digər firmaların əməkdaşlarının orada olduğunu görmüşlər. Malların təhvil alınmasına heç kim nəzarət etmirdi. Yeni sifarişlərin alınması və realizə olunmuş malların dəyərinin alınması üçün ayda 1-2 dəfə mağazaya gedirmiş. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, "xxxx" Şirkətində auditor vəzifəsində işləyir. Ona menecer zəng edib malları geri götürməli olduqlarını demişdir. Malların təhvil alınmasına kimin nəzarət etdiyini xatırlamır. Malları təhvil alanda Oqtay orada deyildi, atasının orada olub-olmamasını xatırlamır. Oqtayın səhhəti ilə əlaqədar müəyyən problemlərinin olduğuna görə ondan qalıq borcun ödənilməsini hələ ki tələb etmirlər. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, 2017-ci ildə o, şadlıq evində çalışırdı. Oqtayı təxmini 10-15 ildir ki tanıyır. Ona zəng edib demişlər ki, Cavabdeh1 Oqtayı mağazadan çıxarıb. Daha sonra o, mağazaya gəlmiş və orada artıq malların olmadığını görmüşdür. Oqtay həmin mağazada tək işləyirdi. Cavabdehlə Oqtayın mübahisəsinin hansı səbəbdən yaranması barədə məlumatsızdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, "xxxx" Şirkətində işləyir. Hər iki tərəfi uzun müddətdir ki, tanıyır. Belə ki, həmin mağaza əvvəl Cavabdeh1 istifadəsində olmuş, daha sonra İddiaçı icarəyə verilmişdir. Oqtayın ona 20.000 manatdan çox borcu var idi. Daha sonra mağazanın bağlanacağını biləndən sonra gəlib ona məxsus olan malları təhvil almış və Oqtayın ona 12.500 manat məbləğində borcu qalmışdır. Həmin borc Oğuz Rayon Məhkəməməsində mübahisələndirilmiş və Məhkəmə 06.05.2021-ci il tarixdə 12.500 manat borcun cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin pul Oqtay mağazadan çıxarılmazdan bir il əvvəl yaranmış olan borc idi. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın əvəzi olaraq 20000 manat pulun ödənilməsi hissəsində əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ona məxsus olan və dəyəri 20000 manat təşkil edən daşınar əşyaların cavabdehlərin təqsiri üzündən məhv olmasını, bununla ona zərər dəydiyini iddia etsə də, həmin dəyərdə ona məxsus əşyaların ümumiyyətlə mövcud olduğu, 20000 manat ziyanın da məhz cavabdehlərin hərəkətləri nəticəsində yaranması sübut olunmamış, iddiaçı tərəfindən də belə sübutlar təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçı izahatında müxtəlif şirkətlərdən tikinti materialları (boyalar və sairə) aldığını, həmin materialların 08.10.2017-ci il tarixədək mağazada olduğunu bildirsə də, ziyanın hansı qaydada hesablandığını, cinayət işinin başlanması üçün müraciət edilərkən ona dəymiş ziyanın 40000 manat, hazırkı iddia ərizəsində isə 20000 manat göstərilməsinin səbəbini izah edə bilmədiyini, həmin ziyanı təqribi olaraq hesabladığını bildirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər, zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. İddiaçı bu hissədə yalnız şahid ifadələri təqdim etmişdir. İddiaçının təqdim etdiyi şahidlər ifadələrində iddiaçıya müəyyən dəyərdə olan tikinti materiallarını təhvil verdiklərini, iddiaçı icarə obyektindən çıxarıldıqdan sonra dəyəri ödənilməmiş həmin malların onlara tam şəkildə təhvil verilmədiyini, iddiaçının bu səbəbdən onlara borclarının qaldıqlarını bildirsələr də, lakin həmin tikinti materiallarının iddiaçıya hansı tarixdə, hansı dəyərdə verilməsini, konkret olaraq nə qədər borcun qalmasını, həmin materialların həqiqətən cavabdehlər tərəfindən məhv edilməsi barədə konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər. Beləliklə də iddiaçının təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr hazırkı iş üzrə sübut kimi qiymətləndirilə bilməz. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində əldə çıxmış faydaya görə ona 25331,94 manat pulun tutulması tələbini də irəli sürmüşdür. Bununla bağlı göstərmişdir ki, 08.10.2017-ci ildə icarə obyektindən məcburi olaraq çıxarılmış, nəticədə 54 ay ərzində aylıq qazanc əldə etmək imkanından məhrum olmuşdur. Lakin iddiaçı “dövriyyə məbləği barədə” 25.04.2022-ci il tarixli arayışdan başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız həmin arayışa əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehlərdən əldən çıxmış fayda kimi 25331,94 manat pul tutması mümkün deyil. Göründüyü kimi, tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə də iddia tələbi təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin üçüncü, yəni mənəvi ziyana görə 10000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi hissəsində də əsassız hesab edir. Belə ki, işin araşdırılan halları ilə cavabdehlər tərəfindən iddiaçının hər hansı hüququnun pozulduğu və ya ona ziyan vurması halı müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Nəticə: Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 200 manat mediasiyaya dair xərc və 34 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar