Məhkəmə qərarları › İş №e-2-2(113)-1766/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1766/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1766/2023 07.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh3 (Cavabdeh3 MMC), Cavabdeh1 (Cavabdeh1 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC-yə 12 aprel 2022-ci il tarixdə verilmiş 150000 manat məbləğli kredit üzrə 138183,32 manat əsas borc, xx.xx.2023-cü il tarixə faiz borcu 15027,52 manat, xx.xx.2023-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 5567,42 manat olmala, cəmi 158778,26 manat məbləğində pulun, 453,88 manat ödənilmiş dövlət rüsumu və 400 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh3 MMC, Qanuni nümayəndə və Cavabdeh1 MMC-dən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, AFB Bank” ASC ilə Cavabdeh3 MMC-nin bağladığı 12 aprel 2022-ci il tarixli, 104-S-2888 nömrəli kredit müqaviləsinə əsasən MMCyə illik 15 % olmaqla, 12 ay müddətinə 150000 manat məbləğində kredit ayrılmışdır. Bu kredit müqaviləsinə əsasən 150000 manat məbləğində kredit xx.xx.2023-cü il tarixə qədər verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh3 MMC bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öz öhdəsinə götürür. Kreditin təminatı olaraq cavabdeh Qanuni nümayəndə qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla bank arasında 12 aprel 2022-ci il tarixli, 104-S- 2888 ZM/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Kreditin təminatı olaraq cavbadeh Cavabdeh1 MMC yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla bank arasında 12 aprel 2022-ci il tarixli, 104-S-2888 ZM/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.9-cu bəndinə əsasən bu müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilməzsə, ertəsi günündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 2.1-ci bənddə göstərilmiş faiz dərəcəsindən əlavə cərimə faizləri də hesablanır. Cərimə faizinin dərəcəsi 2.1-ci bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabərdir. Cavabdeh3 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun xx.xx.2023-cü il tarixə cəmi 158778,26 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər üç cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Kredit borcu üzrə axırıncı dəfə xx.xx.2022-cü il tarixdə cəmi 14500 manat məbləğində ödəniş edilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 445.1, 445.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.

5. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104-S-2888 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müqaviləyə əsasən Cavabdeh3 MMC-yə bank tərəfindən 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir.

7. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104-S-2888 ZM/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104-S-2888 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

8. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104- S-2888 ZM/2 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104-S-2888 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 MMC bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

9. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə banka əsas borcu 138183,32 manat, faiz borcu 15027,52 manat, cərimə borcu 5567,42 manat olmaqla, ümumilikdə 163883,37 manat təşkil edir.

10. İddiaçı ASC-nin cavabdehlərə (borcalan və zaminlər) ünvanladığı pretenziya məktubunun məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh3 MMC xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 138183,32 manat əsas borc, 14336,61 manat faiz borcu, 5063,86 manat cərimə borcu 5 gün müddətində banka ödəmədiyi təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli, 9/3482 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104-S- 2888 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 MMC-nin ekspert qarşısında qoyulmuş sual üzrə maliyyə arayışında göstərilən tarixə (xx.xx.2023-cü il) iddiaçı “AFB Bank" Açıq Səhmdar Cəmiyyətinə olan cəmi borcu 158655,96 manat: əsas borc üzrə 138125 manat, faiz borcu üzrə 14963,54 manat, cərimə borcu üzrə 5567,42 manat məbləğində müəyyən edilir.

12. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixli, 104-S-2888 nömrəli kredit kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 MMC-yə bank tərəfindən 12 (on iki) ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə və Cavabdeh1 MMC arasında zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104-S-2888 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər - Qanuni nümayəndə və Cavabdeh1 MMC bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdurlar.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

Məhkəmənin mövqeyi

17. İddia tələbi cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin хеyrinə xx.xx.2022-ci il tarixli krеdit müqaviləsi üzrə 138183,32 manat əsas borc, 15027,52 manat məbləğində faiz bоrcu və 5567,42 manat cərimə borcunun tutulmasından ibarətdir.

18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu, hesablanmış faiz və cərimələrin tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada 138125 (yüz otuz səkkiz min yüz iyirmi beş) manat əsas borc, 14336,61 manat (on dörd min üç yüz otuz altı manat altmış bir qəpik) faiz borcu, 5063,86 manat (beş min altmış üç manat səksən altı qəpik) cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.

19. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə almışdır. Belə ki, cavabdehlərə göndərilən pretenziya məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh3 MMC-nin 138183,32 manat əsas borc, 14336,61 manat faiz borcu, 5063,86 manat cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, iddiaçı yalnız müqavilə ləğv edildiyi vaxtadək olan müddət üçün müqavilə üzrə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

20. Eləcə də, iddiaçı 453,88 manat ödənilmiş dövlət rüsumu və 400 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

21. İddiaçı dövlət rüsumuna görə 453,88 manat məbləğində pulun tutulmasını xahiş etsə də, müəyyən olunur ki, iddiaçı tərəfindən 54 manat dövlət rüsumu ödənilmişdir. Ödənilməli olan rüsum məbləği 48,78 manat olmuşdur (448,78-400=48,78).

22. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumuna görə ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 48,4 manat (qırx səkkiz manat qırx qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

23. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza köçürülməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada 138125 (yüz otuz səkkiz min yüz iyirmi beş) manat əsas borc, 14336,61 manat (on dörd min üç yüz otuz altı manat altmış bir qəpik) faiz borcu, 5063,86 manat (beş min altmış üç manat səksən altı qəpik) cərimə, 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,4 manat (qırx səkkiz manat qırx qəpik) olmaqla, cəmi 157973,87 manat (yüz əlli yeddi min doqquz yüz yetmiş üç manat səksən yeddi qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar