Məhkəmə qərarları › İş №e-2-2(113)-175/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-175/2022

25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-175/2022 25.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “X10 Kompleksi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X10 Kompleksi” MMC tərəfindən, vurduğu ziyanın əvəzi olaraq - İddiaçı5 29.250 (iyirmi doqquz min iki yüz əlli) manat, İddiaçı4 29.250 (iyirmi doqquz min iki yüz əlli) manat, İddiaçı3 24.320 (iyirmi dörd min üç yüz iyirmi) manat, İddiaçı1 44.000 (qırx dörd min) manat, İddiaçı2 29.250 (iyirmi doqquz min iki yüzəlli) manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, “X10 Kompleksi” MMC ilə iddiaçılar arasında bağlanmış “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsinə” əsasən, onlara “X10 Kompleksi” MMC-nin verdiyi toxum əsasında istifadələrində olan torpaq sahələrində tütün yetişdirməyi öhədələrinə götürmüş, “X10 Kompleksi” MMC isə yetişdirilmiş tütünü almağı öz öhdəsinə götürmüşdür. “X10 Kompleksi” MMC ilə iddiaçılar arasında bağlanmış “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsinə” əsasən: İddiaçı5 ilə bağlanmış 30 yanvar 2019-cu il tarixli “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsinə” əsasən 8,97 ha torpaq sahəsində tütün yetişdirməyi, İddiaçı4 ilə bağlanmış 30 yanvar 2019-cu il tarixli “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsinə”əsasən 9,07 ha torpaq sahəsində tütün yetişdirməyi, İddiaçı3 ilə bağlanmış 28 fevral 2019-cu il tarixli “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsinə” əsasən 8,0 ha torpaq sahəsində tütün yetişdirməyi, İddiaçı1 ilə bağlanmış 28 fevral 2019-cu il tarixli “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsinə” əsasən 20,0 ha torpaq sahəsində tütün yetişdirməyi, İddiaçı2 ilə bağlanmış 30 yanvar 2019-cu il tarixli “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsinə” əsasən 9,0 ha torpaq sahəsində tütün yetişdirməyi öhdəsinə götürmüşlər. Tütün bitkisinin becərilməsi üçün torpaq sahəsinin hər hektarına 2500-3000 (iki min beş yüz – üç min) manat arası vəsait tələb olunduğundan, "xxxx" QSC (borc verən), “X10 Kompleksi” MMCnin nümayəndəsi(alıcı), X10 Kompleksi” MMC-nin tabeliyində fəaliyyət göstərən X7 və Emalı Məntəqəsinin müdiri Mohuma Hüşənovun (tədarükçü) və iddiaçıların (borc alan) iştirakı ilə “Kredit müqavilələri” bağlanmış və müqavilənin 1.1-ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq "xxxx" QSC (borc verən) iddiaçılara(borc alan) muxtəlif məbləğlərdə kredit vermişdir. "xxxx" QSC (borc verən), “X10 Kompleksi” MMC-nin nümayəndəsi (alıcı), X10 Kompleksi” MMC-nin tabeliyində fəaliyyət göstərən X7 və Emalı Məntəqəsinin müdiri Mohuma Hüşənovun (tədarükçü) və iddiaçıların (borc alan) iştirakı ilə bağlanmış “Kredit müqavilələri”nə əsasən: İddiaçı5 15.000 (on beş min) manat; İddiaçı4 15.000 (on beş min) manat; İddiaçı3 13500 (on üç min beş yüz) manat; İddiaçı115.000 (on beş min) manat; İddiaçı2 14.600 (on dörd min altı yüz) manat kredit verilmişdir. Götürülmüş kreditdən sonra, iddiaçılar torpaq sahəsində tütün yetişdirilməsi üçün əldə etdikləri “GL-939” sortunun toxumunu optimal müddətdə əkməklərinə və müvafiq qulluq işlərini aparmalarına baxmayaraq, tütün kütləvi şəklində vaxtında cücərməmiş, zəif və seyrək bitiş alınmış və yekunda ştillərin açıq sahəyə keçirilməsi xeyli gecikmişdir. “X10 Kompleksi” MMC tərəfindən iddiaçılara yenidən dəyəri onlar tərəfindən ödənilməklə “GL-939” sortunun toxumu verilmiş, lakin, həmin toxum da optimal müddətdə əkməklərinə və müvafiq qulluq işlərinin aparılmasına baxmayaraq, tütün kütləvi şəklində vaxtında cücərməmiş, zəif və seyrək bitiş alınmış və yekunda ştillərin açıq sahəyə keçirilməsi xeyli gecikmişdir. Nəticədə, iddiaçılar hər hektardan ən azı 13 (on üç) ton məsul götürməli olduqları halda, çox az bir qisim tütün əldə edə bilmişdirlər. Bakı Kommersiya Məhkəməsinin e-2-2( 113)-175/2022 saylı, 25.02.2022-ci il tarixli qərardadı ilə, “X10 Kompleksi” MMC yenidən təşkil edildiyindən, iddiaçının razılığı ilə cavabdeh əsl olan cavabdehlə yəni "xxxx" MMC ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2, iddiaçılar nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş "xxxx" MMC-nin nümayəndəsi X4 izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “X10 Kompleksi” MMC ilə iddiaçılar arasında 2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqavilələr bağlanmış, müqavilələrə əsasən İddiaçı1 20,0 ha torpaq sahəsində, İddiaçı2 9,0 ha torpaq sahəsində, İddiaçı5 8,97 ha torpaq sahəsində, İddiaçı4 9,07 ha torpaq sahəsində, İddiaçı3 8,0 ha torpaq sahəsində tütün yetişdirməyi və əldə edilmiş yaşıl tütünü alıcıya (“X10 Kompleksi” MMC) verməyi öhdələrinə götürmüşlər. Hər sinif tütünə görə qiymət müqavilənin 4-cü bəndində müəyyən edilmişdir. Bundan başqa işin digər müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçılar tütün əkilməsi məqsədi ilə "xxxx" QSC-dən müxtəlif məbləğlərdə kredit götürmüşlər. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş GL 939 markalı toxumun keyfiyyətiz və yarasız olmasını, bu səbəbdən də, iddiaçılar planlaşdırılmış məhsulu əldə edə bilmədiyindən "xxxx" QSC qarşısında öhdəliyi icra edə bilmədiyini və müqavilədə ehtimal edilən gəlirdən məhrum olduqlarını bildirərək dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edirlər. Cavabdeh tərəf isə məhsulun az əldə edilməsinin toxumla heç bir bağlılığının olmadığını, digər fermerlərin GL 939 markalı toxumla yaxşı məhsuldarlıq əldə etdiyini, iddiaçıların isə quraqlıq və sulama ilə bağlı məhsulu az əldə etdiklərini bildirir. Məhkəmə qeyd edir ki, dəymiş ziyanın əvəzinin ödənilməsi tələbləri barədə işlər üzrə müəyyən edilməli olan əsas məqam cavabdehin təqsirli və hüquqazidd hərəkəti törətmələri və onun tələb edilən ziyanla səbəbli əlaqəsini müəyyən etməkdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. İş materialarında olan Kənd Təsərrüfatı Nazirliyinin 28 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, “ “GL 939” sortunun toxumu Zaqatala və Qax rayonlarında fermerlərə paylanmışdır. Qızdırılmayan primitiv istixanalarda “GL 939” sortunun toxumunun optimal müddətdə əkilməsinə və müvafiq qulluq işlərinin aparılmasına baxmayaraq, toxumlar kütləvi şəkildə cücərməmiş, zəif və seyrək bitiş alınmış və nəticədə şitillərin açıq sahəyə köçürülməsi xeyli gecikmişdir.” Həmçinin həmin məktubdan görünür ki, “”GL 939” sortunun toxumunun cücərmə keyfiyyəti ilə bağlı bildirir ki, təqdim etdiyi toxum keyfiyyəti sənədində laboratoriya cücərməsi 97 % göstərilmişdir, lakin bu sənəd rəsmi təsdiqlənməmişdir”. Həmçinin "xxxx" MMC-nin idxal etdikləri toxumların cücərmə keyfiyyətini cari ilin avqust ayında “X12 şirkətində yoxlatmışdır və analizin nəticələrinə əsasən GL 939 sortu üzrə cücərmə 60 % müəyyən edilmişdir”. İş materiallarında olan X15 Sertifikatlaşdırma Mərkəzi tərəfindən 04.03.2019-cu il tarixdə verilmiş toxumunun kondinsiyalılığı barədə vəsiqədən görünür ki, GL 939 sortunun toxumunun cücərməsi 95 % faiz təşkil edir. İş materiallarında olan ASK Tütün MMC tərəfindən verilmiş 01.02.2022-ci il tarixi arayışdan görünür ki, İddiaçı1 2019-cu il mövsümü üzrə 90.845 kiloqram yaşıl tütün məhsulunu "xxxx" MMC-yə təhvil vermiş və məhsulun ümumi dəyəri 23.205 manat sonuncu tərəfindən ona ödəniş edilmişdir. İş materiallarında olan ASK Tütün MMC tərəfindən verilmiş 01.02.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı4 2019-cu il mövsümü üzrə 27.325 kiloqram yaşıl tütün məhsulunu "xxxx" MMC-yə təhvil vermiş və məhsulun ümumi dəyəri 6.672 manat sonuncu tərəfindən ona ödəniş edilmişdir. İş materiallarında olan ASK Tütün MMC tərəfindən verilmiş 01.02.2022-ci il tarixli arayışdan görünür ki, X2 2019-cu il mövsümü üzrə 13.640 kiloqram yaşıl tütün məhsulunu "xxxx" MMC-yə təhvil vermiş və məhsulun ümumi dəyəri 3.319 manat sonuncu tərəfindən ona ödəniş edilmişdir. İş materiallarında olan ASK Tütün MMC tərəfindən verilmiş 01.02.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı5 qızı 2019-cu il mövsümü üzrə 9.660 kiloqram yaşıl tütün məhsulunu "xxxx" MMC-yə təhvil vermiş və məhsulun ümumi dəyəri 2.322 manat sonuncu tərəfindən ona ödəniş edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçılara verilmiş toxumun yarasız və ya keyfiyyətsiz olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilə bilməmişdir. Bundan başqa həmçinin iddiaçıların maddi ziyana düşməsi ilə cavabdeh tərəfindən onlara “GL 939” sortunun toxumunu verməsi arasında heç bir səbəbli əlaqə mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, “GL 939” sortunun toxumu “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin “Dövlət Reyestri”ndə qeydiyyatda olmasa da, onun məhz yarasız olmasına dair hər hansı bir sübut yoxdur. Bundan başqa iş materiallarında olan ASK Tütün MMC tərəfindən verilmiş 24.02.2022-ci il tarixli arayışdan görünür ki, X8 2019-cu il mövsümü üzrə 5 ha torpaq sahəsində 52.830 kiloqram yaşıl tütün məhsulunu "xxxx" MMC-yə təhvil vermiş və məhsulun ümumi dəyəri 13.514,52 manat sonuncu tərəfindən ona ödəniş edilmişdir. İş materiallarında olan ASK Tütün MMC tərəfindən verilmiş 24.02.2022-ci il tarixli arayışdan görünür ki, X3 2019-cu il mövsümü üzrə 9 ha torpaq sahəsində 99.445 kiloqram yaşıl tütün məhsulunu "xxxx" MMC-yə təhvil vermiş və məhsulun ümumi dəyəri 25.577 manat sonuncu tərəfindən ona ödəniş edilmişdir. İş materiallarında olan ASK Tütün MMC tərəfindən verilmiş 24.02.2022-ci il tarixli arayışdan görünür ki, X6 2019-cu il mövsümü üzrə 9 ha torpaq sahəsində 114.950 kiloqram yaşıl tütün məhsulunu "xxxx" MMC-yə təhvil vermiş və məhsulun ümumi dəyəri 29.247,58 manat sonuncu tərəfindən ona ödəniş edilmişdir. İş materiallarında olan ASK Tütün MMC tərəfindən verilmiş 24.02.2022-ci il tarixli arayışdan görünür ki, X5 2019-cu il mövsümü üzrə 9 ha torpaq sahəsində 132.875 kiloqram yaşıl tütün məhsulunu "xxxx" MMC-yə təhvil vermiş və məhsulun ümumi dəyəri 34.105,49 manat sonuncu tərəfindən ona ödəniş edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sonuncu elan edilmiş sübutlardan da görünür ki, rayon ərazisində olan digər fermerlər “GL 939” sortunun toxumundan istifadə etmiş və normal məhsuldarlıq əldə etmişlər. Məhkəmə qeyd edir ki, qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmə yalnız ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Hazırki işdə işdə, iddiaçılar cavadehin hərəkətləri ilə ziyana düşdüklərini sübuta yetirə bilməmişlər. Ona görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar