Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1743/2022 03.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İcra olunmamış müqavilənin icrası təmin edilərək 60 000 manatın, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 210 manat və mediasiya xərclərinə görə ödənilmiş 400 manat pulun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 avqust 2019-cu il tarixli № EA 129 saylı müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəkləri sistemlərin montaj və demontaj xidmətlərinin göstərilməsinə dair müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən işlərin icrasından sonra onun dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Tərəfimizdən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. 16.10.2020-ci il tarixinə qədər olan ümumi borc məbləği 60 000 manat müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən qeyd olunan pul vəsaiti ödənilməmiş və verilmiş tikinti avadanlıqları geri qaytarılmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan son tarix 2022-ci ilin fevral ayının on beşinci gününü götürdükdə, 60 000 manatın ödənilməməsi nəticəsində iddiaçı hüquqlarını bərpa etmək üçün 210 manat hüquqi yardıma görə vəsait ödəyərək xərc çəkmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci ödənilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən hazırkı müqavilə üzrə hər hansı vəsait ödənilməmişdir. Tərəflər arasında borcların qarşılıqlı üzləşdirilməsi aparılmış, həmin üzləşmədə iddiaçını onun yaxın qohumu (bacısı oğlu) etibarnamə əsasında təmsil etmiş, cavabdehə ödənişlərdə güzəşt edilərək, cəmi ödənilməli olan borcun məbləği 60000 manat müəyyən edilmişdir. Lakin həmin borc ödənilməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəni barədə məlumat verməmişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 01.08.2019-cu il tarixli EA 129 nömrəli “Müasir ayaqaltı və betonaltı iskələ sistemlərinin montaj və demontaj xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən “icraçı” müasir ayaqaltı ayaqaltı və betonaltı iskələ sistemlərinin və teleskopik dəmir dirəkləri sistemlərin montaj və demontaj xidmətlərinin göstərilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən işlərin icrasından sonra onun dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstəriləməsinə dair hesab-fakturada qeyd edilir. Müqavilənin 01.08.2019-cu il tarixli 1 saylı Əlavəsində göstəriləcək xidmətlərə görə ödənilməli olan məbləğlər razılaşdırılmışdır. İşlərin qəbul aktlarından görünür ki, 29.11.2019-cu il tarixinə 47200 (ƏDV daxil) manat, 30.09.2019-cu il tarixinə 23600 (ƏDV daxil) manat, 09.09.2019-cu il tarixinə 5900 (ƏDV daxil) manat məbləğində iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 29.01.2022-ci il tarixli məktuba əsasən iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 fevral 2022-ci il tarixli MŞB/6-572 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01.08.2019-cu il tarixli EA 129 nömrəli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə hazırkı müqavilə üzrə ümumilikdə 76700 manat məbləğində xidmət göstərilmiş, iddia ərizəsində isə ödənilməli olan borcun məbləği 16.10.2020-ci il tarixli üzləşdirmə aktına istinad edilməklə 60000 manat məbləğində göstərilmişdir. Məhkəmə 16.10.2020-ci il tarixli üzləşdirmə aktı ilə bağlı qeyd edir ki, iddiaçının Məhkəməyə təqdim etdiyi həmin sənəd hazırkı iş üzrə mötəbər sübut qismində nəzərə alına bilməz. Belə ki, həmin aktda tərəflər qismində cavabdeh və fərdi sahibkar olan X1 (VÖEN **********) göstərilmiş, 60000 manat məbləğində yaranmış borcun onların arasında olan müqaviləyə əsasən yarandığı razılaşdırılmışdır. Həmin aktda iddiaçının, habelə iddiaçı və cavabdeh arasında olan 01.08.2019-cu il tarixli EA 129 nömrəli xidmət müqaviləsinin adı göstərilməmişdir. Hazırkı halda iddia tələbində 60000 manat əsas borcun tutulmalı olması göstərildiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bundan başqa iddia ərizəsində 210 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, 01.02.2022-ci il tarixli AZ0010293 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 149 nömrəli müqaviləyə əsasən 210 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə 60000 manat məbləğində pul və hüquqi yardıma görə 210 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 60 000 (altmış min) manat məbləğində pul, hüquqi yardıma görə 210 (iki yüz on) manat və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1743/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1743/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver