Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1743/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “xxxx” LTD MMC-nin nümayəndəsi X1 və Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” LTD MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə borcunun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” LTD MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/430 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş icarə obyektləri (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) üzrə icarə haqqı qismində 216626,31 manat əsas borc və gecikdirilmiş günlər üzrə 3233,55 manat məbləğində cərimə olmaqla, ümumilikdə 219859,86 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “xxxx” LTD MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə AZTX/430 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyə verən” (“xxxx LTD” MMC) müqavilənin əlavələrində qeyd olunmuş “İcarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə (Cavabdeh MMC) verməyi, İcarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnikalar 2019-cu ilin mart ayının 1-dən - 2020- ci ilin aprel ayının 6-sınadək icarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərmişdir. Qeyd olunan aylar ərzində ümumilikdə 386209,71 manat əsas məbləğ və 69517,76 manat ƏDV məbləğində icarə haqqı hesablanmışdır. Lakin, icarəçi Cavabdeh MMC tərəfindən icarəyə verənə ümumilikdə 202628,10 manat əsas məbləğ və 36473,06 manat ödənilmişdir. Beləliklə, hesablanmış icarə haqqı üzrə icarəçi tərəfindən icarəyə verənə 183581,61 manat əsas məbləğ və 33044,69 manat ƏDV məbləği ödənilməmiş borc olaraq qalmışdır (maliyyə arayışı əlavə edilir). İcarəyə verən ilə icarəçi arasında hər ay görülən işlərə görə ödənilməli məbləğ barədə akt tərtib edilərək hər iki tərəfdən imzalanmışdır (aktlar əlavə edilir). Tərtib edilmiş aktlardan, göndərilmiş e-qaimələrdən və maliyyə arayışından tam aydın olur ki, icarəçi müxtəlif vaxtlarda tərtib edilmiş aktlara əsasən yaranmış borcunu bu günə qədər ödəməmişdir. Tərəflər arasında bağlanan AZTX/430 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 4.1-ci maddəsinə əsasən icarə haqqı aylıq ödənilir. Həmin müqavilənin 4.3 və 4.4-cü maddələrinə əsasən İcarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək hesab faktura tərtib edir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 (beş) iş günü ərzində ödəniş həyata keçirilir. Müqavilənin 4.10-cu maddəsinə əsasən faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01% gecikmə faizi hesablanır. Beləliklə, icarəçi Cavabdeh MMiCcarə müqaviləsi əsasında “xxxx LTD” MMC-dən istifadə üçün təhvil aldığı icarə obyektlərinə görə 216626,31 manat əsas borc və gecikdirilmiş günlər üzrə 3233,55 manat məbləğində cərimə olmaqla, ümumilikdə 216626,31 + 3233,55 = 219859,86 manat məbləğində ödənilməmiş borcu varQeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə xx.xx.2020-ci il tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə Pretenziya məktubu göndərilmiş, yaranmış bocun ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdeh MMC-nin nümayəndəsi X4 iddiaya etiraz verərək, iddianı əsassız və qanunsuz hesab etdiklərini, belə ki, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 3.1 və 3.2-ci bəndinin tələblərinin pozulduğunu, icarə obyektlərinin icarəçiyə təhvil verilməsinə dair məhkəməyə hər hansı bir sənəd/akt təqdim olunmadığını, bundan əlavə müqavilənin Əlavələrində (əlavə 1,2,3,4,5,6,7,8,10,11,12) qeyd olunan icarə obyektləri ilə sübut kimi iş materiallarına əlavə olunmuş maliyyə arayışındakı və görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktlarındakı malların adlarında heç bir uyğunluq olmadığını bildirərək, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” LTD MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 iddiaya vermiş olduğu etiraz ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 1 ədəd Whell Loader texnikası və 1 ədəd EC210BLC Ekskavator texnikasının istifadə edilməsi ilə bağlı EAAU seriyalı, 508884 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə və təhvil-təslim aktı imzalanmasına baxmayaraq, həmin texnikalar faktiki təhvil alınıb istifadə edilməyib, texnikaların çox olması səbəbilə həmin sənədlər diqqət yetirilmədən imzalanmışdır, bunun əsası kimi həmin texnikaların icarəyə verilməsi xx.xx.2019-cu il tarixli, AZTX/430 nömrəli icarə müqaviləsində və həmin müqaviləyə 1,2,3,4,5,7,8,10,11,12,14 saylı əlavələrdə də öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, AZTX/430 nömrəli icarə müqaviləsi və həmin müqaviləyə 1,2,3,4,5,7,8,10,11,12,14 saylı əlavələrdən görünür ki, “xxxx” LTD MMC (“İcarəyə Verən”), icarə obyektini (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələrini) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün (“İcarəçi”) Cavabdeh MMC-yə verir. İcarəyə verilən texnikalar 2019-cu ilin mart ayının 1-dən – 2020-ci ilin aprel ayının 6-sınadək icarəçinin təyin etdiyi yerdə fəaliyyət göstərir. Müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı aylıq ödənilir. Müqavilənin 4.3 və 4.4-cü bəndlərinə əsasən icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək, hesab faktura tərtib edir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçirilir, müqavilənin 10-cu bəndinə əsasən faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda 5%-i keçməmək şərti ilə günlük 0,01% gecikmə hesablanır. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasında görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktlarından görünür ki, “xxxx LTD” MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin icarə haqqısı ümumilikdə 455727,12 (ƏDV daxil) manat təşkil edir. “xxxx LTD” MMC tərəfindən verilən EAAU seriyalı, 833432 nömrəli, xx.xx.2019-cu il tarixli; EBAE seriyalı, 383626 nömrəli, xx.xx.2019-cu il tarixli; EBAF seriyalı, 318562 nömrəli, xx.xx.2020-ci il tarixli; EBAH seriyalı, 493214 nömrəli, xx.xx.2020-ci il tarixli; EAAZ seriyalı, 036904 nömrəli, xx.xx.2019-cu il tarixli; EAAY seriyalı, 569395 nömrəli, xx.xx.2019-cu il tarixli; EAAU seriyalı, 508884 nömrəli, xx.xx.2019-cu il tarixli; EBAİ seriyalı, 374558 nömrəli, xx.xx.2020-ci il tarixli; EAAW seriyalı, 061909 nömrəli, xx.xx.2019-cu il tarixli; EBAE seriyalı, 494367 nömrəli, xx.xx.2019-cu il tarixli; EBAG seriyalı, 511775 nömrəli, xx.xx.2020-ci il tarixli; EBAG seriyalı, 509874 nömrəli, xx.xx.2020-ci il tarixli; EBAG seriyalı, 406095 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimələrdən görünür ki, “xxxx LTD” MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 455727,47 manat məbləğində təşkil edir. İcarəyə verilən texnikaların GPRS saatları əsasında hesablama qaydası haqqında arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli, AZTX/430 nömrəli icarə müqaviləsi əsasında icrarəyə verənə məxsus texnikalar üzrə aylıq icarə haqları hesablanarkən, işləmiş texnikilar üzrə məlumatlar GPRS əsasında müvafiq olaraq saat, dəqiqə və saniyə olaraq təqdim olunurdu. Ödənişin həyata keçirilməsi üçün müvafiq aylar üzrə təqdim olunan hesab-fakturalar mühasibatlıq proqramı olan 1C proqramında hazırlanırdı. Qeyd olunan proqramda sistem hesablamanı 100-lük rəqəm olaraq tanıyır, yəni daxil edilən GPRS məlumatları (saat, dəqiqə,saniyə) müvafiq olaraq avtomatik yuvarlaqlaşdırılırdı. Bunun nəticəsində GPRS məlumatı əsasında çıxan rəqəmlər ilə 1C proqramında hazırlanan hesab faktura arasında texnikalar üzrə qəpik fərqləri yaranırdı. “xxxx LTD” MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, “xxxx LTD” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ümumilikdə 386209,71 manat əsas məbləğ və 69517,76 manat ƏDV məbləğində icarə haqqı hesablanmış, icarəçi icarəyə verənə ümumilikdə 202628,10 manat əsas məbləğ və 36473,06 manat (ƏDV) ödənilmiş, icarəçinin icarəyə verənə 183581,61 manat əsas məbləğ və 33044,69 manat (ƏDV) ümumilikdə 216626,3 manat borcu vardır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2.2, 445.7, 465.2, 467, 700.1, 700.2, 862.1 və 862.3 -cü maddələri, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və 13-cü maddəsinin 5-ci bəndi). Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf isə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmiş, öz üzərinə düşən öhdəlikləri tam həyata keçirməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1 saatlıq tarifi 211,54 manat, işləmə günləri 26 saat olmaqla 5500 manat məbləğində icarə haqqı olan 1 ədəd Whell Loader texnikası və 1 saatlıq tarifi 173,08 manat, işləmə günləri 9 saat olmaqla 1557,69 manat məbləğində icarə haqqısı olan 1 ədəd EC210BLC Ekskavator texnikasının icarəyə götürməklə istifadə edilməsi ilə bağlı EAAU seriyalı, 508884 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə imzalansa da, həmin texnikalar faktiki olaraq cavabdehə təhvil verilməmiş, belə ki, həmin texnikaların icarəyə verilməsi xx.xx.2019-cu il tarixli, AZTX/430 nömrəli icarə müqaviləsində və həmin müqaviləyə 1,2,3,4,5,7,8,10,11,12,14 saylı əlavələrdə də öz əksini tapmamışdır. Belə olan halda həmin texnikaların icarə haqqısı olan ümumilikdə 8328,08 (ƏDV daxil) manat məbləğində pul iddia tələbi olan icarə haqqı qismində 216626,31 manat əsas borcdan çıxılmalı və icarəyə verilmiş icarə obyektləri (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) üzrə icarə haqqı qismində 208298,23 manat əsas borc cavabdehdən tutulmalıdır. Həmçinin iddiaçı icarə müqaviləsi üzrə 216626,31 manat əsas borc üzrə gecikdirilmiş günlər üçün 3233,55 manat cərimə borcu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 701,77 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, AZTX/430 nömrəli icarə müqaviləsi və həmin müqaviləyə 1,2,3,4,5,7,8,10,11,12,14 saylı əlavələr üzrə yaranmış 208298,23 (ƏDV daxil) manat məbləğində icarə haqqı borcunun, 701,77 manat cərimə borcunun, cəmi 209000 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxx” LTD MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 95,06-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 95,06%-i, yəni 28,52 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, AZTX/430 nömrəli icarə müqaviləsi və həmin müqaviləyə 1,2,3,4,5,7,8,10,11,12,14 saylı əlavələr üzrə yaranmış 208298,23 (ƏDV daxil) manat məbləğində icarə haqqı borcunun, 701,77 manat cərimə borcunun, cəmi 209000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28,52 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxx” LTD MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1743/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1743/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver