Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1700/2021 09.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 22.775,27 manat məbləğində borcun Cavabdeh MMCdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin (VÖEN: **********) dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 22.775,27 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Məlumat üçün bildirirlər ki, “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Mülki Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmçinin, “Torpaq icarəsi haqqında” Qanunun 29-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, "Cavabdeh" MMC (VÖEN: **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə, ümumilikdə dövlət büdcəsinə 22775,27 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı "Cavabdeh" MMC-yə “Torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə” aidiyyəti üzrə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu xəbərdarlıq məktubu ilə tanış olmasına baxmayaraq, dövlət büdcəsinə yaranmış borcu ödəməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi 1994-cü ildə MMC-nin istifadəyə verilmişdir. Həmi torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmamışdır, torpaq MMC-nin daimi istifadəsindədir. Eyni zamanda Dövlət Veri Xidmətinin hazırkı iddianı qaldırmağa dair subyektiv hüququ yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 20.08.2011-ci il tarixli MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., 3004-cü məhəllədə yerləşən 0,19 ha torpaq sahəsi üzərində Cavabdeh Firmasının daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 327 nömrəli reyestr kitabının 30839 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 23.09.2013-cü il tarixli, 381 saylı sərəncamından görünür ki, Cavabdeh 16.09.2013-cü il tarixli, 01/001 saylı müraciəti əsasında Nəsimi rayonu, 1-ci mkr., 3004-cü məhəllədə yerləşən özünəməxsus 0,19 ha torpaq sahəsində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 11.04.2014-cü il tarixli, 156 saylı sərəncamından görünür ki, Nəsimi rayonu, 1-ci mkr., 3004-cü məhəllədə Cavabdehnə yaşayış binasının tikintisinə icazə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 30.08.2016-cı il tarixli, 359 saylı sərəncamından görünür ki, ünvan 1 ünvanda Cavabdeh MMC-nin sifarişi ilə tikinti işlərinin başlanılmasına icazə alınmadan 2014-2015-ci illərdə inşa edilmiş 16 mərtəbəli (+mansarda) 2 girişli yaşayış binasının (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı avtodayanacaq) müstəsna hal kimi mövcud vəziyyətdə istismarına icazə verilmiş və “Tikinti obyektinin istismarına icazənin vahid formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli, 302 nömrəli qərarına uyğun qaydada müvafiq icazə sənədi hazırlanmasına sərəncam verilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2016-cı il tarixli, 0063 saylı “Tikinti obyektinin istismarına icazə”dən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 avqust 2016-cı il tarixli, 359 saylı sərəncamına əsasən 31 avqust 2016-cı il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, 3004-cü məhəllə, Moskva prospekti, 56D, X- 398931, Y-4473636 ünvanda yerləşən yaşayış binasının istismarına icazə verilmişdir. - Cavabdeh MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin 13.11.2020-ci il tarixə cəmi ödənilməli olan icar haqqı borcu 22.775,27 manat təşkil edir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” xəbərdarlıq məktubundan görünür ki, MMC-yə 13.10.2020-ci il tarixə dövlət büdcəsinə olan 22.775,27 manat məbləğində icarə haqqı üzrə borcun 7 gün müddətində ödənilməsi təmin edilməyəcəyi təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilməmiş icarə haqqının məcburi qaydada tutulması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-dən dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqı borcunun cavabdehdən tutulmasını tələb edir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Göstərilən normativ hüquqi aktların məzmunundan göründüyü kimi Dövlət Vergi Xidmətinə hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ verilməmişdir. Həmin torpaqlara münasibətdə torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. İş materiallatrına əlavə edilmiş sənədlərdən isə görünür ki, hazırkı işdə istifadəsinə görə icarə haqqının ödənilməsi tələb edilən torpaq sahəsi cavabdehə yüksəkmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış və cavabdeh həmin torpaq sahəsinin üzərində bina inşa etmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi sözügedən torpaq sahəsindən istifadəyə görə icarə haqqı borcunun tutulması ilə bağlı iddia tələbi irəli sürmək hüququna malik deyil. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cavabdeh MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., 3004-cü məhəllədə yerləşən torpaq sahəsindən icarə hüququ əsasında istifadə etməsi iş materialları ilə müəyyən edilmir. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi sözügedən torpaq sahəsi cavabdehin daimi istifadəsindədir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1700/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1700/2021
09.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver