Məhkəmə qərarları › İş №e-2-2(113)-171/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-171/2024

12.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-171/2024 12.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı Firmasının cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Fərid-İnşaat” Firması (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisinin təchizatının dayandırılmasına dair cavabdehin hərəkətinin qanunsuz hesab edilməklə elektrik enerjisinin verilməsinin bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən başlayaraq hazırki günədək müəssisələrinə cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 41275 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır, "xxxx" Firması xx.xx.1998-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməklə sahibkarlıq fəaliyyəti, xüsusən də tikintiinşaat sektorunda fəaliyyət göstərir. Cəmiyyət nəinki Bərdə rayonunda, o cümlədən Respublikanın digər rayon və şəhərlərində fərdi və dövlət sifarişləri əsasında tikinti işlərini həyata keçirir. Cəmiyyət hal-hazırda Şuşa şəhərində dövlət sifarişi əsasında xəstəxananın tikintisini icra edir. "xxxx" Firması ilə "xxxx" ASC-nin X9 Enerji Təhcizat və Satışı İdarəsinin X7 arasında 07 yanvar 2020-ci il tarixdə 003473 nömrəli “Abonent” müqaviləsi bağlanmışdır. "xxxx" Firması yuxarıda istinad olunan müqaviləyə əsasən istehlak etdiyi elektrik enerjisinin sərfiyyatının dəyərini vaxtlı-vaxtında enerji təchizat müəssisəsinə onun təqdim etdiyi hesab fakturalara əsasən ödəmişdir. Elektrik enerjisinin sərfiyyatına görə "xxxx" Firmasının enerji təchizat müəssisəsinə cari ödəniş istisna olmaqla bu və ya digər borcu yoxdur. "xxxx" Firması istehlak etdiyi elektrik enerjisini xx.xx.1998-ci il tarixdə dövlət reyestrinə daxil olunmuş, sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırmış, Bərdə rayonu Qasımbəyli yolu ünvanında yerləşən "xxxx" MMC-yə (abonent kodu **********55) məxsus 400 kva-lıq transformator vasitəsi ilə təhciz edir. (inventar nömrəsi 6104158) 2023-cü ilin fevral ayında yuxarıda sözügedən transformatorun cərəyan və gərginlik yerləşən yuvasına pişik girmiş və bu səbəbdən də sözügedən transformatorda qısa qapanma yaranmış, qoruyucular atmış, elektrik enerjisinin verilişi dayanmışdır. Tərəflərindən dərhal bu barədə X5 məlumat verilmişdir. Sözügedən Şəbəkənin əməkdaşları yaranmış problemi aradan qaldırmış və "xxxx" Firmasına elektrik enerjisinin verilişini bərpa etmişlər. X7 tərəfindən “X6 101” MMC-nin barəsində 28 aprel 2023-cü ildə NDQ seriyalı, 015743 nömrəli akt tərtib etməklə onun adına 02 may 2023-cü il tarixli, 618 nömrəli “Bildiriş Xəbərdalıq” ünvanlanmışdır. Həmin “Bildiriş-xəbərdarlıq”da xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin mütəxəssisləri tərəfindən “X6 101” MMC-ni elektrik enerjisi ilə təmin edən 400 kvtlıq (inventar nömrəsi 6104158) transformatorun cərəyan və gərginlik yerləşən qapısına vurulmuş ******* saylı möhürə müdaxilə əlamətinin aşkar olunduğuna və bu barədə "xxxx" MMC barəsində NDQ seriyalı 015743 saylı akt tərtib olunduğuna istinad olunaraq göstərilmişdir ki, üç fazalı elektrik sayğacı və möhür laboratoriya şəraitində yoxlanılmış və müdaxilə təsdiq olunmuşdur. Daha sonra həmin məktubda göstərilmişdir ki, yazılmış akta əsasən 14.014.80 (on dörd min on dörd manat səksən qəpik) manat məbləğində itirilmiş elektrik enerjisinin dəyəri “X6 101” MMC-yə bərpa olunmuşdur. Həmçinin sözügedən məktubda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik Enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndinə, eləcə də Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2002-ci il tarixli, 893 saylı sərəncamına istinad olunaraq həmin Qərar və Sərəncam daxilində tələbin yerinə yetirilməsi, əks halda müəssisənin enerji təhcizatının əlavə xəbərdarlıq edilmədən xx.xx.2023-cü il tarixdə, saat 10:00-dan etibarən dayandırılacağı qeyd olunmuşdur. Nəzərə çatdırmağı zəruri hesab edirik ki, “X6 101” MMC-yə ünvanlanmış yuxarıda sözügedən “Bildiriş xəbərdalığ”a əsaslanan X4 əməkdaşları tərəfindən xx.xx.2023-cü il saat 10:00-dan xx.xx.2020-ci il tarixli, 003473 nömrəli abonent müqaviləsi əsasında elektrik enerjisini istehlak edən "xxxx" Firmasına elektrik enerjisinin verilişi dayandırılmışdır. Beləliklə, yuxarıda sadalanan xüsusatlardan görünür ki, “X6 101” MMC-yə əsassız və qanunsuz olaraq əlavə hesablanmış borca görə "xxxx" Firmasına elektrik enerjisinin verilişi dayandırılmışdır. Bundna sonra "xxxx" Firması ona təchiz olunan elektrik enerjisinin verilişinin qanunsuz dayandırılması ilə əlaqədar cavabdehə müraciətlər etmiş, elektrik enerjisi təchizatının bərpasını xahiş etmişdir. Lakin müsbət cavab alınmamışdır. Firma hesab edir ki, cavabdeh qurumun qanunsuz hərəkətləri ilə onun hüquqları pozulmuşdur. İddiaçı firma tərəfindən cavabdeh qurumun qanunsuz hərəkətləri ilə pozulmuş istehlakçı hüquqlarının bərpası və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi üçün hüquqi prosedurlara başlamışdır. Belə ki, mübahisənin məhkəməyədək həlli məqdilə cavabdeh quruma Pretenziya (təklif) göndərilmiş, lakin cavabdeh qurum bu təklifə müsbət cavab verməmişdir. Ondan sonra kommersiya mübahisəsinin məhkəməyə verilməsindən əvvəl, qanunvericiliyin tələbinə uyğun olaraq mübahisənin mediasiya qaydasında həlli üçün tədbirlər görmüşdür. Cavabdeh qurum mediasiya təklifinə də müsbət cavab verməmiş, mediasiyanın baş tutmaması barədə Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli Protokolu tərtib edilərək iddiaçı tərəfə verilmişdir. Mübahisənin həllinə dair xx.xx.2023-cü il tarixli təkrar təklifə (Pretenziya) də cavabdeh qurum tərəfindən müsbət cavab verilməmişdir.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, elektrik enerjisinin təchizatının dayandırılmasına yönələn hərəkətlərin cavabdehə qadağan edilməsi və vurulmuş zərərin əvəzi olaraq 48166,40 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh yazılı etiraz təqdim edərək, iddiaçı tərəfindən qaldırılmış iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən X10 Təchizatı və Satışı İdarəsinin Enerji Satış Şöbəsinin məlumat bazasında qeydiyyatda olan Bərdə rayon, Tərtər çayının hövzəsində sahibkarlıqla məşğul olan fiziki şəxs X2 məxsus obyektin (abunə kodu – **********5; "xxxx" MMC) uçot dəstinə baxış keçirilən zaman ******* nömrəli möhürə müdaxilə olunduğu aşkar edilmişdir. Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə qaydalarının tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixli NDQ015743 nömrəli akt tərtib edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, obyektdə elektrik sayğacının sxeminə müdaxilə edilməklə 140148 kvt.s elektrik enerjisinin talan olunması nəticəsində "xxxx" ASC-yə 14014,80 manat dəyərində maddi ziyan vurulmuşdur. Bu səbəbdən də cəmiyyət tərəfindən Bərdə rayon Prokurorluğuna şikayət olunmuşdur. İddiaçı Firması müvəqqəti təminat tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Azərişıq” ASCyə qarşı istehlakçı hüquqlarının təmin edilməsinə dair iddia ilə məhkəməyə müraciət edilənədək İddiaçı Firmasına verilən elektrik enerjisinin dayandırılmasının cavabdehə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-161(113)-305/2023 saylı qərardadına əsasən ərizə qismən təmin edilərək **********5 saylı abonent kodu üzrə "xxxx" Firmasına verilən elektrik enerjisinin verilişinin dayandırılması”Azərişıq” ASCə qadağan edilmişdir. Qərardadın icra olunması məqsədilə əməkdaşları tərəfindən icra olunan zaman müəyyən olunmuşdur ki, cəmiyyətin elektron məlumat bazasında İddiaçı Firması adlı abonent mövcud deyildir. Ərizədə qeyd olunan **********5 nömrəli abunə kodu elektron məlumat bazasında Dəmir- Beton Konstuksiya-101”MMC-yə məxsusdur. Göründüyü kimi ərizəçinin subyektiv hüququ yoxdur. Belə ki, etiraza əlavə edilmiş abunə haqqında məlumat vərəqəsində **********5 nömrəli abunə kodu üzrə abonent kimi Dəmir-Beton Konstruksiya-101 MMC qeyd edilmişdir. Eyni zamanda Səhmdar Cəmiyyətinin elektron məlumat bazasında araşdırma aparılmış və X11 barədə heç bir məlumat tapılmamışdır. O cümlədən, hesab-fakturadan da aydın olur ki, hər ay **********5 nömrəli abunə kodu üzrə hesab-faktura abonent Dəmir- Beton Konstruksiya-101 MMC-yə təqdim edilir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, elektrik enerjisinin verilməsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər dayandırılmış, elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə müvəqqəti təminat tədbiri barədə məhkəmə qərardadları icra edilməmiş, iddiaçının çoxsaylı şikayətlərindən sonra elektrik enerjisinin verilməsi bərpa edilmişdir. İddiaçı cavabdehə davamlı olaraq elektrik enerjisindən istifadə ilə bağlı xərcləri ödəmişdir. Elektrik enerjisinin verilməsi kəsildiyi üçün iddiaçı məcbur qalıb mülkiyyətində olan generatordan istifadə etmiş, həmin generatorun işləməsi üçün xərc çəkib dizel yanacağı almış, həmin yanacağa çəkilmiş xərcdən orta günlük elektrik enerjisi sərfiyyatına ödənilməli olan 123 manat çıxılmaqla dəymiş zərəri (19366,40 manat) tələb edir. Bundan əlavə, iddiaçının elektrik enerjisi kəsildiyi üçün fəaliyyəti zəifləmiş, bu səbəbdən müəssisənin boş dayanması ilə bağlı işçilərə müavinətlər ödənilmişdir ki, həmin zərər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 iddia tələbinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında yazılı müqavilə bağlansa da, iddiaçı abonent kodunu öz adına qeydə aldırmadığı üçün vaxtında elektrik enerjisinin bərpası mümkün olmamışdır, həmin abonent kodu hazırda başqa hüquqi şəxsin adınadır.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə Elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi imzalanmışdır.

10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 2933,56 manat, xx.xx.2023cü ildə 2854,58 manat, xx.xx.2023-cü ildə 3008,81 manat pul ödənilmişdir.

11. İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə yanacağın dəyəri olaraq 13620,34 manat, xx.xx.2023-cü il tarixdə 13620,34 manat məbləğində vəsait ödənilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-186/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-16(113)-186/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tətbiq edilmiş qadağanın pozulmasına görə cavabdeh 200 manat məbləğində cərimə edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-186/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıya elektrik enerjisinin verilməsinin dayandırılması cavabdehə 1 ay müddətinə (xx.xx.2023-cü ilədək) verilməsi qadağan edilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-305/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıya elektrik enerjisinin verilməsinin dayandırılması cavabdehə qadağan edilmişdir.

15. İddiaçı tərəfindən "xxxx" MMC-yə generator alışı ilə bağlı 49000 manat vəsait ödənilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli 3-16-16/2-10/467 nömrəli rəyin nəticə hissəsindən görünür ki, “Teksan” markalı 1706A-E93TAG-1 modelli generatorun 01 günlük (8 saatlıq olmaqla generatorun müxtəlif rejimlərində) işləməsi zamanı onun yanacaq sərfiyyatı orta hesabla 516 litr olduğu müəyyən edilir. “Teksan” markalı 1706A-E93TAG-1 modelli generatorun (iddiaçının 5 günlük iş həftəsi 8 saatlıq iş günü işləməsini nəzərə alınmaqla) 12 may 2023-cü il tarixdən 09 avqust 2023-cü il tarixədək, yəni 64 gün olmaqla gündəlik 8 saatlıq iş rejimində generatorun iş saatı 512 saat təşkil edir. Belə olan halda, “Teksan” markalı 1706A-E93TAG-1 modelli generatorun (müxtəlif rejimlərdə işləməklə) saatlıq yanacaq sərfiyyatının 64,5 litr olduğunu nəzərə aldıqda 512 saat x 64,5 litr/saat= 33024 litr, yəni mübahisə doğuran 64 gün ərzində generatorun işləməsi zamanı onun yanacaq sərfiyyatının 33024 litr olduğu müəyyən edilir.

17. 12.10.2023-cü il tarixli AZ031 ASİ.xx.xx.01905.23 nömrəli uyğunluq sertifikatından görünür ki, İddiaçı Firmasına Bərdə rayonu, Alaçadırlı kəndi Tərtər çayının sağ sahilində sertifikatda göstərilən məhsulları AZS Milli Uyğunluq nişanı ilə nişanlamaq hüququna malikdir.

18. 13.11.2023-cü il tarixli AZ031 ASİ.xx.xx.02160.23 nömrəli uyğunluq sertifikatından görünür ki, İddiaçı Firmasına Bərdə rayonu, Alaçadırlı kəndi Tərtər çayının sağ sahilində sertifikatda göstərilən məhaulları AZS Milli Uyğunluq nişanı ilə nişanlamaq hüququna malikdir.

19. "xxxx" MMC-nin 11/1-1852/2023 saylı xx.xx.2023-cü il tarixli müraciətinə əsasən müəssisədə isthsal edilən beton qarışıqlarının ГОСТ 27006-84 standartına uyğun olaraq tərtib edilmiş əmttə betonunun tərkibləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi S.Ə.Dadaşov adına ETLKİM İnstitutu tərəfindən təsdiq edilmişdir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmış, həmin müqavilənin tələblərinə əsasən cavabdeh iddiaçını elektrik enerjisi ilə təmin etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər iddiaçıya elektrik enerjisinin verilişi dayandırılmış, nəticədə iddiaçı tərəfindən fəaliyyətinin davam etdirilməsi məqsədilə alternativ enerjidən istifadə ilə əlaqədar əlavə zəruri xərc çəkilmiş, generatorun işləməsi üçün dizel yanacağı alınmışdır. İddiaçı həmin çəkilmiş xərclərin 19366,40 manat olmasını bildirsə də, məhkəmə hesab edir ki, bu hissədə çəkilmiş xərc ekspert rəyinə uyğun müəyyən edilməlidir.

21. Belə ki, həmin rəyə əsasən 64 iş günü, hər iş gününün 8 saat olması nəzərə alınmaqla iddiaçıya məxsus generatorun yanacaq sərfiyyatının 33024 litr (hər litrin dəyərinin 0,80 manat olması nəzərə alınmaqla ümumilikdə 26419,20 manat) olması müəyyən edilmişdir.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 64 iş günü üzrə elektrik enerjisinə görə orta sərfiyyat (123 manat*64 iş günü = 7872 manat) çıxılmaqla, ümumilikdə 18547,20 manat (26419,20 manat – 7872 manat) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

26. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

27. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

28. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

29. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

30. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

33. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

34. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

38. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

39. Məhkəmə iddia tələbini ikinci, firmanın işçilərinin 50 faiz hissəsinin işsiz qalması səbəbindən hər işçiyə gündəlik 25 manat olmaqla boş dayanmağa görə vəsait ödənilməsinin nəzərə alınmaqla ümumilikdə 28800 manat vəsaitin də cavabdehdən tutulması hissəsində əsassız hesab edir.

40. Belə ki, iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, boşdayanma ilə bağlı ona ümumilikdə 28800 manat ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.

41. Məhkəmə iddia tələbini üçüncü, elektrik enerjisinin təchizatının dayandırılmasına yönələn hərəkətlərin cavabdehə qadağan edilməsi hissəsində də əsassız hesab edir.

42. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 18-ci bəndi və “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü maddəsində enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya elektrik enerjisinin verilməsinin hansı hallarda dayandırıla bilməsi imkanı göstərilmişdir.

43. Həmin hallar yaranacağı təqdirdə elektrik enerjisinin verilməsinin dayandırılması enerji təchizatı müəssisəsinin (cavabdeh) hüququ kimi müəyyən edilmişdir.

44. Bu səbəbdən məhkəmə iddia tələbini həmin hissədə də əsassız hesab edir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə, qalan 100 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

47. İş üzrə keçirilmiş məhkəmə-mühəndis-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 18547,20 manat məbləğində pul, ödənilmiş 100 manat dövlət rüsumu, ümumilikdə 18647,20 (on səkkiz min altı yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Firmasına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı Firmasının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 60 (altmış) manat ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar