Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1762/2021 20.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “X3 Təsərrüfatı” Məhdud Məsuliyyəli Cəmiyyətinə qarşı borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Bəylik X1” MMC-dən əsas maddi zərər 23084,53 manat, işgüzar nüfuza vurulan zərərə 10000 manat, uçot faiz dərəcəsi üzrə 2019-cu il may ayından 2021-ci ilin mart ayına kimi 3693,6 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 56808,1 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə “Bəylik X1” MMC arasında 03 may 2019-cu il tarixində bağlanmış 008 saylı müqaviləyə əsasən 70000 manat məbləğində müxtəlif çeşiddə mal və toyuq əti satılmışdır. Müqavilənin 6.1-ci bəndinə əsasən alıcı tərəfindən ödənişlər 15 iş günü ərzində bank hesabına ödənilməlidir. Həmin məbləğdən “Bəylik X1” MMC tərəfindən müəyyən vəsait ödənilmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş 18.05.2020-ci il tarixində həyata keçirilmişdir. Bu tarixdən sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir, baxmayaraq ki, dəfələrlə borcun ödənilməsi xahiş edilmişdir. “Bəylik X1” MMC-nin 25 yanvar 2021-ci il tarixinə “xxxx” MMCyə 23084,53 manat məbləğində borcu qalmışdır. Bu hərəkətlər nəticəsində cəmiyyətin maddi və işgüzar nüfuzuna əhəmiyyətli və təsirli zərər yetirilmişdir. Sonuncu dəfə cavabdehə 11 fevral 2021-ci ildə poçt vasitəsi ilə pretenziya məktubu yollayaraq 15 fevral 2021-ci il tarixinə kimi borcun ödənilməsini xahiş edilmişdir. Lakin nə borc ödənilmiş, nə də ki, pretenziyaya cavab verilmişdir. Bununla da cavabdeh müqavilədən başqa Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq nümayişkarcasına borcunu ödəməkdən yayımışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Bəylik X4 Təsərrüfatı” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - 03 may 2019-cu il tarixli, 008 saylı müqaviləyə əsasən “xxxx” “Bəylik X1” MMC-nin sifariş etdiyi məhsulları təmin etməyi, alıcı isə malları qəbul edib haqqını bu müqavilə ilə müəyən edilmiş müddətdə qarşılıqlı üzləşmə aparılaraq satılmış malların müəyyənləşdirilmiş pul dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - 24.07.2019-cu il tarixli, EAAX seriyalı, 573295 saylı, 02.10.2019-cu il tarixli, EBAA seriyalı, 648841 saylı, 06.11.2019-cu il tarixli, EBAC seriyalı, 158438 saylı, 27.12.2019-cu il tarixli, EBAE seriyalı, 489002 saylı, 27.04.2020-ci il tarixli, EBAJ seriyalı, 194013 saylı, 18.05.2020-ci il tarixli, EBAK seriyalı, 040803 saylı, 01.06.2020-ci il tarixli, EBAK seriyalı, 571369 saylı, 18.06.2020-ci il tarixli, EBAL seriyalı, 230532 saylı, 29.06.2020-ci il tarixli, EBAL seriyalı, 690046 saylı, 16.07.2020-ci il tarixli, EBAM seriyalı, 459095 saylı və 16.09.2020-ci il tarixli, EBAQ seriyalı, ******* saylı elektron qaiməyə əsasən 80804,19 manat pul vəsaitindən cəmi 23084,53 manat borc qalmışdır. - 06 may 2021-ci il tarixli 06/21 saylı arayışa əsasən Bəylik X1” MMC-nin 03.05.2019cu il tarixli müqavilə üzrə 51778,78 manat pul vəsaiti ödəniş edilmiş, cəmi qalıq borcu 23084,53 manat təşkil etmişdir. - “xxxx” ASC-nin 08 may 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “xxxx” MMC-nin bank hesbaına 51788,78 manat vəsait daxil olmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. 80804,19 manat dəyərində malların iddaçı tərəfindən cavabdehə təhvil verilməsi, həmin mallara görə 23084,53 manat məbləğində pul vəsaitinin ödənilməməsi işin faktiki halları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtlərindən malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra 15 gün ərzində satıcının kassasına ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura əsasında əsasında təhvil verilmişdir. Qeyd olunanlara əsasən və alınmış malların dəyərinin tam ödənilməməsi, borcla bağlı hər hansı bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. İddiaçı 10000 manat zərərin vurulmasını igüzar nüfuza vurulan zərər kimi qiymətləndirsə də, onun tərəfindən məhkəməyə işgüzar nüfuzuna nə kimi və hansı formada zərərin vurulması, zərərin məbləğinin hansı səbəbdən 10000 manat təşkil etməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsində rədd edilməlidir. Bundan başqa iddiaçının tələbinin digər hissəsini təşkil edən «pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə qərarın çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi əsas götürülməklə pul vəsaitinin ödənildiyi günə qədər faizlərin ödənilməsi» tələbiylə bağlı məhkəmə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir. İddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09.07.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Beləlik, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan hallar barədə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd olunmalıdır. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 19 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “X3 Təsərrüfatı” Məhdud Məsuliyyəli Cəmiyyətinə qarşı borcun tutulması barədə iddiası qismən təmin edilsin. 23084,53 manat məbləğində pul vəsaiti “X3 Təsərrüfatı” Məhdud Məsuliyyəli Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 19 manat məbləğində pul vəsaiti “X3 Təsərrüfatı” Məhdud Məsuliyyəli Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1762/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1762/2021
20.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver