Məhkəmə qərarları › İş №e-2-2(113)-1733/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1733/2022

14.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1733/2022 14.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (MMC) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı müqaviləyə dəyişiklik edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçınə qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli, 36-LA/13 nömrəli müqavilənin 1.1-ci bəndində lizinq obyektinin ümumi dəyərinin ******* manat müəyyən edilməsi və həmin hissəsində müqaviləyə dəyişiklik olunması öhdəliyinin cavabdehə həvalə edilməsi, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli, 36-LA/13 nömrəli müqavilədə göstərilən lizinq obyektinin iddiaçının mülkiyyətinə verilməsi və cavabdeh tərəfindən dəymiş zərəririn əvəzinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 27 dekabr 2013-cü il tarixdə lizinq verən "xxxx" ASC ilə lizinq alan "xxxx" MMC arasında 36-LA/13 saylı "xxxx" ASC-yə məxsus istixana avadanlıqlarının quraşdırılma ilə birlikdə lizinqə verilməsi barədə" müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi dəyəri ******* manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avanadlıqlarının (quraşdırılması ilə birlikdə) dəyərini ödəniş qrafikində göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, lizinq alan obyektin dəyərindən 15000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləğ isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq (1 nömrəli əlavə) ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Sonradan iddiaçıya məlum olmuşdur ki, lizinqə verilən avadanlıqların dəyəri müqavilədə iki dəfə artıq göstərilərək süni şəkildə şişirdilmişdir. Bununla bağlı iddiaçı "xxxx" ASC-nin rəhbərliyinə etirazını bildirdikdə ona müqavilə şərtlərinə dəyişiklik ediləcəyi və avadanlığın dəyərinin azaldılacağı deyilmişdir. Həmçinin, iddiaçıya bildirilmişdir ki, əgər müqavilədən imtina edilərsə, müqavilənin şərtlərinə uyğun olaraq ilkin ödənilən 15000 manat vəsait geri qaytarılmayacaq. Ona görə də iddiaçı müqavilədən imtina etməmiş və müqavilə münasibətlərini davam etdirmişdir. Sonradan iddiaçı danışıqlar aparılaraq bu məsələnin həll edilməsini tələb etməsinə baxmayaraq, danışıqlar nəticəsiz qalmışdır. Bu halda yaranmış vəziyyət iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Müqavilənin ümumi qiymətinin həddindən artıq şişirdilməsi sahibkarlıq subyekti olaraq iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Belə ki, əldə etdiyi gəlirlərlə öz sahibkarlıq fəaliyyətini genişləndirmək və daha da inkişaf etdirmək imkanı olduğu halda, iddiaçı illərdir ki, əldə etdiyi vəsaitlə ancaq cavabdehə artıq ödənişlər etmək məcburiyyətində qalmış və cavabdeh tərəfindən süni şəkildə şişirdilmiş bu məbləği ödəyib başa çatdıra bilməmişdir. Bu həm də dövlətin apardığı ishalatlara zidd olmaqla sahibkarlığın inkişafına böyük maneədir. Belə ki, cavabdeh qurumun yaradılmasında məqsəd dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqların fiziki və hüquqi şəxslərin istifadəsinə münasib şərtlərlə verilməsi, kənd təsərrüfatı sahəsinin stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulun həcminin artırılmasıdır. Lakin, cavabdeh ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək dövlət büdcəsinin hesabına alınmış texnika və avadanlıqları mövcud bazar qiymətindən dəfələrlə artıq qiymətlərlə sahibkarlara, o cümlədən iddiaçıya vermişdir. Tərəflər arasında sözügedən müqavilənin bağlanılmasından sonra "Aqrolizinq” ASC-də tenderlərin keçirilməsi və müqavilələrin bağlanılması zamanı yol verilən pozuntulara görə bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də analoji işlərdə həqiqətən də lizinq obyektlərinin dəyərinin süni şəkildə yüksək göstərilməsi ilə bağlı qəbul edilən məhkəmə aktları da bir daha iddianın əsaslı olmasını göstərir. Ekspertiza təyin edilməklə lizinq avadanlıqlarının real bazar dəyəri müəyyən edilə bilər. Qeyd olunduğu kimi, lizin obyektinin dəyəri ******* manat olduğundan lizinq verən tərəfindən iddiaçıdan artıq ödənişlər alınmaqla ona maddi zərər vurulmuşdur. Odur ki, iddiaçıya dəymiş zərər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, tərəflər arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli müqavilənin 3.6-cı bəndinə görə obyektin dəyərini tam ödədikdən sonra mülkiyyət hüququ lizinq alana keçir. Həmçinin lizinq obyektinin dəyəri ******* manat müəyyən edildiyi halda, lizinqin dəyərinin tam ödənilməsi deməkdir ki, bu da lizinq obyektinin iddiaçının mülkiyyətinə verilməsi üçün əsasdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı MMC ilə "Aqrolizinq” ASC arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli, 36-LA/13 nömrəli müqavilənin 1.1-ci bəndində lizinq obyektinin ümumi dəyərinin 1253355,33 manat müəyyən edilməsi və bununla bağlı müqavilənin 1.1-ci bəndinə dəyişiklik edilməsi, müqavilənin dəyişdirilməsi nəticəsində "xxxx" MMC-yə dəymiş zərərin 294883,67 manat məbləğində müəyyən edilməsi və həmin zərərin Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-3719/2021 saylı qətnaməsi üzrə müəyyən edilən borcdan silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə həvalə edilməsi, tərəflər arasında bağlanmış müqavilədə göstərilən lizinq obyektinin İddiaçı MMC-nin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış "xxxx" ASC-yə məxsus istixana avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə" 27 dekabr 2013-cü il tarixli, 36-LA/13 saylı müqavilə üzrə əsas borc olaraq 739761 manat məbləğinin və 36113,76 manat cərimə borcunun cavabdehdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli 36-LA/13 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ******* manat dəyərində olan istixana avadanlıqlarını lizinqə götürmüşdür. Müqavilə bağlanılarkən lizinq avadanlıqlarının dəyəri tərəflərin razılığı ilə bazar qiymətinə uyğun müəyyən edilmişdir. İddiaçı bu məbləğlə bağlı "xxxx" ASC-yə etiraz etdiyini bildirsə də, nə müqavilə bağlanılarkən, nə də ki, sonradan bu məbləğlə bağlı tərəflər arasında hər hansı fikir ayrılığı olmamış, iddiaçı lizinq avadanlıqlarının dəyərini mübahisələndirməmiş və bu məbləğlə razı olmuşdur. Hazırda İddiaçı MMC lizinq avadanlıqlarının dəyərini mübahisələndirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Sözügedən müqavilə üzrə İddiaçı MMC tərəfindən bu günədək ******* manat pul məbləği ödənilsə də, sonradan cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və ödənişləri icra etməmişdir. Bununla bağlı tərəfimizdən məhkəməyə müracət edilmiş və Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, e-2-2(113)- 3719/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı MMC-dən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin xeyrinə 27.12.2013-cü il tarixli 36-LA/13 nömrəli müqavilə üzrə 336264 manat gecikdirilmiş borcun və 12000 manat cərimə borcunun, hüquqi yardıma görə 400 manat pulun tutulması qət olunmuşdur. Bundan sonra İddiaçı MMC müqavilə üzrə yenə də heç bir ödəniş etməmişdir. İlk iddiadan görünür ki, İddiaçı MMC ümumiyyətlə müqavilə üzrə digər öhdəliklərini də icra etmək fikirində deyildir. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçı o, müqavilə üzrə ödənilməli olan bütün vəsaiti vaxtından əvvəl İddiaçı MMC-dən tələb etmək hüququna malikdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, 27.12.2013-cü il tarixli 36-LA/13 nömrəli müqavilə üzrə “Evro 5 Standart" MMC-nin 30.03.2022-ci il tarixə olan ümumi əsas borcu 739761 manat, ödənişlərin gecikdirilməsinə görə cərimə borcu isə 36113,76 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - 27 dekabr 2013-cü il tarixli, 36-LA/13 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği ******* manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) dəyərini lizinq Ödəniş qrafikində (1 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək İddiaçınə verilməsi nəzərdə tutulmuşdur. - 30 mart 2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı 27 dekabr 2013-cü il tarixli 36-LA/13 nömrəli müqavilə üzrə 739761 manat gecikdirilmiş əsas borc və 36113,79 manat cərimə borcunun olması qeyd olunmuşdur. - “X2” MMC tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli, 74 nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, “Quldar” qış otlaq ərazisində yerləşən, 27 dekabr 2013-cü il tarixli, 37-LA/13 nömrəli müqavilə üzrə 2.0 ha sahədə quraşdırılmış xüsusi polietilen örtüklü, tunel tipli istixananın tikintisi və quraşdırılan avadanlıqların 2013-cü ilə real bazar dəyəri 1253355,33 manat, hal-hazırda isə dəyəri təqribən 789926,46 manat məbləğində müəyyən edilmişdir. - “X1” MMC tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli, 48 nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, “Quldar” qış otlaq ərazisində yerləşən, 27 dekabr 2013-cü il tarixli, 37-LA/13 nömrəli müqavilə üzrə 2.0 ha sahədə quraşdırılmış lizinq müqaviləsinin predmeti olan istixana avadanlıqlarının müqavilənin bağlandığı dövrdə real bazar dəyəri təqribən 1255332,92 manat, hal-hazırda isə dəyəri təqribən 815966,40 manat məbləğində müəyyən edilir. - Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, e-2-2(113)- 3719/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı MMC-dən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin xeyrinə 27.12.2013-cü il tarixli 36-LA/13 nömrəli müqavilə üzrə 336264 manat gecikdirilmiş borcun və 12000 manat cərimə borcunun, hüquqi yardıma görə 400 manat pulun tutulması qət olunmuşdur. İlkin iddia ərizəsinin məzmunundan görünür ki, tələb 3 hissədən ibarətdir: - lizinq obyektinin ümumi dəyərinin 1253355,33 manat məbləğində müəyyən edilməsi və bununla bağlı tərəflər arasında imzalanmış müqavilənin 1.1-ci bəndinə dəyişiklik edilməsi; - dəymiş zərərin 294883,67 manat məbləğində müəyyən edilməsi və həmin zərərin Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-3719/2021 saylı .qətnaməsi üzrə müəyyən edilən borcdan silinməsi; - tərəflər arasında bağlanmış müqavilədə göstərilən lizinq obyektinin İddiaçı MMC-nin mülkiyyətinə verilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 398.2-ci maddəsinə əsasən müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış təklifin məzmunundan görünür ki, iddiaçı 27 dekabr 2013-cü il tarixli, 36-LA/13 saylı "xxxx" ASC-yə məxsus istixana avadanlıqlarının quraşdırılma ilə birlikdə lizinqə verilməsi barədə" müqavilənin 1.1-ci bəndinin dərhal dəyişdirilərək lizinq obyektinin ümumi dəyərinin ******* manat müəyyən edilməsini cavabdehə təklif etmişdir. Məktub Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 11 mart 2022-ci il tarixdə qəbul edilsə də, cavablandırılması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin ilkin iddianın “tərəflər arasında imzalanmış müqavilənin 1.1-ci bəndinə dəyişiklik edilməsi” hissəsinə etirazını o hal təşkil edir ki, müqavilə bağlanılan dövrdə iddiaçı tərəfindən müqavilənin qiyməti mübahisələndirilməmiş, tərəflər qiymət şərti ilə razılığa gəlmişlər. Lakin, mülki qanunvericilikdə müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə yol verildiyindən, cavabdehin etirazı əsassızdır. Məhkəmə gedişatında iddiaçının nümayəndəsi vəsatət təqdim edərək, lizinq avadanlıqlarının 27 dekabr 2013-cü il tarixinə bazar dəyərinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin alınmasını xahiş etmiş, “X2” MMC tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli, 74 nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, “Quldar” qış otlaq ərazisində yerləşən, 27 dekabr 2013-cü il tarixli, 37-LA/13 nömrəli müqavilə üzrə 2.0 ha sahədə quraşdırılmış xüsusi polietilen örtüklü, tunel tipli istixananın tikintisi və quraşdırılan avadanlıqların 2013-cü ilə real bazar dəyəri 1253355,33 manat, hal-hazırda isə dəyəri təqribən 789926,46 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra cavabdehin nümayəndəsi vəsatət təqdim edərək, iş üzrə təkrar qiymətləndirmənin aparılmasını xahiş etmiş, “X1” MMC tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli, 48 nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, “Quldar” qış otlaq ərazisində yerləşən, 27 dekabr 2013-cü il tarixli, 37-LA/13 nömrəli müqavilə üzrə 2.0 ha sahədə quraşdırılmış lizinq müqaviləsinin predmeti olan istixana avadanlıqlarının müqavilənin bağlandığı dövrdə real bazar dəyəri təqribən 1255332,92 manat, hal-hazırda isə dəyəri təqribən 815966,40 manat məbləğində müəyyən edilmişdir. İddiaçı “X2” MMC tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli, 74 nömrəli mütəxəssis rəyinə əsaslanaraq, iddia tələbinin həcmini artırmış, tərəflər arasında bağlanılmış 27 dekabr 2013-cü il tarixli, 36-LA/13 saylı "xxxx" ASC-yə məxsus istixana avadanlıqlarının quraşdırılma ilə birlikdə lizinqə verilməsi barədə" müqavilənin 1.1-ci bəndində göstərilmiş müqavilənin ümumi qiymətinin dəyişdirilərək 1253355,33 manat müəyyən edilməsini xahiş etmişdir. Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə lizinq obyektinin dəyərinin müqavilədə göstərilən ******* manat olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə “X1” MMC tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli, 48 nömrəli mütəxəssis rəyi ilə Abşeron rayonu, “Quldar” qış otlaq ərazisində yerləşən, 27 dekabr 2013-cü il tarixli, 37-LA/13 nömrəli müqavilə üzrə 2.0 ha sahədə quraşdırılmış xüsusi polietilen örtüklü, tunel tipli istixananın tikintisi və quraşdırılan avadanlıqların 2013-cü ilə real bazar dəyəri 1255332,92 manat olduğunun müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 36-LA/13 saylı "xxxx" ASC-yə məxsus istixana avadanlıqlarının quraşdırılma ilə birlikdə lizinqə verilməsi barədə" müqavilənin 1.1ci bəndində göstərilmiş müqavilənin ümumi qiyməti dəyişdirilərək 1255332,92 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İş materiallarında olan 30 mart 2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı MMC tərəfindən 27 dekabr 2013-cü il tarixli, 36-LA/13 nömrəli müqavilə üzrə ümumilikdə ******* manat məbləğində pul vəsaiti ödənilmişdir. Qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-3719/2021 saylı qətnaməsi ilə mübahisələndirilən müqavilə üzrə iddiaçının 336264 manat məbləğində gecikdirilmiş borcunun olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müqavilə qiymətinin əslində ******* manat deyil, 1255332,92 manat məbləğində qəbul edilməli olması müəyyən edildiyindən, iddiaçı tərəfindən (1548239 - 1255332,92) 292906,08 manat məbləğində artıq ödənişlər həyata keçirilmiş, bununla da iddiaçıya zərər dəymişdir. Lakin, iddiaçı dəymiş zərərin əvəzinin cavadehdən tutulmasını deyil, Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-3719/2021 saylı qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulacaq 336264 manat gecikdirilmiş borc və 12000 manat cərimə borcunun, hüquqi yardıma görə 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25,30 manat məbləğinin, ümumilikdə 348689,3 manat məbləğinin borcdan silinməsini cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş 292906,08 manat məbləğində zərər cavabdehə ödənilməmiş 348689,3 manat borc məbləğindən silinməlidir. Məhkəmə araşdırması zamanı müqavilənin 1.1-ci bəndinin “Lizinq verən ümumi dəyəri 1255332,92 manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) (bundan sonra- Obyekt) dəyərini lizinq Ödəniş qrafikində (1 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə verir.” şəkildə qəbul edilməli olması müəyyən edildiyindən, iddiaçı tərəfindən bugünədək ümumilikdə ******* manat məbləğində ödəniş etməsi, qanuni qüvvəyə minmiş qətnamə üzrə cavabdehə ödənilməmiş 348689,3 manat borc məbləğindən 292906,08 manat məbləğinin silinməsi nəzərə alınaraq, lizinq avadanlıqlarının ümumi dəyəri Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-3719/2021 saylı qətnaməsi üzrə borc tam ödənildikdən sonra iddiaçının mülkiyyətinə verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının tələbi tərəflər arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli, 36-LA/13 saylı müqavilə üzrə əsas borc qismində 739761 manat və 36113,76 manat cərimə borcunun İddiaçı MMC-dən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 30 mart 2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı MMC-nin 27 dekabr 2013cü il tarixli 36-LA/13 nömrəli müqavilə üzrə 739761 manat gecikdirilmiş əsas və 36113,79 manat cərimə borcu mövcuddur. Lakin, məhkəmə araşdırması zamanı müqavilə qiymətinin əslində ******* manat deyil, 1255332,92 manat məbləğində qəbul edilməli olması müəyyən edildiyindən, müqavilənin qiyməti 1032667,08 manat artıq hesablanmışdır və belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin oluna bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı müqaviləyə dəyişiklik edilməsi və və zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilsin. İddiaçı ilə "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 27 dekabr 2013cü il tarixli, 36-LA/13 nömrəli müqavilənin 1.1-ci bəndində dəyişiklik olunaraq lizinq obyektinin ümumi dəyərinin 1255332,92 manat məbləğində müəyyən edilməsi, müqavilənin dəyişdirilməsi nəticəsində İddiaçınə dəymiş zərər 292906,08 manat məbləğində müəyyən olunaraq, Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-3719/2021 saylı qətnaməsi üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmuş 348689,3 manat borcdan silinməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə həvalə edilsin. Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-3719/2021 saylı qətnaməsi üzrə borc tam ödənildikdən sonra 27 dekabr 2013-cü il tarixli, 36-LA/13 nömrəli müqavilə üzrə lizinq obyekti İddiaçı mülkiyyətinə verilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçınə qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar