Məhkəmə qərarları › İş №e-2-2(113)-1746/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1746/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1746/2023 05.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən binanın 21-ci mərtəbəsində, ümumi sahəsi 112.00 kv.m. təşkil edən ofis sahəsinin (daha sonra sahə 64.00 kv.m.-ə dəyişdirilmişdir), həmçinin Binanın qapalı avtoduracağında 1 (bir) ədəd ödənişsiz avtoduracaq yerinin icarəyə/istifadəyə verilməsi haqqında İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2021-ci il tarixli, 21/081 №-li müqavilə üzrə Xitam tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 22.370,44 manat və dəbbə pulu üzrə 3.372,17 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 200 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 25.942,61 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən qeyri-yaşayış binasının 21-ci mərtəbəsində, ümumi sahəsi 112 kv.m. təşkil edən ofis sahəsinin, həmçinin Binanın qapalı avtoduracağında 1 ödənişsiz avtoduracaq yerinin icarəyə verilməsi haqqında 23 fevral 2021-ci il tarixli, 21/081 №-li Müqavilə bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq Başlama Tarixi kimi göstərilmiş 05 mart 2021-ci il tarixindən etibarən İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində icarəyə verilən əmlaklar üçün ƏDV xaric 1.904 manat aylıq icarə haqqı, ƏDV xaric 638,40 manat aylıq Təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 145,60 manat mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 2.688 manat aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İddiaçı və cavabdeh arasında İcarə Müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 15 oktyabr 2021-ci il tarixli, 1 №-li Əlavə Razılaşma imzalanmışdır. Əlavə Razılaşmanın 1-ci bəndinə əsasən 14 noyabr 2021-ci il tarixindən etibarən cavabdeh tərəfindən icarəyə götürülmüş ofis sahəsinin 48 kv.m.-lik hissəsi geri qaytarılmış və 64.00 kv.m-lik hissəsi üzrə icarə münasibətləri isə davam etdirilmişdir. 14 noyabr 2021-ci il tarixindən etibarən tərəflər arasında icarəyə verilən əmlakın yeni azalmış sahəsi üçün ƏDV xaric 1.088 manat aylıq icarə haqqı, ƏDV xaric 364,80 manat aylıq təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 83,20 manat mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 1.536 manat aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İcarə Müqaviləsinin 3.9-cu bəndinə əsasən həmin Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cari ayın ilk 10 (on) təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qaiməfaktura təqdim edildikdən sonra 2 (iki) iş günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesabfaktura və digər təsdiqedici sənədlər əsasında vaxtlı-vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə Müqaviləsinin 7.2-ci bəndinə əsasən Cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya Müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, iddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. İcarə Müqaviləsinin 8.6-cı bəndinə əsasən qarşılıqlı razılıq əsasında Tərəflər istənilən vaxt Müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə İcarə Müqaviləsinə 30 aprel 2022-ci il tarixində xitam verilmişdir. Tərəflər arasında imzalanmış 29 aprel 2022-ci il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən cavabdeh icarə Müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının və icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu əsas borcu ƏDV daxil 22.370.44 manat təşkil edir. X2 7.2-ci bəndinə əsasən cavabdehə icarə Haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün tətbiq edilən dəbbə pulu üzrə cavabdeh tərəfindən təmin edilməli olan məbləğ ƏDV xaric 3.372.17 manat təşkil edir və həmin məbləğin ödənişi ayrıca olaraq həyata keçirilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı arasında 21/081 saylı xx.xx.2021-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icarəyə verən ("xxxx" MMC) icarə və idarəetmə hüququ əsasında istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasının 21-ci mərtəbəsində yerləşən sahəsi 112 kv.m. təşkil edən ofis sahəsini və binanın avtoduracağında 1 ödənişsiz dayanacaq yerini icarəçiyə (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı) icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib, icarə haqqını və digər ödənişləri bu müqavilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə müddəti 05 mart 2021-ci il tarixdə başlayır və bu müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 04 mart 2022-ci il tarixdə başa çatır. Müqavilənin 3-cü bəndində əsasən ƏDV xaric aylıq 1.904 manat icarə haqqı, ƏDV xaric aylıq 638,40 manat təmizlik və texniki xidmətlərə görə haqq, ƏDV xaric aylıq 145,60 manat mühafizə xidmətlərinə görə haqq müəyyən edilmişdir. 23 fevral 2021-ci il tarixli 21/081 saylı müqaviləyə 1 saylı Əlavə ilə tərəflər binadan və icarəyə verilən əmlaklardan istifadəyə dair əlavə öhdəliklər, 2 saylı Əlavə ilə icarəyə verilən əmlakların yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən təmizlik xidmətləri, 3 saylı Əlavə ilə icarə verilən əmlakların yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən texniki xidmətlər, 4 saylı Əlavə ilə icarəyə verilən əmlakların yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən mühafizə xidmətləri, 5 saylı Əlavə ilə icarə verən əmlakların daxilində icarəyə verən tərəfindən göstərilən təmizlik xidmətləri, 6 saylı Əlavə ilə icarə verilən əmlakların yerləşmə planı barədə razılığa gəlmişlər. 23 fevral 2021-ci il tarixli 21/081 saylı müqaviləyə əlavə və dəyişiklər edilməsi barədə xx.xx.2021-ci il tarixli 1 nömrəli Əlavə razılaşmaya əsasən icarəyə verən ("xxxx" MMC) icarə və idarəetmə hüququ əsasında istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasının 21-ci mərtəbəsində yerləşən sahəsi 64 kv.m. təşkil edən ofis sahəsini və binanın qapalı avtoduracağında 1 ödənişsiz avtoduracaq yerini icarəçiyə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı) icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib, icarə haqqını və digər ödənişləri bu müqavilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür. Müqavilə ilə aylıq icarə haqqı ƏDV xaric 1.088 manat, aylıq təmizlik və texniki xidmətlərə görə haqq 364,80 manat, aylıq mühafizə xidmətlərinə görə haqq 83,20 manat məbləğində müəyyən edilmişdir. Müqavilə, ona əlavələr və əlavə razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli AZV-29/04/18-328 saylı Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən daşınmaz əmlak kompleksi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (mülkiyyətçi) tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (idarə edən) icarəyə verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən idarə edən binanı və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə və ya idarə etməyə vermək, yaxud binanı birgə istifadə etmək hüququna malikdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə iddia üzrə tələbin qanuni əsası kimi aşağıdakı normaların nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəyə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqavilələrindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun icarə haqqını ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İşdən göründüyü kimi, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 23 fevral 2021-ci il tarixli 21/081 nömrəli müqaviləyə xitam verilməsi barədə 29 aprel 2022-ci il tarixdə razılaşma imzalanmışdır. Razılaşmaya əsasən icarə müqaviləsinə 30 aprel 2022-ci il tarixdə xitam verilmiş, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu icarə haqqı borcu ƏDV daxil 22.370,44 manat məbləğində müəyyən edilmişdir. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi, cavabdeh tərəf 23 fevral 2021-ci il tarixli 21/081 nömrəli icarə müqaviləsi üzrə icarə haqqı üzrə 22.370,44 manat məbləğində borcunun olduğunu qəbul etsə də, onu ödəməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, 23 fevral 2021-ci il tarixli 21/081 nömrəli icarə müqaviləsi icarə haqqı üzrə 22.370,44 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma ilə dəbbə pulu 3.372,17 manat məbləğində müəyyən edilmişdir. Yəni bununla bağlı məhkəmə qeyd edir ki, müqavilə tərəfləri müqavilə münasibətlərinə xitam verərkən icarə haqqı borcu və dəbbə pulu barədə razılığa gələrkən, dəbbə pulunun konkret olaraq nə qədər olması barədə razılığa gəlməklə əsas borca münasibətdə tutulmalı olan dəbbə pulunun məbləğini özləri müəyyən etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, 3.372,17 manat məbləğində dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın mediasiya xərclərinə görə 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən Bakı 11 saylı Mediasiya Təşkilatına 200 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinə əsasən əsas borc üzrə 22.370 (iyirmi iki min üç yüz yetmiş) manat 44 (qırx dörd) qəpik, cərimə borcu üzrə 3.372 (üç min üç yüz yetmiş iki) manat 17 (on yeddi) qəpik məbləğində pul, ümumilikdə 25.742 (iyirmi beş min yeddi yüz qırx iki) manat 61 (altmış bir) Cavabdeh Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar