Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1694/2021 26.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya işinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 62982,76 (altmış iki min doqquz yüz səksən iki manat yetmiş altı qəpik) manat borcunun "Cavabdeh" MMC-dən (VÖEN: **********) tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Cavabdeh" MMC-nin (VÖEN: **********) dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 62982,76 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” Xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc Xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Qanununun 14-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Mülki Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmçinin, “Torpaq icarəsi haqqında” Qanunun 29-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, "Cavabdeh" MMC (VÖEN: **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə dövlət büdcəsinə 62982,76 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı "Cavabdeh" MMC-yə “Torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə” aidiyyəti üzrə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu tərəfindən xəbərdarlıq məktubu ilə tanış olunmasına baxmayaraq, yaranmış borc dövlət büdcəsinə ödənilməmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində göstərilir ki, torpaq sahəsindən istifadəyə görə yaranmış icarə haqqını vaxtında ödəmək icarəçinin vəzifəsidir. Göründüyü kimi, "Cavabdeh" MMC tərəfindən torpaq icarəsi üzrə yaranmış borc dövlət büdcəsinə vaxtında ödənilməməklə qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr icra edilməmişdir. İddiaçı tərəf ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 icarə müqaviləsinin 2012-ci ildə etibarsız hesab edildiyini bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 06.08.2010-cu il tarixli 309 saylı sərəncamı ilə “Cavabdehnə” Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində yerləşən torpaq sahəsində, 2-ci, 3-cü dəniz bəndləri arasındakı su fondu torpaq sahəsində, ümumilikdə 500,0 ha torpaq sahəsində “Yeni şəhər” kompleksinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında “Cavabdehnə” icazə verilmişdir. Bundan sonra 09 fevral 2012-ci il tarixində “icarəyə verən” Bakı şəhər İcra Hakimiyyəti ilə “icarəçi” Cavabdeh arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 06.08.2010-cu il tarixli 309 saylı sərəncamı ilə ayrılmış Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində yerləşən torpaq sahəsi barəsində 0949 saylı icarə müqaviləsi bağlanır. İcarə müqaviləsi 49 il müddətinə bağlanır və icarə haqqı illik ******* (bir milyon) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz (81)-2146/2012 saylı 10 oktyabr 2012-ci il tarixli qərarı ilə iddiaçı Cavabdehnin iddiası təmin edilərək Cavabdeh ilə Bakı şəhər İcra Hakimiyyəti ilə aralarında bağlanmış Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində yerləşən torpaq sahəsində, 2-ci, 3-cü dəniz bəndləri arasındakı su fondu torpaq sahəsində, ümumilikdə 500,0 ha torpaq sahəsinin verilməsinə dair 09 fevral 2012-ci il tarixli 0949 saylı icarə müqaviləsi etibarsız hesab edilmiş və qeyd edilən torpaq sahəsinin 13.03.2012-ci il tarixdən “Cavabdeh” daimi istifadəsinə verilmişdir. Qeyd olunan qərar qanuni qüvvəyə minmişdir. İş materiallarına əlavə edilmiş ləğvetməyə dair bildirişdən görünür ki, 0949 saylı 09.02.2012-ci il tarixli torpaq icarə müqaviləsinə Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz (81)-2146/2012 saylı, 10.10.2012-ci il tarixli qərarı ilə 13.03.2012-ci il tarixdən xitam verilmişdir. Hazırda isə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia qaldıraraq yuxarıda qeyd olunan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 62982,76 manat borcunun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi iddiaçı tərəf məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə etibarsız hesab edilmiş müqavilə üzrə icarə haqqını tələb etdiyindən hazırkı iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1694/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1694/2021
26.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver