Məhkəmə qərarları › İş №e-2-2(113)-1703/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1703/2021

04.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1703/2021 04.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakları olmadan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə haqqı üzrə yaranmış 131821,49 manat borcun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdehin dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-cı il tarixə dövlət büdcəsinə 131821,49 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1703/2021, 05.05.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, materiallara əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı “Özünəməxsus ərazidə yaşayış binasının istehsalı sahəsinin və istirahət zonasının layihələşdirilməsi haqqında” Sərəncamına əsasən, Yasamal Rayon İcra Hakimiyyətinin 14.03.2005-ci il tarixli 324/d saylı razılıq məktubu, Cavabdeh MMC-nin 09.03.2005-ci il tarixli 12 saylı müraciəti nəzərə alınaraq Bakı ş., Yasamal rayonu, H.Cavid küçəsi 558-566-cı məhəllələrdə 1,7 ha torpaq sahəsi icarə əsasında yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında həmin MMC-nin icarəsinə verilmişdir. “İnterservis” (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış 04.06.2007-ci il tarixli 0688/0585 saylı “konsaltinq xidmətlərinin göstərilməsi barədə” müqavilədən məlum olur ki, sifarişçi tapşırır, icraçı isə hazırki müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə konsaltinq xidmətlərinin göstərilməsi öhdəliyini üzərinə götürür. Müqavilə qiymətinin razılaşdırılması haqqında 04.06.2007-ci il tarixli protokoldan görünür ki, icraçı tərəfindən 0688/0585 saylı 04.06.2007-ci il tarixli müqaviləyə əsasən ödəniləcək dəyəri ƏDV daxil olmaqla 302 manat 08 qəpik təşkil edir. Müqavilə və protokol tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. 05.06.2007-ci i tarixli “19 avqust 2005-ci il tarixli 0585 saylı torpaq icarə müqaviləsinə dəyişiklər”dən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 29.03.2007-ci il tarixli 116 saylı sərəncamının 4-cü bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr., 558-566-cı məhəllələrdə ayrılmış torpaq sahəsinə dəyişiklik edilməsi ilə əlaqədar 19 avqust 2005-ci il tarixli 0585 saylı torpaq icarə müqaviləsinin 1.1, 7.3 və 7.4-cü bəndləri dəyişdirilərək “1.1 16996 kv.m 15396 kv.m kimi oxusun; 7.3 İcarə haqqı 29.03.2007-ci il tarixindən hesablanır; 7.4 “icarəçi” tərəfindən hər il 8607 manat 97 qəpik torpaq sahəsinin ayrıldığı ərazi üzrə maliyyə idarəsinin yerli xəzinədarlıq orqanının hesabına ödənilməlidir” kimi qəbul olunmuşdur. 05.06.2007-ci il tarixli xidmətin yerinə yetirilməsi haqqında “İnterservis” ilə Cavabdeh MMC arasında bağlanılmış aktdan görünür ki, 04.06.2007-ci il tarixli 0688/0585 saylı müqaviləyə əsasən “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gələn tələblərin izah edilməsi, ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi zəruriliyi haqqında məsləhətlər və ayrıc aktına əsasən ayrılmış torpaq sahəsinin faktiki ölçülərlə uyğunluğunun yoxlanılması, icarə haqqının hesablanmaası prinsiplərinin izah edilməsi xidmətləri tam yerinə yetirilmişdir. Akt tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cavabdehə göndərilmiş 31.05.2007-ci il tarixli 39 nömrəli bildirişdən məlum olur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 116 saylı 29.03.2007-ci il tarixli sərəncamı ilə cavabdehə ayrılmış torpaq sahəsindən 0,16 ha torpaq geri alındığından 0585 saylı 19.08.2005-ci il tarixli torpaq icarə müqaviləsinə dəyişiklik edilməlidir. Cavabdeh tərəfindən BŞVD-nin 1 saylı filialının rəhbərliyinə ünvanlanmış 14.05.2008-ci il tarixli 04 nörməli məlumatda Bakı şəhər İcra Hakimiyyətinin 20.05.2005-ci il tarixli 126 saylı sərəncamına əsasən dəyişikliklər edilməsi ilə bağlı torpaq vergisinin hesablanmasında bunun nəzərə alınması xahiş olunmuşdur. Dövlət mülkiyyətinə olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi barədə iddiaçının cavabdehə ünvanladığı xəbərdarlıq məktubunda dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə bağlı 13.10.2020-ci il tarixə dövlət büdcəsinə yaranmış 131821,49 manat borcunun 7 gün müddətində ödənilməsinin təmin edilməsini əks halda ödənilməmiş icarə haqqının məcburi qaydada tutulması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 25.05.2021-ci il tarixli 7-1662/17 saylı Bakı Şəhər İcra Hakimiyyətinin məktubunda Bakı Kommersiya Məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyətində olan 05/293 saylı 28.07.2005-ci il tarixli ayrıc aktının əslinin Azərbaycan Respublikası “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 01 avqust tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə təhvil verildiyi göstərilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında həmin Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir...Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.16-cı bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını həyata keçirmək həmin Xidmətin vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsinin 3.0.16-cı maddəsinə əsasən İdarənin fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirdiyi vəzifələrindən biri icarəyə götürülmüş dövlət torpaq sahələrinə görə icarə haqqı məbləğləri barədə məlumatların vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə daxil etməkdir. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı vergi orqanı hazırkı iddianın qaldırılması ilə bağlı müvafiq subyektiv hüquqa malik deyildir. Belə ki, o, icarə haqqının ödənilmədiyini mübahisələndirdiyi torpaq icarəsi müqaviləsinin tərəfi deyil, müqavilə üçüncü şəxs kimi onun xeyrinə bağlanmamışdır. Bunun nəticəsi olaraq cavabdehin müqavilə üzrə icarə haqqının ödənilməsi ilə əlaqədar iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Bundan əlavə, qüvvədə olan mülki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar