Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1702/2020 16.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Baman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən iddiaçının abonent hesabına işlənmiş 36.683,19 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçının abonent hesabına işlənmiş 36.683,19 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən Bakı şəhəri, Qaradag ̆rayonu, Sanqaçal qəsəbəsində yerləşən daş karxanasında (sexində) tikinti üçün nəzərdə tutulmuş mişar daşlarının istehsalı ilə məşğuldur. Həmin istehsal sexində aidiyyəti avadanlıqlar və dəzgahlar elektrik enerjisi ilə işləyir. İddiaçı daş karxanasının fəaliyyəti ilə bağlı ötən illər üzrə istehlak etdiyi elektrik enerjisinin haqqını mütəmadi olaraq vaxtlıvaxtında ödəmiş, bu istehlakla bağlı hər hansı yığılmış borcu olmamışdır. Ötən illər üzrə həmin daş karxanasının fəaliyyəti ilə bağlı istehlak olunan elektrik enerjisinə görə ödənişilərin miqdarı aidiyyəti qaydada təqdim edilən sayğac göstəriciləri üzrə aylıq 3000 manat civarında olmuşdur. 2020-ci ilin may ayının əvvəllərində cavabdehinəməkdaşları iddiaçının işlətdiyi daş karxanasına gələrək karxanadakı sayğacın istehlak edilən elektrik enerjisini az yazdığını bildirərək mövcud elektrik sayğacını sökərək həmin sayğacın yerinə yeni sayğac quraşdırmış, sökülmüş sayğacı isə laboaratoriyada yoxlamağa aparmışlar. Quraşdırılmış yeni sayğacın sərfiyyat gösəricisi əvvəlki sayğacın göstəricisindən daha aşağı olmuşdur. Quraşdırılmış həmin sayğacın hesablaması əsasında 2020-ci ilin may ayı üzrə iddiaçının işlətdiyi daş karxanasında elektrik sərfiyyatının həcmi 2000 manat civarında olmuşdur, yəni əvvəlki dövrlərin müvafiq ayları üzrə müqayisədə 1000 manat daha az sərfiyyat göstəricisi qeydə alınmışdır. Cavabdehinəməkdaşları tərəfindən iddiaçının iştirakı olmadan keçirilən laboratoriya analizlərinin nəticəsində guya ki, sökülmüş əvvəlki sayğacın içərisindən maqnit aşkarlandığı iddia edilmişdir. Qeyd edilən iddia əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"na istinad edərək cərimə kimi, guya istehlak edilmiş itirilmiş elektrik enerjisinin əvəzi kimi iddiaçıya 36.683,19 manat həcmində olduqca böyük bir məbləğdə borc yazılmışdır. Qeyd edilən şişirdilmiş və əsassız borcun iddiaçı tərəfindən məcburi ödənişinin təmin edilməsi məqsədi ilə də karxanaya elektrik enerjisinin verilişi qanunsuz olaraq dayandırılmışdır. İddiaçının işlətdiyi daş karxanasından cavabdehin əməkdaşları tərəfindən sökülmüş elektrk sayğacına, qeyd edilən miqdarda elektrik itkisi ilə və ya sərfiyyatın az hesablanması ilə nəticələnəcək hər hansı müdaxilə olmamış və iddiaçı hər zaman müntəzəm olaraq sayğac üzrə göstəriciləri davamlı olaraq ödəmişdir. Həm də qeyd edilən həmin ödənişlər az məbləğli olmamış, ay üzrə 3000 manat olmaqla hətta yeni quraşdırılan sayğacdan da artıq göstərici qeydə almışdır. Bu halda cavabdehiniddiaçıya qeyd edilən yüksək miqdarda elektrik enerjisi borcu yazması və bu şişirdilmiş borcun ödənilməsi öhdəliyinin onun üzərinə qoyulması, bu cərimə borcunu ödətmək üçün karxanaya elektrik enerjisinin verilməsinin dayandırılması tam əsassız və qanunsuzdur. Qeyd edilən şişirdilmiş elektrik enerjisi borcunun ödənilməsi öhdəliyinin, məcburiyyətinin cavabdeh tərəfindən iddiaçının üzərinə qoyulması onunla ehtiva olunur ki, cavabdeh tərəfindən iddiaçının işlətdiyi daş karxanasında elektrik enerjisi kəsilmişdir. Bu da öz növbəsində həmin Müəssisənin fəliyyətinin dayanmasına, dolayısı ilə orada işləyən 9 nəfər işçinin əmək haqqından, gəlirdən məhrum olmasına səbəb olmuşdur. Cavabdehin, iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq istifadəsində olan daş karxanasında elektrik enerjisinin istehlakında guya ki, iddia etdiyi pozuntuların aşkarlanmasına dair yoxlamaları və yüksək məbləğlicərimə qismində sərfiyyat-borc göstəricisi tətbiq etməsi tam qanunsuz haldır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus karxanada baxış zamanı iddiaçının nümayəndəsi iştirak etmiş, lakin tərtib olunmuş akta imza etməmişdir. Eyni zamanda iddiaçıya laboratoriya baxışı zamanı iştirak etməsi barədə məlumat verilməsinə baxmayaraq, iştirak etməmişlər. Laboratoriyanın rəyi vardır. Transformatorlar cavabdehin deyil, iddiaçının balansındadır və onları mühafizə etmək iddiaçının üzərinə düşür. İddia əsassızdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxx 2020-ci il tarixli NDQ seriyalı 007322 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən iddiaçıya məxsus karxanada baxış keçirilmiş və baxış zamanı güc transformatorunun 0,4 kv-lıq tərəfinin “A” fazasının gərginlik çubuğu üzərinə vurulmuş lak parçanın çubuğun uc hissəsindən bir hissəsi açılması aşkar edilmişdir. xx xxxx 2020-ci il tarixli İcra vərəqinin surətindən görünür ki, iddiaçı tərəfindən NDQ seriyalı 007322 saylı Akta əsasən cavabdehə dəymiş ziyan 407591 kvts müəyyən edilmişdir. Abunə haqqınının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya NDQ seriyalı 007322 saylı akta əsasən 36683,19 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiatəmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən iddiaçıya məxsus karxanada baxış keçirilmiş və baxış zamanı güc transformatorunun 0,4 kv-lıq tərəfinin “A” fazasının gərginlik çubuğu üzərinə vurulmuş lak parçanın çubuğun uc hissəsindən bir hissəsi açılması aşkar olunaraq xx xxx 2020-ci il tarixli NDQ seriyalı 007322 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 007322 saylı akta əsasən 36683,19 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırki iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar olduğundan iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı abonent hesabına işlənmiş 36.683,19 (otuz altı min altı yüz səksən üç manat on doqquz qəpik) manat məbləğində borc silinsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1702/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1702/2020
16.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver