Məhkəmə qərarları › İş №e-2-2(113)-1752/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1752/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1752/2020 05.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçı Firmasının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Firmasının cavabdeh «UĞUR LİFT SERVİS» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən xx.xx.2017-ci il taixli 48 saylı, xx.xx.2017-ci il tarixli 35 saylı, xx.xx.2018-ci il tarixli 38 saylı, xx.xx.2018-ci il tarixli, CCİ\ULS-08-18-29 saylı, xx.xx.2018-ci il tarixli 78 saylı, xx.xx.2019-cu il tarixli 109\010 saylı müqavilələrə əsasən iddiaçıya məxsus obyektlərdə ümumilikdə 5 (beş) ədəd liftlərin quraşdırılması, təhvil verilməsi və texniki xidmət göstərilməsi barədə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən 71520 manat ödənilmiş əsas vəsait və 30000 manat əldən çıxmış fayda, ümumilikdə 101520 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən xx.xx.2017-ci il taixli 48 saylı, xx.xx.2017-ci il tarixli 35 saylı, xx.xx.2018-ci il tarixli 38 saylı, xx.xx.2018-ci il tarixli, CCİ\ULS-08-18-29 saylı, xx.xx.2018-ci il tarixli 78 saylı, xx.xx.2019-cu il tarixli 109\010 saylı müqavilələrə əsasən iddiaçıya məxsus obyektlərdə ümumilikdə 5 (beş) ədəd liftlərin quraşdırılması, təhvil verilməsi və texniki xidmət göstərilməsi barədə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən 71520 manat ödənilmiş əsas vəsait və 30000 manat əldən çıxmış fayda, ümumilikdə 101520 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il taixli 48 saylı, xx.xx.2017-ci il tarixli 35 saylı, xx.xx.2018-ci il tarixli 38 saylı, xx.xx.2018-ci il tarixli CCİ\ULS-08-18-29 saylı, xx.xx.2018-ci il tarixli 78 saylı və xx.xx.2019-cu il tarixli 109\010 saylı müqavilələrə əsasən iddiaçıya məxsus obyektlərdə ümumilikdə 5 ədəd liftlərin quraşdırılması, təhvil verilməsi və texniki xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin şərtlərinə əsasən 33520 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bundan əlavə mal-materal almaq məqsədilə kassa mədaxil orderləri əsasında firmanın xəzinədarından 38000 manat pul götürmüşdür. Buna baxmayaraq, həmin müqavilədə nəzərdə tutulmuş şərtlərə cavabdeh tərəfindən əməl olunmamışdır. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş həmin vəsaitlərin geri qaytarılması cavabdeh tərəfindən təmin edilməlidir. Bu barədə cavabdehlə matəmadi danışıqlar aparılsa da bir nəticə olmamışdır. Cavabdehə xx xxxxx 2020-ci il tarixdə rəsmi qaydada pretenziya da göndərilmiş, lakin müqavilə öhdəliklərinin tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı münasibət olmamışdır. İş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli xəbərdarlıq-pretenziya məktubundan göründüyü kimi cavabdehə müqavlə öhdəliklərinin yerinə yetirilməsi barədə sonuncu müddət verilməklə məlumatlandırılmış, lakin heç bir nəticə olmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il taixli 48 saylı, xx.xx.2017-ci il tarixli 35 saylı, xx.xx.2018-ci il tarixli 38 saylı, xx.xx.2018-ci il tarixli CCİ\ULS-08-l8-29 saylı, xx.xx.2018-ci il tarixli 78 saylı və xx.xx.2019-cu il tarixli 109\010 saylı müqavilələrlə iddiaçıya məxsus obyektlərdə ümumilikdə 5 ədəd liftlərin quraşdırılması, təhvil verilməsi və texniki xidmət göstərilməsi barədə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən 71520 manat məbləğində borcu yaranmışdır. Həmin borc vəsaiti vaxtında qaytarılmadığından həmin məbləğə 30000 manat məbləğində əldən çıxmış faydaya görə də vəsait hesablanmalıdır. Həmin vəsaitlər, yəni 71520 manat ödənilmiş əsas vəsait və 30000 əldən çıxmış fayda, ümumilikdə 101520 manat vəsait cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin qanuni təmsilçisi X2 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, 4 ədəd liftin quraşdırılmasının 90 faiz hissəsini tamamlamışdır. Liftlərin elektronik hissələri yox idi. Liftləri gətirmişdir, yalnız quraşdırılmamışdır. Əgər ödəniş olarsa, qalan hissələrinin quraşdırılmasına razıdır. Sonda cavabdehin qanuni təmsilçisi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il taixli 48 saylı, xx.xx.2017ci il tarixli 35 saylı, xx.xx.2018-ci il tarixli 38 saylı, xx.xx.2018-ci il tarixli 78 saylı və xx.xx.2019-cu il tarixli 109\010 saylı müqavilələrin surətlərindən görünür ki, cavabdeh iddiaçıya məxsus obyektlərdə ümumilikdə 5 ədəd liftlərin təchizatını və liftlərin quraşdırılaraq iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilələrin dəyərini müəyyən edilmiş şərtlərə uyğun ödəməyi və liftlərin şaxtasında müvafiq inşaat işlərini yerinə yetirməyi öhdələrinə götürmüşlər. xx.xx.2018-ci il tarixli CCİ\ULS-08-18-29 saylı “Lift və avadanlıqlara texniki xidmət” müqaviləsinin surətindən görünür ki, cavabdeh 4 ədəd “Schindler” və 1 ədəd “Otis” şirkətinin istehsalı olan “Sonyo” markalı sərnişin liftinin texniki xidmət işlərini təmin etməyi, iddiaçı isə müqavilədə nəzərdə tutulmuş qiymətlə və şərtləri ilə razılaşaraq xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2018-ci il tarixli, xx xxxxxx 2018-ci il tarixli, xx xxxxxx 2018-ci il tarixli, xx xxxxxxxx 2018-ci il tarixli kassa məxaric orderlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən liftin alınması və quraşdırılması üçün müvafiq olaraq 3000 manat, 12750 manat, 12250 manat, 10000 manat olmaqla, ümumilikdə 38000 manat cavabdehə pul ödənilmişdir. xx xxxxx 2020-ci il tarixli bank hesabından çıxarışların, xx xxxx 2019-cu il tarixli və xx xxxx 2019-cu il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına xx xxxx 2017-ci il tarixdə 10510 manat, xx xxx 2017-ci il tarixdə 10510 manat, xx xxxx 2018-ci il tarixdə 2500 manat, xx xxxx 2019-cu il tarixdə 5000 manat, xx xxxx 2019-cu il tarixdə 5000 manat, ümumilikdə 33520 manat pul vəsaiti köçürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il taixli 48 saylı, xx.xx.2017-ci il tarixli 35 saylı, xx.xx.2018-ci il tarixli 38 saylı, xx.xx.2018-ci il tarixli 78 saylı və xx.xx.2019-cu il tarixli 109\010 saylı müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən cavabdeh iddiaçıya məxsus obyektlərdə ümumilikdə 5 ədəd liftlərin təchizatını və liftlərin quraşdırılaraq iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilələrin dəyərini müəyyən edilmiş şərtlərə uyğun ödəməyi və liftlərin şaxtasında müvafiq inşaat işlərini yerinə yetirməyi öhdələrinə götürmüşlər. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli CCİ\ULS-08-18-29 saylı “Lift və avadanlıqlara texniki xidmət” müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh 4 ədəd “Schindler” və 1 ədəd “Otis” şirkətinin istehsalı olan “Sonyo” markalı sərnişin liftinin texniki xidmət işlərini təmin etməyi, iddiaçı isə müqavilədə nəzərdə tutulmuş qiymətlə və şərtləri ilə razılaşaraq xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən liftin alınması və quraşdırılması üçün xx xxxxxx 2018-ci il tarixdə 3000 manat, xx xxxxxx 2018-ci il tarixdə 12750 manat, xx xxxxxx 2018-ci il tarixdə 12250 manat, xx xxxxxxxx 2018-ci il tarixdə 10000 manat olmaqla, ümumilikdə 38000 manat nağd şəkildə cavabdehə pul ödənilmiş, xx xxxx 2017-ci il tarixdə 10510 manat, xx xxx 2017-ci il tarixdə 10510 manat, xx xxxx 2018-ci il tarixdə 2500 manat, xx xxxx 2019-cu il tarixdə 5000 manat, xx xxxx 2019-cu il tarixdə 5000 manat, ümumilikdə 33520 manat pul vəsaiti cavabdehin hesabına köçürülmüşdür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş xidmətin dəyərini cavabdehə ödəmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il taixli 48 saylı, xx.xx.2017-ci il tarixli 35 saylı, xx.xx.2018-ci il tarixli 38 saylı, xx.xx.2018-ci il tarixli 78 saylı və xx.xx.2019-cu il tarixli 109\010 saylı müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə ödənilmiş ümumilikdə 71520 manat manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddia ərizəsində əldən çıxmış faydanın 30000 manat məbləğində olması qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin qanuni təmsilçisi məhkəmə iclasında 4 ədəd liftin quraşdırılmasının 90 faiz hissəsinin tamamlanmasını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2017-ci il taixli 48 saylı, xx.xx.2017-ci il tarixli 35 saylı, xx.xx.2018-ci il tarixli 38 saylı, xx.xx.2018-ci il tarixli, CCİ\ULS-08-18-29 saylı, xx.xx.2018-ci il tarixli 78 saylı, xx.xx.2019-cu il tarixli 109\010 saylı müqavilələrə əsasən 71520 manat ödənilmiş əsas vəsait tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (71520 manat) iddia tələbinin (101520 manat) 70,45 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,13 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 8,87 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "UĞUR LİFT SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2017-ci il taixli 48 saylı, xx.xx.2017-ci il tarixli 35 saylı, xx.xx.2018-ci il tarixli 38 saylı, xx.xx.2018-ci il tarixli, CCİ\ULS-08-18-29 saylı, xx.xx.2018-ci il tarixli 78 saylı, xx.xx.2019-cu il tarixli 109\010 saylı müqavilələrə əsasən 71520 manat ödənilmiş pul tutularaq "İddiaçı" Firmasına ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,13 manat məbləği "UĞUR LİFT SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "İddiaçı" Firmasına ödənilsin, qalan 8,87 manat məbləği isə "İddiaçı" firmasına aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar