Məhkəmə qərarları › İş №e-2-2(113)-176/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-176/2024

15.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-176/2024 15.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə Cavabdeh ASC tərəfindən su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 4.711,99 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi yoxlaması ilə əlaqədar 2019cu ildən fəaliyyətini dayandırmış, işçiləri ödənişsiz məzuniyyətə buraxmış, hər hansı fəaliyyəti olmamışdır. Buna uyğun olaraq da su və kanalizasiya xidmətlərindən istifadə etməmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq iddianın verildiyi tarixə 8.671,94 manat borc hesablanmışdır. Bu borcun nədən yaranması barədə cavabdehə müraciət olunduqda, illər üzrə rəqəmlər təqdim olunmuşdur. Halbuki sonuncu dəfə xx.xx.2021-ci il tarixdə sayğac cavabdeh tərəfindən dəyişdirilmiş, sayğacın işləkliyi daimi olaraq yoxlanılmış, hər hansı müdaxilə, nasazlıq aşkar edilməmişdir. Sayğacın göstərilərinə əsasən, hər hansı istifadə olmamışdır. Lakin cavabdeh əsassız olaraq iddiçıya məlum olmayan qeyd edilən borcu hesablamışdır. Qeyd edilən borcun 2018 və 2019-cu illərə dair hesablanmış ödənişlər istisna olmaqla, digər hissəsi tamamilə cavabdehin özü tərəfindən müəyyən edilən və hər hansı fakta, istifadəyə əsaslanmayan borcdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X1 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cu il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.2-ci bəndində təsbit olunmuşdur ki, smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək STKM-nin hüququdur.

7. Həmin qaydaların 4.1.3-cü bəndində təsbit olunmuşdur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.

9. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 05 yanvar 2012-ci il tarixli “su təchizatı və kanalizasiya xidmətlərinə air qeyri-əhali istehlakçıları üçün” müqavilə bağlanmışdır.

10. İddiaçı tərəfindən işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə” əmrlərindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçiləri xx.xx.2019-cu il tarixidən başlayaraq ödənişsiz məzuniyyətə buraxılmışlar və hər dəfə ödənişsiz məzuniyyət müddəti bitdikdən sonra yenidən ödənişsiz məzuniyyətə buraxılmışlar.

11. İddiaçı tərəfindən işə əlavə edilmiş vergi orqanları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ayr-ayrı ardıcıl tarixlərdə ünvanlanmış məktublardan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixədək fəaliyyətini dayandırması vergi orqanı tərəfindən nəzərə alınmışdır.

12. Qeyd edilmiş sənədlərdən göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2019-cu ildən fəaliyyətini dayandırmışdır və müəssisədə hər hansı bir istehsal prosesi getməmişdir.

13. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan abonent haqqında məlumatdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 8.671,94 manat borc hesablanmışdır.

14. İşə əlavə edilmiş Cavabdeh ASC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2018-ci il üçün 3.681,86 manat, 2019-cu il üçün 278,09 manat, 2020-ci il üçün 1.889,59 manat, 2021-ci il üçün 1.352,95 manat, 2022-ci il üçün 1.111,45 manat, 2023-cü il üçün 354,65 manat borc hesablanmışdır.

15. İddiaçı tərəf "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ildən fəaliyyətini dayandırdığını, işçilərin ödənişsiz məzuniyyətə buraxıldığını, müəssisənin həmin vaxtdan işləmədiyini, sudan istifadə edilmədiyini, 2020-ci ilədək hesablanmış borcu qəbul etdiyini bildirir və 2020, 2021, 2022, 2023-cü il üçün əsassız hesablanmış borcun silinməsini xahiş edir. Həmçinin silinməsini xahiş etdiyi 4.711,99 manat məbləğin abonent haqqında məumat vərəqində qeyd edilmiş 8.671,94 manatdan Cavabdeh ASC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmiş 2018-ci il üçün 3.681,86 manat və 2019-cu il üçün hesablanmış 278,09 manatı çıxmaqla əldə etdiyini (8.671,94 –(3.681,86+278,09)=4.711,99) bildirmişdir.

16. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsindən 2020, 2021, 2022, 2023-cü il üçün borcun hansı əsasla, hansı göstəricilərə əsasən hesablanması soruşulmuş, Cavabdeh ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında 2019-cu ildən Cavabdeh ASC-nin nümayəndələrinin müəssisəyə daxil ola bilmədiyini və borcun sayğaca baxış keçirilmədən, orta istehlak normasına əsasən hesablandığını bildirmişdir.

17. Bundan sonra məhkəmə iclasında hər iki tərəfin nümayəndəsinin iştirakı ilə sayğaca baxış keçirilməsi təklif edilmiş və məhkəmə iclası xx.xx.2023-cü il tarixinə təxirə salınmışdır.

18. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəf Cavabdeh ASC-nin nümayəndələri tərəfindən baxış keçirildiyini, sayğacın göstəricilərinin əvvəlki kimi dəyişmədən yəni CSS 15002028 saylı sayğac üzrə 804, digər CSS 11022744 saylı sayğac üzrə isə 1691 olduğu müəyyən olunduğunu, bu barədə akt tərtib edildiyini, sayğacdan su keçmədiyi, sayğacın fotoşəkillərinin çəkildiyini ancaq Cavabdeh ASC-nin borcun artıq hesablanmış hissəsini silməyə razı olmadığını bildirmişdir.

19. 22.12.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin dayandırılması ilə bağlı vergi orqanına müraciət olunan kimi, Cavabdeh ASC-yə də, müraciət edilməli olduğunu, iddiaçı tərəfindən maneələr yaradıldığndan müqayisəli hesabat tərtib edildiyini bildirmişdir.

20. İddiaçı tərəf isə hər hansı bir maneələrin yaradılmadığını, sadəcə olaraq müəsisənin fəaliyyət göstərmədiyini bildirmişdir.

21. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olan müəssisə xx.xx.2019-cu il tarixindən fəaliyyətini dayandırmış və hal-hazırda da, fəaliyyət göstərmir. Cavabdeh ASC isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan da, göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2020-ci il üçün 1.889,59 manat, 2021-ci il üçün 1.352,95 manat, 2022-ci il üçün 1.111,45 manat, 2023-cü il üçün 354,65 manat borc yəni cəmi 4.708,64 (1.889,59 +1.352,95+1.111,45 +354,65=4.708,64) manat borc hesablanmışdır.

22. Məhkəmə iclaslarında verilmiş olan izahatlar əsasında da, müəyyən edildi ki, qeyd edilmiş borc sayğaca baxış keçirilmədən müqayisəli hesabat tərtib edilməklə hesablanmış və abonent haqqında məlumata daxil edilmişdir.

23. Bundan başqa da, müəyyən edildi ki, sayğaca tərəflərin iştirakı ilə baxış keçirilən zaman sayğacın göstəriciləri dəyişməmiş və buna baxmayaraq Cavabdeh ASC borcun əsassız hesablanmış hissəsinin silinməsindən yayınmışdır.

24. Göründüyü kimi, cavabdeh tərəf 4.708,64 manat borcu əsassız olaraq hesablamışdır. Ona görə də, qeyd edilmiş məbləğdə borc silinməlidir.

25. Belə olan halda, məhkəmə hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə qəəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 090028 saylı abonent kodu üzrə əsassız olaraq hesablanmış 4709 (dörd min yeddi yüz doqquz) manat, 09 (doqquz) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar