Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-176/2020 03.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu üçüncü şəxs qismində cəlb edilməklə faizlərin hesablanmasının qanunsuz hesab edilməsi və hesablanmış faiz məbləğinin silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Ləğv prosesində olan “xxxx” ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ayrılmış 5.000.000 manat məbləği üzrə xx xxxxxx 2016-cı il tarixdən sonrakı dövrə faiz hesablanması qanunsuz sayılmaqla hesablanmış faiz məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə Qaydaları”nın 1.2-ci və 1.4-cü bəndinə əsasən Fondun vəsaitləri Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. X8 tərəfindən müəyyən olunmuş meyarlara uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya verilmiş bütün banklar və bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatı kimi güzəştli kreditlərin verilməsində iştirak edə bilər. İstixana təsərrüfatı fəaliyyətinin genişləndirilməsi məqsədilə dövlət dəstəyindən yararlanmaq, büdcə vəsaitlərindən ayrılan güzəştli kreditlərdən istifadə etmək məqsədilə yuxarıda qeyd olunan Qaydalara uyğun 2015-ci ildə lisenziyalı bank olaraq Fondun müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərən “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış x xxxxxx 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən müqavilənin əlavəsi olan qrafik üzrə 84 ay, o cümlədən 42 ay güzəşt müddəti olmaqla illik 6% dərəcəsi ilə 5.000.000 güzəştli kreditin təsərrüfatın inkişafı məqsədilə ayrılması nəzərdə tutulmuşdur. Ayrılacaq güzəştli kreditin təminatı olaraq, 10 və xx xxxxxx 2015-ci il tarixli ipoteka müqavilələrinə uyğun olaraq 200.000 manat dəyərində qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən yaşayış evi və 1.200.000 manat dəyərində qiymətləndirilmiş Türkan qəsəbəsində ümumi ərazisi 5.47 hektar olan torpaq sahələri ipotekaya qoyulmuş, eləcə də girov qoyan X5 ilə bağlanmış 23 sentyabr və x xxxxxxx 2015-ci il tarixli girov müqavilələrinə uyğun olaraq, “xxxx” ASC-də saxlanılan ******************** saylı depozit hesabında olan ümumi 3.700.000 manat əmanət girov qoyulmuşdur. Sahibkarlığa Kömək Millli Fondu tərəfindən x xxxxxx 2015-ci il tarixində 1.000.000 manat, 11 avqust tarixində 1.500.000 manat vəsait MMC-nin bankda olan ******************** saylı hesabına köçürülmüşdür. Köçürülmüş vəsait üzrə MMC-yə xx xxxxxx 2015-ci il tarixində 155.000 manat, xx xxxxxx 2015-ci il tarixdə 227.000 manat və xx xxxxxx 2015-ci il tarixdə 482.000 manat güzəştli kredit bank hesabından məxaric edilmişdir. Kreditin qalan hissəsi müxtəlif tarixlərdə MMC-yə təqdim olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondundan əldə olunmuş məlumata əsasən MMC-nin investisiya layihəsinə “xxxx” ASC vasitəsilə x xxxxxx 2015-ci il tarixində 1.000.000 manat, xx xxxxxx 2015-ci il tarixində 1.500.000 manat, xx xxxxxxxx 2015-ci il tarixində 2.500.000 manat vəsait ayrılmışdır. Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2016-cı il tarixli, 07/03 saylı qərarı ilə “xxxx” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və “xxxx” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “xxxx” ASC-yə ləğvedici təyin olunmuşdur. Bununla əlaqədar olaraq, MMC-yə ayrılmış güzəştli kreditin 850.000 manat hissəsi bankda olan hesabında məxaric olunmadan qalmışdır. Belə ki, MMC tərəfindən hesabda qalmış 850.000 manat vəsaitin öhdəliyin icrasına yönəldilməsi və yaxud əvəzləşdirilməsi ilə bağlı banka ünvanlanmış çoxsaylı məktublara baxmayaraq, bu proses həyata keçirilməmiş, hətta xx xxxxxx 2015-ci il tarixli, KM 01 tarixli kredit müqaviləsinə əsasən xx xxxxxx 2015-ci il tarixində 5.000.000 manat güzəştli kreditin köçürülməsinin nəzərdə tutulmasına baxmayaraq, ayrı-ayrı tarixlərdə kreditor tərəfindən cəmi 4.150.000 manat vəsait köçürülmüş, nəticədə isə kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixindən etibarən 5.000.000 manat vəsaitin qrafik üzrə faiz hesablanması həyata keçirilmiş və buna uyğun gecikdirilmiş faiz borcu yaranmışdır. Qeyd olunanlarla əlaqədar MMC-nin bank hesabında bloklaşdırılmış formada qalan 850.000 manat vəsaitin əvəzləşdirilməsi və ya borcun geri qaytarılmasına yönəldilməsi tələbi üzrə mübahisəyə hal-hazırda aidiyyəti məhkəmə tərəfindən baxılmaqdadır. Eyni zamanda, müqavilə üzrə 5.000.000 manat dövlət büdcəsindən güzəştli kreditin ayrılması nəzərdə tutulsa da, həmin dövrdə bank tərəfindən ayrı-ayrı tarıxlərdə 850.000 manat hissəsi bankda saxlanılmaqla cəmi 4.150.000 manat vəsaitin ayrılmasının təmin edilməsinə və bununla müqavilə tarixindən etibarən qrafik üzrə 5.000.000 manat vəsaitin hesablanmasına baxmayaraq, investisiya layihəsi MMC tərəfindən uğurla icra olunmuş və hətta həmin qrafikə uyğun vəsait üzrə hesablanmış faizlərin ödənilməsi ilkin vaxtlarda gecikdirilmədən həyata keçirilmişdir. Belə ki, qeyd olunduğu kimi, vəsaitin tam həcmdə ayrılmaması investisiya layihəsi üzrə nəzərdə tutulan işlərin tam görülməsinə maneə olsa belə, MMC tərəfindən layihənin uğurla başa çatması üçün ayrı-ayrı 3 sayda daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi nəticəsində “xxxx” ASC-dən 500.000 ABŞ dolları həcmində yüksək faizlə kredit götürülmüş, layihə başa çatdırılmışdır. Lakin göründüyü kimi, “xxxx” ASC tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş vəsaitin tam şəkildə ayrılmaması və nəticədə məcburi formada digər kredit vəsaitlərindən istifadə MMC-nin fəaliyyətinə maddi zərər dəyməsi ilə nəticələnmişdir. Bütün bunlara baxmayaraq, güzəştli kreditlər üzrə borc alan kimi vicdanlı şəkildə öhdəliklərinin icrasını həyata keçirir, bu vəsaitlərin mənbəyi olan dövlət büdcəsinə geri qaytarılmasını təmin edirlər. Belə ki, indiyədək “xxxx” ASC-yə ümumilikdə 186.837 manat manat faiz məbləğinin ödənilməsi təmin edilmişdir. Eyni zamanda, “xxxx” ASC-nin lisenziyasının ləğv edilməsi səbəbindən Sahibkarlığa Kömək Milli Fondunun bankın müvəkkil kredit təşkilatı kimi faəliyyətinin dayandırılması, eləcə də bu vəsaitlərin qanunvericiliyə uyğun olaraq bankın aktivi olmaması qənaətinə gələrək, geri qaytarılma barədə ödənişlərin birbaşa Sahibkarlığa Kömək Milli Fondunun xəzinə hesabına ödənilməsini tələb etmiş, tərəflərindən 18.01.18-ci il tarixində 2.000 manat vəsait birbaşa SKMF-in xəzinə hesabına köçürülmüşdür. Ləğv prosesində olan “xxxx” ASC-nin 10.07.17ci il tarixli, 1838 nömrəli məktubuna əsasən güzəştli kredit üzrə 07.07.17-ci il tarixinə 5.000.000 manat əsas borc, 386.341 manat faiz borcu mövcuddur. Eyni zamanda Sahibkarlığa Kömək Milli Fondundan verilmiş məktub-tələbnaməyə əsasən, 01.01.18-ci il tarixinə MMC-yə ayrılmış güzəştli kredit üzrə Fond qarşısında 5.000.000 manat əsas borc və 26.528 manat faiz borcu mövcuddur. Azərbaycan Respublikası Mərkəzi X9 xx xxxxxx 2000-ci il tarixli 02 saylı protokolu ilə təsdiq edilmiş “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması Qaydaları”nın 2.2-ci bəndinə əsasən kredit təşkilatları aşağıdakı hallarda kreditlərə «faizləri hesablanmayan» kreditlər statusu verərək, əsas məbləği və faizləri «yaxşı təmin edilmiş» və «yığılma prosesində olan» kreditlər (hər iki şərt birgə yerinə yetirilirsə) istisna edilməklə, kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə faizlərin hesablanmasını dayandırırlar. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli, SKMF-05/01-5/9 saylı məktub-bildirişdən görünür ki, bank vasitəsilə ayrılmış güzəştli kredit üzrə xx.xx.2018-ci il tarixinə İddiaçı MMC-nin Fond qarşısında 5.000.000 manat əsas kredit borcu və 26.527,8 manat faiz borcu mövcuddur. Nəzərə alınmalıdır ki, xx.xx.2016-cı il tarixdən Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı olaraq «xxxx» ASC-yə münasibətdə kreditlər üzrə faizləri dayandırması və «Azərbaycan Respublikası SKMF-in vəsaitlərinin istifadəsi Qaydaları»nın tələblərinə uyğun olaraq verilmiş kredit məbləğinin geri qaytarılmasını «xxxx» ASC-dən tələb etməməsi, İddiaçı MMC-yə verilmiş kredit məbləğinin faiz həddini güzəştli həddə hesablamaqla kredit borcunu bilavasitə İddiaçı MMC-dən tələb etməsi «xxxx» ASC-nin güzəştli kreditlərin verilməsi və geri ödənişlərin yığılmasında bank təşkilatı kimi funksionallığını itirməsi Fond qarşısında öz öhdəliklərini icra etmək, Qaydalar və müqavilə ilə üzərinə düşən vəzifələri yerinə yetirmək iqtidarında olmaması ilə bağlıdır. «xxxx» ASC müflis elan olunduqdan sonra nəinki Qaydaların 3.4.-cü bəndinin tələbinə görə Fond qarşısında sahibkarın öhdəliklərini yerinə yetirməmiş, əksinə Fond qarşısında öz öhdəliyini (1%) icra edə bilməməsi səbəbindən SKMF xx.xx.2016-cı il tarixdən güzəştli faiz hesablanmasını dayandırmışdır. Belə olan halda, kredit vəsaitinin sərəncamvericisi və sahibi olan SKMF-in ümumiyyətlə, faiz tələb etmədiyi halda, müvəkkil kredit təşkilatı olan «xxxx» ASC-nin borcalanla olan müqavilə müddətinə faizlər hesablaması qanunsuz və əsassızdır. Hesab edir ki, cavabdeh tərəfindən Ləğv prosesində olan “xxxx” ASC ilə İddiaçı MMC arasında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ayrılmış 5.000.000 manat məbləğə xx xxxxxx 2016-cı il tarixdən sonrakı dövrə faiz hesablanması qanunsuz olduğundan silinməlidir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında verdiyini izahatında iddianı qəbul etməyərək iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. İddiaçı MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - «xxxx» ASC ilə MMC (borc alan) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsindən müəyyən olunur ki, SİF-in vəsaitinin istifadəsi Qaydalarına uyğun olaraq sahibkarlığın inkişafı ilə bağlı bank borcalana 5.000.000 manat məbləğində uzunmüddətli kredit verilməsini öhdəsinə götürmüşdür. - Müqavilənin 1.1 -ci bəndinə görə, bank/borc verən həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti MMC-nin/borcalanın mülkiyyətinə verir və MMC isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borc verənə qaytarmağı öhdəsinə götürür. - Müqavilənin 1.3 bəndinə əsasən, kredit 84 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə verilir. - Müqavilənin 2.7-ci bəndinə əsasən, kreditdən istifadəyə görə faizlər kreditin verildiyi gündən onun tam qaytarıldığı günə qədər hesablanır. - Müqavilənin 3.2.2-ci bəndinə müvafiq olaraq, borc alan/MMC krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşma ilə müəyyən olunmuş tarixlərdə borc verənə qaytarır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İşin mübahisəedilməyən halları ilə təsdiq edilir ki, iddiaçı İddiaçı MMC ilə “xxxx” ASC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-yə SİF-in vəsaiti hesabına 84 ay müddətinə 5.000.000 manat məbləğində güzəştli kredit verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(102)- 147/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və «xxxx» ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır. «xxxx» ASC müflis elan edildikdən sonra bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən mübahisəli kredit müqaviləsi üzrə borc alan olan İddiaçı MMC-nin götürdüyü kredit məbləğinə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq faizlərin hesablanması davam etdirilmişdir. Hazırda İddiaçı MMC həmin müqavilə ilə MMC-yə ayrılmış kredit məbləği X2 vəsaiti olduğundan həmin kredit məbləğinin bankın aktivi sayılmadığını və belə olan halda isə “xxxx” ASC-nin lisenziyası ləğv edilərək iflas prosesinə başlanıldıqdan sonra həmin kredit məbləğinə bankın ləğvedicisi tərəfindən faiz hesablanmasının qanunsuz olduğunu əsas göstərərək kredit müqaviləsi üzrə əsas kredit borcuna xx xxxxxx 2016-cı il tarixdən sonrakı dövrə faiz hesablanmasının qanunsuz hesab edilməsi və hesablanmış faiz borcunun silinməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, “xxxx” qanunun 72.1.6-cı maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Azərbaycan Respublikası Mərkəzi X6 25/1 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş və Hüquqi Aktların Dövlət Reyestrində **********0251 nömrə ilə qeydiyyata alınmış "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydalarının 2.0. bəndinə əsasən, Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır: 2.0.1. aktivlər - bank tərəfindən verilən kreditlər, geri qaytarılmaq şərti ilə yerləşdirilmiş digər aktivlər, bank tərəfindən qabaqcadan ödənilmiş vəsait, bank işində istifadə olunmayan aktivlər, hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşları və balansdankənar öhdəliklər. “xxxx” qanunun 1.0.1.-ci maddəsinə görə bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 430.2-ci maddəsinə görə, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi, mülki hüquq münasibətlərini tənzimləyən yazılı kredit müqaviləsi MMC ilə «xxxx» ASC arasında bağlanılmışdır. Başqa sözlə, MMC ilə SİF arasında hər hansı bir öhdəlik yaradan müqavilə bağlanmamışdır. Bu mənada, MMC-nin «xxxx» ASC qarşısında öhdəliyi kredit müqaviləsindən irəli gələn öhdəlikdir. Bankın verdiyi kredit iddiaçı MMC-nin mülkiyyətinə keçmiş, əvəzində MMC-nin bank qarşısında əsas borc və hesablanmış faiz borcunu ödəmək öhdəliyi yaranmış, bankın isə həmin öhdəliyin icrasını tələb etmək hüququ vardır (MM, m. 385.1). Nəzərə alsaq ki, verilmiş kreditlərin qaytarılmasını tələb etmək hüququ bankın aktivini təşkil edir, onda «xxxx» qanunun 72.1.6-cı maddəsinin 2-ci cümləsinin MMC və "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə faizlərin hesablanmasının davam etdirilməsinə tam imkan tanıması barədə nəticəyə gəlmək mümkündür. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 162 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na əsasən, müvəkkil banklar vasitəsilə verilən güzəştli kredit məbləğləri SİF-in vəsaitləri hesab olunmalıdır. Həmin Fərmana əsasən dövlət büdcəsi və Fərmanda nəzərdə tutulmuş digər mənbələrdən formalaşan SİF-in vəsaiti hesabına güzəştli kreditlərin sahibkarlıq subyektlərinə verilməsində müvəkkil bankların fəaliyyəti yalnız vasitəçi kredit təşkilatının funksiyalarından ibarətdir. Odur ki, həmin vəsaitlərin məhz dövlət büdcəsi hesabına formalaşması, məqsədli təyinatı üzrə Fonda ayrılması və Fond tərəfindən sahibkarlıq subyektlərinə ayrılmasının bütün qayda və şərtlərinin müəyyənləşdirilməsi həmin vəsaitlərin Bankın aktivi sayılmasını istisna edir. xx xxxxxx 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən verilmiş məbləği bankın aktivi kimi qəbul etməyin mümkün olmadığı hazırda qüvvədə olan Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Sahibkarlığın X1 və Azərbaycan Respublikası X2 vəsaitindən istifadə Qaydasının müddəaları ilə də bir daha təsdiq olunur. Belə ki, həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası X2 vəsaitindən istifadə Qaydası”nın 1.3-cü bəndində göstərilir ki, güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsaitlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdivi illik faiz dərəcəsi (4 %-dək) istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Məhkəmə bu halla bağlı onu qeyd etməyi zəruri sayır ki, istər kreditin verilməsi zamanı qüvvədə olmuş, istərsə də hazırda qüvvədə olan SİF-in vəsaitlərinin istifadəsi qaydalarının ortaq göstərişləri ondan ibarətdir ki, müvəkkil kredit təşkilatları Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər (qüvvədən düşmüş Qaydaların 4.1-ci bəndi, qüvvədə olan Qaydanın 1.3-cü bəndi); vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılmaması və ya gecikdirilməsi müvəkkil kredit təşkilatını SİF qarşısındakı öhdəliklərdən azad etmir (hər iki Qaydanın 8.3-ci bəndləri). Digər tərəfdən, SİF tərəfindən maliyyələşdirilən kreditlərin müvəkkil bankın aktivi sayılmamasına dair müddəa kreditin verilməsi zamanı qüvvədə olmuş (yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 162 nömrəli Fərmanı ilə təsdiqlənmiş) Qaydalarda nəzərdə tutulmamışdı. Bununla belə, həmin müddəanın sözügedən Qaydaların ümumi məzmunundan irəli gəldiyi və ya indi qüvvədə olan Qaydaların 1.3-cü bəndinin hazırkı mübahisələrə də tətbiqinin mümkünlüyü ehtimallarında belə, adı çəkilən müddəanın kredit üzrə faizlərin dayandırılmasına əsas vermədiyi ortadadır. Belə ki, həmin halda kredit müqaviləsi üzrə əsas məbləğ deyil, hesablanmalı olan faizlər bankın aktivini təşkil edəcəkdir. Bu hal, özlüyündə “xxxx” Qanunun 72.1.6-cı maddəsinin hazırki mübahisəyə tətbiqini istisna edir. Ona görə ki, 72.1.6-cı maddənin 2-ci cümləsi bank aktivlərinə faizlərin və digər haqların hesablanması imkanını ehtiva edir. Məlum kredit müqaviləsi üzrə hesablanmalı olan faizi tələb hüququnun özünün bankın aktivini təşkil etdiyini nəzərə alsaq, onda borcluya/iddiaçıya həmin tələbin icrasını aradan qaldıran bir hüququn tanınmasının qeyri-mümkün olduğunu deyə bilərik. Başqa sözlə, bank bu halda, hər hansı faizi deyil, bilavasitə aktivin özünü istəmiş olur. Bu səbəbdən də, qeyd olunan ehtimallarda belə, iddiaçının irəli sürdüyü hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Bundan əlavə, məhkəmə onu da vurğulayır ki, hazırki vəziyyətdə iddiaçının belə bir tələblə çıxış etmək imkanına malik olmadığı Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2018- ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası X2 vəsaitindən istifadə Qaydasının 3.6, 8.4 və 10-cu bəndlərinin göstərişlərindən də aydın olur. Belə ki, Qaydanın 10-cu bəndinə görə, bu Qaydanın 3.6-cı və 8.4-cü bəndləri bu Qayda təsdiq olunduğu günədək lisenziyası ləğv olunmuş, məcburi ləğv və ya iflas prosesində olan kredit təşkilatları ilə münasibətlərə də şamil edilir. Həmin Qaydanın 3.6-cı bəndinə görə, müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda SİF-in İdarə Heyəti sədrinin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı SİF-in vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından) digər müvəkkil banka (və ya bank olmayan kredit təşkilatına) keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür. Həmin qaydanın 8.4-cü bəndinə görə isə müvəkkil kredit təşkilatının lisenziyası ləğv olunduqda, eləcə də məcburi ləğv və ya iflas prosesi zamanı güzəştli kreditlərin qaytarılması bu Qaydanın 8.1-ci bəndinə uyğun olaraq, bu məqsədlə təyin olunmuş səlahiyyətli orqan tərəfindən həyata keçirilməlidir. Həmin Qaydanın 8.1-ci maddəsinə görə sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını hər ayın son iş gününədək ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə hər ayın son iş gününədək hesablanıb ödənilir. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizləri və ya əsas borcu müvəkkil kredit təşkilatı 3 (üç) bank günündən gec olmayaraq Fondun hesabına köçürməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Fondun hesabına köçürülməsini gecikdirdikdə, onlar bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) bank günündən çox olarsa, X8 müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatları sırasından çıxara bilər. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydanın 3.6 və 10-cu bəndləri müvəkkil bankın lisenziyası ləğvi ilə əlaqədar ləğvetmə proseduruna məruz qalması halında, SİF-in vəsaiti hesabına maliyyələşdirilən kredit portfelinin sonrakı aqibətini dəqiq şəkildə tənzimləyir. Həmin bəndlərdə iflas proseduru başladıqdan sonra kredit məbləğinə faizlərin hesablanmasının dayandırılması və ya hesablanacaq faizlərlə bağlı hər hansı güzəşt edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı faizlərin hesablanmasının qanunsuz hesab edilməsi və hesablanmış faiz məbləğinin silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı faizlərin hesablanmasının qanunsuz hesab edilməsi və hesablanmış faiz məbləğinin silinməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-176/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-176/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver