Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1711/2025 07.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6134 manat əsas borc məbləğinin, pul vəsaitinin gecikdirilməsinə görə 300 manat məbləğində pul vəsaitinin və ödənilmiş 88 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında razılaşmaya əsasən 01 sentyabr 2023-cü il tarixli, SSG-09-230/1 saylı texniki avadanlıqlara xidmətlərin göstərilməsi barədə müqavilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq “icraçı” tərəfindən öhdəliklər yerinə yetrilsədə görülmüş işlərin dəyərinin bir qismi ödənilməmişdir. Hazırda həmin müqavilədən irəli gələn öhdəliklərin icrası üzrə Cavabdeh iddiaçıya 6134 (altı min yüz otuz dörd) manat borcu qalmışdır. Həmin borc məbləğinin ödənilməsini dəfələrlə tələb etsə də, hələdə həmin borc məbləği ödənilməyib. Hesab edilir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq 6134 (altı min yüz otuz dörd) manat məbləğində pulun iddiaçıya ödənilməməsi əsassız olduğu üçün, həmin borc məbləği iddiaçının hesabına ödənilməlidir. Yuxarıda yazılanlar nəzərə alınaraq 6134 (altı min yüz otuz dörd) manat məbləğindəki pul vəsaitinin 30 dekabr 2024-cü il tarixədək iddiaçının hesabına ödənilməsi cavabdehdən tələb edilsə də, tələb təmin edilməyib. Həmçinin iddia tələbində qeyd olunan zərərin tələbi üzrə iddia qiyməti üzrə dövlət rüsumu 88 manat məbləği təşkil etdiyindən məhkəməyə 88 manat məbləgində dövlət rüsumu ödənilmişdir. Həmçinin cavabdeh pul məbləğini gecikdirdiyi üçün, ondan illik 5 faiz olmaqla 300 manat məbləğində gecikdirilmiş pul vəsaitinə görə, ümumilikdə 6434 (altı min dörd yüz otuz dörd) manat məbləğində pul vəsaiti və ödənilmiş 88 manat məbləğindəki dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə cavabdehə elektron qaydada pretenziya göndərilmiş, cavabdeh tərəfindən pretenziyaya cavab verilməmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərilmişdir ki, tərəflər arasında olan xx.xx.2023-cü il tarixli SSG-09-230/1 saylı texniki avadanlıqlara xidmətlərin göstərilməsi müqaviləyə əsasən, iddiaçı tərəfindən xidmət göstərilsə də, cavabdeh həmin xidmətlərin bir hissəsini ödəməmiş və hazırda onun iddaçıya 6134 manat borcu qalmışdır, iddiaçı öz tələbinin əsası kimi qeyd olunan müqaviləyə və xx.xx.2024-cü il tarixli elektron qaiməyə istinad edir. Beləliklə tərəflərin təsdiq etdiyi müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə xidmətlərin təhvil-təslimi və onların ödənilməsi birmənalı olaraq təhvil-təslim aktı əsasında həyata keçirilməlidir. Lakin iddiaçının məhkəməyə təqdim edilmiş iddia ərizəsinindən və sənədlərdən görünür ki, iddiaçı öz tələbini yalnız müqavilə və xx.xx.2024-cü il tarixli elektron qaimə ilə əsaslandırmışdır. İddiaçının müqavilə üzrə həqiqətən də xidmətlərin göstərilməsi, müqavilədə qeyd edildiyi kimi ay ərzində neçə gün ərzində xidmətlərin göstərilməsi və 6134 manat borcunun hardan yaranması barədə isə hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı isə öz tələbində yalnız elektron-qaiməyə istinad edərək, cavabdehdən 6134 manat məbləğində borcunu tələb edir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli elektron-qaimədən müəyyən olunur ki, İddiaçı həmin qaimədə xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırma protokoluna istinad edir. Qeyd olunan protokolundan isə görünür ki, həmin protokol xx.xx.2023-cü il tarixində SSG- 07-230/2 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə dair tərtib edilmiş və onun xx.xx.2023cü il tarixli SSG-09-230/1 saylı müqaviləyə hər hansı bir aidiyyəti yoxdur. Ümumiyyətlə protokolda qeyd edilən SSG-07-230/2 saylı 01,07.2023-cü il tarixli müqavilə tərəflər arasında mövcud deyil. Həmçinin protokolda Cavabdeh MMC-nin direktorun adından atılmış imza kimə məxsus olduğu məlum deyil. Həmin sənədin saxta olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertizanın təyin edilməsi məqsədəmüvafıq hesab edilir. İddia ərizəsində həmçinin göstərilmişdir ki, cavabdeh pul məbləğini gecikdirdiyi üçün ondan illik 5 faiz olmaqla 300 manat məbləğində gecikdirilmiş pul vəsaitinə görə faiz tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən, Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Qanunvericiliyin göstərilən normadan görünür ki, hər hansı bir borca faizin hesablanması qanunda və ya müqavilədə öz əksini tapmalıdır. Lakin iddiaçının məhkəməyə təqdim edilmiş müqavilədə hər hansı bir cərimələrin, dəbbə pulların və ya faizlərin ödənilməsi nəzərdə tutulmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin mart ayının əvvəllərinədək 6 ay ərzində cavabdehin sifarişi əsasında işlər icra edilmiş, 5 ayın pulu ödənilsə də, sonuncu ayın ödənişi edilməmişdir. Belə ki, müqavilə və onun əlavələri cavabdeh tərəfindən tərtib edilmiş, tərəfindən imza edildikdən sonra cavabdeh tərəfdən həmin müqavilə və onun əlavələrinin kim tərəfindən imza edilməsini bilmir. Cavabdeh özü hər ay podrat müqaviləsi üzrə iş günlərinin sayı və ödənilməli olan məbləğlər qeyd edilməklə ona cədvəli vatsap vasitəsilə göndərmiş, o da həmin cədvələ uyğun olaraq cavabdehə elektron qaimə təqdim etmişdir. Göndərilmiş elektron qaimələrə etiraz verilməmişdir. Cavabdeh tərəfdən danışıqları onunla direktor müavini Nəbi adlı şəxs aparmışdır. Tərəflər arasında təqdim edilmiş müqavilədən başqa hər hansı müqavilə olmamışdır.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən sonuncu ayla bağlı hər hansı təhvil aktı təqdim edilmədiyi, həqiqətən də qaimədə göstərilmiş xidmətlərin icra edildiyini müəyyən etmək mümkün olmadığı üçün iddia təmin edilə bilməz. Bu səbəbdən məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş olunur.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SSG-09-230/1 saylı texniki avadanlıqla xidmətlərin göstərilməsi barədə müqaviləyə görə, bu müqavilədə göstərilən şərtlərlə icraçı sifarişçinin iş yerlərində işləmək üçün texnika təmin edir və qazma əməliyyatlarını həyata keçirir.
9. Müqavilənin 1.2-ci bəndinə görə sifarişçi bu müqaviləyə əsasən icarəçi tərəfindən görülən işləri (servis və xidmət) qəbul edib haqqını ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 2.1-ci bəndinə görə bu müqavilə üzrə işlərin (xidmətin) haqqını icraçının təqdim etdiyi sənədlər (qiymətlərin razılaşdırılması protokolu, hesab-faktura, işlərin tam görülməsi haqqında qaimə, təhvil-təslim aktı) əsasında icraçının hesablaşma hesabına köçürmə yolu ilə 15 iş günündən gec olmamaq şərti ilə aparılacaqdır.
11. Müqavilənin 4.1-ci bəndinə görə icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir.
12. xx.xx.2023-cü il tarixli, SSG-09-230/1 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli 1 saylı əlavə (qiymətlərin razılaşdırılması protokolu) ilə müqavilə üzrə aylıq xidmət haqqı razılaşdırılmışdır.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBDZ 328786 nömrəli 6007,02 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDQ 786043 nömrəli 3775 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDS 238696 nömrəli 5500 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 374344 nömrəli 5858,50 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 576582 nömrəli 6875 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDZ 686296 nömrəli 6134 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
14. Cavabeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixində 6875 manat, xx.xx.2024cü ildə 6007,02 manat, xx.xx.2023-cü ildə 3775 manat, xx.xx.2023-cü il tarixində 5500 manat, xx.xx.2023-cü il tarixdə 5858,5 manat məbləğində ödəniş edilmişdir.
15. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, iddiaçı ilə əmək müqaviləsi vardır, sürücü-operator kimi işləyir. Cavabdehi qaz xətti layihəsi olan Hacıqabul layihəsindən tanıyır. Orada operator kimi işləmişdir. 12 sentyabr tarixində işə başlayıb, 02 martda işi yekunlaşdırmışlar. Ayın orta hesabla 26 gününü işləmişdir. Sentyabr ayın 12-30-na kimi 2 gün bazar günü xaric olmaqla qalan günləri işləmişdir. Oktyabrın ayını 2-dən etibarən işləmiş, həmin ay üzrə 5 gün bazar günləri işləməmişdir. Noyabr ayında da bazar günləri işləməmişdir. Dekabr ayında 16, 17-si işləməmiş, qalan bütün günləri işləmişdir. Bazar günləri də işləmişdir. Yanvar ayı 6-sı, 28-i işləməmiş, qalan bütün günləri işləmişdir. Fevral ayının 4-ü, 7-si işləməmişdir. Oradan hər gün yanacaq götürürdü və bununla müəyyən olunur ki, işləmişdir. Hansı şirkətin yanacaq verdiyini bilmir. İddiaçıya yanacağı məruzə etməmişdir. İşlədiyi günləri telefonla deyirdi. Texnikanın işləməsi ilə bağlı şirkət özü hesabat aparırdı. Orada işləmələrinə nəzarət edən işçilər var idi, adlarını bilmir. Hacıqabul rayonunun Qarasu kəndindən Ağsunun kəndinə qədər qaz borusu çəkilirdi. Hər gün Hacıqabuldan Ağsuya tərəf irəliləyirdilər. Onlardan başqa texnikalar da var idi. Cavabdehdən heç kimi tanımır. Orada işçilər var idi, adlarını bilmir. Uşağı xəstə olub, bəzi günləri yarımçıq işləmiş, əvəzinə başqa operator işləmişdir. Orada işlədiyi vaxtda düşərgələrdə qalırdı.
16. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 Zöhrab oğlu ifadəsində bildirdi ki, cavabdeh MMC-də direktor müavini vəzifəsində işləmiş, lakin direktorla şərik olmuşdur. Keçən ilin aprel ayında öz ərizəsi ilə işdən çıxmışdır. Möhür həmişə direktor Eldarda olurdu. İddiaçı ilə işləmişlər, onunla bir icarə müqavilələri olub. Frontal yükləyicini icarəyə götürmüşlər. Hər ay bazar gün çıxmaqla 26 gün işləyirdi, akt tərtib olunurdu. İsa ilə danışıqları özü aparırdı, həmin layihəni cavabdeh MMC üçün özü tapmışdı. Danışıqları aparmağını direktor bilirdi, hər şeydən məlumatı var idi. Müqavilənin əlavəsini Eldar özü imzalayıb, onun imza səlahiyyəti olmayıb. Bütün imzalar Eldara aiddir. “Overtime”lar olanda qiymət fərqli olurdu. Onda heç bir sənəd qalmayıb. “Əsəd Group”-a texnikanı verirdilər. Texnika Hacıqabulda işləyirdi. Qaz xətti çəkilməsindən ibarət idi. 7-8 ay texnika orada işləyib. O çıxanda bir ayın ödənişini (sonuncu ay) cavabdeh iddiaçıya ödəməmişdi. Ödənişin edilməməsinin səbəbi isə özlərinə ilkin sifarişçinin pul ödəməməsi idi, onlara ödəniş edilən kimi iddiaçının borcu ödəniləcəkdi. Texnikanın işləməməsi kimi problem olmamışdır. Operatorla danışırdılar, akt təsdiqlənirdi, göndərirdilər İsaya. “Əsəd Group”dan ödəniş gəlsə idi ödəyəcəkdilər, hər ay olduğu kimi. Aktlar imzalanırdı, onlarla “Əsəd Group” arasında imzalı aktlar var. İddiaçı onlara e-qaimə verirdi, bunlardan direktor Eldarın həmişə xəbəri olurdu. Mühasibatlığa İsaya ödəniş edilməsi ilə bağlı göstərişi həmişə direktor Eldar verirdi, onun göstərişi olmadan kiməsə vəsait ödənilə bilməzdi. Qaimədə məbləğlə bağlı bir iki dəfə fikir ayrılığı olub lakin həll olunmuşdur. Qaimə verildikdən sonra ödəniş edilirdi. Eldarla bu işlə bağlı mübahisələri olmayıb. Eldarla sonradan özü arasında anlaşılmazlıq olub, öz ərizəsi ilə işdən çıxmışdır. Cavabdehin iddiaçıya son ayın borcunu ödəməməsinin səbəbi cavabdeh MMC-nin maliyyə çətinliyi idi, işlərin görülməməsi ilə bağlı iddiaçıya MMC-nin hər hansı iradı o işdən çıxana qədər olmamışdır.
17. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Məhkəmə tərəfindən işin mübahisəsiz halları qismində müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmış, iddiaçı sifarişçinin sifarişi əsasında öz texnikası ilə qazma işlərinin aparılması öhdəliyini üzərinə götürmüşdür. Tərəflər arasında imzalanıb təsdiqlənmiş hər hansı ikitərəfli aktlar olmamış, iddiaçı tərəfindən cavabdehə göndərilmiş ilk beş elektron qaimə: xx.xx.2023-cü il tarixli elektron qaimə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli qaimə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli qaimə xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixli qaimə xx.xx.2024-cü ildə, xx.xx.2024-cü il tarixli qaimə xx.xx.2024-cü il tarixdə olmaqla cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir.
19. Müqavilənin əlavəsində (xx.xx.2023-cü il tarixli) 26 günlük aylıq xidmət haqqının dəyərinin 5000 manat olması razılaşdırılsa da, təqdim edilmiş elektron qaimələr və ödəniş sənədlərindən 26 günlük aylıq xidmət haqqının dəyərinin 5500 manat olmaqla ödənildiyi müəyyən edilmişdir.
20. İddiaçı hazırda sonuncu, xx.xx.2024-cü il tarixli elektron qaimənin cavabdeh tərəfindən ödənilmədiyini, bu səbəbdən cavabdehdən 2024-cü ilin fevral ayı üzrə görülmüş işlərin müqabilində ödənilməmiş 6134 manat pulun tutulmalı olmasını iddia edir.
21. Cavabdeh iddiaya qarşı yazılı etirazında göstərmişdir ki, tərəflərin təsdiq etdiyi müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə xidmətlərin təhvil-təslimi və onların ödənilməsi birmənalı olaraq təhvil-təslim aktı əsasında həyata keçirilməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə hər hansı ikitərəfli təhvil aktı təqdim edilməmişdir.
22. Məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edir.
23. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində ödənişin təhviltəslim aktı əsasında edilməli olması barədə müddəa göstərilsə də, tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən müəyyən edilmişdir ki, tərəflər arasında ümumiyyətlə hər hansı təhvil-təslim aktı olmamış, ödənişlər davamlı olaraq cavabdeh tərəfindən iddiaçıya yalnız elektron qaimə əsasında ödənilmişdir.
24. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş sonuncu elektron qaiməyə cavabdeh tərəfindən hər hansı etiraz edilməmiş, qaimə düzəlişə göndərilməmiş, ləğv edilməsi iddiaçıdan tələb edilməmişdir.
25. Bundan əlavə, mübahisəli elektron qaimə cavabdehə xx.xx.2024-cü il tarixdə göndərilmiş, hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, cavabdeh keçən bu müddət ərzində iddiaçıya hər hansı irad bildirilməsini, pretenziya verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
26. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vatsap yazışmalarından, habelə tərəflərin izahatlarından, Şahid1 Zöhrab oğlunun ifadəsindən məlum olmuşdur ki, cavabdehin adından danışıqları direktor müavini olmuş Şahid1 aparmış, işlərin icra edildiyi, habelə mübahisəli elektron qaimənin göndərildiyi tarixdə direktor müavini vəzifəsində işləmiş Şahid1 iddiaçıya cavabdehin son qaimə üzrə borcunun olmasını təsdiq etmişdir.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixli, SSG-09- 230/1 saylı podrat müqaviləsi üzrə görülmüş işlərin müqabilində yaranmış 6134 manat muzdun ödənilməsini tələb etməklə haqlıdır, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
34. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
35. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
36. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 6134 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 6134 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir
37. İddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli SSG-09-230/1 saylı müqavilə üzrə icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 300 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.
38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
39. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
40. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
41. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
42. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
43. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
44. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
46. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
47. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
48. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
49. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
50. Bununla yanaşı, məhkəmə hesab edir ki, tələb edilən zərərin məbləği iddiaçı tərəfindən düzgün hesablanmamış, hesablama 9 ay üçün müəyyən edilməli olduğu halda, bir illik müddət üçün aparılmışdır.
51. Belə ki, müqavilənin 2-ci bəndinə əsasən ödəniş iddiaçının təqdim etdiyi elektron qaimə əsasında 15 iş günündən gec olmayaraq aparılmalıdır.
52. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği elektron qaimənin ödənilməli olduğu 15 iş günündən sonrakı gündən – xx.xx.2024-cü il tarixdən iddia ərizəsində göstərilmiş xx.xx.2024-cü il tarixədək olan 9 ay üçün 230,02 manat (6134 manat * 5 % / 12 ay * 9 ay) müəyyən edilməlidir.
53. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 6134 manat əsas borc və 230,02 manat fazi borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 83,65 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 4,35 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6134 manat əsas borc, 230,02 manat faiz borcu, 83,65 manat dövlət rüsumu, ümumilikdə 6447,67 (altı min dörd yüz qırx yeddi manat altmış yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 4,35 (dörd manat otuz beş qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova