Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1696/2021 29.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi Cavabdeh nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı icarə haqqına görə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 27035,8 manat borcun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 27035,8 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” Xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Qanununun 14-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Mülki Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmçinin, “Torpaq icarəsi haqqında” Qanunun 29-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə dövlət büdcəsinə 27035,8 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı Cavabdeh MMC-yə “Torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə” aidiyyəti üzrə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu tərəfindən xəbərdarlıq məktubu ilə tanış olunmasına baxmayaraq, yaranmış borc dövlət büdcəsinə ödənilməmişdir. Cavabdeh nümayəndəsi, Vəkil 29.04.2021-ci il tarixli iddiaya etirazında qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 220 saylı, 17.08.2005-ci il tarixli sərəncamı, 28.12.2005-ci il tarixli, 11868 saylı inşaat pasportu əsasında Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi ünvanında yaşayış binasının tikintisi məqsədilə Cavabdeh MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında 11 aprel 2006-cı il tarixli 0703 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə illik icarə haqqı məbləği 2040,82 manat olmaqla 2018-ci il tarixdən 13 oktyabr 2020-ci ilədək dövrü əhatə edən, ümumilikdə 6122,46 manat (36 ay) Cavabdeh MMC-nin şəxsi vərərəqəsində yerləşdirilmişdir. Belə ki, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarını icarəyə və istifadəyə vermək səlahiyyəti Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edildiyindən Yasamal rayonu, Yeni- Yasamal yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin icarəyə verəni 2018-ci ildən dəyişmiş və yeni icarəyə verən qismində sözügedən qurumla "Cavabdeh” MMC arasında “hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 9 fevral 2018-ci il tarixli 436 nömrəli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.48-ci yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən isə dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Cavabdeh MMC Yasamal rayonu, Yeni - Yasamal yaşayış massivindəki torpaq sahəsinə görə 2018-ci ilədək qüvvədə olan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlamış olduğu 11 aprel 2006-cı il tarixli 0703 nömrəli icarə müqaviləsi üzrə bütün öhdəliklərini yerinə yetirmiş və həmin dövr üzrə bütün icarə häqqı ödənişlərini etmişdir. “Cavabdeh" MMC-nin Yasamal rayonu, Yeni - Yasamal yaşayış massivində inşa etdiyi çoxmənzilli yaşayış binasına Azərbaycaq Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İstismara icazə verildiyindən habelə, bina sakinlərinin mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışları əldə etməyə başlamaları səbəbindən Cavabdeh MMC Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlamış olduğu 9 fevral 2018-ci il tarixli 436 nömrəli müqavilə üzrə icarə haqqı məbləğlərini 18 yanvar 2021-ci il tarixdə tam olaraq İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödəmiş və son olaraq, müqaviləvə sözügedən gurum tərəfindən xitam verilmişdir. Hazırki mübahisə üzrə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlanılmış müqaviləyə istinad elərək Cavabdeh MMC-dən 2018-ci ildən sonraki dövr üzrə icarə haqqı məbləğlərini hesablaması və tələb etməsi tamamilə qanunsuz və əsassızdır. Həmin dövr üzrə Cavabdeh MMC həmin torpaq sahəsininin icarəsi ilə bağlı müqaviləni Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlamış və müqavilə üzrə bütün ödənişləri həmin quruma etmişdir. İddiaçı Bakı səhəri X1 İdarəsinin iddia tələbinin mahiyyətindən görünür ki, bir dövlət qurumu (Dövlət vergi xidməti və Əmlak Məsələləri Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin tərkibindədir) "Cavabdeh” MMC-dən eyni torpaq sahəsinə görə habelə, eyni dövr üzrə iki dəfə icarə haqqı məbləğini tələb edir. Ehtimal etsələr ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilə bağlanan zaman “xxxx" MMC-ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında olan müqaviləyə sözügedən qurum tərəfindən xitam verilməmiş olsun, bu halda bir torpaq sahəsi ilə eyni vaxtda iki icarə müqaviləsinin mövcudluğu məsələsi ortaya çıxır. Hər bir halda 6122,46 manatın qanunsuz olması və əsassız olaraq Cavabdeh MMC-dən tələb edilməsi tərəflərindən təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. 27 fevral 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyəti Başçısının 458 saylı, 03.12.2010-cu il tarixli sərəncamı əsasında ünvan 2 ünvanındakı inzibati binanın yerləşdiyi sahə və Ş.Qurbanov, S.Əsgərova, Q.İsmayılov, Ş.Əzizbəyov küçələrinin kəsişməsindəki 425-ci məhəllədə ayrılmış torpaq sahəsində yaşayış binasının tikintisi məqsədilə Cavabdeh MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında 0992 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə illik icarə haqqı məbləği 6971,33 manat olmaqla 2018-ci il tarixindən 13 oktyabr 2020ci ilədək dövrü əhatə edən, ümumilikdə 20913,99 (36 ay) manat məbləğ Cavabdeh MMCnin şəxsi vərəqəsində yerləşdirilmişdir. Belə ki, Cavabdeh MMC-nin ünvan 3 ünvanındakı inzibati binanın yerləşdiyi sahə və Ş.Qurabnov, S.Ələsgərova, Q.İsmayılov, Ş.Əzizbəyov küçələrinin kəsişməsindəki 425-ci məhəllədə ayrılmış torpaq sahəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 12 dekabr 2019-ci il tarixindən icazə verildiyindən bina sakinləri mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışları əldə etməyə başlamışlar. Buna görə də həmin tarixdən etibarən icarə haqqının hesablanması və hesablanmış məbləğin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Cavabdeh" MMC-dən tələb olunması heç bir qanuni əsası yoxdur. Yekun olaraq bildirmək istəyirlər ki, Cavabdeh MMC-nin şəxsi vərəqəsinə 6122,46 manat (11.04.2006 tarixli, 0703 nömrəli müqavilə üzrə) və 13361,71 (27.02.2014-cü il tarixli, 0992 nömrəli müqavilə üzrə), ümumilikdə 19797,19 manat məbləğin yerləşdirilməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi, Vəkil iddiaya qarşı vermiş olduğu 29.04.2021-ci il tarixli etirazla eyni məzmunlu izahat verərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “icarə haqqına görə yaranmış borcun ödənilməsi” tələbinin (11.04.2006-cı il tarixli, 0703 nömrəli müqavilə üzrə hesablanmış 6122,46 manatın və 27.02.2014-cü il tarixli, 0992 nömrəli müqavilə üzrə hesablanmış 13361,71 manatın) ümumilikdə 19797,19 manat məbləği hissədə əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər İcra Hakimiyyəti Başçısının 220 saylı, 17.08.2005-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində 0,3 ha torpaq sahəsi yaşayış binasının tikintisini layihələşdirilməsi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. 09.02.2018-ci il tarixli, 436 nömrəli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilədən görünür ki, İcarəyəverən – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin icarəyə verdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi ünvanında yerləşən 2578,1 m2 torpaq sahəsi yaşayış binasının tikintisi üçün icarəçi - Cavabdeh tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 19320 manat (aylıq icarə haqqı 1610 manat) müəyyən edilmişdir. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, torpağın icarəyə verilməsi üzrə cavabdehə 24.01.2018-13.03.2020-ci illər üçün cəmi 27035,80 manat icarə haqqı hesablanmışdır. 18 yanvar 2021-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, ödənişin təyinatı və əsası 09.02.2018-ci il tarixli 436 nömrəli müqaviləyə əsasən illik icarə haqqı üzrə 32252,27 manat pul vəsaiti Cavabdeh MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülmüşdür. 30 mart 2021-ci il tarixli, **********00 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinə dair bağlanmış 436 nömrəli, 09.02.2018-ci il tarixli icarə müqaviləsi 09.10.2019-cu il tarixindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02.02.2021-ci il tarixli, 13 nömrəli sərəncamına əsasən ləğv edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet portalının çıxarışlarından görünür ki, müvafiq olaraq ünvan 5 ünvanında yerləşən yaşayış binası 118 nömrəli istismara icazə sənədinə əsasən 09.08.2019-cu il tarixindən, ünvan 6 ünvanında yerləşən yaşayış binası 248 nömrəli istismara icazə sənədinə əsasən 12.12.2019-cu il tarixindən istismarına icazə verilmiş, sifarişçi Cavabdeh MMC-dir. Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə yaranmış icarə haqqını vaxtında ödəmək icarəçinin vəzifəsidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olunmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları dövlət büdcəsinə köçürülməlidir. Həmin Qanunun 14-cü maddəsinin 10-cu abzasında qeyd edilmişdir ki, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 23.11.2005-ci il tarixli 321 saylı Fərmanına əsasən, 2006-cı ilin yanvarın 1-dən “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 02.07.2010-cu il tarixli Fərmanının 13-cü bəndinə əsasən, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 2-ci bəndində aşağıdakı dəyişiklik və əlavə edilsin: həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edildiyindən həmin tarixdən sonra yaranmış torpaq icarə haqqı üzrə borcun cavabdehdən tutulması tələbi ilə bağlı iddianın qaldırılmasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin subyektiv hüququ yoxdur. Belə ki, Cavabdeh icarəyə götürdüyü dövlət torpaqlarının üzərində binalar inşa etdiyinə görə hazırki tələblə bağlı iddiaçı qismində yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmədə iddia qaldıra bilər. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı icarə haqqına görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 27035,8 manat borcun tutularaq dövlət büdcəsinə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1696/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1696/2021
29.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver