Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1750/2020 11.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, iddiaçı “xxxxxxxxxx” şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən 78.524 ABŞ dolları pul tutularaq iddiaçı “xxxxxxxxxx” şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xxxxxxxxxx Şirkəti ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh arasında bağlanmış 155/2016, 190/2016, 191/2016 saylı alqı-satqı müqavilələrdən cavabdehin iddiaçıya cəmi 78.524 ABŞ dolları qalıq borcu qalmışdır. Bu barədə xx xxxxxx 2020-ci il tarixində İddiaçı ilə cavabdeh arasında üzləşmə aktı tərtib olunmuş və cavabdeh həmin qalıq borcu qısa bir vaxt ərzində ödəyəcəyini vəd etmişdir. Lakin 6 ay keçməsinə baxmayaraq bu günə qədər həmin qalıq borc cavabdeh tərəfindən ödənilməmişdir. İddia tələbi həmin 78.524 ABŞ dolları qalıq borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dairdir. İddiaçı məlum olduğu kimi xarici şirkətdir. Onunla cavabdeh arasında bağlanmış 155/2016, 190/2016, 191/2016 saylı alqı-satqı müqavilələrində “mübahisələrin həll edilməsi və tətbiq edilən qanunvericilik” adlanan bəndinə görə, bu müqavilə AR Qanunlarına əsasən təfsir edilir və idarə olunur. Yəni bu müqaviləyə AR Qanunları tətbiq olunur. Həmin müqavilələrə görə, iddiaçı ilə cavabdeh arasında bu müqavilədən dolayı meydana gələcək mübahisə və fikir ayrılıqları əvvəlcə danışıqlar yolu ilə həll edilməyə çalışılır. Əgər mübahisənin həllində razılıq əldə olunmasa mübahisə AR müvafiq məhkəmələri tərəfindən həll olunur. Bu səbəblə iddiaçı bu iddia ərizəsini cavabdehin olduğu yer üzrə Bakı Kommersiya Məhkəməsinə təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında verdiyi izahatında üzləşmə aktının cavabdeh tərəfindən imzalanmasını qəbul etsə də, iddiaçının tələb ödənilməsini tələb etdiyi borcun malların gömrük rəsmiləşdirilməsi ilə bağlı və digər əlacə xərclərlə bağlı yarandığını göstərərək iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “xxxxxxxxxx” şirkəti (satıcı) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar), Cavabdeh (alıcı) arasında xx xxxxxxxx 2016-cı il tarixli 155/2016 saylı malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun dalma avadanlıqları alıcıya satmağı, alıcı isə həmin malları qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 118.404,00 ABŞ dolları təşkil edir. 3.2-ci bəndinə əsasən mallar alıcı tərəfindən müqavilə imzalandıqdan sonra 75 təqvim günü ərzində çatdırılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “xxxxxxxxxx” şirkəti (satıcı) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar), Cavabdeh (alıcı) arasında xx xxxxxx 2016-cı il tarixli 190/2016 saylı malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun dalma avadanlıqları alıcıya satmağı, alıcı isə həmin malları qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 2.137.864,00 ABŞ dolları təşkil edir. 3.2-ci bəndinə əsasən mallar alıcı tərəfindən müqavilə imzalandıqdan sonra 90 təqvim günü ərzində çatdırılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “xxxxxxxxxx” şirkəti (satıcı) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar), Cavabdeh (alıcı) arasında xx xxxxxx 2016-cı il tarixli 191/2016 saylı malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun dalma avadanlıqları alıcıya satmağı, alıcı isə həmin malları qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 614.590,00 ABŞ dolları təşkil edir. 3.2-ci bəndinə əsasən mallar alıcı tərəfindən müqavilə imzalandıqdan sonra 90 təqvim günü ərzində çatdırılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “xxxxxxxxxx” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar), Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli qarşılıqlı üzləşdirilməsi aktı ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar), Cavabdeh yuxarıda göstərilən üç müqavilə üzrə “xxxxxxxxxx” şirkətinə cəmi borcu 78.524,55 ABŞ dolları məbləğində təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən, iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da müqavilələr üzrə üzərinə düşən öhdəlikləri pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mübahisəli borcun alqı-satqı müqavilələrinə əsasən alınmış malların dəyəri ilə bağlı olmaması, malların gömrük rəsmiləşdirilməsi və digər əlavə xərclərlə bağlı yaranması və göstərilən səbəbdən cavabdehin həmin borcu qəbul etməməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh iddiaya etirazına əsas kimi istinad etdiyi göstərilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən iş materiallarından göründüyü kimi tərəflər arasında imzalanmış xx xxxxxx 2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında Cavabdeh “xxxxxxxxxx” şirkətinə mübahisəli müqavilələr üzrə cəmi 78.524,55 ABŞ dolları məbləğində borcunun olması göstərilmişdir. Üzləşmə aktı cavabdeh “Azneft” İB-nin direktoru tərəfindən imzalanmış və cavabdeh tərəf həmin üzləşmə aktını imzalayan şəxsin səlahiyyətlərini, eləcə də imzasının həqiqiliyini mübahisələndirməmişdir. Mülki Məcəllənin 49.1-ci maddəsinə görə hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdehin iddiaçıya mübahisəli müqavilələr üzrə 78.524,55 ABŞ dolları məbləğində borcunun mövcud olması vəzifəsinə görə cavabdehin adından çıxış etmək hüququna malik olan şəxs - cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmış üzləşmə aktı ilə təsdiq edilmişdir. Həmin sənəd isə Mülki Məcəllənin 49.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh üçün mülki hüquqi vəzifələr yaradır. Beləliklə, məhkəmə cavabdehin alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya 78.524,55 ABŞ dolları məbləğində borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 78.524,55 ABŞ dolları məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 78.524 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxx” şirkətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1750/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1750/2020
11.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver