Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1765/2023 13.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Bünyamin oğlunun katibliyi, İddiaçı ATSC-nin nümayəndəsi vəkil Nümayəndə, cavabdeh “X2” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ATSC-nin cavabdeh “X2” ASC-yə qarşı icarə müqaviləsi üzrə hesablanmış borcun cavabdehdən tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İncon–Servis” ATSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “İncon–Servis” ATSC- ilə “X2” ASC arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli müqaviləyə əsasən hesablanmış icarə haqqının və peniyanın, cəmi 19197,42 manatın cavabdeh “X2 ” ASC-dən tutularaq iddiaçı “İncon–Servis” ATSC-ə ödənilməsi barədə, həmin pul vəsaitinin məbləğindən məhkəmə qərarının çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə 1900 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə, tərəflər arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli müqavilənin predmetləri olan 2 ədəd 250 Kvt olan 150 metr uzunluğunda kabellərin, sayğacların və elektrik şitlərinin, həmçinin eni 3 metr, uzunluğu 6 m, hündürlüyü isə 3 m olan dəmir kabinin (butka), 4 ədəd uzunluğu 8 metr olan 32-lik və 4 ədəd uzunluğu 12,5 metr olan 50-lik dəmir relslərini yararlı (saz) vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə, ödənilmiş 200 (iki yüz ) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İncon–Servis” ATSC ilə cavabdeh “X2” ASC arasında 01 oktyabr 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən icarədar özünə məxsus 2 ədəd 250 Kvt olan 150 metr uzunluğunda kabellərin, sayğacların və elektrik şitlərinin icarəçiyə icarəyə verməsini 3 il müddətində öhdəsinə götürmüş, icarəçi isə icarədara hər ayın axırında 300 manat haqq ödəməsini və həmin əmlakların işlək vəziyyətdə saxlanmasını öhdəsinə götürmüşdür. Baxmayaraq ki, müqavilə predmeti olan həmin əmlaklar uzun müddətdir ki, cavabdehin icarəsindədir, sonuncu icarə haqqını bu günədək iddiaçıya ödəməmişdir. Bununla yanaşı, iddiaçı-icarədar 2019-cu ilin may ayından əlavə dəyər vergisinin ödəyəçisidir. Beləliklə, cavabdehin iddiaçıya bu günədək, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək 7 aya görə hər ay 300 manat olmaqla 2100 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək (28 ay-7 ay = 20 ay; 21 ay x 354 (300+18% ƏDV) =7434), cəmi (2100+7434) 9534 (doqquz min beş yüz otuz dörd) manat borcu yaranmışdır. Bundan başqa, gələcəkdə Cavabdeh ASC-nin ərazisində tərəfimizdən böyük həcmli avadanlıqların istehsalı nəzərdə tutulduğundan oraya İddiaçı ATSC-yə məxsus eni 3 m, uzunluğu 6 m, hündürlüyü isə 3 metr olan dəmir Kabin (butka), o cümlədən, 4 ədəd uzunluğu 8 metr olan 32-lik və 4 ədəd uzunluğu 12,5 metr olan 50-lik dəmir relslər yerləşdirilmişdir. Lakin hamıya bəlli olan pandemiya ilə əlaqədar istehsalçı İddiaçı ATSC ilə Çin Xalq Respublikasında olan sifarişçi arasında danışıqlar uzanmış və naməlum müddətə təxirə salınmışdır. Bu səbəbdən cavabdeh zavodunun ərazisində fəaliyyət göstərilməsinə dair iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmamışdır. Cavabdeh isə, həmin əmlakları qanunsuz olaraq öz ərazisində saxlamış və geri qaytarmır. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək, borcunun ödənilməsini və əmlaklarının geri qaytarılmasını tələb etsə də, sonuncu bu tələblərə heç bir məhəl qoymamışdır. Bütün bunlar göstərir ki, cavabdeh nə borcunu ödəmək, nə də ki, iddiaçıya məxsus əmlakları geri qaytarmaq niyyətində deyil. Bu səbəbdən iddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edirəm ki, cavabdehə qarşı bu iddianın təmin edilməsi üçün kifayyət qədər əsaslar mövcuddur və iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı ATSC-nin nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X2” ASC-nin nümayəndəsi X4 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, tərəflərin arasında 01 oktyabr 2018-ci il tarixli 12 saylı icarə müqaviləsi imzalansa da, cavabdehin xx.xx.2018-ci il tarixli məktubu ilə müqaviləyə xitam verilmiş, həmçinin 2 ədəd 250 Kvt olan 150 metr uzunluğunda kabellər və elektrik şit geri qaytarılmış, eni 3 metr, uzunluğu 6 metr, hündürlüyü isə 3 metr olan dəmir kabin, 4 ədəd uzunluğu 8 metr olan 32-lik və 4 ədəd uzunluğu 12,5 metr olan 50-lik dəmir relslər ümumiyyətlə cəmiyyətə təhvil verilməmişdir. Tələb olunan əşyalardan yalnız elektrik sayğac mövcuddur və onun götürülməsi ilə bağlı etirazları yoxdur. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 oktyabr 2018-ci il tarixli 12 saylı müqavilədən görünür ki, icarədar İncon-Servis ATSC 250 kvt 2 ədəd 150 metr uzunluğunda kabeli, sayğacı və elektrik şitini icarəçi “X2” ASC icarəyə vermişdir. Müqavilənin 2-ci maddəsinə əsasən aylıq icarə haqqı 300 manatdır. Müqavilənin 6.3-cü maddəsinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 3 il müddətində qüvvədədir. xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, “X2” ASC İddiaçı ATSCyə 600 manat ödəmişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, “X2” ASC İddiaçı ATSCyə 600 manat ödəmişdir. xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, “X2” ASC İddiaçı ATSCyə 400 manat ödəmişdir. xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, “X2” ASC İddiaçı ATSCyə 500 manat ödəmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, “X2” ASC İddiaçı ATSCyə 500 manat ödəmişdir. xx.xx.2022-ci il tarixli aktın sürətindən görünür ki, 2 ədəd 250 Kvt olan 150 metr uzunluğunda kabellər İddiaçı ATSC-nin nümayəndəsinə təhvil verilmişdir. 19 noyabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ATSC 200 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 700.1 və 700.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ATSC tərəfindən 250 kvt 2 ədəd 150 metr uzunluğunda kabel, sayğac və elektrik şitin “X2” ASC-yə icarə verilməsi bağlı 01 oktyabr 2018-ci il tarixdə 12 saylı müqavilə bağlanmışdır. “X2” ASC-nin nümayəndəsi icarə münasibətlərinə xx.xx.2018-ci il tarixli məktubla xitam verilməsini bildirsə də, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdə 600 manat, xx.xx.2019-cu il tarixdə 600 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 500 manat və xx.xx.2021-ci il tarixdə isə 500 manat məbləğində icarə haqqı ilə bağlı ödənişləri etməklə “X2” ASC tərəflərin arasında olan icarə müqaviləsi ilə bağlı münasibətləri davam etdirərək bəyənmişdir. Məhkəmə iddia tələbinin 19197,42 manat hissəsi ilə bağlı (9534 manat icarə haqqı və 9663,42 manat dəbbə pulu) qeyd edir ki, sözügedən tələb qismən təmin edilməlidir, belə ki, müqavilə aylıq 300 manat icarə haqqı ödəmək şərti ilə 3 il müddətinə bağlanılmış, yəni cavabdeh cəmi 10800 manat məbləğində icarə haqqı ödənilməli olmasına baxmayaraq məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, 2600 manat ödənilmiş, 8200 manat isə ödənilməmiş qaldığına görə icarə haqqı tələbi 8200 manat hissədə təmin edilməlidir. Məhkəmə dəbbə pulu ilə bağlı isə bildirir ki, tərəflərin arasında dəbbə pulu ilə bağlı heç bir razılaşma olmadığına görə tələb həmin hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, mediasiya üçün çəkilmiş 200 manat məbləğində xərc təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin əşyaların qaytarılması hissəsi ilə bağlı isə qeyd edir ki, tələb elektrik sayğaca münasibətdə qismən təmin edilməli, digər hissələrdə isə rədd edilməlidir, belə ki, elektrik sayğacın qaldığını cavabdeh etiraf etsə də, 2 ədəd 250 Kvt olan 150 metr uzunluğunda kabellər və elektrik şit müvafiq akta əsasən geri qaytarılmış, eni 3 metr, uzunluğu 6 metr, hündürlüyü isə 3 metr olan dəmir kabin, 4 ədəd uzunluğu 8 metr olan 32-lik və 4 ədəd uzunluğu 12,5 metr olan 50-lik dəmir relslərin cavabdehə verilməsi ilə bağlı isə iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab ki, iddia qismən təmin edilməli, cavabdeh “X2” ASC-dən 8200 manat icarə haqqı, 200 manat mediasiya xərci və bir ədəd elektrik sayğac alınaraq İddiaçı ATSC-yə verilməlidir. İddia tələbi digər hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X2” ASC-dən 8200 manat icarə haqqı, 200 manat mediasiya xərci və bir ədəd elektrik sayğac alınaraq İddiaçı ATSC-yə verilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1765/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1765/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver