Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1744/2022 01.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 27644,14 (iyirmi yeddi min altı yüz qırx dörd manat on dörd qəpik) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma, dövlət rüsumlarına və mediasiya xərclərinə görə 477 (dörd yüz yetmiş yeddi) manat məbləğində pulun Cavabdeh MMC-dən tutaraq İddiaçı ödənilməsi və verilmiş tikinti avadanlıqlarının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 10 sentyabr 2019-cu il tarixli, 130/02 nömrəli müasir ayaqaltı və döşəmə iskələ və dəmir dirəkləri sistemlərinin icarəsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən bu müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. xx.xx.2021-ci il tarixinə qədər olan ümumi borc məbləği 27644,14 manat (iyirmi yeddi min altı yüz qırx dörd manat on dörd qəpik) müəyyən edilmişdir. Lakin Cavabdeh MMC tərəfindən qeyd olunan pul vəsaiti ödənilməmiş və verilmiş 1940 ədəd tikinti avadanlıqları geri qaytarılmamışdır ki, bu avadanlıqların dəyəri ümumilikdə 38800 manat məbləğindədir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, Cavabdehndən 37309,64 manat (otuz yeddi min üç yüz doqquz manat altmış dörd qəpik) məbləğində borc, 210 (iki yüz on) manat hüquqi yardım xərci, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 37719,64 manat (otuz yeddi min yeddi yüz on doqquz manat altmış dörd qəpik) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və verilmiş 1900 ədəd tikinti avadanlıqlarının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkiliinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcarəyəverən qismində İddiaçı ilə icarəçi qismində Cavabdeh MMC arasında 10 sentyabr 2019-cu il tarixli, 130/02 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən icarəyəverən bu müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı bir aylıq olaraq hesablanır və miqdarı bu müqaviləyə əlavədə göstərilir. Hər bir avadanlıq üzrə icarə haqqı avadanlıqların təhvil-təslim aktında (aktlarında) və ya digər, ona bərabər olan sənədlərdə göstərilən sahənin ölçüsünə uyğun olaraq hesablanır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən avadanlıq icarəyə götürən tərəfin öz hesabına nəql olunur və avadanlıqların təhvil-təslim aktında (aktlarında) və ya digər, ona bərabər olan, sənədlərlə təhvil verilir. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 130/02 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixli, 1 saylı Əlavədən görünür ki, tərəflər əlavədə qeyd edilmiş icarə predmetlərinin çeşidi və qiymətlərini müəyyən etmişlər. - Tərəflər arasında tərtib edilmiş Aktdan görünür ki, Cavabdeh MMC-nin İddiaçı xx.xx.2021-ci il tarixə 12124,14 manat məlbəğində borcu vardır. Qeyd edilən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İcarəyə götürülən, Ramanı qəsəbəsində istifadədə olan "Dirək" sistemlərinin miqdarı, xx.xx.2020 tarixindən 30 mart 2020-cu il tarixədək hesablanan icarə dəyəri haqqında xx.xx.2020-ci il tarixli, 12/21 nömrəli aktda qeyd olunmuşdur ki, dirək sistemləri fiziki şəxs İddiaçı icarəyə götürülmüş və icarəyə götürülən avadanlıqların çeşidi, miqdarı və icarə dəyərinin hesablanma üsulu (sözügedən aktda) göstərilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 066244 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17169,68 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAD seriyalı, 708330 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11800 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 400934 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23600 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi və avandanlıqların geri qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və icarə haqqı üzrə yaranmış borcunu ödəməmişdir. Borcun olması iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdehndən 37309,64 manat (otuz yeddi min üç yüz doqquz manat altmış dörd qəpik) məbləğində borc, 210 (iki yüz on) manat hüquqi yardım xərci, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 37719,64 manat (otuz yeddi min yeddi yüz on doqquz manat altmış dörd qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilməli və Cavabdeh tərəfindən 1900 (min doqquz) ədəd tikinti avadanlıqları (dirəklər) İddiaçı geri qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 37309,64 manat (otuz yeddi min üç yüz doqquz manat altmış dörd qəpik) məbləğində borc, 210 (iki yüz on) manat hüquqi yardım xərci, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 37719,64 manat (otuz yeddi min yeddi yüz on doqquz manat altmış dörd qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh tərəfindən 1900 (min doqquz) ədəd tikinti avadanlıqları (dirəklər) İddiaçı geri qaytarılsın. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1744/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1744/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver