Məhkəmə qərarları › İş №e-2-2(113)-172/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-172/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-172/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz borcu, cərimə borcu, mediasiya xərci, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DC00276086- 03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 108,424.96 manat əsas borc, 7,794.35 manat faiz borcu, 2,333.44 manat cərimə borcu olmaqla, cəmi 118,552.75 manat borcun tutulması, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 9 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/00276086saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00276086-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 200,000 manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan qeyd edilən DC00276086-03 saylı maliyyələşdirmə üçün ərizəüzrə öhdəliklərini 202 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DC00276086-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 108,424.96 manat əsas borc, 7,794.35 manat faiz borcu, 2,333.44 manat cərimə borcu olmaqla, cəmi 118,552.75 manat təşkil edir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X6 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X6 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə verərək Cavabdeh DC00276086-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 108,424.96 manat əsas borc, 9,120.95 manat faiz borcu, 3,051.73 manat cərimə borcu olmaqla, cəmi 120,597.64 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 11 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3.№”-li versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/00276086 saylı razılaşmaya əsasən Cavabdeh razılaşmanı imzalamaqla, Bank xidmtlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang,az/link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.0.3 №-li veriyasının şərtlərini diqqətlə oxudğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edlən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir.

9. xx.xx.2021-ci il tarixli, DC00276086-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 200.000 manat məbləğində pul vəsaitini illik faiz dərəcəsi 17%, illik/gündəlik cərimə faiz dərəcəsi 15% olmaqla xx.xx.2023-cü il tarixinə kimi mal alınması məqsədilə kredit götürmüşdür.

10. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00496-2023/3 saylı maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00276086-03 maliyyələşdirmə üçün ərizəyə əsasən 108424,96 manat əsas borc, 9120,95 manat faiz borcu, 3051,73 manat cərimə borcu olmaqla, cəmi 120597,64 manat və gecikdirilmiş günlərin sayı 229 gün qeyd olunmuşdur.

11. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

17. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Bundan başqa məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/6466 saylı rəyində cavabdehin xx.xx.2023-cü il tarixə əsas borcu 108424,96 manat, faiz borcu 8101,55 manat, xx.xx.2023-cü il tarixinə əsas borcu 108424,96 manat və faiz borcunun 9120,95 olması müəyyən edilmişdir.

19. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

21. İlk olaraq məhkəmə yaranmış borc məbləğinin hansı tarixə əsasən müəyyən edilərək tələb edilməsinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

22. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

23. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə ilkin olaraq xx.xx.2023-cü il tarixli xəbərdarlıq məkubu xx.xx.2023-cü il tarixində çatdırılmışdır. Və həmin məktubda bütün borcun ödənişini deyil, yalnız gecikdirilmiş borcun ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman yuxarıda qeyd olunan AR KM Plennum Qərarına əsasən iradə ifadəsini tam formalaşdırıb irəli sürərək, artıq bütün borcu tələb etdiyi üçün hazırki iş üzrə iddia tələbinin artırılması barədə ərizədə göstərilən tarixə deyil, iddia ərizəsinin məhkəməyə verildiyi tarixə mövcüd borc cavabdehdən tutulmalıdır.

24. Belə ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olub (hakim Aytən Əliyeva) və iddia verilən zaman DC00276086-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehdən 108,424.96 manat əsas borc, 7794,35 manat faiz borcu, 2,333.44 manat cərimə borcu tələb olunub.

25. İş üzrə keçirilmiş ekspert rəyində xx.xx.2023-cü il tarixinə hesablanmış faiz borcun 8101,55 manat göstərilsə də, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilmə tarixinə (xx.xx.2023) iddiaçının tələb etdiyi faiz borcu rəydən daha az olduğu üçün cavabdehdən tutulmalı olan faiz borcu iddia tələbində göstərilən 7794,35 manat həcmində müəyyən edilməlidir. Əsas borc isə iddia ilə ekspert rəyində eynilik təşkil edir.

26. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, DC00276086-03 saylı saylı maliyyələşdirmə üçün ərizə nəzərə cavabdehdən 108.424,96 manat əsas borc və 7794,35 manat faiz borcu məbləği tutularaq iddiaçıya ödənilməlidir.

27. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə xx.xx.2021-ci il tarixli, DC00276086-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (ilk dəfə iddia verilən zaman) 2333,44 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olmadığından, xx.xx.2021-ci il tarixli, DC00276086-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 2333,44 məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır.

32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin maliyyələşdirmə üçün ərizəyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 DC00276086-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 108.424,96 manat əsas borc məbləği, 7794,35 manat faiz borcu, 2333,44 manat məbləğində dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci, 9 manat dövlət rüsumu və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat cavabdehə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеh X3 DC00276086-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 108.424,96 manat əsas borc məbləği, 7.794,35 manat faiz borcu, 2333,44 manat dəbbə pulu və mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 409 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar