Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1744/2020 11.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00022-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən, 3.593,66 manat məbləğində qalıq, ona hesablanmış 765,60 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.500 manat məbləğində dəbbə pulu, cəmi 7.859,26 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00022-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 10.000 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx xxxxxx 2018-ci il tariхli, 2018/00022- Z01 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 MMC tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehlərə dəfələrlə müraciət edərək, əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh “Cavabdeh1 MMC-nin bank hesablarının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1744/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh1 MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərində iddia tələbi həddində, 7859,26 manat həcmində həbs qoyulmuşdur. Sonradan iddiaçının nümayəndəsi iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 2018/00022-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən, 3.593,66 manat məbləğində qalıq, ona hesablanmış 1.166,26 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4860 manat məbləğində dəbbə pulu, cəmi 9.619,92 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı BOKT ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00022-01 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borc verən kredit dövriyyə vəsaitlərinin artırılması (su filtirlərinin alınması) məqsədi ilə borc alana 24 ay müddətinə 10.000 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin: 1.5-ci bəndinə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 30% təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 43,01% təşkil edir. 3.1-ci bəndinə uyğun olaraq borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Dəbbə pulu müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. 3.1.1-ci bəndinə görə bu müqavilənin müddəti bitdikdən sonra 2 (iki) qat faiz hesablanmağa başlandığı gündən dəbbə pulunun (cərimənin) hesablanması dayandırılır. 3.2-ci bəndinə əsasən müqavilənin müddəti bitdikdən sonra, borc alan kredit faizlərini vaxtında ödəmədikdə ödənilməyən kredit üçün faiz dərəcəsi illik 2 (iki) qat artırılaraq yəni, 60% faiz dərəcəsi ilə hesablanır. 3.4-cü bəndinə uyğun olaraq borc alan bəyan edir və öz üzərinə öhdəlik götürür ki, səbəbindən asılı olmayaraq əgər müqavilə üzrə vəzifələrini (öhdəliklərini) vaxtında və tam şəkildə yerinə yetirmədikdə, öhdəliklərini pozduqda və bu səbəbdən Borc verən borcun tutulması üçün ona qarşı məhkəmə, notarius və ya digər səlahiyyətli dövlət orqanına müraciət etdikdə - borc məbləğinin (əsas və faiz məbləğləri daxil olmaqla) 5 (beş) faizi miqdarında Borc verənə cərimə ödəyir. Borc alan qəbul edir ki, Borc verən borcun tutulması üçün müəyyən xərclər çəkir və əsas kredit borcu, faiz borcu, müqavilənin müddəti başa çatdıqdan sonra ikiqat faiz (vaxtı keçmiş) borcu, habelə dəbbə pulundan əlavə cərimənin ödənilməsinə və ondan tutulmasına razılıq verir və bunu heç bir şəkildə mübahisələndirmir. Əgər Borc verən Borc alana qarşı cərimənin ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırarsa, icra qeydin verilməsi üçün notariusa müraciət edərsə və ya digər səlahiyyətli dövlət orqanına müraciət edərsə cərimənin Borc alandan tutulması üçün hər hansı əlavə sənədlərin təqdim olunmadan tutulmasına razılıq verir və cərimənin ondan tutulmasını məhkəmədə mübahisələndirmir və buna qarşı hər hansı etiraz irəli sürmür. 4.1-ci bəndinə əsasən bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq: Cavabdeh2 zaminliyi (Şəxsiyyət Vəsiqəsi: AZE ********,Suraxanı RPİ tərəfindən xx.xx.2012-ci il tarixində verilib). 4.2-ci bəndinə uyğun olaraq əgər borc alan əsas öhdəliyin (əsas borc məbləğinin) icrasından əlavə, faiz borcları və digər xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə dəbbə (cərimə) hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı BOKT ASC (borc verən) ilə Cavabdeh2 (zamin) arasında xx xxxxxx 2018-ci il tarixdə 2018/00022-Z01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin məzmunu zaminin ”İddiaçı” X2 X1 Cəmiyyəti qarşısında Cavabdeh1 MMC (bundan sonra “Borc alan” adlandırılacaq)xx.xx.2018-ci il tarixli, 2018/00022-01 saylı kredit müqaviləsinə illik 30% olmaqla 24 ay müddətinə 10.000 manat məbləği əsasən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə daşıdığı məsuliyyət təşkil edir. 1.2-ci bəndinə görə zamin İddiaçı BOKT qarşısında borc alanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə borc alan kimi tam məsuliyyət daşıyır. 2.1-ci bəndinə uyğun olaraq əgər borc alan kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin İddiaçı BOKT-un ona göndərdiyi bildirişin alınması vaxtından üç gündən gec olmamaq şərtilə borc alanın bütün borclarının ödənilməsinə zamin olur. 2.2-ci bəndinə görə əgər zamin kredit müqaviləsində göstərilən tarixə qədər bütün ödənişləri yerinə yetirərsə, kredit müqaviləsində göstərilən cərimələr ödənilmir. 2.3-cü bəndinə görə əgər kredit müqaviləsinin şərtləri vaxtında yerinə yetirilməzsə, Zamin İddiaçı BOKT-a vaxtı keçmiş ödənişlərə görə cərimə ödəyir. 3.1-ci bəndinə əsasən zaminlik müqaviləsi kredit müqaviləsi ilə birlikdə qüvvəyə minir. 4.1-ci bəndinə uyğun olaraq zaminlik müqaviləsi kredit müqaviləsinin ayrılmaz hissəsidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 MMC-nin “xxxx” ASC-nin Şərq filialında olan hesabına 10.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2020-ci il tarixli, 1273-1020 saylı “Borc haqqında” arayışdan görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixli, 2018/0002-01 saylı istehlak kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə xx xxxxxxx 2020-ci il tarixinə kreditə görə qalıq borcu 3.593,66 manat, müqavilə müddəti bitənə kimi hesablanmış faiz borcu 986,53 manat, dəbbə 4.860,00 manat, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan faiz 179,73 manat, cəmi 9.619,92 manat borcu vardır. İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 MMC-yə və Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 64-062020 saylı bildirişdən görünür ki, sonunculardan borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdarlıq edilmiş, həmçinin göstərilən məbləğlərdən əlavə borc vaxtında ödənilmədiyi üçün müqavilə ilə nəzərdə tutulmuş cərimə və dəbbə pulunun tələb ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı BOKT ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında xx xxxxxx 2018-ci il tariхdə 2018/00022- 01 saylı saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı BOKT ASC müqavilədə nəzərdə tutulmuş kredit məbləğini Cavabdeh1 MMC-yə verməklə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, Cavabdeh1 MMC həmin kredit məbləğinin, eləcə də ona hesablanmış faizlərin ödənilməsinə dair öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə MMC-nin İddiaçı BOKT ASC–yə sözügedən kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, v BOKT ASC (borc verən) ilə Cavabdeh2 (zamin) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 2018/00022- Z01 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 kredit alan “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tariхli 2018/00022-01 saylı kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC qarşısında üzərinə götürdüyü öhdəliklərinə tam həcmdə zamin durmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə kredit alan Cavabdeh1 MMC-nin xx xxxxxx 2018-ci il tariхli, 2018/00022-01 saylı kredit müqaviləsi üzrə kredit verən İddiaçı BOKT ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə MMCnin X2 təşkilatına borcunun yarandığını, eləcə də zamin Cavabdeh2 Cavabdeh1 MMCnin kredit müqaviləsi üzrə bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə kredit alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı BOKT ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada kredit alan Cavabdeh1” MMC-dən və zamin Cavabdeh2 tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlərdən tutulmalı olan borcun məbləğinə gəldikdə iddiaçı Cavabdeh1 MMCnin kredit müqaviləsi üzrə əsas borcunun 3.593,66 manat təşkil etməsinin iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borcun tutulması tələbinə dair hissədə iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə mübahisəli kredit müqaviləsi üzrə 3.593,66 manat məbləğində əsas borc tutulmalıdır. Faiz borcunun tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı BOKT ASC kredit müqaviləsi üzrə cəmi 1.166,26 manat məbləğində faiz borcunun ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə iclasında izahat verən İddiaçı BOKT ASC-nin nümayəndəsi isə ödənilməsini tələb etdikləri 1.166,26 manat məbləğində faiz borcunun 986,53 manat hissəsinin müqavilə müddəti bitənə kimi hesablanmış faiz borcu, 179,73 manat hissəsinin isə müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan faiz olduğunu bildirmişdir. Eynilə iş materiallarına əlavə edilmiş borc haqqında arayışdan da müəyyən edilir ki, Cavabdeh1 MMC-nin müqavilə müddəti bitdiyi tarixə hesablanmış faiz borcu 986,53 manat, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış faiz borcu 179,73 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, kreditorun kreditin verilmə müddəti bitənədək olan dövr üçün müqavilənin şərtlərinə əsasən hesablanmış faiz borcunun, eləcə də müqavilə müddəti bitdikdən sonrakı müddət üçün Mülki Məcəllənin 449-cu maddəsinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcunun tutulması tələbinə dair hissədə iddia təmin edilməli, cavabdehlərdən müqavilə müddəti bitdiyi tarixə hesablanmış 986,53 manat məbləğində faiz borcu və Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış 179,73 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 4.800 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 MMC kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malikdir. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu 200 manat məbləğində müəyyən edilməlidir. Habelə iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00022-01 saylı kredit müqaviləsinin ləğv edilməsi tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə məhkəmə İddiaçı BOKT ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx xxxxxx 2018-ci il tariхli, 2018/00022-01 saylı kredit müqaviləsi üzrə kreditin verilməsi müddətinin xx xxxxxx 2020-ci il tarixdə bitdiyini, belə olan halda isə həmin tarixdən etibarən tərəflər arasında mübahisəli müqavilə üzrə yeni hüquq və öhdəliklərin yaranmadığını, yəni tərəflər arasında müqavilə münasibətlərinə faktiki olaraq xitam verildiyini nəzərə alaraq hesab edir ki, mübahisəli müqavilənin ləğv edilməsi barədə iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 3593,66 manat məbləğində əsas borc, 986,53 manat məbləğində faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən AR Mərkəzi Bankının uçot dərəcəsi ilə hesablanmış 179,73 manat məbləğində faiz və 200 manat məbləğində dəbbə pulu, cəmi 4.959,92 manat məbləğində borc tutularaq İddiaçı BOKT ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 3593,66 manat (üç min beş yüz doxsan üç manat altmış altı qəpik) məbləğində əsas borc, 986,53 manat (doqquz yüz səksən altı manat əlli üç qəpik) məbləğində faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən AR Mərkəzi Bankının uçot dərəcəsi ilə hesablanmış 179,73 manat (yüz yetmiş doqquz manat yetmiş üç qəpik) məbləğində faiz borcu və 200 (iki yüz manat) manat məbləğində dəbbə pulu, cəmi 4959,92 manat (dörd min doqquz yüz əlli doqquz manat doxsan iki qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1744/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1744/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver