Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1713/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16380,45 manat əsas borc, 2947.94 manat ƏDV və 2068,5 manat bank uçot dərəcəsinin, cəmisi 21397 manat vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanda yerləşən, iddiaçıya məxsus 135 kv\m qeyri yaşayış sahəsi (soyuducu), kommunal xidmətlərin haqqı və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin cavabdeh tərəfindən ödənilmək şərti ilə, cavabdeh hər ayda 1 700 manat icarə haqqı ödəməli idi. Lakin müqavilə bağlandıqdan bir müddət sonra cavabdeh icarə haqqını və kommunal xidmətlərin haqqını, həmçinin vergiləri ödəməyi heç bir səbəb göstərmədən dayandırmıs və icarə yerinə gəlməkdən yayınmışdır. Dəfələrlə bu barədə cavabdehə telefonla şifahi xəbərdarlıq edilmiş lakin cavabdeh yenə də icarə obyektinə gəlməkdən yayınmağı davam etdirmiş və ümumiyyətlə telefon zənglərinə belə cavab verməmişdir. Müqavilə müddəti isə xx.xx.2021-ci il tarixdə başa çatmışdır. İcarə obyektində cavabdehin saxladığı mallar xarab olaraq ətrafa üfunət yaydığındən, həmçinin icarə yerinin təhlükəsizliyi baxımından və müqavilə müddətindən bir aydan artıq bir müddət keçdiyindən, eyni zamanda cavabdehin icarə obyektinə gəlməkdən qəsdən gizlənməyi səbəbindən məcburiyyət qarşısında qalaraq xx.xx.2022-ci il tarixdə icarəyə götürülmış sahə (soyuducu) tərəfimizdən açılaraq aktlaşdırılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixə yaranmış 11 900 manat icarə haqqı, + 2 142 manat onun ƏDV-si, kommunal xidmətlərə (elektrik enerjisindən istifadəyə) görə yaranmış 4 480,45 manat əsas borc və onun 805,06 manat ƏDV-si (cavabdehin əvəzinə aidiyyəti quruma tərəfimizdən ödənilmiş), həmin məbləğlər cavabdeh tərəfindən bizə ödənilməmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən icarə haqqına görə 11900 manat, 2142 manat ƏDV, ümumilikdə 14042 manat, kommunal borclara görə 4480,45 manat əsas borc, 805,94 manat ƏDV, ümumilikdə 5286,39 manat, 2068,50 manat bank uçot dərəcəsi üzrə cərimənin, cəmi 21397 manat vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə müqaviləsinin bağlandığı gündən etibarən 12 ay müddətində icarə sahəsi cavabdehin sahiblik və istifadəsində olmuş, cavabdehin istifadəsində olan sahədən pis qoxu gəldiyi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə akt tərtib edərək icarə sahəsini boşaltmış, lakin iddiaçı cavabdehi tapa bilmədiyi üçün onun iştirakını təmin edə bilməmişdir. Anbar sahəsində olan cavabdehə məxsus qida məhsulları xarab olduğu üçün atılmış, cavabdehə məxsus olmuş, iddiaçının məcbur qalıb satdığı şirələrin satışından əldə edilmiş 7000 manat, əşyaların satışından əldə edilmiş 5000 manat pul, ümumilikdə 12000 manat vəsait hazırda iddiaçıdadır. Cavabdeh tərəfindən icarə müqaviləsi üzrə borclar ödənildiyi təqdirdə həmin vəsait cavabdehə geri qaytarılacaqdır.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın qismən təmin edilməsi, iddiaçının tələb etdiyi borcdan onların etdiyi ödənişlərin, habelə 12000 manat onlara ödənilməli olduğu halda qaytarılmamış vəsaitin çıxılması, qalıq borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehin xəbəri olmadan xx.xx.2022-ci il tarixdə icarə sahəsini boşaltmış, cavabdeh bundan xəbər tutduqda ona məxsus malları geri istəmiş, iddiaçı bu tələbini yerinə yetirmədikdə 2023-cü ilin yayında hüquq mühafizə orqanlarına şikayət etmiş, hazırda da onun şikayətinə mahiyyəti üzrə baxılmaqdadır. İddiaçının direktoru həmin şikayətlə bağlı verdiyi izahatında bildirmişdir ki, cavabdehə məxsus içkiləri 7000 manata, mebel dəstini isə 5000 manata satmış, xarab olmuş malları isə atmış, satılmış malların dəyərindən əldə etdiyi 12000 manat vəsaiti hazırda iddia etdiyi borca silmişdir. Lakin iddia ərizəsi veriləndə həmin pul nəzərə alınmamışdır. Bu səbəbdən iddiaçının hazırkı tələbindən göstərilən 12000 manat çıxılmalıdır.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icrəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə əsasən, iddiaçı (“icarəyə verən”) ünvan 2 ünvanında yerlənən ümumi sahəsi 2396.6 m2 əmlak kompleksinin 135 m2 hissəsini xx.xx.2022-ci il tarixədək aylıq 1700 manat icarə haqqı olmaqla cavabdehə (“icarəyə götürən”) icarəyə vermişdir.
8. Müqavilənin 4-cü bəndinə əsasən icarəçi icarəyə verənə aylıq 1700 manat icarə haqqı ödəyir.
9. Müqavilənin 11-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya va telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən ələvə vergi haqqları ”lcarəçı“ tərafindən ödənilir.
10. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş sahəyə qeyd edilən sahədən uzun müddət istifadə edilməməsi nəticəsində oradan xoşagəlməz iyin gəlməsi, müəssisəsinin iş ahənginin pozulması səbəbindən baxış keçirilmiş, baxış nəticəsində müsbət dərəcəli soyuducunun qapısının açıq olması, soyuducunun uzun müddət sönülü olması, orada saxlanılan məhsulların saxlanma şəraitinin pozulması nətixəsində xarab olması müəyyən edilmişdir. Aşkar edilmiş malların sayılması, siyahıya alınması, xarab olmuş, müddəti bitmiş malların atılması aktda əks edilmişdir.
11. İddiaçı tərəfindən cavabdehə icarə haqqı ilə bağlı 2022-ci ilin sentyabr ayı üzrə EBCC 967205 nömrəli xx.xx.2022-ci il tarixli 2006 manat, 2022-ci ilin avqust ayı üzrə EBCB 877593 nömrəli xx.xx.2022-ci il tarixli 2006 manat, 2022-ci ilin iyul ayı üzrə EBCB 877275 nömrəli xx.xx.2022-ci il tarixli 2006 manat, 2022-ci ilin iyun ayı üzrə EBBX 691729 nömrəli xx.xx.2022-ci il tarixli 2006 manat, 2022-ci ilin may ayı üzrə EBBV 630774 nömrəli xx.xx.2022-ci il tarixli 2006 manat, 2022-ci ilin aprel ayı üzrə EBBU 30911 nömrəli xx.xx.2022-ci il tarixli 2006 manat, 2022-ci ilin mart ayı üzrə EBBS 934742 nömrəli xx.xx.2022-ci il tarixli 2006 manat, 2022-ci ilin fevral ayı üzrə EBBQ 935014 nömrəli xx.xx.2022-ci il tarixli 2006 manat, 2022-ci ilin yanvar ayı üzrə EBBP 425714 nömrəli xx.xx.2022-ci il tarixli 2006 manat, 2021-ci ilin dekabr ayı üzrə EBBO 249446 nömrəli xx.xx.2021-ci il tarixli 2006 manat, 2021-ci ilin noyabr ayı üzrə EBBL 670483 nömrəli xx.xx.2021-ci il tarixli 2006 manat, 2021-ci ilin oktyabr ayı üzrə EBBL 565727 nömrəli xx.xx.2021-ci il tarixli 1164,77 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
12. İddiaçı tərəfindən cavabdehə kommunal xidmətlərlə (enerji haqqı) bağlı EBBO 251929 nömrəli xx.xx.2021-ci il tarixli 467,50 manat, EBBP 834104 nömrəli xx.xx.2022-ci il tarixli 540,43 manat, EBBR 373999 nömrəli xx.xx.2022-ci il tarixli 513,26 manat, EBBT 066836 nömrəli xx.xx.2022-ci il tarixli 452,65 manat, EBBM 869173 nömrəli 24.11.20-ci il tarixli 1083,37 manat, EBBL 568422 nömrəli xx.xx.2021-ci il tarixli 191,56 manat, EBCB 885455 nömrəli xx.xx.2022-ci il tarixli 418,44 manat, EBCB 926882 nömrəli xx.xx.2022-ci il tarixli 438,35 manat, EBBU 305728 nömrəli xx.xx.2022-ci il tarixli 473,88 manat, EBCB 886598 nömrəli xx.xx.2022-ci il tarixli 608,63 manat, EBBW 451761 nörməli xx.xx.2022-ci il tarixli 345,18 manat, EBCD 009331 nömrəli xx.xx.2022-ci il tarixli 409,20 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci ildə 177,68 manat, xx.xx.2021-ci ildə 306 manat, xx.xx.2022-ci ildə 306 manat, xx.xx.2022-ci ildə 306 manat, xx.xx.2022-ci ildə 306 manat, xx.xx.2021-ci ildə 29,22 manat, xx.xx.2021-ci ildə 71,31 manat, xx.xx.2021-ci ildə 987,09 manat, xx.xx.2021-ci ildə 1700 manat, xx.xx.2022-ci ildə 2400 manat, xx.xx.2022ci ildə 1000 manat, xx.xx.2022-ci ildə 1700 manat, xx.xx.2021-ci ildə 396,19 manat, xx.xx.2021-ci ildə 162,34 manat məbləğində vəsait ödənilmişdir.
14. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
15. Belə ki, iddia tələbləri dörd hissədən ibarətdir: 1. icarə haqqı borcunun ödənilməsi; 2. kommunal xidmətlərlə bağlı yaranmış borcun tutulması; 3. əldən çıxmış faydanın (bank uçot dərəcəsi nəzərə alınmaqla) ödənilməsi.
16. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
17. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə icarə sahəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, icarə sahəsi 12 ay (xx.xx.2022-ci il tarixə qədər) cavabdehin sahiblik və istifadəsində olmuş, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 4-cü və 11-ci bəndlərinə əsasən aylıq 1700 manat icarə haqqı və kommunal xidmətlərə görə yaranmış borclar ödənilməlidir.
18. Materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə aylıq icarə haqqı ilə bağlı göndərilmiş elektron qaimələr üzrə ödənilməli olan ümumi icarə haqqı borcu 19687,09 manat təşkil edir.
19. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya icarə haqqı borcu üzrə ümumilikdə 7787,09 manat vəsait ödənilmişdir.
20. Bu səbəbdən məhkəmə hesab edir ki, icarə haqqı borcunun tutulması hissəsində iddia tələbi təmin edilməli, cavabdehdən 11900 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
21. Materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya icarə müqaviləsi üzrə ödənilməli olan ƏDV borcu ümumilikdə 3543,68 manat təşkil edir.
22. Cavabdeh tərəfindən iddiaçıya ƏDV borcu üzrə ümumilikdə 1401,68 manat vəsait ödənilmişdir.
23. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən icarə haqqı üzrə ödənilməmiş ümumilikdə 2142 manat ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Belə ki, materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya kommunal xidmətlərlə bağlı ödənilməli olan əsas borcunun məbləği 5035,98 manat təşkil edir.
26. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya kommunal xidmətlərlə bağlı ümumilikdə 558,53 manat vəsait ödənilmişdir.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, kommunal xidmətlərlə bağlı əsas borcun tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən 4477,45 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya kommunal xidmətlərlə bağlı ödənilməli olan ƏDV borcu ümumilikdə 906,47 manat təşkil edir.
29. Cavabdeh tərəfindən iddiaçıya ƏDV borcu üzrə ümumilikdə 100,53 manat vəsait ödənilmişdir.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən kommunal xidmətlərlə bağlı ödənilməmiş ümumilikdə 805,94 manat ƏDV borcunun tutulması hissəsində təmin edilməlidir.
31. Məhkəmə iddia tələbini üçüncü hissədə (2068,5 manat əldən çıxmış faydanın tutulması) əsassız hesab edir.
32. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.
33. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
34. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.
35. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.
36. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
37. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi ümumilikdə 19325,39 manat borcun tutulması hissəsində əsaslıdır.
38. Məhkəmə cavabdehin 12000 manat vəsaitin tələb edilən borcdan çıxılmalı olması barədə dəlilini əsaslı hesab edir.
39. Belə ki, materiallardan görünür ki, icarə sahəsi boşaldılan zaman cavabdehin qanuni təmsilçisi olmuş, icarə müqaviləsini imza etmiş direktoru X1 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatlarında göstərmişdir ki, icarə sahəsi boşaldıldıqdan sonra iddiaçı tərəfindən cavabdehə məxsus xarab olmuş mallar atılmış, cavabdehə məxsus ümumilikdə 7000 ədəd kompot hər biri 1 manat olmaqla satılmış, satışdan 7000 manat vəsait, cavabdehin mebelinin iranlı Mohammad adlı şəxsə qaytarılması müqabilində əldə edilmiş 5000 manat, ümumilikdə 12000 manat pul cavabdehin iddiaçıya olan borcundan silinmişdir.
40. Belə ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPM-in 106.3cü maddəsi).
41. Göründüyü kimi, iddiaçı hüquqi şəxsin rəhbəri olmuş şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsində aparılmış araşdırma zamanı verdiyi izahatında tərəflər arasında yaranmış mübahisənin icarə müqaviləsinə əsaslandığını, cavabdehə qaytarmalı olduqları 12000 manat vəsaitin icarə müqaviləsi üzrə borca silindiyini bildirmişdir.
42. Hazırkı halda isə, iddiaçı iddia ərizəsi verilən zaman həmin məbləği nəzərə almadan tərəflər arasında müqavilə münasibətlərinə istinad edərək ümumilikdə 19325,39 manat borcu tələb etmişdir ki, həmin məbləğ iddiaçının direktoru olmuş şəxsin qeyd olunan izahatı ilə inkar edilir.
43. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan ümumilikdə 16377,45 manat əsas borcdan 12000 manat çıxılmalı, cavabdehdən ümumilikdə 4377,45 manat məbləğində əsas borc, 2947,94 manat məbləğində ƏDV borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə, 55 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4377,45 manat məbləğində əsas borc, 2947,94 manat məbləğində ƏDV borcu, 100 manat dövlət rüsumu, ümumilikdə 7425,39 (yeddi min dörd yüz iyirmi beş manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova