Məhkəmə qərarları › İş №e-2-2(113)-1699/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1699/2021

27.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1699/2021 27.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə haqqına görə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 18643,17 manat borcun “xxxx” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 18643,17 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” Xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Qanununun 14-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Mülki Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmçinin, “Torpaq icarəsi haqqında” Qanunun 29-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC (VÖEN: **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə dövlət büdcəsinə 18643,17 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı “xxxx” MMC-yə “Torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə” aidiyyəti üzrə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu tərəfindən xəbərdarlıq məktubu ilə tanış olunmasına baxmayaraq, yaranmış borc dövlət büdcəsinə ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktoru) X1 izahatında icarəyə verilmiş torpaq sahələrində çoxmərtəbəli binaların inşa edildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5 və 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər İcra Hakimiyyəti Başçısının 323 saylı, 30.12.2004-cü il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsindəki 2942A saylı məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin 04.05.2000-ci il tarixli, 435 saylı sərəncamı ilə ayrılmış 0,032 ha və on bitişik 0,110 ha, ümumi 0,142 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. 25.07.2005-ci il tarixli, 0563 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, İcarəyəverən – Bakı şəhər İcra Hakimiyyəti 30.12.2004-cü il tarixli, 323 saylı Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı, 18.07.2005-ci il tarixli, 11706 saylı inşaat pasportu əsasında Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsindəki 2942A saylı məhəllədə ayrılmış (1100 m2 olan) torpaq sahəsini çoxmərtəbəli yaşayış binasının tikintisi üçün icarəçi - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 49 il müddətinə illik icarə haqqı ******* köhnə manat (manatın 2006-cı il yanvarın 1-dək olan nominal dəyəri) olmaqla icarəyə vermişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 244 saylı, 01.06.2007-ci il tarixli sərəncamın çıxarışının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 323 saylı, 30.12.2004-cü il tarixli sərəncamının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid 28-ci bəndində dəyişiklik edilərək 0,142 ha ifadəsi 0,242 ha kimi oxunması qərara alınmışdır. 13.02.2008-ci il tarixli, 0822 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, İcarəyəverən – Bakı şəhər İcra Hakimiyyəti 01.06.2007-ci il tarixli, 244 saylı Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı, 18.07.2005-ci il tarixli, 11706 saylı inşaat pasportu əsasında Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsindəki 2942A saylı məhəllədə ayrılmış (1000 m2 olan) torpaq sahəsini çoxmərtəbəli yaşayış binasının tikintisi üçün icarəçi - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 49 il müddətinə illik icarə haqqı 908,96 manat olmaqla icarəyə vermişdir. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 11 may 2011-ci il tarixdə təsdiq etdiyi Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsindəki 2942A saylı məhəllədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunmuş 3 girişli 16+ texniki mərtəbəli yaşayış binasının yükdaşıyan konstruksiyalarının tam tədqiqat nəticələrinin təhlilinə dair rəyin surətindən görünür ki, binanın layihə sənədlərinə dair 28 iyul 2005-ci il tarixli, 5886 nömrəli rəy verilmiş, binanın tikintisi 2005-2010-cu illərdə aparılmış və sözügedən binanın yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun 24.12.2019-cu il tarixli, 1034 saylı rəyin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsindəki 2942A saylı məhəllədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunmuş 1 ədəd 3 girişli zirzəmili, 16 mərtəbəli və 1 ədəd 1 girişli, kürsülü 16 mərtəbəli yaşayış binalarının yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. “xxxx” MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, torpağın icarəyə verilməsi üzrə cavabdehə 14.02.2018-07.04.2020-ci illər üçün cəmi 18643,17 manat icarə haqqı hesablanmışdır. Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə yaranmış icarə haqqını vaxtında ödəmək icarəçinin vəzifəsidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olunmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları dövlət büdcəsinə köçürülməlidir. Həmin Qanunun 14-cü maddəsinin 10-cu abzasında qeyd edilmişdir ki, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 23.11.2005-ci il tarixli 321 saylı Fərmanına əsasən, 2006-cı ilin yanvarın 1-dən “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 02.07.2010-cu il tarixli Fərmanının 13-cü bəndinə əsasən, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 2-ci bəndində aşağıdakı dəyişiklik və əlavə edilsin: həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edildiyindən həmin tarixdən sonra yaranmış torpaq icarə haqqı üzrə borcun cavabdehdən tutulması tələbi ilə bağlı iddianın qaldırılmasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin subyektiv hüququ yoxdur. Belə ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti icarəyə götürdüyü dövlət torpaqlarının üzərində bina inşa etdiyinə görə hazırki tələblə bağlı iddianı yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qaldıra bilər. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə haqqına görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 18643,17 manat borcun tutularaq dövlət büdcəsinə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar