Məhkəmə qərarları › İş №e-2-2(113)-1745/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1745/2021

09.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1745/2021 09.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və hesablanmış borcun silinib yenidən hesablanması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və 2020-ci ilin mart ayı üzrə qaz sərfiyyatına görə iddiaçıya əsassız hesablanmış 26692 manat borcun silinərək yenidən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna edilmiş və xx xxxxxx 2013-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən məhkəməyə iddia ərizəsi verilərkən iddia qiyməti 500 manatadək olduqda 20 manat, iddia qiyməti 500 manatdan çox olduqda isə 30 manat məbəğlində dövlət rüsumu ödənilməlidir. Məhkəməyə təqdim olunmuş ərizədən müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi vəsaitin məbləği 500 manatdan artıqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərkən “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində - istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçıların dövlət rüsumunun ödənilməsindən azad olduğunu qeyd etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İş materiallarından görünür ki, İddiaçı fərdi sahibkardır (VÖEN: **********) və Cavabdeh ilə iddiaçı arasında yaranmış münasibətlər qeyri-yaşayış sahəsinin qazla təmin edilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən təbii qaz onun şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialara şamil edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin verilməsi zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən tələblərinə riayət edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və hesablanmış borcun silinib yenidən hesablanması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar