Məhkəmə qərarları › İş №e-2-2(113)-1770/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1770/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1770/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsi və kredit müqaviləsinin nisbəti, zaminliyə xitam, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 324/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında xx.xx.2023-cü il tarixli L/M-324-2/23 saylı müqaviləyə əsasən 57072,65 manat əsas borc, 8605,33 manat faiz borcu, 4717,87 manat dəbbə pulu olmaqla ümumilikdə 70395,85 mnat məbləğində pulun və ödənilmiş 302 manat dövlət rüsumu, 0,4 manat bank xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə X4 arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli 324/22 saylı “daxili maliyyə lizinqi müqaviləsi”nə əsasən X1 ilə iddiaçının mülkiyyətində olan 2014-ci il buraxılışı, “Porsche” minik markalı, “Universal” tipli, WP1ZZZ95ZFLB62556 ban nömrəli, qara rəngli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bundan sonra iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli L/M-324-2/23 saylı “öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, 5 oktyabr 2022-ci il tarixli 324/22 saylı “daxili maliyyə lizinqi müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh1 ötürülmüşdür. 2.2. 01 noyabr 2023-cü il tarixli L/M-324-2/23 saylı “öhdəliklərin verilməsi haqqında müqavilə”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (25 oktyabr 2022-ci il tarixli 324/22 saylı “daxili maliyyə lizinqi müqaviləsi”nə əlavə №7) əsasən Cavabdeh1 illik 23% hesablanmaqla, 36 aylıq müddətə, hər ay sabit məbləğ olmaqla 2209,27 manat, ümumilikdə isə 79533,54 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 79533,54 manat məbləğində pulun 57072,65 manatını əsas məbləğ təşkil edir. Həmçinin lizinq ödənişlərində gecikmələr yarandığından Cavabdeh1 xx.xx.2024-cü il tarixli müraciətinə əsasən yeni qrafik açılmışdır. 2.3. Bundan başqa, iddiaçı ilə Cavabdeh2 arasında 01 noyabr 2023-cü il tarixli L/M-324-2/23 saylı “zaminlik müqaviləsi” bağlanmış və zamin iddiaçı qarşısında lizinq alanın 01 noyabr 2023-cü il tarixli L/M-324-2/23 saylı “öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlər lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 57072,65 manat əsas borc, 8605,33 manat faiz borcu, 4717,87 manat dəbbə borcu vardır. Beləliklə, cavabdehlərin xx.xx.2024-cü il tarixinə ümumi borcu 70395,85 manat təşkil edir. 2.4. “Daxili maliyyə lizinqi müqaviləsi”nin 3.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №7) müəyyən edilir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən lizinq alan lizinq haqqını lizinq verənə ödəniş cədvəlinə uyğun olaraq ödəməlidir və əmlakın haqqını lizinq verənəin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla da, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi ödəməlidir. Müqavilənin 14.1-ci bəndinə əsasən, lizinq alan razılq verir və öhdəsinə götürür ki, əmlaka xidmət edilməsi, eləcə də cari və əsaslı təmir və buna oxşar digər xidmətlər onun hesabına olmalıdır. Həmin müqavilənin 15-ci bəndinə görə, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, müqavilə imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağılmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar lizinq verənin ziyanlarını ödəyəcək hətta əmlak sıradan çıxsa belə lizinq ödənişlərini cədvələ uyğun həyata keçirəcəkdir. Həmin müqavilənin 18.2-ci bəndinə əsasən, lizinq alanın öz vəzifələrini yerinə yetirməməsinə görə lizinq verənin çəkdiyi bütün məsrəflər, o cümlədən iddia xərcləri lizinq alan tərəfindən ödənilir. 2.5. Həmçinin iddiaçı ilə Cavabdeh2 arasında 01 noyabr 2023-cü il tarixli L/M- 324-2/23 saylı zaminlik müqaviləsinin 2.2-ci bəndinin tələbinə əsasən, zamin öz öhdəsinə götürür ki, lizinqalan müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərcləri və ümumilikdə digər zərərlərin əvəzinin ödənilməsinə görə liziq verən qarşısında lizinq alanla eyni məsuliyyəti daşıyır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, müqavilənin tələbi pozulduğu halda lizinq verən həm borclu, həm də zaminə qarşı müqavilə üzrə tələblərini irəli sürür.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 462.1, 522.1, 747.1, 748-7.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, nəqliyyat vasitəsi hal-hazırda Cavabdeh1 istifadəsindədir. Lizinq alanın müraciəti əsasında 2 dəfə güzəşt tətbiq edilmiş, müvafiq olaraq 01 noyabr 2026-cı il və 23 yanvar 2027-ci il tarixədək qrafik açılmışdır. Lakin cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir.

6. İddiaçı məhkəmənin sonuncu baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.

7. Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində məhkəmə bildirişləri yerləşdirilməklə, cavabdehlərin yaşayış yeri üzrə qeydiyyata alındıqları ünvanlara məhkəmə bildirişləri göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Daxili maliyyə lizinqi müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə X5 (satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AK-324/22 nömrəli avtomaşının alqı-satqı müqaviləsinə əsasən “Porsche” minik markalı, 2014-cü il buraxılışı, WP1ZZZ95ZFLB62556 ban nömrəli, qara rəngli nəqliyyat vasitəsini satıcı iddiaçıya satmağı, iddiaçı isə həmin nəqliyyat vasitəsini lizinq obyekti məqsədilə alıb qiymətin 17850 manat hissəsini avans qaydasında, 53550 manat məbləğində pulu isə təhvil-təslim aktı imzalandıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür; – iddiaçı ilə X7 (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı lizinq alan tərəfindən seçilmiş və müqaviləyə 02 nömrəli əlavədə qeyd olunmuş, ətraflı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında lizinq vasitəsilə lizinq haqqı müqabilində Azərbaycan Respublikası qanunvericiliyi, habelə lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, lizinq müddəti 36 ay olması, qiymətin 17850 manat hissəsinin avans şəklində satıcıya ödənilməsi, qalan 53550 manat hissənin isə illik 23 faiz dərəcəsi ilə ödənilməsi razılaşdırılmışdır; – iddiaçı, X7 və X6 arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli LM-324-1/22 nömrəli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq alanın hüquqları, öhdəlikləri, lizinq obyektinin X3 verilməsi razılaşdırılmışdır; – iddiaçı, X6 və Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli LM- 324-2/23 nömrəli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq alanın hüquqları, öhdəlikləri, lizinq obyektinin Cavabdeh1 verilməsi razılaşdırılmışdır; – xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2023-cü il tarixli 6 nömrəli əlavə olan ödəmə cədvəlindən görünür ki, 01 dekabr 2023-cü il tarixdən 01 noyabr 2026-cı il tarixədək 36 ay müddətinə hər ay 2135,07 manat (sonuncu ay 2134,99 manat) olmaqla ümumilikdə 55155,87 manat əsas məbləğ, 21706,57 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır; – xx.xx.2023-cü il tarixli LM-324-2/23 nömrəli təhvil-təslim aktına əsasən “Porsche” minik markalı, 2014-cü il buraxılışı, WP1ZZZ95ZFLB62556 ban nömrəli, qara rəngli nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən təhvil alınmışdır; – Cavabdeh1 tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli ərizə ilə 57072,65 manat məbləğə 36 ay müddətinə yeni qrafikin açılması xahiş olunmuş, xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2024-cü il tarixli 7 nömrəli əlavə olan ödəmə cədvəlinə əsasən, 23 fevral 2024-cü il tarixdən 23 yanvar 2027-ci il tarixədək 36 ay müddətinə hər ay 2209,27 manat (sonuncu ay 2209,09 manat) olmaqla ümumilikdə 57072,65 manat əsas məbləğ, 22460,89 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır; – iddiaçı, Cavabdeh1 və Cavabdeh2 Mirabadulla (zamin qismində) oğlu arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli 324-2/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin lizinq verən qarşısında lizinq alanının xx.xx.2023-cü il tarixli 324-2/23 nömrəli illik 23 faiz, 55155,87 manat məbləğdə, 36 ay müddətinə daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür; – iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən cavabdehlər tərəfindən hər hansı ödənişin edilmədiyi müəyyən olunur; – 27 noyabr 2024-cü il tarixli məktubla iddiaçı Cavabdeh1 müraciət edərək müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmişdir.

12. İddiaçı xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə nəqliyyat vasitəsinin cavabdehdən alınmadığını bildirərək xx.xx.2024-cü il tarixə 57072,65 manat əsas borc, 8605,33 manat faiz borcunun cavabdehdən tutulmasını tələb edir.

13. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

14. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.

15. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

16. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

17. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

18. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).

19. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir.

20. Məhkəmə xx.xx.2024-cü il tarixli ödəmə cədvəlinə əsasən qeyd edir ki, xx.xx.2024-cü il tarixə olan lizinq ödənişlərinin ümumi məbləği 17968,73 manat təşkil edir. Belə ki, aylıq 2209,27 manat olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 8 ay üçün lizinq ödənişlərinin cəmi məbləği 17674,16 manat, eləcə də 23 sentyabr 2024-cü il tarixdən 27 sentyabr 2024-cü il tarixədək 4 gün üçün lizinq ödənişlərinin ümumi məbləği 294,57 manat (2209,27/30*4) təşkil edir. Belə olan halda, iddiaçının tələb etdiyi tarixə (xx.xx.2024-cü il) ödənilməli lizinq ödənişlərinin yekun məbləği 17968,73 manatdır

21. Lakin iddiaçı tərəfindən bütün müqavilə müddəti üçün əsas məbləğ tələb edilsə də, nəzərə alnmalıdır ki, lizinq müqaviləsi və kredit müqaviləsinin nisbəti ilə bağlı Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur. Göstərilənlərdən aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şə1295,rh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).

22. Beləliklə, kredit müqaviləsindən fərqli olaraq, lizinq müqaviləsində lizinq alanın (borclunun) öhdəliyinin əsas məzmunu lizinq obyektindən məhz istifadəyə görə ödənişlərin edilməsidir. Qeyd edilən yanaşma, mülki qanunvericilikdə də birbaşa göstərilmişdir. Belə ki, lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Bu səbəbdən də lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə lizinq verən lizinq obyektini geri alır, bu zaman isə lizinq alanın edilmiş ödənişləri geri almaq hüququ və ya edilmiş ödənişlərə müvafiq olaraq lizinq obyekti üzərində birgə mülkiyyət hüququ istisna edilir. Ona görə də lizinq verənin bütün müqavilə müddəti üçün lizinq ödənişlərini - əsas məbləği tələb etməsi əsassız olmuşdur.

23. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə Cavabdeh1 lizinq borcu 17968,73 manat təşkil edir.

24. Məhkəmə zamin Cavabdeh2 öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.

25. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

27. Zaminliyə xitam əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində təsbit olunmuşdur.

28. Zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda (477.0.1); əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə (477.0.2); kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə (477.0.3); zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4).

29. Məhkəmə qeyd edir ki, 01 noyabr 2023-cü il tarixli 324-2/23 nömrəli zaminlik müqaviləsində lizinqin müddəti 36 ay, əsas məbləğ isə 55155,87 manat kimi razılaşdırılmışdır. Lakin xx.xx.2024-cü il tarixli ödəmə cədvəli ilə lizinqin müddəti 01 noyabr 2026-cı il tarixdən 23 yanvar 2027-ci il tarixə uzadılmış, əsas məbləğ isə 55155,87 manatdan 57072,65 manata artırılmışdır.

30. Göründüyü kimi, lizinq müddəti və lizinq ödənişlərinin həcmi artırılmış, lakin Cavabdeh2 lizinqin müddətinin uzadılmasına və məbləğin artmasına yazılı razılıq ifadə etməmişdir.

31. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə 07 nömrəli əlavə ilə lizinq müddəti uzadıldığından və əsas məbləğ artırılıdığından və həmin əlavə ilə razılaşdırılanlar zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar sırasına daxil olduğundan yalnız zaminin razılığı çərçivəsində öhdəlik dəyişdirilsə, zaminlik qüvvədə ola bilərdi. Lakin hazırkı iş üzrə zamin Cavabdeh2 belə bir razılığı olmadığından məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh2 zaminliyinə xitam verildiyindən ona qarşı xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn iddia təmin oluna bilməz.

32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli 324/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli L/M-324-2/23 saylı müqavilə üzrə 17968,73 manat əsas borc Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

33. İddiaçı 4717,87 manat cərimənin də cavabdehlərdən tutulmasını xahiş etmişdir.

34. xx.xx.2022-ci il tarixli 324/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 11.1-ci bəndinə əsasən, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi ödəyəcək.

35. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

36. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

37. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

38. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, lizinq müqaviləsi üzrə heç bir ödəniş olmadığı halda, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

39. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 900 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, 900 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir (zaminə münasibətdə bax §24-31).

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

41. İddiaçı eyni zamanda ödənilmiş 302 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının tutulmasını tələb edir.

42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 302 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 324/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli L/M-324-2/23 saylı müqavilə üzrə 17968,73 manat əsas borc, 900 manat dəbbə pulu olmaqla ümumilikdə 18868,73 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81 manat pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar