Məhkəmə qərarları › İş №e-2-2(113)-1760/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1760/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1760/2020 25.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, Pənahov Əli Rasim oğlunun “Hiline Teknoloji Sanayi və Ticaret Anonim Şirkəti” nə qarşı pul tələbi və əmlakın açıq hərracdan satılması barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Pənahov Əli Rasim oğlu “Hiline Teknoloji Sanayi və Ticaret Anonim Şirkəti” nə qarşı pul tələbi və əmlakın açıq hərracdan satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0, 150.0.4 və 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, həmçinin, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Lakin iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sənəd təqdim edilməmiş, pretenziya əlavə olunsa da, həmin sənədin cavabdehə göndərilməsinə və ya onun tərəfindən alınmasına dair sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1, 152.1.4 və 152.1.6-cı maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, həmçinin, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Pənahov Əli Rasim oğlunun nəzərinə çatdırılmalıdır ki, iddia ərizəsinə onun fərdi sahibkar statusunun, yəni, vergi ödəyicisi kimi qeydə alınmasını təsdiq edən hər hansı bir sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin yeni redaksiyada olan 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Buna görə də İddiaçı izah edilməlidir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirməsi və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu olması halı mövcud olmadığı, yəni, vergi ödəyicisi kimi qeydə alınmasını təsdiq edən sübut təqdim olunmadığı təqdirdə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından hazırkı işə kommersiya məhkəməsində baxıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Pənahov Əli Rasim oğlunun “Hiline Teknoloji Sanayi və Ticaret Anonim Şirkəti” nə qarşı pul tələbi və əmlakın açıq hərracdan satılması barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar